Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1342/2025 15.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və tutulmuş məbləğin geri qaytarılması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən dövlət qulluğu sahəsində X1 iş stajının 15 ildən az müəyən edilməsi barədə qərarın ləğv edilməsi, onun dövlət quluğu sahəsində faktiki iş stajı nəzərə alınmaqla pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh tərəfindən qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması barədə” 27 sentyabr 2023-cü il tarixli, 3-17-1/3-3-18926/2023 nömrəli qərarın ləğv edilməsi və tutulmuş məbləğin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya əmək pensiyası təyin edilərkən dövlət qulluğu sahəsindəki əmək stajı düzgün olmayaraq 14 il 10 ay 16 gün müəyən edilmişdir. Halbuki, dövlət qulluğu üzrə elektron xidmətlər portalından çıxarışa və təqdim etdiyi əmək kitabçasına əsasən onun stajı 19 il 5 ay 10 gün təşkil edir. Bunları nəzərə alaraq xx.xx.2024-cü il tarixdə cavabdehə müraciət olunmuşdir ki, iddiaçının dövlət qulluğu sahəsindəki əmək stajının əmək kitabçasına əsasən yenidən hesablanaraq pensiya təyin edilməsi həyata keçirilsin. Lakin 35 gündən çox keçməsinə baxmayaraq müraciətə cavab verilməmişdir. Bu səbəbdən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, iddiaçının pensiya işinə aid sənədlərdə ona Fondun Xətai rayon şöbəsi tərəfindən 19 noyabr 2014-cü il tarixindən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin olunduğu qeyd edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla iddiaçının pensiya işi araşdırılaraq aylıq ödənişi yenidən hesablanmışdır. Nəticədə məlum olmuşdur ki, iddiaçının 19 noyabr 2014-cü il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 590,00 manat, qulluq stajına görə vəzifə maaşının 20 faizi miqdarında əlavə 118,00 manat, ixtisas dərəcəsinə görə əlavə 80,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə 88,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 270,42 manat, digər növ əlavə 16,72 manat olmaqla orta aylıq əmək haqqı 1163,64 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017- ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 14 il 10 ay 16 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (1163,64 manat) 75 faizi (872,73 manat) məbləğində hesablanmışdır. 14 il 10 ay 16 gün qulluq stajına görə iddiaçının əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 49,44 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 mart 2018-ci il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 650 manat, qulluq stajına görə vəzifə maaşının 20 faizi miqdarında əlavə 130 manat, ixtisas dərəcəsinə görə əlavə 80 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə 97,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 297,92 manat, digər növ əlavə 16,72 manat olmaqla, orta aylıq əmək haqqı 1272,14 manat təşkil edib. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli, 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1163,64 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (1272,14 manat) arasındakı fərq məbləğinin (108,50 manat) 49,44 faizi-53,65 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (872,73 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 926,38 manat məbləğində hesablanmışdır. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 sentyabr 2019-cu il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 975 manat, qulluq stajına görə vəzifə maaşının 20 faizi miqdarında əlavə 195 manat, ixtisas dərəcəsinə görə əlavə 80 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə 146,25 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 446,88 manat, digər növ əlavə 16,72 manat olmaqla orta aylıq əmək haqqı 1859,85 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1272,14 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqının (1859,85 manat) arasındakı fərq məbləğinin (587,71 manat) 49,44 faizi-290,56 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (926,38 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 1216,94 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2020-xx.xx.2022ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 1374,84 manat məbləğində köçürülmüşdür. Bu səbəbdən də həmin dövr üzrə iddiaçıya 4289,62 manat artıq pul vəsaiti ödənilmişdir. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən iddiaçının əmək pensiyası 1535,41 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 1734,63 manat məbləğində köçürülmüşdür. Bu səbəbdən də həmin dövr üzrə iddiaçıya 1792,98 manat artıq pul vəsaiti ödənilmişdir. Qeyd olunanları nəzərə alaraq, son üç il üzrə iddiaçıya ümumilikdə 6082,60 (4289,62+1792,98) manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. İddiaçıya şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etirazla oxşar məzmunlu izahat verərək, həmçinin bildirdi ki, iddiaçının əmək pensiyasının məbləği yenidən hesablama nəticəsində azalsa da, iddiaçıya edilmiş artıq ödəmənin onun pensiya məbləğindən tutulması həyata keçirilməyib. İddiaçı əmək pensiyasının azaldığını görərək onun pensiyasından tutulma aparılığını güman etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1949-cu ildə anadan olmuşdur. O, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatdadır. Dövlət qulluğu stajı kalkulyatoru elektron xidmətindən verilmiş arayışa əsasən Dövlət Qulluqçularının Reyestrində olan məlumatlara əsasən iddiaçının dövlət qulluğu stajı 19 il, 5 ay, 10 gündür. Cavabdehin 11 iyul 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, iddiaçının dövlət qulluğu stajı 14 il 10 ay 16 gün (xx.xx.1971-xx.xx.1972-ci il, xx.xx.1998-xx.xx.1999-cu il, xx.xx.2000-xx.xx.2001-ci il, xx.xx.2001-xx.xx.2005-ci il, xx.xx.2005-xx.xx.2006-cı il, xx.xx.2006-xx.xx.2006-cı il, xx.xx.2006-xx.xx.2006-cı il, xx.xx.2006-xx.xx.2007-ci il, xx.xx.2007-xx.xx.2009-cu il, xx.xx.2011-xx.xx.2014-cü il tarixləri arasındakı dövrlər) təşkil edir. İddiaçının əmək kitabçasına əsasən o, xx.xx.1968-ci il tarixdən xx.xx.1968-ci il tarixədək Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi Torpaqşünaslıq Xidməti Ekspedisiyasına texnik-torpaqşünas, baş texnik-torpaqşünas vəzifələrində işləmişdir. xx.xx.1968-ci il tarixdən xx.xx.1970-ci il tarixədək Sovet Ordusu sıralarında xidmət etmişdir. xx.xx.1971-ci il tarixdə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi Torpaqdan istifadə, Torpaqquruluşu, Torpaqdan səmərəli istifadə və meşəsalma və Torpaqların Mühafizəsi İdarəsinin baş mühəndis – yerquruluşu mütəxəssisi vəzifəsinə təyin edilmişdir. xx.xx.1972-ci il tarixdə tutduğu vəzifəsindən azad edilib və ixtisası üzrə işlərin yerinə yetirilməsi üçün “Az qiprozem” Dövlət Torpaqquruluşu Layihə İnstitutunun sərəncamına keçirilmişdir. xx.xx.1972-ci il tarixdən xx.xx.1997-ci il tarixədək həmin İnstitutda müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.1998-ci il tarixdən xx.xx.1999-cu il tarixiinədək Dövlət Əmlak Komitəsində müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.2000-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Dövlət Əmlakı Nazirliyi Dövlət əmlakının registri, icarəyə verilməsi və torpaq departamenti Torpaq sahələrinin icarəyə verilməsi və özəlləşdirilməsi şöbəsinin mütəxəssisi vəzifəsində işləmişdir. xx.xx.2000-ci il tarixdə struktur dəyişikliyi ilə əlaqədar həmin departamentin torpaq sahələrinin icarəyə verilməsi və özəlləşdirilməsi şöbəsinin mütəxəssisi vəzifəsinə keçirilmişdir. xx.xx.2001-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2001-ci il tarixdən xx.xx.2005-ci il tarixədək İqtisadi İnkişaf Nazirliyi Dövlət əmlakının özəlləşdirilməsi departamentində müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu il tarixədək Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.2009-cu il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinə 3 ay müddətinə Dövlət torpaqlarının istifadəsi və özəlləşdirilməsinin təşkili şöbəsinin baş məsləhətçisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2010 – cu il tarixdə 3 ay müddətinə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə X3 mülkiyyətinə keçən əmlakın satışı üzrə hərracların təşkili sektorunun müdiri vəzifəsinə keçirilmişdir. xx.xx.2010-cu il tarixdə 3 ay müddətinə Hərracların Təşkili üzrə X3 mülkiyyətinə keçən əmlakın satışı üzrə hərracların təşkili şöbəsinin müdiri vəzifəsinə keçirilmişdir. xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında DQMK tərəfindən xx.xx.2011-ci il tarixdə elan edilmiş ümumi müsahibədən müvəffəqiyyətlə keçməsi nəzərə alınaraq Hərracların Təşkili üzrə X3 mülkiyyətinə keçən əmlakın satışı üzrə hərracların təşkili şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. xx.xx.2014-cü il tarixdə pensiyaya çıxması ilə əlaqədar dövlət qulluğuna xitam verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 4 dekabr 2024-cü il tarixli məhkəmə sorğusuna cavab məktubu ilə iddiaçının şəxsi işi məhkəməyə təqdim edilmişdir. 143770 nömrəli pensiya uçot vərəqindən görünür ki, iddiaçıya Fondun Xətai rayon şöbəsi tərəfindən 19 noyabr 2014-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X5 pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-18926/2023 nömrəli qərarı ilə iddiaçının pensiyası inventarlaşdırma səbəbi ilə yenidən hesablanmış, yenidən hesablanmış pensiya məbləği 1535 manat 41 qəpik təşkil etmişdir. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin 12 may 2025-ci il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və 1991-ci il oktyabrın 18-dən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. 1993-1997-ci illərdə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin Yerquruluşu Layihə İnstitutunda (“Azdövlayihə”) iş müddətilə bağlı bildirilmişdir ki, yuxarıda adıçəkilən Siyahıda institutlar və institutlarda mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən 1993-1997-ci illərdə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin Yerquruluşu Layihə İnstitutunda (“Azdövlayihə”) iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. 1998-2001-ci illərdə Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsində baş mütəxəssis və mütəxəssis vəzifələrində iş müddətilə bağlı bildirilmişdir ki, Mərkəzdə mövcud olan sənədlər əsasında həmin dövrlə bağlı rəy vermək mümkün olmamışdır. 2001-2009-cu illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentində, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsində aparıcı mütəxəssis, aparıcı məsləhətçi, böyük məsləhətçi, sektor müdiri, baş məsləhətçi vəzifələrində və 2011-2014-cü illərdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsində şöbə müdiri vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. Vətəndaş 2009-2011-ci illərdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsində baş məsləhətçi, sektor müdiri və şöbə müdiri vəzifələrində müddətli əmək müqaviləsi əsasında çalışdığı üçün həmin müddət dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində barəsində qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın ləğv olunmasını xahiş edir. Həmin iddia mahiyyətcə mübahisələndirmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir (1.0.1. ). “Dövlət qulluğu haqqında” Qanuna əsasən dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmətdir (1.1.1.). Dövlət qulluğunun xüsusi növü – xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmədir (1.1.2.). Dövlət qulluqçusu – yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisidir (1.1.3.). Bu Qanun dövlət orqanlarının struktur qurumlarında qulluq keçən dövlət qulluqçularına şamil edilir (2.1.). “Dövlət qulluğu haqqında” Qanunda həmçinin göstərilmişdir ki, dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir (23.1.). Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur (23.2.). İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya Fondun Xətai rayon şöbəsi tərəfindən 19 noyabr 2014-cü il tarixindən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Bundan sonra inventarlaşdırma səbəbi ilə iddiaçının pensiya işi araşdırılaraq aylıq ödənişi yenidən hesablanmış və nəticədə son üç il üzrə iddiaçıya ümumilikdə 6082,60 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. İddiaçı barəsində Əmək pesiyasının yenidən hesablanması barədə xx.xx.2023-cü il tarixli qərar qəbul edilmiş, iddiaçının yenidən hesablanmış pensiya məbləği 1535 manat 41 qəpik təşkil etmişdir. İddiaçı hazırda həmin qərarla razılaşmayaraq onun ləğv edilməsi, həmçinin tutulmuş məbləğin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir (1.1.). Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur (1.2.). İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir (2.0.2.). İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir (2.0.6.). İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır (67.1.). Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır (67.3.). Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər (67.4.). Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (67.5.). Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir (67.7.). Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır (67.8.). Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur (67.12.). İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçı rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə və digər bu kimi vasitələrlə ona pensiya təyininə müdaxilə etməmişdir. Cavabdeh tərəfindən iddiaçıya əmək pensiyası təyin edilmiş və bundan 10 ilə yaxın müddət keçdikdən sonra cavabdeh həmin pensiyasının düzgün müəyyən olunmadığına istinad etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Məhkəmə, bundan əlavə qeyd etməyi zəruri hesab edir ki, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş sözügedən müddətlə bağlı məhdudiyyət ümumən konstitusion dəyər olan hüquqi dövlət prinsipindən irəli gəlir və hüquqi sabitliyin, müəyyənliyin və təhlükəsizliyin təmin edilməsi məqsədlərinə xidmət edir. Buna görə, hüquq münasibətləri, o cümlədən inzibati orqanlarla yaranmış münasibətlər davamlı təftiş olunma riski altında buraxıla bilməz. Belə yanaşma şəxsin hüquqi vəziyyətində qeyri-müəyyənliyə gətirib çıxarardı, onları öz davranışlarını və həyat şəraitlərini planlaşdırmaq imkanından məhrum edərdi, inzibati orqanların fəaliyyətinə münasibətdə isə səmərəli və proqnozlaşdırıla bilən idarəçilik qaydasının təşəkkül tapmasına mane olardı. Bu mənada, inzibati orqanın müvafiq səlahiyyəti qanunsuz olduğunu güman etdiyi inzibati aktın hər bir halda deyil, mütləq qanunvericilikdə təsbit olunmuş konkret təminatlara riayət etməklə ləğv etmək və ya dəyişdirmək imkanı kimi təfsir olunmalıdır. Yuxarıda da qeyd edildiyi kimi “İnzibati icraat haqqında” Qanun belə təminatların sırasına həm də 67.12-ci maddədə təsbit olunmuş müddətlə bağlı məhdudiyyətləri aid etmişdir. Bununla bağlı qiymət verilməli birinci məsələ inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. İkinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 (bir) il ərzində yeni qərar qəbul edilməsidir. Beləliklə, inzibati orqan şəxsə əlilliyin təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər. Cavabdeh inzibati orqan qərar qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etdiyi hazırkı mərhələdə müəyyən edilmir. Belə ki, iddiaçı uzun müddət cavabdeh tərəfindən müəyyən edilmiş qaydada əmək pensiyası almışdır. Sonradan onun əmək pensiyasının yenidən hesablanması isə iddiaçının ümid etdiklərindən məhrum olmasına, hətta onun dövlət büdcəsinə ödənilməli olan borcunun yaranmasına səbəb olmuşdur ki, bu etimad prinsipinə zidd hesab edilməlidir. Məhkəmə iddiaçının tələbinin tutulmuş məbləğin geri qaytarılması hissəsinə münasibətdə qeyd edir ki, aparılmış araşdırma zamanı belə bir tutulmanın aparılmadığı müəyyən edilmişdir. Belə ki, yenidən hebablama nəticəsində iddiaçının pensiya məbləği 1734 manat 63 qəpikdən, 1535 manat 41 qəpiyə azalmışdır. Lakin, iddiaçıya artıq ödəmə kimi hesablanmış məbləğin onun əmək pensiyasından tutulması aparılmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehin “Əmək pensiyasının yenidən hesablanması barədə” 27 sentyabr 2023-cü il tarixli, 3-17-1/3-3-18926/2023 nömrəli qərarı ləğv edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı əmək pensiyasının yenidən hesablanması barədə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 27 sentyabr 2023-cü il tarixli, 3-17-1/3-3-18926/2023 nömrəli qərarı ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-1342/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1342/2025
15.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver