Məhkəmə qərarları › İş №2-1(112)-13428/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13428/2024

09.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13428/2024 09.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “zərərin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək su basması səbəbindən evinin döşəməsinə və divarlarına dəyən ziyana görə 15 000 (on beş min) manat; həyətində quruyan 8 tut, 4 heyva, 18 nar ağacı, 20 qarağat kolu, 45 üzüm tənəyi və 10 qızılgül kolunun quruması səbəbindən 30000 (otuz min) manat; həyəti su basması nəticəsində dəmir qarajdakı avadanlıqlara, hamam və tualetə, həyətyanı tikililərdəki ev avadanlıqlarına dəyən ziyana görə 10 000 (on min) manat; illərlə axıdılan kanalizasiya suyu səbəbindən torpaq tərkibinin ekoloji cəhətdən korlanması səbəbində 100000 manat; 6 il ərzində ona aid olan evdə rahat yaşaya bilmədiyinə, müxtəlif dövlət qurumlarına müraciətlər etməyinə, qəbullara getməyinə, məktublar yazmağına sərf etdiyi vaxtlar, özünün və ailə üzvlərinin məruz qaldığı narahatçılıqlar, keçirdiyi əsəbi gərginlik hallarına görə sağlamlığına dəymiş ziyana və mənəvi istirablara görə 100000 manat, yolu su basması nəticəsində həyətinin yola tərəf olan daş hasarın söküldüyü üçün 3000 (üç min manat); 258000 (iki yüz əlli səkkiz min) manatın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Heybətqulu Məmmədbəyli küçəsi, ev 2011ci ildə yaşayır. 2017-ci ildə qeyd edilən küçədə naməlum müəssisə və ya şəxslər tərəfindən yolda qazıntı işləri aparılaraq kanalizasiya xətti çəkilmişdir. Bu hal maşınların və piyadaların gediş-gəlişinə maneələr törətmişdir. Əhaliyə izahat verilmədən aparılan bu işlərə Şağan Kənd soveti tərəfindən deyildi ki, hansısa məmurlar şəxsi istifadələri üçün kanalizasiya xətti çəkirlər. Bunun qanuni olub-olmaması barədə suallara aydınlıq gətirilmədi. Təqribən 1-1,5 il sonra həmən məmurların bu xəttən imtina etdikləri xəbəri yayıldı. O vaxtdan kəndin yuxarı hissəsində çoxsaylı evlər, maşınyuma nöqtələri, həyətyanı quşçuluq və heyvandarlıq təssərrüfatı ilə məşğul olan evlər kənd sovetinin qeyri-rəsmi razılığı ilə bu kanalizasiya xəttinə qoşulmağa başladılar. Nəticədə 2 ev üçün nəzərdə tutulmuş bu kanalizasiya xətti qısa müddətdə sıradan çıxdı və mütəmadi bir neçə lyuk eyni zamanda daşmağa başladı. Azərsuya edilən müraciətlər əsasında onlara bildirilib ki, bu qurumun Şağan qəsəbəsində kanalizasiya xətti yoxdur və mövcud olan xətt qeyri-qanuni olduğu üçün ona xidmət göstərilə bilməz. Bu qeyri-qanuni xəttin ləğv edilməsi ilə bağlı Azərsu-ya edilən müraciətlərə cavab olaraq deyilirdi ki, bu Rayon İcra hakimiyyətinin və Kənd sovetinin səlahiyyətində olan yerli məsələdir. Artıq 6 ildir ki, Xəzər rayonu Şağan kəndi Heybətqulu Məmmədbəyli küçəsində şəxsi istifadə üçün qeyri-qanuni, heç bir dövlət qurumunun balansında olmayan kanalizasiya xəttinin nəzarətsiz qalması, dağılması və daşması nəticəsində aylarla mərkəzi nəqliyyat yolu bağlanır, marşrutların fəaliyyəti dayanır, əhalinin evlərini və bağ sahələrini çirkab suları basır. Anti- sanitariya vəziyyəti, üfunət qoxusu, xəstəlik törədən ağcaqanadlar və digər həşəratlar çox təhlükəli ekoloji vəziyyət yaradır. İnsanların məktəbə, işə, zəruri ehtiyacları üçün gedişgəlişi mümkünsüz olur. Sakinlərin dəfələrlə müxtəlif yerli və yuxarı dövlət qurumlarına - kənd soveti, bələdiyyə, İcra hakimiyyəti, Azərsu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Fövqəladə Hallar Nazirliyinə etdikləri müraciətlərə baxmayaraq, bu problem öz həllini tapmır. Su basması səbəbindən ərazidə neçə illik ağaclar quruyub, bataqlıqlar yaranıb, yerli sakinlər arasında xəstəliklər, narazılıqlar və münaqişələr baş verir. Bu hadisələr səbəbindən ən çox ziyan görən iddiaçıya məxsus olan ev və həyətyanı sahəsidir. Hazırda darvazadan evə qədər olan 20 metrlik məsafə və evin hər tərəfi 40-50 sm hündürlüyündə çirkab suyu ilə dolub. Suyun üstü bataqlıq suyuna xas olan təbəqə və ağcaqanad yığnağı ilə örtülüb. Təmir etdiyi evin çöl və içəri divarlarının boya və boyaaltı üzlük təbəqələri tökülüb, zirzəmi su ilə dolduğundan evdən nəm və kif qoxusu gəlir. Həyətyanı tikililəri su altında qalıb və istifadə üçün yararsız hala düşüblər. Əvvəllər zəfəran becərdiyi bağın ərazisini hazırda qamış və s. bataqlıq bitkiləri basıb. Subasması səbəbindən evinə gedib-gələ bilmir və bağda təmizlik işləri də apara bilmir. Əmlakına və özünə külli miqdarda maddi və mənəvi ziyan dəymişdir. Hər hansı səbəbdən yanğın baş verərsə hasarının yanından keçən elektrik, telefon, internet, qaz xətləri ziyan görə bilər və bunun məsuliyyəti bütünlüklə işinə məsuliyyətsiz yanaşan İcra hakimiyyəti və kənd sovetinin üzərinə düşür. Dəfələrlə müraciət etməsinə baxmayaraq, qeyd etdiyi təhlükəli hallara reaksiya verməyən Fövqəladə Hallar Nazirliyi də bu məsuliyyəti bölüşür. Çirkab sularını xəttə vurulmalı olan nasosun sıradan çıxması səbəbindən 6 ay müddətində evinin qabağından keçən yolu su basmış və həyəti çirkab suları ilə bataqlığa çevrilmişdir. Evinə və həyətinə dəyən ziyanın ödənilməsi ilə bağlı Cavabdehnə etdiyi müraciətə heç bir məna kəsb etməyən cavab verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırkı iş üzrə iddiaçı çirkab suların küçəyə və yaşadığı evin həyətinə axıdılması nəticəsində dəymiş zərərin ödənilməsinin Cavabdeh üzərinə qoyulmasını mübahisələndirir. Məhkəmə qeyd edir ki, inzibati orqanların qanunsuz qərarları və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsinə dair iddia qaldırmaq imkanı Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ abzasında, eləcə də “İnzibati icraat haqqında” Qanunda aydın şəkildə təsbit olunmuşdur. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə görə maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Mülki Məcəllənin 21-ci maddəsi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin hüquqi nəticələrini tənzimləyir. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1100-cü maddəsinə görə dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Məhkəmə qeyd edir ki, inzibati orqanların ən mühüm vəzifələri qanuni davranış və inzibati fəaliyyətin həyata keçirilməsi zamanı vətəndaşların maraqlarının qorunmasıdır. Bu məqsədlə İİQ-nin 89.1-ci maddəsinə uyğun olaraq, inzibati orqan özünün qanunsuz hərəkətinə görə məsuliyyət daşıyır. Eyni zamanda qeyd edilməlidir ki, maddədə qeyd edilmiş “ziyan” anlayışı həm maddi və həm də mənəvi ziyanı nəzərdə tutur. Beləliklə, hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, qanunvericiliyin normalarını pozan əməl hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən hüquq pozuntusu sayıla bilər: -törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; -törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; -ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Beləliklə, müəyyən olunur ki, məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Hazırkı işdə iddia tələbinə əsasən iddiaçıya zərərin dəyməsi hüquq pozuntusundan, yəni cavabdeh orqanın publik hüquqdan irəli gələn vəzifələrini yerinə yetirməməsi, bilavasitə hərəkətsizlik göstərməsindən irəli gəlmişdir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə əsasən yerli icra hakimiyyəti orqanı aşağıdakıları həyata keçirir: 4.5.10. elektrik, içməli su, kanalizasiya, istilik və qaz şəbəkələri və qurğularının fasiləsiz işinin təmin olunmasına nəzarət etmək, bu sahədə təsərrüfat xidmətlərinin fəaliyyətini əlaqələndirmək; 4.5.11. vətəndaşların öz hesabına və müqavilələr əsasında yaşayış məntəqələrinin elektrikləşdirilməsi, qaz və su ilə təchizatı məsələlərini həll etmək, suyun keyfiyyətinə nəzarəti həyata keçirmək, müvafiq ərazidə müəssisə və təşkilatların inşa etdikləri elektrik, su kəməri, kanalizasiya, istilik və qaz şəbəkələri və qurğularının tikintisinə dair rəy vermək, əhalinin yanacaqla təmin olunması üçün tədbirlər görmək; 4.5.12. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şəhərin, rayonun su təchizatı və kanalizasiya təsərrüfatlarının yerləşdirilməsi və inkişafı üzrə regional sxemləri hazırlamaq və təsdiq etmək, su təchizatı və kanalizasiya müəssisəsinə müəssisənin xidməti zonasının hüdudlarından kənarda fəaliyyətini həyata keçirməsinə səlahiyyət vermək, müəyyən miqdarda yerüstü və yeraltı suyun qəbuluna, tullantı sularının hər hansı yerüstü və yeraltı su hövzələrinə axıdılmasına, həmçinin tullantıların (o cümlədən maye tullantıların) daşınmasına, torpaqda və ya su hövzələrində basdırılmasına, su bəndlərinin, su anbarlarının və digər hidrotexniki qurğuların tikintisinə icazə vermək, su təchizatı və kanalizasiya obyektlərinin layihələndirilməsinə və tikintisinə razılıq vermək(...). Göründüyü kimi cavabdeh yerli icra hakimiyyəti orqanının su təchizatı və kanalizasiya obyektlərinin tikintisi üzrə aidiyyəti qurumlar qarşısında məsələ qaldırmaq və işlərin görülməsinə nəzarət kimi səlahiyyətləri həyata keçirir. Qeyd edilən vəzifələrin yerli icra hakimiyyətinin bilavasitə icra etməsi qanunla müəyyən olunmamışdır. Hazıkı iş üzrə iddiaçının tələbləri üzrə Cavabdeh Əsasnamə ilə müəyyən edilmiş vəzifələrinin icrasını təmin edərək müvafiq quruma rəsmi müraciət ünvanlamışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Məhkəmə qeyd edir ki, inzibati orqanın inzibati fəaliyyəti o zaman inzibati mübahisəyə əsas olur ki, inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə şəxsin maddi hüquq normasında ifadə olunan hüquqları pozulmuş olsun və ya bu hüquqlara müdaxilə edilmiş olsun. Şəxsin məhkəmə müdafiəsi hüququna malik ola bilməsi üçün onun hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş olmalıdır. “Pozulma” anlayışına isə formal yanaşılmamalı, hər hansı zahirən hüquqların pozulması kimi görünən hallar, o cümlədən heç bir sübuta istinad edilmədən, deklarativ xarakterli mülahizələr məhkəmə müdafiəsi hüququnun realizəsini şərtləndirməməlidir. Belə olan halda iddiaçının iddia etdiyi zərərin ödənilməsinə əsas verən hüququn pozulmasına əsas verən hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik) olmadığından hüquqi məsuliyyətin mövcudluğundan və bunun nəticəsi olaraq isə zərərin ödənilməsinin tələb edilməsindən bəhs edilə bilməz. Beləliklə, hazırkı halda cavabdehin qərar, hərəkət və ya hərəkətsizliyi ilə iddiaçının hüquqlarının pozulduğu və bununla da zərər vurulduğu əsaslandırılmadığından iddia mümkünsüz sayılmalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar