Məhkəmə qərarları › İş №2-1(112)-13434/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13434/2023

02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13434/2023 02.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı “torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 1993-cü il tarixli 1048 nömrəli sərəncamı ilə X6 fərdi yaşayış evi tikmək üçün ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsinin ərazisində Q-102 saylı sahəsində yerləşən 1200 kv.metr torpaq sahəsinin cizgisinin çəkilərək verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, vəsiyyətnamə üzrə vərəsəsi olduğu mərhum X6 Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 1993-cü il tarixli, 1048 nömrəli sərəncamı ilə fərdi yaşayış evi tikmək üçün Bakı şəhəri Əzizbəyov rayonunun ərazisində 1200 kv.m. toıpaq sahəsi ayrılmışdır. X8 iddiaçının adına Bakı şəhəri 24 saylı Dövlət Notariat Kontorunda 24 oktyabr 1997-ci il tarixdə 2 E-116 nömrəli reyestrdə qeydə alınmış vəsiyyətnamə vermişdir. X1 24 may 2014-cü ildə ölümündən sonra onun vəsiyyətnamə üzrə vərəsəsi kimi iddiaçı ondan miras qalmış əmlaka dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisinə müraciət edərək vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Bakı şəhəri 7 saylı Xüsusi Notariat ofisinin notariusu X3 25 oktyabr 2021-ci il tarixli 937 nömrəli məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə müraciət edərək “X2 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisinə müraciət daxil olduğu, X1 xx.xx.2014-cü il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin xx.xx.2021-ci il tarixli ərizəsi əsasında mərhumun vərəsəsinin İddiaçı olması barədə məlumat verildiyi qeyd olunaraq Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Q-102 saylı sahə ərazisində yerləşən 1200 kv.m torpaq sahəsinə dair çıxarış verilməsi xahiş edilmişdir. Notariat Ofisinin həmin məktubu və sənədlərilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərkən ona bildirilmişdir ki, “torpaq sahəsinin yerləşdiyi ərazini göstərən cizgi təqdim edilmədiyinə görə" sənədin icra edilməsi mümkün deyil. Bununla əlaqədar olaraq sərəncamların saxlanıldığı Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına həmin sərəncamın arxiv surətinin əldə edilməsi üçün müraciət etmiş, sonuncunun 24 avqust 2021-ci il tarixli BA-03858-2021 nömrəli məktubu əsasında yalnız sərəncamın arxiv surəti əlavə edilərək verilsə də, Sərəncama cizgi, yerləşmə sxemi, akt və digər sənədlərin əlavə edilmədiyi qeyd edilmişdir. Bununla əlaqədar olaraq iddiaçı Bakı şəhəri Cavabdeh başçısına ərizə ilə müraciət edərək Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 1993-cü il tarixli 1048 nömrəli sərəncamı ilə Bakı şəhəri Əzizbəyov rayonu Qala qəsəbəsinin Q-102 saylı sahəsində yerləşən 1200 kv.metr ayrılmış torpaq sahəsi verilən zaman torpaq sahəsinin cizgisinin verilmədiyini nəzərə alaraq həmin torpaq sahəsinin cizgisinin çəkilərək verilməsi barədə sərəncam verilməsini xahiş etmiş, lakin hal-hazıradək cavab verilməmişdir. İddiaçı qeyd edir ki, torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, hazırda həmin torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətində bildirmişdir ki, iddia qeyri-mümkün hesab edilməlidir. Belə ki, İddiaçı Cavabdehnə müraciəti əsasında Xəzər RİHB-nın Qala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən yerində araşdırma aparılmışdır. Müəyyən edilmişdir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçüləri ilə təqdim etdiyi rəsmi sənəddə (sərəncamda) qeyd olunan ölçülər arasında uyğunsuzluq mövcuddur. Bununla əlaqədar olaraq iddiaçının istifadəsində olan torpaq sahəsinin sənəd ölçüləri ilə faktiki ölçüləri arasında uyğunsuzluq olduğundan və torpaq sahəsinin üzərindən yüksək gərginlikli elektrik xətləri keçdiyindən sözügedən torpaq sahəsinə yerləşmə sxeminin verilməsi məqsədəuyğun sayılmamışdır. Qanunvericiliyə əsasən kommunikasiya xətlərinin mühafizə zonalarında hər hansı işlərin aparılması qadağan olunur. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də Cavabdeh əvvəllər Rayon İcra Hakimiyyəti tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək öhdəliyi nəzərdə tutulmamışdır. Cavabdeh Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinə, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə istinad edərək torpaq sahələrinə plan (cizginin) verilməsinin Cavabdeh səlahiyyətləri xaricində olduğunu qeyd etməklə iddianın qeyri-mümkün hesab edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh (nümayəndəsi) hər hansı səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasrında iştirak etmiş iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 1993cü il tarixli, 1048 saylı sərəncamının təsdiq edilmiş elektron surətindən görünür ki, Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının Qala qəsəbəsindəki nümayəndəsinin 26№li 05 avqust 1993-cü il tarixli Sərəncamına baxılaraq Bakı şəhər İcra Hakimiyyəti Başçısının 1908 №li 23 noyabr 1992-ci il tarixli Sərəncamına əsasən fərdi yaşayış evinin tikilməsi üçün Qala qəsəbəsi, Г-102 №li sahədə 1200 kv.metr torpaq sahəsi X1 adına ayrılmışdır. Məktubda sərəncama heç bir sənədin əlavə edilmədiyi bildirilmişdir. -AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı ildə Tovuz rayonunda anadan olmuşdur. Azərbaycan Respublikasının vətəndaşıdır. -Tovuz rayon VVAQ şöbəsi şöbəsi tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli, V-ЖГ 418794 №-li nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 ilə X7 arasında xx.xx.1994-cü il tarixdə nikah bağlanmışdır. Nikah bağlanandan sonra arvada “Kazımova” soyadı verilmişdir. -Bakı şəhəri 24 saylı Dövlət Notariat Kontorunda 24 oktyabr 1997-ci il tarixdə 2 E- 116 nömrəli reyestrdə qeydə alınmış vəsiyyətnaməyə əsasən X8 bütün əmlakını X5 bağışlamışdır. -Bakı şəhəri 7 saylı Notariat ofisi tərəfindən Bakı şəhəri 24 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş vəsiyyətnamənin xx.xx.2021-ci ilədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə Dövlət notariat arxivinə məlumatın daxil olmaması barədə qeydiyyat aparılmışdır. -Bakı şəhəri 7 saylı xüsusi notariat ofisinin notairusu tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə ünvanlanan 937 nömrəli 15 noyabr 2021-ci il tarixli məktubundan görünür ki, X1 24 may 2014-cü il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin 15 noyabr 2021-ci il tarixli ərizəsi əsasında mərhumun vərəsəsinin İddiaçı olması barədə bildirilmiş və Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Q-102 saylı ərazisində yerləşən torpaq sahəsinə dair çıxarış verilməsi xahiş edilmişdir. -Bakı şəhər Cavabdeh başçısının müavini tərəfindən məhkəməyə ünvanlanan 12 sentyabr 2023-cü il tarixli məktubda aşağıdakılar qeyd edilmişdir: “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən rayon və şəhər icra hakimiyyəti orqanlarının sənədləri 5 il müddətindən sonra daimi mühafizə məqsədilə dövlət arxivinə təhvil verilir. Belə ki, Əzizbəyov rayon İcra Hakimiyyəti başçısı tərəfindən 1993-cü il üzrə verilmiş sərəncamlar və ona aid digər sənədlər Milli Arxiv İdarəsinin Bakı Filialına təhvil verildiyindən, xx.xx.1993-cü il tarixli, 1048 №li və xx.xx.1993-cü il tarixli, 26№li Sərəncamların və onlara əlavə edilmiş digər sənədlərin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. İşin faktiki hallarından görünür ki, Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli sərəncamı ilə iddiaçının vərəsəsi hesab edildiyi X6 Qala qəsəbəsi, Г- 102 №li sahədə fərdi yaşayış evinin tikintisi üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçının qeyd olunan torpaq sahəsinin cizgisinin tərtib edilməsi ilə bağlı cavabdeh inzibati orqana etdiyi müraciətinə cavab verilməmişdir. İddiaçı hazırkı tələbi üzrə sözügedən torpaq sahəsinə dair cizginin tərtib edilməsini xahiş edir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. 27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüş Torpaq Məcəlləsinin 14-cü maddəsinə əsasən, müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən, torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; .... 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; ..... 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən, torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Həmin Məcəllənin 57-ci maddəsinə əsasən, yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinin: -1-ci bəndinə görə yerquruluşu – torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir; -3-cü bəndinə görə yerquruluşu, ərazilərin şəhərsalma, ekoloji, iqtisadi və digər xüsusiyyətlərini nəzərə almaqla torpaqların münbitliyinin artırılması, onların mühafizəsi üzrə respublika və regional proqramlarının və proqnozlarının, habelə yerquruluşu sxemlərinin hazırlanması, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar layihələrin və digər yerquruluşu sənədlərinin hazırlanması işlərini də nəzərdə tutur; -4-cü bəndinə əsasən yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının (yerli icra hakimiyyəti orqanları) qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır. Həmin Məcəllənin 56-cı maddəsinin 5-ci hissəsinə əsasən, ...dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyətinin və bələdiyyənin qərarı ilə verilir. Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir ("Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 4 avqust 1999-cu il tarixli, 176 №-li Fərmanın (6.6.2000-ci il tarixdə qüvvədə olan redaksiyada) 2-ci bəndinin 5-ci abzasına əsasən, Torpaq Məcəlləsinin 56-cı maddənin 5-ci bəndinin birinci abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər). Həmin Məcəllənin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il tarixli 372 nömrəli Fərmanı ilə təsdiq edilmiş (16 iyun 1999-cu il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə»nin 13-cü bəndinin “q” yarımbəndinə görə torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək icra hakimiyyəti başçısının əsas səlahiyyətləri sırasına daxildir. Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş (06 iyun 2012-ci il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 28-ci bəndinə görə müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təmin etmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsində kömək etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.16.6-cı bəndinə görə torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxildir. Sadalanan qanunvericilik normalarından göründüyü kimi, Əzizbəyov (hazırki Xəzər) RİHB-nin 1993-cü il tarixli sərəncamı ilə X6 fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılan vaxtda və ondan sonrakı dövrlərdə torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək, torpaq istifadəçilərinin müraciəti əsasında yerquruluşu sxemlərinin hazırlanması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə daxil olmuşdur. İşin müəyyən edilmiş hallarından görünür ki, qeyd olunan sərəncam ilə X6 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsi naturada təhvil verilmiş olsa da, cavabdeh həmin torpaq sahəsinin yerləşmə vəziyyətini (hüdudlarını) əks etdirən sənədi (yerləşmə cizgisini, planı, ayrıc aktını) sərəncama əlavə etməmişdir. Eyni zamanda, məhkəmənin sorğusuna əsasən Milli Arxiv İdarəsinin Bakı filialı tərəfindən bildirilmişdir ki, sözügedən sərəncama heç bir sənəd əlavə olunmamışdır. Belə ki, məhkəmənin sorğusuna əsasən Milli Arxiv İdarəsinin Bakı filialı tərəfindən yalnız sözügedən sərəncamının təsdiq edilmiş elektron arxiv çıxarışı göndərilmişdir. Nəzərə alınmalıdır ki, torpaq sahəsinin ayrıldığı dövrdə qüvvədə olmuş qanunvericiliyə görə, torpaq ayırma sənədlərinin tamlığının təmin olunması da cavabdehin öhdəliyinə aid edilmişdir. Hazırda iddiaçı isə öz tələbinin - öhdəliyin cavabdeh tərəfindən icrasının əsası kimi cavabdehin sərəncamı ilə ona verilmiş hüquqdan və sərəncamın icrası qaydasında torpaq sahəsinin ona təhvil verilməsi faktından çıxış edir. Qeyd edilməlidir ki, torpaq sahəsinin cizgisi sərəncam qəbul olunan zaman onun ayrılmaz hissəsi kimi təqdim olunmalı olduğundan, cavabdeh qurum torpaq sahəsinin cizgisinin verilməsindən imtina etməkdə haqlı olmamışdır. İnzibati aktın ləğv edilməsi, etibarsız sayılması, qüvvədən düşməsi ilə bağlı isə hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda cavabdeh iddiaçının dəlillərini təkzib və ya iddiaya etirazının əsasını isə təsdiq edən hər hansı rəsmi sənədi təqdim etmədiyindən torpaq sahəsinə cizginin verilməsindən imtina əsaslı sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Cavabdeh iddiaya dair təqdim etdiyi etirazda iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçüləri ilə təqdim etdiyi sərəncamda qeyd olunan ölçülər arasında uyğunsuzluğun mövcud olduğunu və torpaq sahəsinin üzərindən yüksək gərginlikli elektrik xətləri keçdiyindən həmin torpaq sahəsinə yerləşmə sxeminin verilməsi məqsədəuyğun sayılmadığını bildirmişdir. Məhkəmə cavabehin uyğunsuzluqla bağlı dəlilinə münasibətdə bildirir ki, hazırkı tələblə iddiaçı faktiki ölçülər əsasında deyil, sərəncam əsasında ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin tərtib edilməsini tələb edir. Həmçinin sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh bu uyğunsuzluğun nədən ibarət olması barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Digər dəlillə gəldikdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi" Qaydalarının 7-ci bəndinə əsasən, gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonalarının torpaq sahələri torpaq istifadəçiləri və ya mülkiyyətçiləri tərəfindən ancaq bu Qaydaların tələblərinə riayət etməklə istifadə oluna bilər. AR Nazirlər Kabinetinin eyni tarixli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 6-cı bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalmasına hər hansı qadağa yoxdur və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Beləliklə, məhkəmə cavabdehin dəlillərini əsaslı saymır və torpaq sahəsinin cizgisinin verilməsindən imtinanı iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir. Məhkəmə göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 1993-cü il tarixli 1048 nömrəli sərəncamı ilə X6 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsinin ərazisində Q-102 saylı sahədə yerləşən 1200 kv.metr torpaq sahəsinin yerləşmə cizgisinin hazırlanıb verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 1993-cü il tarixli 1048 nömrəli sərəncamı ilə X6 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsinin ərazisində Q-102 saylı sahədə yerləşən 1200 kv.metr torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar