Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13435/2022 13.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Şabandağ qəsəbəsi bağ massivində "Şabandağ" bağçılıq-bostançılıq yoldaşlığı tərəfindən X3 ayrılmış 63 saylı bağ sahəsi üzərində onun vərəsəsi olan iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınaraq, həmin bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması barədə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra iddiaçı) "Şabandağ" bağçılıq-yoldaşlıq kollektivinin üzvü olmuş və Şabandağ sahəsində sahəsi 900 kvadrat metr olan 63 saylı bağ sahəsi ayrılmış X2 vərəsəsidir. X4 xx.xx.2008-ci ildə vəfat edib, iddiaçı onun oğludur. Bakı şəhəri 11 saylı Notariat kontorunun notarisi İlqar Məmmədovun cavabdeh quruma təqdim edilmək üçün verdiyi 06 iyul 2022-ci il tarixli 958 saylı məktubda X1 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı iddiaçı tərəfindən müraciət daxil olduğu qeyd edilib və Şabandağ ərazisində yerləşən 63 saylı bağ sahəsinə atasının vərəsəsi kimi iddiaçının adına çıxarış verilməsi xahiş edilib. Sözügedən məktubda bağın nömrəsi 63/570 saylı kimi təqdim edilib. Ancaq, bağçılıq sənədlərində əsl nömrə 63-dür. Bu, 2000-ci illərin əvvəllərində SOCAR və ya bağlar idarəsindən ərazidəki bağları yeni nörmə ilə adlandırmaq və əsl nömrəsinin arxasına 600lə başlayan nömrələri əlavə etməklə bağlıdır. "570" rəqəmi də həmin təşəbbüsün nəticəsində "63" rəqəminin sonuna əlavə edilib. Bakı şəhər X7 icraiyyə Komitəsinin 11/546 nömrəli, 07 avqust 1991-ci il tarixli qərarına əsasən 26 Bakı Komissarı adına Neft- Qazçıxarma idarəsinin xahişi nəzərə alınaraq həmin idarəyə Qaradağ rayonu Lökbatan- Hacıhəsən yolunun qərb hissəsində kollektiv bağçılıq-bostançılıq üçün torpaq sahəsi ayrılıb. "Bağçının üzvlük kitabçası"na əsasən X4 1991-ci ildə "Şabandağ" bağçılıq yoldaşlığına qəbul edilib, bağçılıq cəmiyyətinin xx.xx.1991-cı il tarixli, 11/546 nömrəli protokoluna əsasən onun istifadəsinə sahəsi 900 kv. metr olan 63 saylı bağ sahəsi verilib. 22 iyul 2022-ci ildə iddiaçı həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq, çıxarışın verilməsi üçün cavabdeh quruma müraciət edib. Cavabdeh orqan 09 sentyabr 2022-ci il tarixli, **********587 saylı bildirişi ilə müraciətin təmin edilməsindən imtina edib. İmtinanın əsasları kimi elektron kadastr baza məlumatlarına əsasən ümumi əraziyə digər hüquqi şəxsin adına kadastr planının verilməsi, kollektivin siyahısında X2 adının olmaması və 63 saylı bağın ərazisinə digər fiziki şəxslərin müraciət etməsi göstərilib. Məhkəmə tərəfindən iddiaçıya İPM-in 13-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli hüquqi yardım məktubu ünvanlanaraq qanunvericiliyin tələbləri izah edilmiş və nəzərdə tutulmuş müvafiq prosessual hərəkətlərin edilməsi təklif edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə növbəti məhkəmə iclası xx.xx.2022ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın mümkün sayılaraq təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsin iməhkəmədən xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki hazırki iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli iddiaçının müraciətinə cavab məktubundan görünür ki, iddiaçı ********** nömrəli, xx.xx.2022-ci il tarixli məktubla Bakı şəhəri, Qaradağ rayonu, Şabandağ bağ massivində yerləşən “63” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etmişdir. İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Şabandağ qəsəbəsi bağ massivində "Şabandağ" bağçılıq-bostançılıq yoldaşlığı tərəfindən X3 ayrılmış 63 saylı bağ sahəsi üzərində onun vərəsəsi kimi mülkiyyət hüququnun qeydiyyata alınaraq, həmin bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının tələbi hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın yox, iddiaçının adına çıxarışın verilməsi olmuşdur. Belə ki, məhkəmə hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, mərhumun hüquqlarının ona keçdiyini irəli sürən vərəsəsi hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi üçün qeydiyyat orqanına müraciət etməli, bu arayış əsasında vərəsəlik sənədləri onu təqdim edən vərəsənin adına rəsmiləşdirilməli, bundan sonra həmin vərəsə vərəsəlik sənədlərini qeydiyyat orqanına təqdim etməli və daşınmaz əmlak üzərində hüquq onun adına dövlət qeydiyyatına alınmalıdır. Qeyd edilənlərə əsasən müvafiq bağ sahəsi üzərində iddiaçının mərhum atasının hüquqlarının olmasına dair arayış verilməlidir . İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, inzibati məhkəmə icraatını mülki məhkəmə icraatından fərqləndirən digər xüsusiyyət də İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin yardım etmək vəzifəsidir. Həmin maddəyə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qeyd edilməlidir ki, hakimin yardım etmək vəzifəsi yalnız formal pozuntuların aradan qaldırılması ilə bağlı deyil, faktiki halların aydınlaşdırılması ilə də bağlı ola bilər. Bu vəzifənin həyata keçirilməsi zamanı məhkəmə tərəflərin bərabərliyi prinsipinə əməl etməlidir. Məhkəmə baxışının hədləri adlanan İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Bu maddə “ne ultra petita” prinsipini nəzərdə tutur və inzibati prosesdə dispozitivlik prinsipinin qüvvədə olduğunu bir daha vurğulayır. Həmin norma ilə məhkəməyə münasibətdə müəyyən edilir ki, o, prosesi iddia tələbi əsasında qursun və iddia tələbindən kənara çıxmadan mübahisəni həll etsin. İnzibati prosesdə məhkəmə bir tərəfdən işin hallarının araşdırılması prinsipini, digər tərəfdən isə dispozitivlik prinsipini rəhbər tutmalıdır. Məhz bu prinsip məhkəmə üçün işin hallarının araşdırılması prinsipinin sərhədlərini müəyyən edir. İPM-in 13-cü maddəsinin tələbi baxımından məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Göründüyü kimi, məhkəmə İPM-in 13-cü maddəsinin tələblərini rəhbər tutarar iddiaçıya xx.xx.2022-ci il tarixli xx.xx.2022-ci il tarixli hüquqi yardım məktubu ünvanlayaraq və xx.xx.2022-ci il tarixli məhkəmə iclasında təkrar hüquqi yardım göstərərək “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin tələbləri izah edilmiş və dəqiqləşdirilmiş iddia tələbi ilə müraciət edilməsi təklif edilmişdir. Lakin, müvafiq prosessual hərəkətlərin edilməsi üçün iddiaçıya kifayət qədər şərait yaradılmasına baxmayaraq iddiaçı qanunvericiliyə uyğun olaraq tələbini dəqiqləşdirməmiş, həmin tarixli məhkəmə iclasında işə mahiyyəti üzrə baxılıb qərar verilməsini məhkəmədən xahiş etmişdir. Odur ki, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri, Qaradağ rayonu, Şabandağ qəsəbəsi bağ massivində "Şabandağ" bağçılıq-bostançılıq yoldaşlığı tərəfindən X3 ayrılmış 63 saylı bağ sahəsi üzərində onun vərəsəsi olan iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınaraq, həmin bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması barədə iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 8.1-8.4-cü bəndlərində qeyd edilir ki, 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. İddiaçıya izah olunur ki, iddianın qeyri mümkün sayılması mümkünlük şərtlərinə əməl etməklə yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-nin 80.1-ci maddəsinə əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddia mümükün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-13435/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13435/2022
13.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver