Məhkəmə qərarları › İş №2-1(112)-1344/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1344/2020

27.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1344/2020 27.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X18 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X9 iştirаkları ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair hüquqların tanınması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, sonradan iddia tələbinə dəqiqləşmə verərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi ünvanında yerləşən və ümumi sahəsi 492 kv.m olan 55 №-li bağ sahəsi üzrə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, “Tarixçi” Bağçılıq yoldaşlığına ərizə ilə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi ünvanında yerləşən və ümumi sahəsi 600 kv.metr olan 55 №-li bağ sahəsinin daimi istifadəsinə verilməsini xahiş etmişdir. “Tarixçi” Bağçılıq yoldaşlığının 2 №-li, 20.01.1989-cu il tarixli protokolundan çıxarışa əsasən, “Tarixçi” Bağçılıq yoldaşlığına üzv qəbul edilmiş və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi ünvanında yerləşən və ümumi sahəsi 600 kv.m olan 55 №-li bağ sahəsi iddiaçının daimi istifadəsinə verilmişdir. Lakin bu günə qədər bağ sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Bundan sonra müvafiq qaydada sənədləri toplayaraq, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi ünvanında yerləşən və ümumi sahəsi 600 kv.m olan 55 №-li bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün 22.04.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin13.05.2019-cu il tarixli imtina məktubunda qeyd edilmişdir: Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi ünvanında yerləşən 55 №-li bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 22.04.2019-cu il tarixli ərizəyə baxılmış və cavab olaraq bildirilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adı, ata adı və ayrılmış bağın nömrəsi fərqli göstərilmişdir. Həmçinin, elektron kadastr məlumatlarına əsasən, göstərilən bağ sahəsinin 108.0 kv.m hissəsi bağçılıq yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşir. Qeyd olunan səbəblərdən ərizənin icrası mümkün olmamışdır. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən müraciətə imtina edilməsi, onun hüquqlarını pozur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X16 iddia tələbinə etiraz edərək məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, cavabdehin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan sənədlər: - AZE 0******* saylı şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1955-ci il təvəllüdlüdür, ünvan 2 ünvanında qeydiyyatdadır - AMEA Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutlarının “Tarixçi” Bağçılıq Birliyinin sədri tərəfindən verilmiş arayışa əsasən AMEA Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutlarının “Tarixçi” Bağçılıq Birliyinin üzvlərinin siyahısının 75-ci sırasında qeyd edilən “Nərivas” adı “Pərivas” kimi oxunulmalıdır. Həmin arayış ilə təsdiq olunur ki, sıra nömrəsi 75-də olan şəxs AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi X10r (Qulamovna). - Bağçılıq yoldaşlığının idarə heyətinin yığıncağının 2 №-li protokolun çıxarışından görünür ki, X14 “Tarixçi” bağçılıq yoldaşlığına üzv qəbul edilmiş və ona 55 №-li 600 m2 həcmində bağ sahəsi daimi istifadəyə verilmişdir. Bununla bağlı iddiaçı X11 üzvlük kitabçası verilmişdir. - AMEA Tarix İnstitutu “Bağçılıq birliyinin” sahələri ilə bağlı tərtib olunmuş siyahıdan görünür ki, həmin siyahıda 54 nömrəsi altında Pərivəs, 55 nömrəsi altında isə İrandux adı qeyd edilmişdir. Lakin sonradan, həmin siyahıda dəyişiklik edilərək, 54 nömrəli olan bağ sahəsinin İrandux, 55 nömrəli bağ sahəsinin isə Pərivəsin istifadəsinə verilməsi göstərilmişdir. Həmin düzəlişin etibarlı olması “Tarixçi” X5 möhürü ilə təsdiq olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanlanmış 13 may 2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adı, ata adı və ayrılmış bağın nömrəsi fərqli göstərilmişdir. Həmçinin, elektron kadastr məlumatlarına əsasən, göstərilən bağ sahəsinin 108 kv.m hissəsi bağçılıq-yoldaşlıq təsərüfatının ayrıc aktından kənarda yerləşir. Məhkəmə araşdırılması zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu göndərilmiş və sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, “Tarixçi” bağçılıq yoldaşlıq üzvlərinin arxiv qovluğunda mövcud olan siyahısında X6 (sənəddə olduğu kimi) adına 54 nömrəli bağ sahəsi göstərilmişdir. Lakin həmin bağçılıq yoldaşlıq birliyi nəznində Şüvəlan bağ massivində 55 nömrəli bağ sahəsinin X13 ayrılmasına dair sənədlər, (üzvlük kitabçası və s.) həmçinin 20.01.1989-cu il tarixli protokoldan çıxarış arxiv qovluğunda aşkar olunmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin tərəfindən təqdim olunmuş Azərbaycan EA Tarix, siyahının 20-ci qrafasında 55 nömrəli bağ sahəsinin X2, 75-ci qrafasında isə 54 nömrəli bağ sahəsinin X6 istifadəsinə verilməsi göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmənin sorğusu əsasında 04 may 2020-ci il tarixli cavab məktubunu məhkəməyə ünvanlayaraq bildirmişdir ki, idarənin arxivində mövcud olan sənədlərə əsasən “Tarixçi” bağçılıq yoldaşlıq birliyinin 54 nömrəli bağ sahəsinə dair X3 adına 24.09.1996-cı il tarixli üzvlük kitabçası verilmişdir. Sonradan icarədarın X1 və İstismarı Birliyinə müraciəti əsasında üzvlük kitabçası müqavilə ilə əvəz edilərək bağ sahəsinə 54/3205 nömrəsi verilmiş və X12 ilə 19.07.2006-cı il tarixli, 37796 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında 54/3205 nömrəli bağ sahəsi (0.06 hektar) 04.11.2011-ci il tarixdə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bağ sahəsi özgəninkiləşdirilmişdir, hazırda Şüvəlan qəsəbəsi, 3205 nömrəli bağ evi kimi X4 mülkiyyətindədir. “Tarixçi” bağçılıq yoldaşlıq birliyinin 56 nömrəli bağ sahəsinə (0.06 hektar) dair X7 adına üzvlük kitabçası aşkar olunmuşdur. Daha sonra üzvlük kitabçası müqavilə ilə əvəz edilərək, bağ sahəsinə 56/3207 nömrəsi verilmiş və X15 ilə 25.01.2007-ci il tarixli, 39471 nömrəli müqavilə bağlanılmışdır. Həmin müqavilə əsasında 3207 nömrəli bağ evi onun adına qeydiyyata alınmış və hazırda mülkiyyətdədir. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu məhkəmənin sorğusu əsasında 02 iyun 2020-ci il tarixli cavab məktubunu məhkəməyə ünvanlayaraq bildirmişdir ki, İddiaçı 1978-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İntitutunun əməkdaşıdır. Hal-hazırda İnstitutunun emi işçi vəzifəsində çalışır. Beləliklə, işin məhkəmə araşdırılması ilə müəyyən olunmuşdur ki, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, AMEA Tarix İnstitutu “Bağçılıq birliyinin” sahələri ilə bağlı tərtib olunmuş siyahı əsasında “Tarixçi” Bağçılıq Birliyi tərəfindən ona ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi ünvanında yerləşən və ümumi sahəsi 492 kv.m olan 55 №-li bağ sahəsi üzərinə mülkiyyət hüququnun qeydiyyata alınması və müvafiq çıxarışın verilməsini xahiş etmişdir. İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsində göstərilən halları təsdiq edən sübut qismində iddiaçının şəxsiyyət vəsiqəsi, 20 yanvar 1989-cu il tarixli Bağçılıq yoldaşlığın idarə heyətinin yığıncağının 2 № protokolundan çıxarışı, üzvlük kitabçasını və cavabdehin daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş təqdim edilmişdir. Qeyd edilən mübahisənin həlli üçün Məhkəmə aşağıdakı normalara istinad edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışdaşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.20ci bənd) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və təsvir edilməsini təmin etmək məqsədi ilə daşınmaz əmlakın vahid kadastrının və ünvan reyestrinin tərtib edilməsində və aparılmasında iştirak etmək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, (3.0.29-cu bənd) vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və 8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən müvafiq üzvlük kitabçası və üzvlərin iclasının protokolundan çıxarış belə əsaslar sırasında nəzərdə tutulmuşdur Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlər (müvafiq üzvlük kitabçası və protokoldan çıxarış) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində mülkiyyət hüquqlarının qeydiyyatı üçün əsas kimi müəyyən edilmişdir və həmin sənədlərdəki qeydlər (məlumatlar) onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Belə olan halda məhkəmənin qənaətinə görə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən İddiaçı Qulam qızı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi ünvanında yerləşən 55 № bağ sahəsi üzərində mülkiyyət hüququ əldə etmişdir, cavabdeh inzibati orqan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi isə formal mülahizələrə əsaslanaraq iddiaçının qaldırdığı məsələnin həllindən imtina etmişdir. Bu qənaət həm də ondan irəli gəlir ki, iddiaçıya Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi ünvanında yerləşən 55 № bağ sahəsi AMEA Tarix İnstitutu “Bağçılıq birliyinin” sahələri ilə bağlı tərtib olunmuş siyahıda və “Bağçılıq Birliyinin” sahələr ilə bağlı sxematik xəritədə İrandux Qəni qızının adı göstərilsə də, həmin siyahıya düzəliş edilmiş, həmçinin AMEA Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutları “Tarixçi” Bağçılıq Birliyi tərəfindən verilmiş arayışda belə “Tarixçi” Bağçılıq Birliyinin üzvlərinin siyahısının 75-ci sırasında qeyd edilən “Nərivəs” adı “Pərivas” kimi oxunulması göstərilmişdir. Göründüyü kimi, iddiaçının istifadəsinə verilmiş bağ sahəsi ilə bağlı olan müvafiq siyahıda iddiaçının adı və bağ nömrəsi səhv göstərilsə də, həmin hal ilə bağlı müvafiq düzəlişlər, o, cümlədən zəruri olan arayışlar məhkəməyə təqdim olunmuşdur. Hətta belə, İddiaçı 1978-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı olması məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmışdır. Həmçinin, Məhkəmə araşdırılması zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi ünvanında yerləşən 54 və 56 №-li bağ sahələri “Tarixçi” bağçılıq yoldaşlıq birliyi tərəfindən verilmiş üzvlük kitabçaları əsasında X4 və X8 mülkiyyətinə verilmiş, 55 №-li bağ sahəsi üzrə isə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməsinə dair məlumat aşkar olunmamışdır. Cavabdehin digər dəlilinə (108.0 kv.m hissəsi bağçılıq-yoldaşlıq təsərüfatının ayrıc aktından kənarda yerləşməsi) gəldikdə, məhkəmə qeyd edir ki, iddiaçı bağ sahəsinin həmin hissəsi ilə bağlı məhkəməyə dəqiqləşmə təqdim edərək, sözügedən sahəni mübahisələndirmir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü, 33.1-ci, 33.2-ci və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, iddiaçının iddiası təmin edilməli, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi ünvanında yerləşən və ümumi sahəsi 492 kv.m olan 55 №-li bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi ünvanında yerləşən və ümumi sahəsi 492 kv.m olan 55 №-li bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyusun. Qərardan, təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar