Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13441/2023 25.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Baş Polis İdarəsinin X5 İdarəsinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Baş Polis İdarəsinin X5 İdarəsinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddianın mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Bakı şəhəri Baş Polis İdarəsinin X5 İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri X5 İdarəsi əməkdaşlarının iddiaçıya qarşı qəsdən və qanunsuz əməlləri nəticəsində avtomobilinə dəymiş zərər üçün 1500 manat, avtomobilin saxlanc yerindən oğurlanan pul məbləği üçün 600 manat, kirayəyə götürdüyü nəqliyyat vasitələrinə sərf etdiyi əlavə xərclər üçün 4590 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində özünə məxsus VAZ 2106 markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən, Bakı şəhər DYPİ Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsi əsas gətirilərək İXP ******* nömrəli protokol tərtib edilmişdir. Protokol tamamilə əsassız və qanunsuz olaraq qəbul edildiyindən protokolu imzalamaqdan imtina etmişdir. Həmin tarixdən istifadəsində olan yeganə nəqliyyat vasitəsi duracağa yerləşdirilmişdir. xx.xx.2023-cü il tarixdə isə əsassız olaraq tərtib olunmuş adı çəkilən protokol üzrə barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə İXP ******* saylı qərar qəbul edilmiş və cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. xx.xx.2023-cü il tarixdə tərəfindən ‘’Avtoservis-Qamışlıq'" MMC-nin mütəxəssisini cəlb etməklə və videoçəkiliş aparılmaqla qeyd olunan avtomobilə texniki baxış keçirilərkən İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsində qeyd olunan nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan hər hansı bir dəyişiklik aşkar edilməmiş və bu barədə 07 nömrəli, xx.xx.2023-cü il tarixli "xxxx" MMC-nin mühəndis-məsləhətçisi S.M.Babayev tərəfindən müvafiq arayış tərtib edilmişdir. İddiaçının təşəbbüsü ilə aparılan texniki baxışdan başqa Bakı şəhər X5 İdarəsi tərəfindən avtomobilə heç bir baxış keçirilməmiş və avtomobilin duracaqda saxlanılmasına heç bir əsas mövcud olmamışdır. İddiaçı tərəfindən müvafiq inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsinə dair Nizami Rayon Məhkəməsinə müraciət edilmişdir. Nizami Rayon Məhkəməsində hakim Mətanət Hacıyevanın icraatında işə baxılaraq, Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(007)-2967/2023 saylı qərarı ilə Bakı şəhər X5 İdarəsi əməkdaşlarının müvafiq inzibati xəta haqqında qərarın qəbul edilməsində kobud prosessual pozuntulara yol vermələri, qərarın qəbul edilməsini əsaslandırmadıqları, avtomobilə onun iştirakı ilə baxılaraq hər hansı bir baxış aktı tərtib etməmələri kimi hallar müəyyən edilərək barəsində tərtib olunmuş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, İXP ******* saylı qərar ləğv edilmiş və iş yenidən baxılması üçün geri qaytarılmışdır. Bundan sonra Bakı şəhər X5 İdarəsi yol verdikləri pozuntuları aradan qaldırmaq, barəsində əsassız olaraq tərtib edilmiş müvafiq protokolu ləğv etmək və işə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan müddət ərzində baxaraq yekun qərar qəbul etmək əvəzinə işin baxılmasını qanunsuz və əsassız olaraq qəsdən uzatmış və yalnız xx.xx.2023-cü il tarixdə qeyd olunan avtomobilə heç bir baxış keçirilmədən yenidən eyni məzmunlu qərar qəbul etmişlər. Həmin qərardan yenidən Nizami Rayon Məhkəməsinə şikayət verdikdən sonra Nizami Rayon Məhkəməsinin 3(007)-3641/2023 saylı, xx.xx.2023cü il tarixli qərarı ilə xx.xx.2023-cü il tarixli qərar və İXP ******* nömrəli protokol əsassız olduğundan ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərar qəbul edilməsindən 2 gün müddətində tərəflərə verilməli olduğuna və tərəflərə müvafiq qaydada verildikdən 10 gündən sonra qüvvəyə minməsinə baxmayaraq, yenə dövlət orqanlarının vəzifəli şəxslərinin qəsdən müddəti uzatmalarına görə iddiaçı hələ də qanunsuz olaraq saxlanılmış nəqliyyat vasitəsini duracaqdan çıxara bilməmişdir. Bundan başqa hadisə zamanı avtomobilidən pulun oğurlandığını bildikdən sonra Nizami Rayon Prokurorluğuna müraciət edərək avtomobil saxlanılarkən saxlanc yerində olan, ona məxsus 600 manat məbləğində pulun oğurlandığına dair şikayət etsə də, ona heç bir əsas gətirilmədən, qeyd edilən məbləğdə pulun həmin gün avtomobilin saxlanc yerində olduğuna dair şahid ifadəsi qismində, eləcə də avtomobil duracağa aparılmadan öncə qeydə aldığı videogörüntü və avtomobil duracağa qəbul edilərkən duracağın əməkdaşı tərəfindən qeydə alınan videogörüntülərdə avtomobilin saxlanc yerinin vəziyyətinə dair fərqlər barədə sübutlarım olmasına baxmayaraq, şikayətimə baxmaqdan və cinayət işinin açılmasından imtina edilmişdir. Həmçinin iddiaçı işlədiyi dövrdə iş yerinə gedib-gələ bilmək, eləcədə gündəlik məişət və digər ehtiyaclarını qarşılamaq məqsədilə ictimai nəqliyyatdan istifadə etməsi mümkün olmamışdır. Bu səbəbdən də, Bakı şəhər X5 İdarəsi əməkdaşlarının qanunsuz əməlləri nəticəsində nəqliyyat vasitəsindən məhrum olduğu üçün bütün bu dövr ərzində günlük kirayə qaydasında nəqliyyat vasitəsi kirayəyə götürməklə idarə etmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü ilədək - 102 gün müddətində "Gas and Logistic LTD” MMC-yə məxsus “Hyundai Accent” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobili günlük 45 AZN olmaqla icarə qaydasında idarə etmiş və bu məqsədlə ümumilikdə 4590 manat məbləğində əlavə xərci çıxmışdır. (Bu fakt iddia ərizəsinə əlavə etdiyi müvafiq arayışla sübut olunur). Bundan başqa VAZ 2106 markalı, 10-HL- 829 dövlət qeydiyyat nişanlı avtomobil əsassız olaraq duracaqda olarkən 4 aydan artıq müddətdə normativ tələblərə uyğun olmayan formada, günəş altında, hərəkətsiz saxlandığı üçün avtomobilimin müxtəlif detallarına və örtük boyasına təxminən 1500 manat məbləğində əhəmiyyətli zərər dəymişdir. Zərərin mənbəyi avtomobilin akkumulyatorunun qeyri-işlək vəziyyətdə qalmasına görə yararsız vəziyyətə düşməsi, avtomobilin örtük boyasının qızmar günəş şüalarından tamamilə solğunlaşması və çatların yaranması, motorun və digər detalların (xüsusilə də plastik materialdan olan) hərəkətsiz vəziyyətinə görə korroziyaya məruz qalması hallarından irəli gəlir. Dəymiş zərərin məbləği iddia ərizəsinə əlavə edilmiş müvafiq rəylə sübut olunur. Əlavə olaraq bildirilir ki, Bakı şəhər Baş polis idarəsinin X5nin əməkdaşları kapitan Arzumanli Arzuman, mayor Rafiq Məmmədov, inspektor X1, inspektor X2 aşağıda qeyd etdiyi Polis Etik davranış kodeksinin 2-ci maddəsini kobud pozmuşlar. Maddə 2. Anda, xidməti və vətəndaşlıq borcuna sadiq olmalı, vətəndaşların həyat və sağlamlığının, hüquq və azadlıqlarının, cəmiyyətin və dövlətin maraqlarının hüquqazidd qəsdlərdən qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməlidir. Daim yadda saxlamalıdır ki, hətta bir əməkdaşın Andını pozması, xidməti borcunu yerinə yetirməməsi və nalayiq hərəkətə yol verməsi, bir çox əməkdaşın fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə sala bilər. Qeyd olunanları nəzərə alaraq iddiaçı hesab edir ki, Bakı şəhər X5 İdarəsi əməkdaşlarının qəsdən və qanunsuz əməlləri nəticəsində dəymiş zərər qismində ona məxsus olan VAZ 2106 markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilin duracaqda normativ tələblərə uyğun olmayaraq saxlanması nəticəsində avtomobilə dəymiş 1500 manat məbləğində zərər, nəqliyyat vasitəsindən məhrum olduğu üçün ictimai nəqliyyat və icarəyə götürdüyü nəqliyyat vasitəsi üçün ümumilikdə ödədiyim 4590 manat məbləğində əlavə xərclərin, avtomobilindən polis əməkdaşlarının diqqətsiz və ehtiyatsız davranmaları nəticəsində oğurlanmış 600 manat məbləğində pul vəsaitləri qəbul edilərək, həmin vəsaitlərin cavabdehdən tutularaq ona ödənilməsi təmin edilməlidir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi iddiaçıya izah edilmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubu poçt vasitəsilə iddiaçıya təqdim edilmişdir. (SX003733138AZ) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış, lakin üzürlü səbəbləri bildirmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə, məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəflərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsin mümkün hesab etmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin qərarın 9-cu bəndində göstərilmişdir ki, “Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə tabedir və inzibati mübahisələrlə bağlı qaldırılan iddiaların mütləq qaydada onların məhkəmə icraatının mümkün olub-olmaması məsələsi araşdırma predmeti olmalı və bu kateqoriyadan olan iddiaların İPM-in 35.1-ci maddəsinin müddəalarına uyğun olub-olmamasına hüquqi qiymət verilməlidir. Bu baxımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər ödənilmiş olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırki iddia da öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia üzrə xüsusi mümkünlük şərtlərindən biri iddiaçının müvafiq ərizə ilə məhkəməyə müraciət etməmişdən əvvəl hüququ pozulmuş şəxs tərəfindən əvvəlcə inzibati orqana hazırki tələb ilə müraciət etməsi eyni zamanda inzibati orqan tərəfindən onun tələbinin təmin edilməməsi və ya hərəkətsizlik edilərək müraciətinə cavab verilməməsi tələb olunur. İddia ərizəsindən görünür ki, iddiaçı məhkəməyə müraciət edərək Bakı şəhəri X5 İdarəsi əməkdaşlarının iddiaçıya qarşı qəsdən və qanunsuz əməlləri nəticəsində avtomobilinə dəymiş zərər üçün 1500 manat, avtomobilin saxlanc yerindən oğurlanan pul məbləği üçün 600 manat, kirayəyə götürdüyü nəqliyyat vasitələrinə sərf etdiyi əlavə xərclər üçün 4590 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsinı məhkmədən xahiş etmişdir. İş materiallarından görünür ki, iddiaçı qeyd edilən iddia tələbi ilə iddia qaldırmazdan əvvəl eyni tələblə cavabdeh Bakı şəhəri X5 İdarəsinə müraciət etməsinə dair hər hansı sübutları (poçt qəbzi və s.), eləcə də cavabdehin imtinasını məhkəməyə təqdim etməmişdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəmədə iddia qaldırdığı tələb ilə əvvəlcə cavabdeh inzibati orqana müraciətinin etməsi məhkəmə araşdırılması ilə öz təsdiqini tapmadığından, hazırkı iddia mümkün sayılmamalıdır. Məhkəmə əlavə olaraq qeyd edir ki, mümkünlük şərtlərinə riayət olunduqdan sonra iddiaçının məhkəmədə yenidən iddia qaldırmaq hüququ istisna edilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 8.1-8.4-cü bəndlərində qeyd edilir ki, 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. İddiaçıya izah edilsin ki, iddianın qeyri mümkün sayılması mümkünlük şərtlərinə əməl etməklə yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-13441/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13441/2023
25.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver