Məhkəmə qərarları › İş №2-1(112)-13450/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13450/2025

25.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13450/2025 25.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, İddiaçı MTK-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) məhkəmə iclasından kənar baxaraq, müəyyən etdi: İddiaçı MTK cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X2 adına aparılmış reyestr qeydinin və çıxarışın ləğv edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, «Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarı ilə qərara alınmışdır ki, mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri ilə və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə şərait yaradılsın. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin xx.xx.2021-ci il tarixli «Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və İmadəddin Nəsimi küçələrinin kəsişməsindəki 2519-cu məhəllədə yerləşən binaların, o cümlədən həmin ünvandakı 41 saylı binamn texniki vəziyyəti barədə» Rəylə müəyyən olunmuşdur ki, həmin binaların yükdaşıyan divarlarında aşınmalar, döşəmələrin ağac elementlərində müxtəlif deformasiyalar yaranmış, beton sahələrində ciddi aşınma mövcuddur və armatur karkası korroziyaya məruz qalmışdır. İddiaçı MTK-nın müvafiq müraciəti nəzərə alınaraq, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 338 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və İmadəddin Nəsimi küçələrinin kəsişməsindəki 2519-cu məhəllədə 6,02 ha torpaq sahəsi çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün İddiaçı MTK-nın istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin «Azərdövlətlayihə» institutunun xx.xx.2024-cü il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və İ.Nəsimi küçələrinin kəsişməsində, 2519-cu məhəllədə yerləşən 39, 41, 43 və 47/13 saylı yaşayış binaları qəzalıdır və həmin rəyə əsasən həmin binalarla bağlı aşağıdakı zəruri tədbirlər yerinə yetirilməlidir: Binaların tikililərlə birlikdə istismarı dayandırılmalı və bu barədə əlaqədar təşkilatlar məlumatlandırılmalıdır. Sakinlər binadan köçürülməlidir. Binalara giriş qadağan edilməlidir. Binaların ətrafı şərti olaraq çəpərlənməli və xəbərdarlıq nişanları qoyulmalıdır. Məlumat üçün bildirirlər ki, həmin ünvanda İddiaçı MTK tərəfindən çoxmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi həyata keçiriləcəkdir. Artıq ərazidə qanunla müəyyən olunan qaydada, rəsmi icazə sənədləri əsasında söküntü işlərinə də başlanılmışdır. Nəzərə çatdırırlar ki, yuxarıda qeyd olunan müvafiq qərar, sərəncam və dövlət orqanlarının əsaslandırılmış rəylərinə baxmayaraq, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsində yerləşən 41 saylı yaşayış binasının zirzəmisində giriş 147A-da yerləşən 44,10 kv.m sahə Əmlak Məsələləri Dövlət Xidmətinin «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X4 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qeyri-yaşayış sahəsi adı altında vətəndaş X3 adına özəlləşdirilmiş və bu barədə ona ********** qeydiyyat nömrəli xx.xx.2025-ci il tarixli reyestrdən Çıxarış verilmişdir. Aşağıda göstərilən əsaslara görə hesab edirlər ki, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsində yerləşən 41 saylı yaşayış binada giriş 147A-da yerləşən 44,10 kv.m sahənin qeyri-yaşayış sahəsi adı altında vətəndaş X3 adına özəlləşdirilməsi və bu barədə ona ********** qeydiyyat nömrəli xx.xx.2025-ci il tarixli reyestrdən Çıxarış verilməsi əsassız və qanunsuzdur və bu qeydiyyat ləğv edilməlidir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddia tələbindən göründüyü kimi, X2 adına aparılmış reyestr qeydinin və çıxarışın ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. İstinad edilən Plenum qərarlarındakı hüquqi mövqelərdən görünür ki, reyestrdə aparılmış qeyd və onun əsasında verilmiş çıxarış inzibati akt sayılmır və qeydin aparılması əsas inzibati aktdırsa, həmin inzibati akt, inzibati məhkəmə icraatı qaydasında, qeydin aparılmasına əsas mülki hüquqi əqddirsə, həmin əqdin əsaslılığı mülki məhkəmə icraatı qaydasında mübahisələndirilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı iddiaa tələbində X2 adına qeydiyyatdan keçmiş çıxarışı deyil, həmin çıxarışın verilməsi üçün əsas olmuş dövlət reyestrində qeydin aparılmasına əsas olmuş halları müabisələndirməlidir. Əgər qeydin aparılmasına əsas inzibati aktdırsa, iddiaçı həmin aktın ləğv edilməsi və ya bunun üçün əsaslar mövcud olduğu təqdirdə etibarsız hesab edilməsi ilə bağlı inzibati məhkəmədə həmin inzibati aktı mübahisələndirə bilər. Əgər qeydin aparılması əsas, mülki hüquqi əqddirsə, iddiaçı həmin əqdin əsaslılığı (etibarlılığı) ilə bağlı mülki mühakimə icraatı qaydasında müvafiq rayon (şəhər) məhkəməsində iddia qaldıra bilər. Bundan başqa “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarının 9-cu hissəsinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddia hesab edildiyindən və qeyd olunan iddialarda tələb olunan mümkünlük şərti kimi inzibati orqana əvvəlcədən müraciət edilməsi zəruridir. İddia ərizəsinə cavabdehin imtina məktubu əlavə edilməmişdir. Belə olan halda, inzibati mübahisənin mövcud olması da müəyyən edilmir. İş materiallarına əlavə edilmiş cavabdehə müraciət ərizəsi xx.xx.2025-ci il tarixli olmaqla, həmin müraciət məktubundan imtina cavabı gözlənilməmiş xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia verilmişdir. Həmçinin həmin məktubun cavabdehə rəsmi qaydada təqdim edilməsinə dair sübut əlavə edilməmişdir. Qeyd olunan məsələlər ilə bağlı iddiaçının və vəkilinin elektron kabinetinə xx.xx.2022-ci il tarixdə hüquqi yardım məktubu göndərilmiş, lakin iddiaçı tərəf hüquqi yardım məktubunda qeyd edilən iddianın mümkünlüyü ilə bağlı məsələlərə münasibət bildirməmişdir. İddiaçı mümkünlük şərtini ödəmədiyindən məhkəmə X2 üçüncü şəxsin cəlb edilməsinə zərurət görməmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MTK-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” barədə iddia tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar