Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1346/2021 16.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X7, üçüncü şəxs X8, üçüncü şəxsin nümayəndəsi (vəkili) X9 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X5 və X15) «daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxsin adına aparılmış qeydin və texniki pasportun qismən ləğv edilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra – DƏDRX) 1 saylı Bakı Ərazi İdarəsinə və maraqlı şəxs X3 qarşı X2 adına cavabdeh tərəfindən 31 yanvar 2013-cü il tarixdə **********75-06101-093003 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş, Bakı şəhəri, İ.Səfərli küçəsi, 20 saylı evin ümumi sahəsi 73,9 kv.m, yaşayış sahəsi 65,8 kv.m olan 1 saylı mənzilinə dair verilmiş texniki pasport və reyestrdən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı cavabdehlər Gülzar Ramazanovaya, Tamilla Məmmədovaya, üçünçü şəxs Yasamal rayonu 42 saylı MKİS-in mühəndisinə qarşı Bakı şəhəri, İ.Səfərli küçəsi, ev 20, 5 saylı kommunal mənzilin ümumi paylı mülkiyyət hüququ ilə otaq mülkiyyətçilərinə məxsus ümumi istifadəsində olan həyətində mənzilinin qarşısında cavabdeh Gülzar Ramazanova tərəfindən özbaşına tikilmiş evin (artırmanın) cavabdeh Gülzar Ramazanova tərəfindən sökülməsi, mənzili ilə ona məxsus hamamın arasında hörülmüş divarın cavabdehlərin vəsaiti hesabına sökülməsi və sahəsi 9,8 kv.m olan hamamın və sahəsi 15 kv.m olan dəhlizin və digər sahənin, cəmi 50 kv.m sahənin ona qaytarılmasına dair iddia qaldırmışdır. Gülzar Ramazanova qarşılıqlı iddia verərək cavabdehin üzərinə mülkiyyətində olan Bakı şəhəri, İ.Səfərli küçəsi, ev 20, mənzil 1-ə aid olan, sahəsi 8.12 kv.m olan mətbəxin əvvəlki vəziyyətə gətirilərək, dəhliz boyu tikilmiş daş divarı sökərək ona təhvil verilməsi, faktiki istifadəsində olan 1.7 kv.m və 1.9 kv.m olan iki ədəd sanitar qovşağdan istifadəsini mümkün etmək üçün öz evinin qarşısındakı dəhlizə giriş divarını sökmək və oradan qapını çıxarmaq öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 208/2020 saylı iş üzrə 08 iyun 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi qismən təmin edilərək, Gülzar Ramazanovanın mülkiyyətində olan mənzilə aid olan sahəsi 8.12 kv.m olan mətbəxdə hörülmüş arakəsmənin İddiaçı hesabına sökülməsi və mətbəxin əvvəlki vəziyyətə gətirilərək Gülzar Ramazanovaya təhvil verilməsi qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verilmişdir. gülzar Ramazanovanın mülkiyyətində olan mənzilə dair texniki pasport və reyestrdən çıxarış məhkəmə iclasında sübut kimi tədqiq olunarkən məlum olmuşdur ki, mənzilin texniki pasportunda 8,12 kv.m olan mətbəx qeyd edilmişdir. İş üzrə keçirilmiş ekspertizanın nəticələri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 mart 2020-ci il tarixli 31591 nömrəli ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, Gülzar Ramazanovanın adına tərtib olunmuş texniki pasporta əsasən istifadəsinə verilmiş ünvan 1 mənzilinə aid sahəsi 8,12 kv.m olan mətbəx mövcuddur, lakin həmin mətbəx arakəsmə hörülməklə iki hissəyə bölünərək, sahəsi 2,53 kv.m olan (1,15 m x 2,2 m) hissəsi onun, qalan hissəsi İddiaçı istifadəsindədir. Məhkəmə qarşılıqlı iddianı həmin hissədə qismən təmin edərək, Gülzar Ramazanovanın mülkiyyətində olan mənzilə aid olan sahəsi 8.12 kv.m olan mətbəxdə hörülmüş arakəsmənin İddiaçı hesabına sökülməsi və mətbəxin əvvəlki vəziyyətə gətirilərək Gülzar Ramazanovaya təhvil verilməsi barədə qətnamə qəbul etmişdir. Gülzar Ramazanovanın mülkiyyətində olan və DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 31 yanvar 2013-cü il tarixdə qeydiyyatdan keçirilmiş ünvan 1 mənzilə dair texniki pasportun və reyestrdən çıxarışın surəti Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə 29 iyun 2020-ci il tarixdə ərizə ilə müraciət olunaraq əldə edilmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq texniki pasportu və çıxarışı (inzibati aktı) mübahisələndirilir. Gülzar Ramazanova həmin üznvandakı 1 saylı mənzili 1994-cü ildə almış və mənzilə dair ona qeydiyyat vəsiqəsi verilmişdir. Mübahisəli mənzilə dair 1994-cü il tarixdə verilmiş texniki pasportda sahəsi 8.12 kv.m göstərilmiş mətbəx mənzilinə dəhlizdan girişində, birinci otağın qarşısında olmuşdur. X1 evində təmir işləri aparmış, ümumi həyətdə özbaşına qanunsuz ikimərtəbəli artirma tikmiş, nəticədə həmin qanuni mətbəxi sökərək mənzilin ümumi istifadəsində olan dəhlizə əlavə etmişdir. Əgər üç ailəyə aid ümumi istifadədə olmuş kommunal mənzilə dair 1994-cü ildə verilmiş texniki pasport sübut kimi məhkəməyə təqdim edilsə, onda Gülzar Ramazanovanın və digər qonşunun mənzillərinə dair mətbəxlərin yeri açıq aydın görünər. Gülzar Ramazanovanın mənzilinə dair 6 fevral 2013-cü il tarixdə reyestrdə qeydiyyatdan keçmiş texniki pasportdakı 8,12 kv.m mətbəx kimi qeyd edilmiş sahə ümumi istifadədə olan sanitar qovşaq olmuşdur, 1994-cü ilin texniki pasportunda olmamışdır. Əvvəlki mülki iş üzrə İddiaçı iddia etdiyi sahələr Gülzar Ramazanova tərəfindən 2011-ci ildə zəbt edilmişdir. Təmir işləri 2011-ci ildə aparılmış və ara həmin tarixdə hörülmüşdür. Ara hörüldükdən sonra Gülzar Ramazanovanın mənzilinə dair 1994-cü il tarixdə verilmiş texniki pasportda qeyd edilməyən, ümumi istifadədə olan sanitar qovşağın bir hissəsi İddiaçı mənzilinin ərazisində qalmışdır. Mənzillərin arası hörüldükdən iki il sonra 2013-cü il tarixdə Gülzar Ramazanova DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşları ilə sövdələşməyə girərək ümumi istifadədə sanitar qovşaq olmuş, bir hissəsi İddiaçı mənzilinin ərazisində qalmış sahəni mətbəx adı ilə zəbt edərək mənzili üçün yeni qanunsuz texniki pasport tərtib etdirmiş və reyestrdən çıxarış alaraq mənzilini genişləndirmişdir. Belə ki, DƏDRX əməkdaşları ara 2011-ci ildən hörülü olduğu halda, İddiaçı mənzilinin ərazisinə qalmış sahəni görmədən, ölçü aparmadan, ümumi istifadədə sanitar qovşaq olmuş, bölgü nəticəsində bir hissəsi İddiaçı mənzilinin ərazisinə verilmiş sahəni mətbəx kimi Gülzar Ramazanovanın texniki pasportuna əlavə etmiş və DƏDRX 1 saylı Bakı Ərazi İdarəsində saxta texniki pasport və çıxarış tərtib edilmişdir. Beləliklə, Gülzar Ramazanovanın mülkiyyətində olan mənzilə dair 1994-cü il tarixdə verilmiş əsl texniki pasport və çıxarışla, 2013-cü il tarixlərdə verilmiş texniki pasport və çıxarış arasında uyğunsuzluq var. Ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, həmin mənzilə aid olan sahəsi 8,12 kv.m mətbəx arakəsmə hörülməklə iki hissəyə bölünərək, sahəsi 2,53 kv.m olan (1,15 m x 2,2 m) hissəsi Gülzar Ramazanovanın, qalan hissəsi İddiaçı istifadəsindədir. İki qonşunun mənzillərinin arası 2011-ci il tarixdə hörülü olsa da, sahəsi 8,12 kv.m olan mətbəx kimi qeyd edilmiş, əslində kommunal mənzilin ümumi istifadəsində sanitar qovşaq olmuş sahənin bir hissəsi qonşunun mənzilinin ərazisində qaldığı halda, yuxarıda qeyd edilən kimi DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşları DƏDRX 1 saylı Bakı Ərazi İdarəsində qanunsuz texniki pasport və çıxarış tərtib etmişlər. Beləliklə, Gülzar Ramazanova ümumi istifadədə sanitar qovşaq olmuş, lakin bölgü nəticəsində bir hissəsi qonşu İddiaçı verilmiş sahəni və əvvəlki mülki iş üzrə cəmi 50 kv.m ərazini zəbt etmiş, DƏDRX əməkdaşları vasitəsilə ilə mənzilinə yeni qanunsuz texniki pasport çəkdirmiş və çixarış əldə etmişdir. Mübahisəli sahənin (8,12 kv.m) İddiaçı adına 2011-ci il tarixdə verilmiş Yasamal rayon 42 saylı MKİS-nin mühəndisinin (Ş.Feyzullayevanın) imzası ilə təsdiq edilmiş eskizdə öz əksini tapmışdır. Qeyd edildiyi kimi, məhkəmə qarşılıqlı iddianı həmin hissədə qismən təmin edərək, Gülzar Ramazanovanın mənzilinə aid olan sahəsi 8.12 kv.m olan mətbəxdə hörülmüş arakəsmənin İddiaçı hesabına sökülməsi və mətbəxin əvvəlki vəziyyətə gətirilərək Gülzar Ramazanovaya təhvil verilməsi barədə qətnamə qəbul etmişdir (qətnamədən şikayəti verilmişdir). Beləliklə, Gülzar Ramazanova mənzilinə aid qanunsuz yolla əldə etdiyi texniki pasport və çıxarışdan istifadə edərək İddiaçı mənzilinə aid sahəni sökdirərək zəbt etmək istəyir. Onun adına DƏDRX tərəfindən 31 yanvar 2013-cü il tarixdə **********75-05101- 093003 reyestr nömrəsi qeydiyyatdan keçirilmiş, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 73,9 kv.m, yaşayış sahəsi 65,8 kv.m olan 3 otaqlı mənzilə dair verilmiş texniki pasport və çıxarış qanunsuz olduğundan, İddiaçı mənafeyinə toxunduğundan ləğv olunmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinə, İPM-in 2.1, 2.2.1, 2.2.2, 4.1, 32, 33, 45, 46-cı maddələrinə əsaslanaraq, Gülzar Ramazanovanın adına 31 yanvar 2013-cü il tarixdə **********75-06101-093003 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş, Bakı şəhəri, İ.Səfərli küçəsi, 20 saylı evin ümumi sahəsi 73,9 kv.m, yaşayış sahəsi 65,8 kv.m olan 3 otaqdan ibarət 1 saylı mənzilinə dair verilmiş texniki pasport və reyestrdən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 27-ci maddəsinə əsaəsn aşağıdakılar inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar: iddiaçı (və ya bu Məcəllənin 132-ci maddəsinə uyğun olaraq ərizəçi), cavabdeh, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər. Məhkəmə iddia ərizəsində X2 “maraqlı şəxs” kimi göstərilməsini formal xəta kimi qiymətləndirir və onu “üçüncü şəxs” kimi qəbul edir. Üçüncü şəxs X2 nümayəndəsi məhkəməyə aşağıdakı məzmunda iddiaya qarşı yazılı etirazını təqdim etmişdir: - Hesab edilir ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən, iddia mümkün sayılmamalıdır. Belə ki, «Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə mindikdən sonra inzibati orqanların hərəkət və hərəkətsizliyi, qərarlarının mübahisələndirilməsi ilə bağlı iddialar artıq inzibati prosessual qaydada baxılmağa qəbul edildi. Həmin dövrədək, bu cür iddialara Mülki Prosessual Məcəllənin 27-ci fəsli ilə müəyyən edilmiş qaydada baxılırdı. Həmin Məcəllənin o dövrdə qüvvədə olan 298-ci maddəsində deyilirdi ki, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. İddiaçı 1996-cı ildə hazırda mülkiyyətində olan mənzili alıb və sənədlərşdimə zamanından ona məlum olub ki, hazırda mübahisələndirdiyi hissə Gülzar Ramazanovanın mülkiyyətində olub. Belə ki, həmin 8.12 kv.m sahə hələ o zaman ona verilmiş texniki pasportda mülkiyyətində olan sahə kimi göstərilib. Onu mübahisələndirmək üçün, 1 ay vaxtı olsa da, indiyədək belə iddia qaldırmayıb. İPM-in 38.1-ci maddəsinin tələbləri baxımından iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən, iddia ərizəsi mümkünsüz sayılmalıdır. Subyektiv hüquqla bağlı – İddiaçı hazırda qonşuluqdakı mənzili 1996-cı ildə alqı-satqı yolu ilə alıb. Gülzar Ramazanovanın isə, mübahisəli sahə üzərində mülkiyyət hüququ 1994-cü ildə qeydiyyata alınıb. Belə olan halda, onun bu sahə üzərində mülkiyyət hüququnu mübahisələndirmək üçün subyektiv hüququ yoxdur. Əvvəlki mülkiyyətçilər Gülzar Ramazanovanın bu hüququnu mübahisələndirməyib. Nəhayət, iddiaçı hesab edir ki, 2013cü ildə Gülzar Ramazanovaya yeni reyestrdən çıxarış verilən zaman artıq 8,12 kv.m olan vanna otağı yarıdan bölünmüşdü, DƏDRX-nin əməkdaşı bunu müəyyən etməli, ona (G.Ramazanovaya) imtina verilməli idi. Əvvəla, həmin dövrdə belə bi bölgü, vanna otağının həmin arakəsməsi mövcud olmayıb. İkincisi, həmin otaq üzərində onun (G.Ramazanovanın) mülkiyyət hüququ hələ 1994-cü ildə tanınıb. 2013-cü ildə ona ilk dəfə hüquq tanınmayıb ki, ilkin hüquq müəyyənedici sənədlər arasındakı uyğunsuzluq araşdırılsın. Təkrar qeydiyyat zamanı qeydiyyat obyektinə baxış keçirilməsi vacib deyil, çünki, bu dəfə yeni hüquq deyil, artıq qeydə alınmış hüququn rəsmiləşdirilməsinin forması dəyişir. Gülzar Ramazanova hər hansı sahəni zəbt etməmişdir. Əksinə, iddiaçının mənzilinin qarşısında yerləşən, biri 1.7 kv.m və digəri 1.9 kv.m olan iki ədəd sanitar qovşaqdan və hazırda iddiaçı tərəfindən zəbt edilərək, ön hissəsi daş divarla hörülmüş dəhlizdən ümumi istifadə edilir. İddiaçı həmin sahəni aldıqdan sonra, kiçik sahitar qovşaqların arasını açaraq, öz əmlakına daxil edib. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində qeyd etmişdir ki, Gülzar Məmmədova onun bacısı ilə xəbərsiz şəkildə 5 saylı mənzilin istifadədə olan sahələri üzrə saxta sənəd tərtib edərək, bölgü aparmış və həmin bölgü əsasında 42 saylı MKİŞ-nin mühəndisi eskiz tərtib etmişdir. Halbuki, bunu birlikdə razılıq əldə olunaraq həyata keçirmişlər və həmin eskiz iradə ifadəsi razılaşdırılmış formada əks etdirilir. Bu razılıq isə, onun müxtəlif dövlət orqanlarına illərlə yazdığı məktublardan sonra, məcburiyyət qarşısında qalmaqla əldə olunmuşdur. Binanın mübahisə edilən hazırkı vəziyyətə iddiaçı özü gətirib. Belə ki, iddiaçı əvvəlcə Gülzar Ramazanovanın mülkiyyətində olan, 8.12 kv.m olan mətbəxi onun istifadəsinə verməyi təklif edib. Həmin mətbəxə dəhlizdən girişi divar çəkməklə bağlayıb, dəhlizi biri 1.7 kv.m və digəri 1.9 kv.m olan iki ədəd sanitar qovşaqdan təcrid edib, mətbəxi və sanitar qovşaqları öz mənzilinə təlqin edən dəhliz yaradaraq, həmin sahələrə girişi mümkünsüz edib. Əvəzində isə, hazırda tələb etdiyi 7 kv.m sanitar qovşağı onların təkbaşına istifadəsinə verib. Hazırda onun dəhlizin bayır hissəsinə çəkdiyi daş divar Gülzar Ramazanovanın mülkiyyətində olan mətbəxə günəş işığının düşməsini məhdudlaşdırır. Bununla yanaşı, mətbəxin qapısını çıxararaq, onu öz şəxsi yataq otağı kimi istifadə edir. Bununla da, Gülzar Ramazanovanın mülkiyyətindən istəyinə uyğun istifadəsinə maneçilik törədir. Həmçinin ilkin iddia ərizəsində qeyd edilmişdir ki, Gülzar Ramazanova ona məxsus 9,6 kv.m olan hamamı, hamama gedən dəhlizi və digər sahələr daxil 50 kv.m olan ərazini zəbt etmiş və ona məxsus hamama geden dəhlizdə divar hömüşdür. Onun bu iddiası aralarında olan razılaşmanı tamimlə təkzib etmişdir. Razılığa uyğun olaraq, mətbəx ona (G.Ramazanovaya) aid edilmiş, hamam isə həmin binada yaşayan digər insanların ümumi istifadəsinə verilmişdir və Gülzar Ramazanova da özünə aid razılaşdığıqları hissədən mənzilinə gedən istiqamətdə divar hörmüşdür. İddiaçı isə, həmin hamama geden yolu bağlamış, beləliklə də digər mənzillərdə yaşayanların həmin hamamdan istifadəsinə əngəl olmuşdur. Odur ki hamama gedən həmin dəhliz açılmalıdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı iddiasının mümkün sayılmaması məhkəmədən xahiş olunur. İPM-in 28.5-ci maddəsinə görə məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. X15 Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək, onun inzibati məhkəmə icraatına cəlb olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə X15 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «üçüncü şəxs Gülzar Ramazanovanın adına Bakı şəhəri, İ.Səfərli küçəsi, 20 saylı evin 1 saylı mənzilinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın (çıxarışın) və texniki pasportun 8,12 kv.m mətbəx hissəsində ləğv edilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X16 iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X2 nümayəndəsi (vəkili) X17 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X15 iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İş materiallarından görünür ki, Bakı şəhəri Yasamal RİH başçısı “Azərbaycan Respublikası Milli Məclisinin 26 yanvar 1993-cü il tarixli Qanununa əsaslanaraq” 9 dekabr 1993-cü il tarixdə Əzizbəyov küçəsi, 20 saylı evin ümumi sahəsi 65,0 kv.m olan mənzilinin X4 təmənnasız olaraq verilməsi barədə 216/23 nömrəli sərəncam, 5 mart 1994-cü il tarixdə siə Əzizbəyov küçəsi, 20 saylı evin ümumi sahəsi 49,0 kv.m olan mənzilinin X6 adına özəlləşdirilməsi barədə 043/25 nömrəli sərəncam qəbul etmişdir. İş materiallarından görünür ki, X14 ilə İddiaçı arasında Bakı şəhəri, Əzizbəyov küçəsi, 20 saylı evin 5 saylı ümumi sahəsi 49 kv.m, yaşayış sahəsi 41 kv.m olan mənzilinin sonuncuya (İddiaçı) satılması barədə 22 oktyabr 1996-cı il tarixdə notarial qaydada təsdiqlənməklə müqavilə bağlanmışdır. İş materiallarında olan DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən 6 fevral 2013-cü il tarixli verilmiş RX seriyalı ******* nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, İ.Səfərli küçəsi, 20 saylı evin yaşayış sahəsi 65,8 kv.m, yardımçı sahəsi 8,1 kv.m, ümumi sahəsi 73,9 kv.m olan 3 otaqdan ibarət 1 saylı mənzilinə X2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan notarial qaydada rəsmiləşdirilmiş 166955 nömrəli 08 may 2013-cü il tarixli “Mənzilin bağışlama müqaviləsi”nin surətindən görünür ki, X5 mülkiyyətində olan ünvan 2 saylı evin 1 saylı mənzilinin 25,7 kv.m sahəsi olan 1 otağını X10 bağışlamışdır. İş materiallarında olan DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən 30 iyul 2013-cü il tarixli verilmiş RX seriyalı ******* nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, İ.Səfərli küçəsi, 20 saylı evin yaşayış sahəsi 65,8 kv.m, yardımçı sahəsi 8,1 kv.m, ümumi sahəsi 73,9 kv.m olan 3 otaqdan ibarət 1 saylı mənzilinə paylar aşağıdakı kimi müəyyənləşdirilməklə X2 və X8 ümumi paylı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır: X5 2 otaq 40,1 kv.m, X15 1 otaq 25,7 kv.m. İş materiallarında olan 31 yanvar 2013-cü il tarixdə DƏDRX Bakı Şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, İ.Səfərli küçəsi, 20 saylı evin 1 saylı mənzilinə dair X2 adına tərtib edilmiş texniki pasportun surətindən görünür ki, həmin sənəddə sözügedən mənzilin sahəsi 65,8 kv.m olan 3 yaşayış otağından və 8,1 kv.m olan mətbəxdən ibarət olması əks olunmuşdur. İş materiallarında olan 5 dekabr 2017-ci il tarixdə DƏDRX Bakı Şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, İ.Səfərli küçəsi, 20 saylı evin 5 saylı mənzilinə dair İddiaçı adına tərtib edilmiş texniki pasportun surətindən görünür ki, həmin sənəddə sözügedən mənzilin sahəsi 40 kv.m olan 2 yaşayış otağından və 9 kv.m olan mətbəxdən ibarət olması əks olunmuşdur. İş materiallarında olan 28 aprel 2021-ci il tarixli “Yerində müayinə protokolu”ndan görünür ki, ünvan 2 saylı 2 mərtəbəli binada 1 və 5 saylı mənzillər binanın 1-ci mərtəbəsində olmaqla bir-birinə nisbətən yaxın məsafədədirlər. Mübahisəli sahə X3 məxsus yaşayış otaqlarının qarşısından keçən dəhlizin sonunda sağ tərəfdə yerləşir. Həmin sahənin divarının arxa tərəfində İddiaçı məxsus otaqlara yaxın olan kiçik ölçüdə başqa köməkçi sahə də mövcuddur. «İnzibati icraat haqqında» AR Qanununun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 36-cı maddəsinə görə aşağıdakı şəxslər inzibati icraatın iştirakçıları sayılırlar: inzibati icraatı həyata keçirən və müvafiq inzibati aktı qəbul etmək səlahiyyəti olan inzibati orqan, barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraciət etmiş fiziki və ya hüquqi şəxslər, inzibati orqan tərəfindən iştirakçı kimi icraata cəlb olunmuş fiziki və ya hüquqi şəxslər. Qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Qəbul olunması nəzərdə tutulan inzibati akt üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunacağı halda, inzibati orqan onları öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatətinə əsasən iştirakçı kimi icraata cəlb edə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (8.0.3) daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı, (8.0.5) 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, (8.0.11) AR Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli 463 nömrəli Qanununun 1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarnın, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. AR Mənzil Məcəlləsinin 12.2-ci maddəsinə görə yaşayış sahəsi dedikdə – AR Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Həmin Məcəllənin 13.1-ci maddəsinə əsasən yaşayış sahələrinə aşağıdakılar aiddir: yaşayış evi, yaşayış evinin hissəsi, mənzil, mənzilin hissəsi, otaq, bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri. Həmin Məcəllənin 24.1-ci maddəsinə görə yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qərarı əsasında aparılır. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, ünvan 2 ünvanda yerləşən evin 3 otaqdan ibarət 1 saylı mənzili üçüncü şəxs X2 (sonradan mənzilin 1 otağı digər üçüncü şəxs X8 mülkiyyətinə keçmişdir), 2 otaqdan ibarət 5 saylı mənzili isə İddiaçı mülkiyyəti kimi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi (keçmiş Bakı şəhər Ərazi İdarəsi) tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin mənzillər binanın eyni mərtəbəsində yerləşir. İddiaçıya məxsus mənzil RİH-in 5 mart 1994-cü il tarixli sərəncamı əsasında dövlət mənzil fondunda aid yaşayış sahəsi kimi əvvəlki mülkiyyətçinin adına ümumi sahəsi 49,0 kv.m olmaqla özəlləşdirilmiş və sonradan alq-satqı müqaviləsi əsasında həmin ölçüdə də iddiaçının mülkiyyəti kimi reyestrdə cavabdeh tərəfindən qeydiyyata alınmışdır. Üçüncü şəxslərə məxsus mənzil isə, RİH-in 9 dekabr 1993-cü il tarixli sərəncamı əsasında dövlət mənzil fonduna aid mənzil kimi əvvəllcə üçüncü şəxs X2 adına ümumi sahəsi 65,0 kv.m olmaqla özəlləşdirilmiş və sonradan hər hansı hüquqmüəyyənedici sənəd (o cümlədən, yaşayış sahəsinin yenidən qurulması və ya yenidən planlaşdırılması barədə qərar) təqdim edilmədən yaşayış sahəsi 65,8 kv.m, yardımçı sahə 8,1 kv.m olmaqla ümumi sahəsi 73,9 kv.m olan mənzil kimi daşınmaz əmlakın dövlət reyestrində X2 mülkiyyəıti kimi cavabdeh tərəfindən qeydiyata alınmışdır. İddiaçı hazırda həmin binanın 5 saylı mənzilində 8,1 kv.m ölçüdə yardımçı sahə – mətbəxə üçüncü şəxsin mülkiyyət hüquqlarının qeydiyyatını mübahisələndirir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iddia ilə bağlı vəsatətində göstərilən “iddianın mümkün sayılmaması” mövqeyi ilə ralaşmır. Bu qənaət ondan irəli gəlir ki, hazırkı iddia daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın mübahisələndirilməsi barədə olsa da, həmin qeydiyyat inzibati akt sayılmadığından, iddia “məcburetmə haqqında” deyil, “öhdəliyin icrası haqqında” iddialara aiddir və bu qəbildən olan mübahisələrdə qanunvericilik iddia müddətinin tətbiqi nəzərdə tutmur. Mübahisənin mahiyyətinə gəldikdə isə məhkəmə qeyd edir ki, üçüncü şəxsin mülkiyyət hüquqlarının qeydiyyatı əvvəlki qeydiyyat sənəıdlərinin , o cümlədən Yasamal RİH-in 9 dekabr 1993-cü il tarixli 216/23 nömrəli sərəncamı əsasında aparılmışdır və həmin sənəddə Bakı şəhəri, İ.Səfərli küçəsi 20 saylı binanın 5 saylı mənzilinin ümumi sahəsi 65 kv.m göstərilsə də, sonradan cavabdeh inzibati orqan tərəfindən heç bir mötəbər sənəd (sübut) olmadan həmin mənzilin ölçüsü 8,1 kv.m ölçüdə yardımçı sahə – mətbəx əlavə olunmaqla artırılmaqla reyestrdə qeydiyyat aparılmış və müvafiq tezxniki pasport tərtib olunmuşdur. Mübahisəli 8,1 kv.m ölçüdə yardımçı sahənin üçüncü şəxsə məxsus mənzildən tam təcrid olunmuş şəkildə və müəyyən qədər başqa şəxsə (iddiaçıya) məxsus mənzilə yaxın olması, eləcə də texniki pasportlara əsasən hər iki mənzildə sanitar qovşaqların nəzərdə tutulmaması həmin 8,1 kv.m yardımçı sahənin ümumi istifadədəki sahə olması qənəatini yaradır. Bu hal, üçüncü şəxsin (nümayəndəsinin) iddiaya qarşı yazılı etirazında vurğulanan “iddiaçı və onun ailə üzvü (bacısı) ilə şifahi razılaşma olması” xüsusatı ilə bir daha təsdiqlənir. Bundan başqa nəzərə alınmalıdır ki, üçüncü şəxsin (üçüncü şəxslərin) ünvan 3 ünvanında yerləşən 5 saylı mənzilə hüquqlarının qeydiyyata alınması ilə bağlı inzibati orqan tərəfindən aparılan inzibati icraata maraqlarına toxunulan şəxs kimi hazırkı İddiaçı da cəlb olunmalı idi, lakin inzibati orqan bu cəlbetməni təmin etməməklə «İnzibati icraat haqqında» AR Qanununun 24, 36-cı maddələrinin tələblərini pozmuşdur. Belə olan halda məhkəmə qanunvericiliyin normalarının, o cümlədən «İnzibati icraat haqqında» AR Qanunun 13, 17-ci maddələrinə əaslanaraq, İPM-in 68.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı sayılmalıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlı nəzərə alaraq, eləcə də İPM-in 13, 52-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək daşınmaz əmlakın dövlət reyestrində ünvan 2 saylı evin üçüncü şəxslər X3 və X10 məxsus mənzilinə dair aparılmış qeydiyyat və tərtib edilmiş texniki pasport 8,1 kv.m ölçüdə yardımçı sahə hissəsində ləğv edilməli və reyestrdə müvafiq düzəliş edilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 52, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Daşınmaz əmlakın dövlət reyestrində ünvan 2 saylı evin üçüncü şəxslər X3 və X10 məxsus mənzilinə dair aparılmış qeydiyyat və tərtib edilmiş texniki pasport 8,1 kv.m ölçüdə yardımçı sahə hissəsində ləğv edilsin və reyestrdə müvafiq düzəliş edilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-1346/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1346/2021
16.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver