Məhkəmə qərarları › İş №2-1(112)-13461/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13461/2023

17.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13461/2023 17.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması haqqında qərarın ləğv edilməsi, tutulmanın əsassız hesab edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı əmək pensiyasından artıq hesablanmış pulun tutulması ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi, əmək pensiyasının tutulduğu tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. İddia tələbi “Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın İddiaçı əmək pensiyasından artıq hesablanmış pulun tutulması ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi, xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-12228/2023 saylı qərarın ləğv edilməsi, əsassız hesablanmış və tutulmuş məbləğin geri qaytarılması” kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. 1977- 1982-ci illərdə S.M.Kirov adına X5 ordenli Azərbaycan Dövlət Universitetində təhsil almışdır. Sonuncu rəsmi iş yeri olan Dövlət Təhlükəsizliyi Xidmətində 1986- 2016-cı illərdə (cəmi 30 il 6 ay) işləmişdir. 13 dekabr 2016-cı il tarixində İddiaçı hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmış və ona təminat xərcliyinə müvafiq olaraq 2308,70 manat məbləğində pensiya təyin edilmişdir. 2016-2023-cü illərdə təyin edilmiş pensiya məbləğlərində dəfələrlə artımlar və azalmalar müşahidə edilmişdir. Son vaxtlarda pensiya məbləğinin azaldılmasının səbəbi iddiaçıya bu günədək bildirilməmişdir. Məsələ ilə əlaqədar DSMF-na müraciət edilmiş və DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının verdiyi xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən, İddiaçı sonuncu xidmət keçdiyi orqan tərəfindən Mərkəzi Filiala göndərilmiş məlumat vərəqinə əsasən əmək pensiyasının yenidən hesablanmasının düzgün olmadığının müəyyən edilməsi göstərilmişdir. Odur ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinə ərizə ilə müraciət edilmiş və məlumat vərəqəsinin təqdim edilməsi, həmçinin Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanları ilə pensiya təminatının artırılmasından sonra həmin artımların İddiaçı məlumat vərəqəsində nəzərə alınıbalınmaması, əgər nəzərə alınıbsa hansı məbləğdə artımların edilməsi barədə məlumatın verilməsi, əgər nəzərə alınmayıbsa məlumat vərəqəsinin yenidən hesablanması xahiş edilmişdir. X2 Xidməti tərəfindən bu günədək ərizəyə münasibət bildirilməmiş, məlumat vərəqəsi iddiaçıya təqdim edilməmişdir. Qeyd edilmişdir ki, cavabdeh inzibati orqan tərəfindən ilk öncə “İnzibati icraat haqqında” qanunun tələblərinə riayət edilməmiş, inzibati icraat düzgün aparılmamış, inzibati orqan öz hərəkətlərini hüquqi cəhətdən əsaslandıra biləmiş və beləliklə qanunsuz və əsassız olaraq iddiaçının hüquqları kobud şəkildə pozmuşdur. Odur ki, məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd edilmişdir ki, cavabdeh inzibati orqan tərəfindən ilk öncə inzibati icraat qanunvericiliyinin tələblərinə riayət edilməmiş, inzibati icraat düzgün aparılmamış, inzibati orqan öz hərəkətlərini hüquqi cəhətdən əsaslandıra biləmiş və beləliklə qanunsuz və əsassız olaraq iddiaçının hüququnu kobud şəkildə pozmuşdur. Aşağıda qeyd olunanla əsasən, hesab edilmişdir ki, cavabdeh inzibati orqanın hərəkətləri qanunsuz hesab olunmalıdır: Azərbaycan Respublikası "İnzibati icraat haqqında" Qanunun 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqan öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparılır. Həmin Qanunun 28.1.2-ci maddəsinə əsasən, inzibati icraatın başlanılması üçün əsaslarlara inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi daxildir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən, inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskression səlahiyyətlər həyata keçirilərkən fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Lakin AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən inzibati icraatı lazımi qaydada aparmamışdır. Ümumiyyətlə, inzibati icraatla bağlı qanunvericiliyin aydın tələbidir ki, məlumatlandırma aparılmaqla, yəni, şəxs barəsində açılmış inzibati işlə bağlı şəxsə xəbər verilməklə inzibati icraat aparılmalı, indiki halda pensiya alan şəxs pensiyasının dayandırılması pensiya kartından pul götürərkən məlumatı ilk dəfə almasın deyə, pensiyanın ödənilməmə və ya az ödənilmə səbəbləri barədə qeyrimüəyyən hallar yaranmasın deyə, şəxs pensiya təyin etmiş orqana çağırılmalı, ya da iştirakı digər vasitələrlə təmin edilməli, maraqlı şəxsin izahatı dinlənilməli, ehtimal olunan azaldılmanı və ya dayandırmanı istisna edə biləcək halların mövcudluğu həmin şəxsin iştirakı ilə araşdırılmalı, daha sonra bu barədə qərar qəbul edilməlidir. Cavabdeh inzibati orqan iddiaçını inzibati icraata dəvət etmiş və ona qanunsuz və əsassız olaraq pensiya məbləğindən tutulmaların olacağı barədə məlumat vermişdir. Bununla əlaqədar cavabdeh iddiaçıya inzibati icraatı apardığına sübut kimi xx.xx.2023-cü il tarixli akt da təqdim etmişdir. akt özlüyündə tamamilə qanunsuzdur və işin hallarını əks etdirmir. Həmin Akt inzibati icraatın aparıldığını göstərən sənəd deyil, hüquqi əhəmiyyətə malik deyil, formal xarakter daşıyır. Həmçinin Aktda işin faktiki halları və pensiya məbləğinin yenidən hesablanması zərurəti əsaslandırılmamışdır. Belə olan halda pensiya məbləğinin azaldılmasının heç bir hüquqi əsası olmadığı qənaətinə gəlmiş və hesab edilmişdir ki, pensiya məbləğindən əsassız və qanunsuz olaraq tutulmaların aparılmasının qarşısı alınmalı və vətəndaşın pozulmuş hüquqları bərpa edilməlidir.

4. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, iddiaçıya Mərkəzi Filial tərəfindən xx.xx.2016-cı il tarixdə xx.xx.2016-cı il tarixli 004512 nömrəli məlumat vərəqinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi əmək pensiyası hüququ yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Sözügedən Qaydaların 4-cü bəndinə görə əmək pensiyalarının yenidən hesablanması məqsədilə təminat xərcliyində baş verən artımlar barədə məlumatlar da həmin orqanlar tərəfindən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməlidir. İddiaçının pensiya işinə dair sənədlərin araşdırılması zamanı sonuncu xidmət keçdiyi orqan tərəfindən Mərkəzi Filiala göndərilmiş ona dair xx.xx.2021-ci il tarixli 004512 nömrəli yeni məlumat vərəqinə əsasən əmək pensiyasının yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilib. Belə ki, iddiaçının vaxtilə xidmət keçdiyi orqandan daxil olmuş xx.xx.2021-ci il tarixli 21/1551 nömrəli məktubda qeyd olunub ki, “xüsusi xidmət şəraitinə görə üstəlik əlavə”nin normasında olan artımlar müvafiq qərara əsasən xx.xx.2020-ci il tarixdən tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya vaxtilə təyin edilmiş hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının məbləğinin qanuna uyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Həmin icraat çərçivəsində “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun qaydada iddiaçının mülahizələrinin dinlənilməsi üçün ona xx.xx.2023-cü il tarixli 3-17-1/2-B-151574/2023 nömrəli məktub göndərilmiş və Mərkəzi Filiala dəvət olunmuşdur. xx.xx.2023-cü il tarixdə iddiaçı Mərkəzi Filiala gəlmiş, aidiyyəti vəzifəli şəxslər tərəfindən qəbul edilərək, ona pensiyasının qanunazidd hesablanması, bununla əlaqədar artıq ödənilmiş vəsaitin büdcəyə bərpası ilə bağlı ətraflı məlumat verilmiş, eləcə də onun mülahizələri dinlənilmişdir və bu barədə 13 iyul 2023-cü il tarixli akt tərtib edilmişdir. Bildirilmişdir ki, sosial təminat hüququnun məzmununa nəzər salsaq, həmin hüququn da Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Əlavə olaraq bildiririk ki, inzibati icraatın formal (prosessual) tələblərinin pozulması əsası ilə əleyhimizə qərar qəbul edilmiş işlər üzrə məhkəmə qərarlarının icrası məqsədilə müvafiq şəxslərin pensiya ödənişi bərpa edilir və ya əvvəlki məbləğə çatdırılır. Bundan sonra tərəfimizdən həmin şəxslər barəsində inzibati icraatın bütün qaydalarına riayət edilməklə yenidən pensiya ödənişinin dayandırılması və ya qanunauyğun qaydada yenidən hesablanaraq azaldılması haqqında qərarlar qəbul edilir. Yəni əleyhimizə qəbul olunmuş qərarlar müvafiq iş üzrə inzibati orqanın yekun nəticədə qəbul edəcəyi qərarın məzmununda hər hansı dəyişikliyə səbəb olmur. Əksinə, sırf məhkəmə qərarının icrası məqsədilə dövlət büdcəsi hesabına əsassız pensiya məbləğlərinin daha bir neçə ay (inzibati icraatın formal tələblərinə riayət edilməklə aparıldığı müddət ərzində) ödənilməsinə və bununla da dövlət büdcəsinə vurulmuş ziyanın məbləğinin artmasına səbəb olur. Hesab edirik ki, sözügedən işlərdə məhkəmə müdaxilənin qanunuliyi məsələsinə onun mütənasibliyi (ədalətli tarazlığa riayət edilməsi) ilə bir yerdə qiymət verməlidir. Belə ki, vətəndaşın hər hansı pozulmuş hüququnun bərpasına xidmət etməyən qərarlar, eyni zamanda dövlət büdcəsindən səmərəsiz istifadəyə gətirib çıxarır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tebliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanlanmış 7 iyul 2023-cü il tarixli əmək pensiyasının yenidən hesablanması ilə əlaqədar mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala dəvət haqqında məktubda bildirilmişdir ki, vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı mütəmadi olaraq aparılan araşdırma nəticəsində vaxtilə əmək pensiyanın yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilib. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci и 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi əmək pensiyası hüququ yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fofiduna təqdim edilir. Sözügedən Qaydaların 4-cü bəndinə görə əmək pensiyalarının yenidən hesablanması məqsədilə təminat xərcliyində baş verən artımlar barədə məlumatlar da həmin orqanlar tərəfindən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməlidir. Pensiya işinə dair sənədlərin araşdırılması zamanı sonuncu xidmət keçdiyi orqan tərəfindən Mərkəzi Filiala göndərilmiş iddiaçıya dair məlumat vərəqinə əsasən əmək pensiyanın yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilib. Eyni zamanda bildirilmişdir ki, “İnzibati icraat haqqında’ Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması Oçön əsas hesab olunur. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya vaxtilə təyin edilmiş hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın məbləğinin qanuna uyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Buna görə də “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinizin dinlənilməsi üçün 13 iyul 2023-cü il tarixinədək Mərkəzi Filialın ünvan 1 ünvanında yerləşən Qəbul Mərkəzinə gəlməyi xahiş olunmuşdur.

6. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun əmək pensiyası təyin edən komissiyanın xx.xx.2016-ci il tarixli qərarına əsasən İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.14.1 maddələrinə müvafiq olaraq yaşa görə xx.xx.2016-ci il tarixində ömürlük (2308,70 manat) pensiya təyin edilmişdir.

7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X3 əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2021-ci il tarixli qərarı ilə 2738,73 manat olan pensiya məbləği yenidən hesablanaraq 2958,00 manat olmuşdur.

8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X3 əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli qərarı ilə 3732,11 manat olan pensiya məbləği yenidən hesablanaraq 3715,95 manat olmuşdur.

9. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0,1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair ”Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli Qərarının 2-ci hissəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi! barədə məlumatların təqdim olunması Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli Qərarının 4-cü bəndinə əsasən isə hərbi qulluqçular sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə qeyd olunan şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar, həmin şəxslərin xidmət etdiyi orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, DTX-nin müvafiq struktur bölməsindən tərxis edilən hərbi qulluqçulara təyin edilmiş əmək pensiyasının yenidən hesablanması üçün tərxis olunduqları günə təminat xərclərinə daxil olan əlavələrinin (xüsusi xidmət şəraitinə görə üstəlik əlavənin) normasındakı artımlarla bağlı məlumatları (vəzifə və rütbə maaşı ərzaq payı əvəzinə verilən pul kompensasiyası tərxis olunduqları tarixə, vəzifələr isə hazırda DTX-da mövcud olan vəzifəyə uyğun olaraq göstərilməklə) ünvana göndərilmişdir. Əlavə olaraq bildirilmişdir ki, “xüsusi xidmət şəraitinə görə üstəlik əlavə”nin normasında artımlar müvafiq qərara əsasən xx.xx.2020-ci il tarixindən tətbiq edilir.

10. İddiaçı barəsində tərtib edilmiş xx.xx.2016-cı il tarixli məlumat vərəqindən göründüyü kimi xüsusi xidmət şəraitinə görə əlavənin məbləği 20%, xx.xx.2021-ci il tarixli məlumat vərəqinə əsasən 50% nəzərdə tutulmuşdur.

11. Məhkəmənin şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi.

12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.

II. Məhkəmənin mövqeyi

13. X4 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

14. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic);

15. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı xx.xx.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

16. Məhkəmə bir daha xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsi konkret məbləğdə pensiya almaq hüququna təminat vermir (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 113);

17. İddia tələbi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-12228/2023 nömrəli “əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın ləğv edilməsi, tutulmanın əsassız hesab edilməsi və tutulmuş məbləğin geri qaytarılması ilə bağlıdır.

18. Qeyd edildiyi kimi iddiaçı barəsində tərtib edilmiş xx.xx.2016-cı il tarixli məlumat vərəqindən göründüyü kimi xüsusi xidmət şəraitinə görə əlavənin 20%, xx.xx.2021-ci il tarixli məlumat vərəqinə əsasən 50% nəzərdə tutulmuşdur. Sonra daxil olmuş məlumat vərəqinə əsasən xüsusi xidmət şəraitinə görə əlavənin 50% olduğu nəzərə alınaraq müvafiq fərq əvvəlki dövrdən 2016-cı ildən nəzərə alınmışdır.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndində: - Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir.

20. Etirazda da qeyd olunduğu kimi iddiaçının sonuncu xidmət keçdiyi orqan tərəfindən cavabdeh orqana göndərilmiş ona dair xx.xx.2021-ci il tarixli 004512 nömrəli yeni məlumat vərəqinə əsasən əmək pensiyasının yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilib. Belə ki, iddiaçının vaxtilə keçdiyi orqandan daxil olmuş xx.xx.2021-ci il tarixli 21/1551 məktubunda qeyd olunub ki, “xüsusi xidmət şəraitinə görə üstəlik əlavə”nin normasında olan artımlar müvafiq qərara əsasən xx.xx.2020-ci il tarixdən tətbiq edilməlidir. Lakin iddiaçıya həmin fərq tərxis olunduğu xx.xx.2021-ci il tarixdən hesablandığından iddiaçıya vaxtilə təyin edilmiş hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının məbləğinin qanunauyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Həmin icraat çərçivəsində “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun qaydada iddiaçının mülahizələrinin dinlənilməsi üçün ona xx.xx.2023-cü il tarixli 3-17-1/2-B-151574/2023 nömrəli məktub göndərilmiş və Mərkəzi Filiala dəvət olunmuşdur. xx.xx.2023-cü il tarixdə iddiaçı Mərkəzi Filiala gəlmiş, aidiyyəti vəzifəli şəxslər tərəfindən qəbul edilərək, ona pensiyasının hesablanması zamanı yanlışlığa yol verilməsi, bununla əlaqədar artıq ödənilmiş vəsaitin büdcəyə bərpası ilə bağlı ətraflı məlumat verilmiş, eləcə də onun mülahizələri dinlənilmişdir və bu barədə 13 iyul 2023-cü il tarixli akt tərtib edilmişdir.

21. Odur ki, cavabdeh əmək pensiyasının yenidən hesablanması haqqında inzibati icraatı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə riayət edərək həyata keçirmişdir.

22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. 39.3. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. 39.4. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır.

23. İddiaçının əmək pensiyasından tutulma ilə bağlı faktiki xarakterli hərəkətlərə münasibətdə məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

24. Məhkəmə qeyd edir ki, əmək pensiyaçısının razılığı olmadığı təqdirdə əmək pensiyasından inzibati orqanın qərarı və ya faktiki xarakterli hərəkəti əsasında tutmanın həyata keçirilməsinə dair norma qanunvericilikdə nəzərdə tutulmamışdır, əksinə müvafiq razılıq olmadıqda tutma məhkəmə qaydasında həyata keçirilməlidir.

25. İddiaçının əmək pensiyasındaın tutulma xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-12228/2023 nömrəli “əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının 13-cü bəndindəki qeydinə müvafiq olaraq əvvəlki 3 illik dövrə şamil edilməklə 494,24 manat təşkil edib və həmin məbləğ 371,56 manat və 122,68 manat olmaqla iki ay ərzində iddiaçıdan tutulub.

26. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqanın xx.xx.2023-cü il tarixli 3-17-1/3-7- 12228/2023 nömrəli “əmək pensiyasının yenidən hesablanması haqqında” qərarına əsasən iddiaçının əmək pensiyasını yenidən hesablamaqda haqlı olmuşdur. Lakin əmək pensiyasından tutulma ilə bağlı iddiaçının razılıq ərizəsi və pensiyadan tutma aparılmasına dair qərar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Odur ki, tutulmanın həyata keçirilməsi maddi hüquq normasının prosessual aspektinə uyğun olmamışdır, həmin aparılmış tutulma qanunsuz hesab edilməli və tutulmuş cəmi 494,24 manat vəsait iddiaçıya geri qaytarılmalıdır.

27. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

28. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia tələbi qismən təmin edilsin. İddiaçı əmək pensiyasından artıq hesablanmış pulun tutulması ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hərəkətləri qanunsuz hesab edilsin və İddiaçı əmək pensiyasından tutulmuş məbləğ iddiaçıya geri qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar