Məhkəmə qərarları › İş №2-1(112)-13462/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13462/2022

29.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13462/2022 29.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı Nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasına qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Müdafiə Nazirliyinin Baş Qərargahı, Müdafiə Nazirliyinin Hüquq İdarəsi üçüncü şəxs qismində göstərilməklə “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə mümkünlük məsələsinə Bakı şəhərində Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəh. N.Vəzirov küç. 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı Nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komisiyasına qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Müdafiə Nazirliyinin Baş Qərargahı, Müdafiə Nazirliyinin Hüquq İdarəsi üçüncü şəxslər qismində göstərilməklə “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilən Arxiv sənədlərinə və hərbi biletində aparılan qeydlərlə 31 mart 1993-cü il tarixindən 31 yanvar 1997-ci il tarixinə qədər olan 3 il 10 ay hərbi xidmətdə olduğu dövrdə xx.xx.1993-cü il tarixindən 05.12.93-cü il tarixinə qədər, yəni 10 may 1994-cü il tarixində elan olunan atəşkəsə qədər 4 ay 7 gün müddətində Tərtər bölgəsinin ən təhlükəli mövqelərindən biri olan Çaylı kəndi istiqamətində N saylı hərbi hissənin tərkibində torpaqların müdafiəsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi təsdiq olnduğu üçün ona “Müharibə Veteranı” vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, hərbi biletinin surətindən və Müdafiə Nazirliyinin arxiv sənədlərindən də göründüyü kimi, İ Qarabağ Müharibəsi zamanı torpaqların müdafiəsi uğrunda aparılan döyüşlərin qızğın vaxtlarında, yəni 31 mart 1993cü il tarixində 18 yaşı tamam olan kimi Bakı şəhəri Səbail rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Məhz həmin məqsədlə çağırış məntəqəsində də bildirmişdir ki, o, cəbhə bölgəsində döyüş əməliyyatları aparan hərbi hissədə xidmət etmək istəyir. Ona görə də öz arsuzu ilə onu Yaşma qəsəbəsində olan Xüsusi Təynatlı N saylı kəşfiyyat hərbi hisəsinə göndərmişdirlər. Yaşma qəsəbəsində ilk döyüş hazırlıqlarını keçib 14 may 1993-cü il tarixində hərbi andı qəbul etmişdir. X2 Arxivi tərəfindən barəsində verilən və ərizəyə əlavə etdiyi N savlı hərbi hissənin N iyul 1993-cü il tarixli 32 №li əmrinə əsasən döyüş tapşırığı ilə bağlı praktiki təlimləri yerinə yetirmək üçün Şəmkir rayonunda olan Seyfəlli dövüş təlimi poliqonuna göndərilmişdir. Bir aya yaxın həmin poliqonda təlim keşdikdən sonra X2 Arxivi tərəfindən barəsində verilən və ərizəyə əlavə etdiyi N saylı hərbi hissə tərəfindən N iyul 1993-cü il tarixli 35 №li başqa bir əmrinə əsasən gələcək xidmətini davam etdirmək üçün N saylı hərbi hissədən N saylı hərbi hissəyə keçirilmişdir. X2 Arxivi tərəfindən verilən və ərizəyə əlavə etdiyi N saylı hərbi hissənin N iyul 1993-cü il tarixli 32 №li əmrinə əsasən döyüş tapşırığı ilə bağlı praktiki təlimləri yerinə yetirmək üçün Azərbaycan Respublikasının rayonlarda yerləşən ən böyük poliqonlarından biri olan Şəmkir rayonundakı Seyfəlli döyüş təlimi poliqonuna göndərilmişdir. Bir aya yaxın həmin poliqonda təlim keçdikdən sonra Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən barəsində verilən və ərizəyə əlavə etdiyi N saylı hərbi hissənin N iyul 1993-cü il tarixli 35 №li əmrinə əsasən gələcək xidmətini davam etdirmək üçün N saylı hərbi hissədən N saylı hərbi hissəyə keçirilmişdir. Hərbi biletinin 4-cü səhifəsində aparılan qeydlərə əsasən xx.xx.1993cü il tarixində Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandiri tərəfindən verilən 133 saylı əmri ilə şəxsi heyətinin siyahısına daxil edilmişdir və xx.xx.1994-cü il tarixində N saylı hərbi hissə komandiri tərəfindən verilən N saylı əmrlə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarlılmışdır. xx.xx.1994-cü il tarixindən xx.xx.1995-ci il tarixinə qədər hərbi biletində xidməti barəsində məlumat olmasa da, X2 Arxivi tərəfindən barəsində verilən və ərizəyə əlavə etdiyi N saylı hərbi hissənin N may 1995-ci il tarixli 1 №li əmrinə əsasən gələcək xidmətini davam etdirmək üçün 470, 475, N və N saylı hərbi hissələrdən xeyli sayda hərbi qulluqçuların yeni yaradılmış N saylı hərbi hissəyə göndərilinəsi barəsində əmrdə onun adı 58-ci şəxs kimi qeyd olunaraq göstərilmişdir ki, İddiaçı N saylı hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilib 3-cü kəşfiyyat tağımında sürücü vəzifəsinə təyin olunmuşdur. Hərbi biletinin 3-cü səhifəsində göstərilmişdir ki, 31 yanvar 1997-ci il tarixində Müdafiə Nazirinin xx.xx.1997-ci il tarixli 3 №li əmrinə əsasən ehtiyata buraxılaraq, hərbi qeydiyyata durmaq üçün Bakı şəhəri Səbail Rayon Hərbi Komissarlığına göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra ərizənin və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, iddianın mümkünlük məsələsi ilə bağlı məhkəmə iclası xx.xx.2022-ci il tarixə təyin edilmişdir. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə araşdırması zamanı iddiaçıya İPM-nin 13-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixli məktub ünvanlanaraq iddia ərizəsi ilə məhkəməyə müraciət olunan zaman yol verilmiş formal xətaların aradan qaldırılması təklif olunmuşdur. İddiaçı tərəfindən təklif olunmuş formal xətalar aradan qaldırılmamışdır. Cavabdehin iddiaya dair mülahizəsi (etiraz) məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada hər iki tərəf xəbərdar olunmuş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Əvvəla qeyd olunmalıdır ki, iddiaçının iddia tələbi ona müharibə veteranı adı və statusunun verilməsi ilə bağlı olmuşdur ki, bu da inzibati prosessual qanunvericiliyin tələbləri baxımından "məcburetmə haqqında” iddia növünə aiddir. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəlləsinin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən inzibati orqan müraciətə baxılması ilə əlaqədar səlahiyyətli olub-olmamasını müstəqil şəkildə müəyyən etməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 №li Fərmanında göstərilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin (bənd 1.3). Müəyyən edilsin ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində, 7-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir (bənd 2.1.). Həmin Qanunun 7-ci maddəsinin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini aşağıdakı orqanlar öz səlahiyyətləri daxilində həyata keçirirlər-müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar-Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (bənd 2.2). “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, hazırki tələblə onun iddiasına cavab verməli olan inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi olmalı olduğu halda iddiaçı cavabdeh qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı Nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komisiyasını qoymuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq olunmuş “X1” Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı Nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komisiyası inzibati orqan sırasında göstərilməmişdir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdehlə əvəz edə bilər. Qanunvericiliyin tələbindən də göründüyü kimi, iddia iddiaya cavab verməli olmayan şəxsə qarşı verildikdə məhkəmə yalnız iddiaçının razılığı ilə cavabdehi əsl cavabdehlə əvəz edə bilər. İddiaçıya İPM-nin 13-cü maddəsinə əsasən hüquqi yardım göstərilsə də, iddiaçı belə bir razılığını (yazılı və ya şifahi qaydada) bildirməmişdir. Qeyd olunanların nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə və İPM-nin 35, 80, 85-ci maddəsinə əsasən məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı Nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasına qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Müdafiə Nazirliyinin Baş Qərargahı, Müdafiə Nazirliyinin Hüquq İdarəsi üçüncü şəxs qismində göstərilməklə “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar