Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13463/2023 01.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinə (üçüncü şəxslər X10, X12 və X11) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları:
1. Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 244820 nömrəli xx.xx.2005-ci il tarixli Qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov küçəsi, ev 48/54 ünvanında yerləşən 127 saylı mənzil xx.xx.2005-ci il tarixdən İddiaçı (bundan sonra – İddiaçı) mülkiyyətinədir.
2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli Arayışına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov küçəsi, ev 48/54 ünvanında yerləşən 127 saylı mənzildə xx.xx.2013cü il təvəllüdlü X10, xx.xx.2011-ci il təvəllüdlü X12 və xx.xx.1985-ci il təvəllüdlü X11 qeydiyyatdadırlar.
3. İddiaçı ərizə ilə Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək mülkiyyətindəki evdən orada qeydiyyatda olan X10, X12 və X3 qeydiyyatdan çıxarılmalarını xahiş etmişdir.
4. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün yeni yaşayış yerinə qeydiyyata düşməsi barədə məlumat, istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qüvvəyə minmiş qərarı və s. sənədlər tələb olunur. Əks təqdirdə şəxsin qeydiyyatdan çıxarılması mümkün deyildir. Məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etmək məqsədəmüvafiqdir.
5. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il təvəllüdlü X7, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.1985-ci il təvəllüdlü X3 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X10, X12 və X11 (bundan sonra - üçüncü şəxslər) üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Tərəflərin əsaslandırması:
7. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və eyni zamanda həmin mənzilin mülkiyyətçisidir. Nümayəndəsi olduğu şəxsin mülkiyyətində olan mənzildə faktiki olaraq yaşamayan və istifadə hüququna malik olmayan şəxslər qeydiyyatdadırlar. Belə ki, xx.xx.2011-ci il təvəllüdlü X12, xx.xx.2013-cü il təvəllüdlü X10, xx.xx.1985-ci il təvəllüdlü X11 ünvan 2 ünvanında qeydiyyatda olsalar da, həmin ünvanda yaşamırlar. Həmin şəxslər X1 övladları və keçmiş həyat yoldaşıdır. X4 qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında boşanmışdır. İddiaçı ilkin olaraq mülkiyyətindəki mənzildə yaşamayan üçüncü şəxslərin istifadə hüququna xitam verilməsinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(005)- 2128/2023 nömrəli qətnaməsi ilə mülki iş üzrə cavabdehlərin həmin mənzilə istifadə hüquqlarının yaranmaması əsası ilə iddia rədd edilmişdir. Buna görə də inzibati qaydada məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır.
8. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı münasibətində imtina məktubunda göstərilən əsaslara istinad etmişdir.
9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3cü maddəsi). Məhkəmənin mövqeyi:
11. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
12. Belə ki, iddia mümkün iddiadır. Hazırkı mübahisə İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində gösərilən inzibati mübahisəyə aiddir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
13. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
14. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
15. Hazırkı iddia üçüncü şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması olmaqla, öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir.
16. İddia həm də əsaslıdır. Belə ki, işdə olan ÖM seriyalı, 244820 nömrəli, Qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov küçəsi, ev 48/54 ünvanında yerləşən 127 saylı mənzilə İddiaçı mülkiyyət hüququ xx.xx.2005-ci il tarixdə qeydə alınmışdır.
17. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(005)- 3612/2018 saylı qətnaməsindən görünür ki, Tarıverdiyeva (Abdullayeva) Aynurə Adil qızı ilə X4 arasında bağlanmış və Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsində xx.xx.2009-cu il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 892 nömrə ilə qeyd edilmiş nikahın pozulması və tərəflərin birgə nikahından olan xx.xx.2011-ci il təvəllüdlü X12 və xx.xx.2013-cü il təvəllüdlü X2 anaları X3 yanında saxlanılması qət edilmişdir.
18. AZ-İ seriyalı, 443063 nömrəli, xx.xx.2023-cü il tarixli Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X3 nikahı məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2018-ci il tarixdə xitam verilmişdir.
19. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 2 İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Həmçinin sorğuda adları qeyd olunan üçüncü şəxslərin sözügedən ünvanda istifadə hüququnun dövlət reyestrində qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir.
20. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 18/2-31463/23 nömrəli məktubundan görünür ki, ünvan 2 ünvanında xx.xx.1985-ci il təvəllüdlü X13 xx.xx.2011-ci ildən, xx.xx.1981-ci il təvəllüdlü X5 xx.xx.2004-cü ildən yaşayış yeri üzrə qeydiyyatdadırlar.
21. 25 saylı Mənzil Kommunal istismar sahəsinin 23 oktyabr 2023-cü il tarixli 238 nömrəli arayışından görünür ki, ünvan 2 ünvanında İddiaçı, X8, X5, X9 qeydiyyatdadırlar və yaşayırlar.
22. İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-2128/2023 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X11, X12 və X6 qarşı “istifadə hüququna xitam verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X11, X12 və X2 onun mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov küçəsi, ev 48/54, 127 saylı mənzilindən pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin üzərinə vəzifə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, X11, X12 və X2 onun mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov küçəsi, ev 48/54, 127 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmənin həmin qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə qərarında göstərilmişdir ki, “...cavabdehlərin pasport qeydiyyatına alınması öz-özlüyündə, cavabdehlərin həmin mənzildən istifadə hüququnu yaratması kimi qiymətləndirilə bilməz. ...X11, X12 və X2 mübahisəli mənzildə qeydiyyatda qalmaları iddiaçının həmin mənzilə dair mülkiyyət hüquqlarının həyata keçirilməsinə və həmin əmlakdan istədikləri kimi istifadə etməsinə imkan vermir və maneə yaradır. Beləliklə məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları yaranmadığından və mövcud olmayan hüququn xitam verilməsi qeyri-mümkün olduğundan, iddia tələbi rədd edilməlidir”.
23. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, Nərimanov Rayon Məhkəməsinin icraatında baxılmış İddiaçı Şahhüseyn oğlunun cavabdehlər X11, X12 və X6 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 2128/2023 №-li qətnaməsi ilə iddia təmin edilməmişdir. xx.xx.2023-cü il tarixdə qətnamə qanuni qüvvəyə minmişdir.
24. Beləliklə, istinad olunan sənədlərə əsasən müəyyən olunur ki, üçüncü şəxslər iddiaçının keçmiş gəlini və yetkinlik yaşına çatmayan nəvələri olmuş, iddiaçının razılığı ilə mübahisəli ünvana qeydiyyata alınmışlar. İddiaçı hazırda üçüncü şəxslərin mübahisəli mənzilə hüquqlarının olmaması və orada yaşamadıqları əsası ilə onların həmin mənzildən qeydiyyatdan çıxarılmasını xahiş edir.
25. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, qanunverici şəxsin qeydiyyatdan çıxarılması üçün əsasların siyahısını konkret olaraq müəyyən etmişdir.
26. Bu əsaslardan biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur.
27. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Lakin əgər şəxsin həmin yaşayış sahəsinə istifadə hüququ yoxdursa, aydındır ki, istifadə hüququna xitam verilmə barədə qətnamə, şəxs həmin yaşayış sahəsində yaşamırsa, onun yaşayış sahəsindən çıxarılmasına dair qətnamə mövcud olmayacaqdır.
28. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumununun 24 sentyabr 2020-ci il tarixli qərarı ilə qərara alınmışdır ki:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir... Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində yaşayış sahəsinə hər hansı əmlak hüquqları əldə etməyən şəxslərin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanının birmənalı şəkildə nəzərdə tutulmaması həmin qanunvericilik normasının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyini göstərməklə yanaşı, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsi ilə də uzlaşmır. Konstitusiyanın qeyd olunan maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.”
29. Beləliklə, Konstitusiya Məhkəməsinin bu qərarına istinad edərək məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir; 2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır.
30. Üçüncü şəxs Aynurə Tarıverdiyevanın istifadə hüququ ilə bağlı məhkəmə qeyd edir ki, hazırkı məhkəmə qərarının 22-ci bəndində göstərilən qanuni qüvvəyə minmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-2128/2023 nömrəli qətnaməsi ilə onun Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov küçəsi, ev 48/54, 127 saylı mənzilə istifadə hüququnun olmamadığı müəyyən edilmişdir.
31. Eyni zamanda A.Tarıverdiyevanın hazırda 127 saylı mənzildə yaşaması iş materialları ilə müəyyən edilmir. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi Aynurə Tarıverdiyevanın həmin mənzildən qeydiyyatdan çıxarılması hissəsində əsaslıdır və təmin olunmalıdır.
32. Aynurə Tarıverdiyevanın azyaşlı uşaqları olan digər üçüncü şəxslər Yusif Tarıverdiyev və Mədinə Tarıverdiyevaya gəldikdə, məhkəmə qeyd edir ki, işdən görünür ki, onlar yetkinlik yaşına çatmayan şəxslərdir və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(005)-3612/2018 saylı qətnaməsinə əsasən anaları X3 himayəsinə verilmişlər.
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 35.6-cı maddəsinə əsasən yetkinlik yaşına çatmayan fiziki şəxslərin qəyyumları və himayəçiləri öz qəyyumluğunda və ya himayəsində olanlarla birlikdə yaşamalıdırlar.
34. Aynurə Tarıverdiyeva mübahisəli mənzildən qeydiyyatdan çıxarıldığından, onun mübahisəli evdə yaşamayan yetkinlik yaşına çatmayan uşaqlarının da həmin evdə qeydiyyatda qalması üçün əsas yoxdur.
35. Məhkəmə onu da qeyd edir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər.
36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır.
37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı:
İddia təmin olunsun. Üçüncü şəxslər xx.xx.2013-cü il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.1985-ci il təvəllüdlü X3 Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov küçəsi, ev 48/54 ünvanında yerləşən 127 saylı mənzil üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova