Məhkəmə qərarları › İş №2-1(112)-13467/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13467/2024

14.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13467/2024 14.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "çıxarışın və texniki pasportun verilməsi" haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində ümumi sahəsi 170 kv.m olan, 3 otaqlı, 52 saylı mənzilə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bununla əlaqədar daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi barədə öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" Mənzil-Tikiti Kooperativi tərəfindən ünvan 1 ünvanında yüksək mərtəbəli, çoxmənzilli yaşayış binası inşa olunmuşdur. H.Ələsgərov küçəsi 35 ünvanında yerləşən binanın 11-ci mərtəbəsində ümumi sahəsi 170 kvadrat metr olan, 3 otaqlı, 52 nömrəli mənzilin iddiaçıya satılması barədə "xxxx" MTK ilə 30 sentyabr 2014-cü il tarixli "xxxx" bağlanmış və mənzilin dəyəri tərəfimdən MTK-ya tam ödənilməklə, həmin mənzili satın almışdır. İddiaçı bununla bağlı olaraq "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının xx.xx.2014-cü il tarixli, 62 nömrəli protokolu ilə "xxxx" MTK-nın üzvlüyünə qəbul olunmuşdur. "xxxx" MTK-nın üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılığı ilə bölüşdürülməsi barədə xx.xx.2014-cü il tarixli, 62 nömrəli protokola əsasən kooperativə üzv qəbul olunmaqla, MTK-nin ünvan 1 ünvanında yerləşən, tikintisi başa çatmış çoxmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində, ümumi sahəsi 170 kv.m olan 3 otaqlı, 52 nömrəli mənzilin iddiaçıya düşməsinin təsdiq edilməsi qərara alınmışdır. Mənzilin dəyərinin tam, yəni qalıq olmadan ödənilməsi barədə "xxxx" MTK tərəfindən 30 sentyabr 2014-cü il tarixli, 47 nömrəli maliyyə arayışı verilmişdir. İddiaçı artıq 10 ilə yaxındır ki, yuxarıda qeyd edilən ünvanda olan mənzilini təmir edərək, ailəsi ilə birlikdə orada yaşayır, bina tam istifadədədir, demək olar sakinlərin hamısı yaşayır. Həmçinin həmin çoxmənzilli yaşayış binası su, kanalizasiya sistemi, işıq, qaz və liftlə təchiz edilmişdir, yəni həmin bina faktiki olaraq tam istifadəyə verilmişdir. İddiaçı vaxtı-vaxtında da bütün kommunal xidmətlərin haqqını ödəyir. Lakin çıxarış olmadığı üçün iddiaçı həmin mənzillə bağlı bir sıra konistitusiyon hüquqlarını həyata keçirə bilmir, hətta uzun illərdir orada yaşamağına baxmayaraq mənzilə qeydiyyata belə düşə bilmir. Odur ki, iddiaçı "xxxx" MTK-dan satın aldığı, ünvan 1 ünvanında yerləşən yaşayış binasının 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 170 kv.m olan, 3 otaqlı, 52 nömrəli mənzilə dair xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi üçün xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. İddiaçının müraciəti əsasında cavabdeh təşkilatın nümayəndələri (mühəndisələr) mənzilə gələrək ölçmə işləri aparmışdırlar. Lakin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-Z-0132-8/2024 nömrəli məktubuna əsasən ərizənin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh imtina məktubunu onunla əsaslandırmışdır ki, "xxxx" MTK-ya məxsus çoxmərtəbəli yaşayış binasının istismarına icazə sənədi 1 saylı Bakı ərazi idarəsinə daxil olmamışdır. Göründüyü kimi cavabdeh təşkilatın imtina əsası tamamilə qanunsuz və əsassızdır. Nəzərə alınmalıdır ki, sözügedən çoxmənzilli yaşayış binası dövlətin pilot layihəsi əsasında "xxxx" MTK tərəfindən inşa edilmişdir. Həmin binada olan bir çox mənzil sahibləri öz mənzillərinə məhkəmə qərarı əsasında dövlət reyestrindən çıxarış və texniki pasport almışlar. Bakı İnzibati məhkəməsinin icraatında olmuş oxşar (e- 2-1(112)-6115/2023 nömrəri, xx.xx.2023-cü il tarixli iş, 2 ədəd mənzilə dair, iddiaçı Z.B.Aslanov) iş üzrə qəbul etdiyi qərarından görünür ki, məhkəmənin həmin iş üzrə Nəsimi rayonu, H.Ələsgərov küçəsi 35 ünvanında yerləşən yaşayış binasının istismara qəbul aktı ilə ələqədar sorğusuna Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən cavab olaraq məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli, 3035/21237/2023 saylı məktunda bildirilmişdir ki, sözügedən ünvanda yerləşən “Star-M» MTK-ya məxsus yaşayış binasının Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 529 nömrəli Fərmanına uyğun olaraq Komitə tərəfindən xx.xx.2020-ci il tarixli, 358 №li istismarına icazə sənədi təsdiq edilmişdir (həmin icazə sənədi məktuba əlavə edilmişdir. (İş vərəqi 35- 37). İcazə sənədinin 8-ci bəndində qeyd edilmişdir ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılmış müayinənin nəticələrinə əsasən, yükdaşıyan konstruksiyaların dayanıqlılıq, möhkəmlik baxımından istismara yaralılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı barədə verilmiş müsbət rəy nəzərə alınaraq, xx.xx.2020-ci il tarixindən yaşayış binasının istismarına icazə verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 2-1(103)-217/2024, xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdeh inzibati orqanın apellyasiya şikayətini əsassız hesab edərək- Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6115/2023 saylı, xx.xx.2023 cü il tarixli qərarını qanuni və əsaslı hesab edərək dəyişdirilmədən qüvvədə saxlamışdır. Nəsimi rayonu, H.Ələsgərov küçəsi 35 ünvanında yerləşən yaşayış binası ilə bağlı 2014-cü ildən bu günə kimi (2-1(81)-5368-2014) oxşar xarakterli daha bir neçə məhkəmə qərarı mövcuddur ki, məhkəmə həmin qərarlarında cavabdehin imtinasını əsassız və qanunsuz hesab edərək, verilmiş iddianı təmin etmişdir.

3. İddiaçı məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin baxılmadan geri götürülmüş sayılmasını xahiş etmişdir.

II. İddianın geri götürülmüş sayılması

4. Məhkəmə qeyd edir ki, inzibati icraat qaydasında iddiaçının müraciəti əsasında iddia ərizəsinin iddia ərizəsinin baxılmamış saxlanılması və ya geri qaytarılmasına dair birbaşa norma olmasa da, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsi halını müəyyən edir.

5. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

6. Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı).

7. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.

8. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir, iddia ərizəsinin baxılmamış saxlanılması və ya geri qaytarılmasına dair müraciət isə iddiaçının məhkəmə icraatından yayınmasının aktiv forması olmaqla iddiaçının iddiaya həmin ana prosessual marağının olmamasını ifadə edir. Odur ki, oxşar münasibət olduğundan həmin norma analogiya qaydasında tətbiq edilə bilər.

9. Bu səbəbdən məhkəmə hesab edir ki, oxşar münasibət İPM-lə tənzimlədiyindən Mülki Prosessual Məcəllənin iddianın baxılmamış saxlanmasına dair institutu tətbiq edilməməlidir. Belə ki, prorsessual qanunvericiliyin analogiyası ya normanın özündə göstərilmiş olduqda, ya da prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda tətbiq edilə bilər. Mülki Prosessual Məcəllənin 259-cu maddəsində nəzərdə tutulmuş iddianın baxılmamış saxlanmasına dair əsaslar inzibati icraatda bir qayda olaraq iddianın qeyri-mümkünlüyü üçün əsaslardır. İddia ərizəsinin qaytarılması MPM-in 152-ci maddəsi ilə tənzimlənir. İnzibati prosesdə isə həmin formal xətalar olduğu təqdirdə məhkəmə İPM-in 13-cü maddəsinə əsasən, hüquqi yardım göstərərək onların aradan qaldırılmasına kömək etməlidir. Belə ki, İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bu o deməkdir ki, iddia ərizəsinin qaytarılması və bu əsasla iddianın baxılmamış saxlanması inzibati icraat üzrə prosesə ziddir.

M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından

10. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).

11. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).

12. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.

13. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...

14. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir... ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.

15. Konstitusiya məhkəməsinin plenumunun qeyd edilən qərarına əsasən ifadə edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini müəyyən etdiyindən iddiaçının iddia ərizəsinin geri qaytarılmasına (bu əsasla baxılmamış saxlanmasına) və ya iddianın baxılmamış saxlanmasına dair müraciəti olduqda İPM-in 55.5-ci maddəsinə istinad etmədən məhkəmə tərəfindən məhz qeyd edilən məhkəmə aktı qəbul edilməlidir.

16. Məhkəmə hesab edir ki, iddiaçının iddiaya münasibətdə artıq prosessual marağı olmadığından prosessual qənaət prinsipindən çıxış edərək iddianın əsaslılığını yoxlamaq zərurəti mövcud deyildir.

17. İddianın geri götürülmüş sayılması barədə qərardadın qəbul edilməsi ilə məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmış olur. Həmin hüquq mütləq hüquq olmadığından (yəni məhdudlaşdırıla bilər) qərardadın (məhdudlaşdırmanın) legitim məqsəd daşıması və ağlabatan mütənasiblik əlaqəsinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin mütənasiblik əlaqəsi qəbul edilən məhkəmə aktından şikayət verilməsi və yenidən iddia qaldırmaq imkanının mümkünlüyündə ifadə olunur. Hazırki iş üzrə icraata xitam verilmədiyindən (iddiaçı məhkəmədən yayınmadığı üçün iddiadan imtina etmiş sayılmır) iddiaçının yenidən iddia qaldırma imkanı istisna edilmir.

18. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia geri çağırılmış hesab edilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar