Məhkəmə qərarları › İş №2-1(112)-1347/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1347/2022

25.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1347/2022 25.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun xx.xx.1978-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi «Azərtikinti» Baş İdarəsinin Zəngilan rayon Təsərrüfat hesablı tikinti quraşdırma idarəsində qaynaqçı vəzifəsində işləməyinin əmək stajına daxil edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1957-ci il tarixdə Zəngilan şəhərində anadan olmuşdur. xx.xx.1978-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi «Azərtikinti» Baş İdarəsinin Zəngilan rayon Təsərrüfat hesablı tikinti quraşdırma idarəsində qaynaqçı vəzifəsində işləmişdir. İddiaçının orada işləməyi barədə arxiv sənədi tapılmadığından o, həmin illərin təsdiq olunması üçün Zəngilan Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(034)-208/2021 saylı qətnaməsi ilə bu fakt təsdiq olunmuşdur. Lakin iddiaçı həmin qətnaməni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edərək əmək pensiyasına çıxmaq istədikdə ona həmin Filialdan imtina məktubu vermişlər. İddiaçının xx.xx.1978-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi «Azərtikinti» Baş İdarəsinin Zəngilan rayon Təsərrüfat hesablı tikinti quraşdırma idarəsində qaynaqçı vəzifəsində işlədiyi illər Zəngilan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(034)-208/2021 saylı qətnaməsi ilə öz təsdiqini tapsa da bunu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı nəzərə almamış və ona imtina edilmişdir. İddiaçının həmin illərdə işləməyini təsdiq edən məhkəmə qətnaməsi vardır ki, bu da əmək kitabçasını əvəz edir və bu sənədlə də işlədiyi illər tam sübut olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində (35) rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz qaynaqçıları; qaz qaynaqçıları; kəsməkdə və əl ilə qaynaq işlərində, yarımavtomat maşınlarda, həmçinin tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr olan flüs tətbiq etməklə avtomat maşınlarda məşğul olan elektrik qaz qaynaqçıları; təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr tərkibli flyüsləri tətbiq etməklə və karbon qazı olan mühitlərdə qaynaqla işlərdə, həmçinin yarımavtomat maşınlarda məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları; əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim edilən 3 yanvar 2001-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1993-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası Milli X3 Zavodu XKTMB-su “Kristal” İstehsalat sahəsində qaynaqçı, xx.xx.2002-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində “X11” MMC-də qaynaqçı və xx.xx.2010-cu il tarixindən bu günədək "xxxx" MMC-də qaynaqçı peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi onun işlədiyi peşə yuxarıda qeyd olunan Siyahı üzrə göstərilən peşələrə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli İcmal məktubunda qeyd olunur ki, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Eləcə də həmin icmal məktubda qeyd olunur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımır. İPM-in 58.6-cı maddəsinə uyğun olaraq sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. Odur ki, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirilməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiya hüququ verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir. İddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşdirmə barədə ərizə təqdim edərək ona xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki 3 il üçün ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1957-ci il təvəllüdlü Hüsiyev X2 şəhəri, İstiqlaliyyət küçəsi, ev 22 ünvaında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AA seriyalı 426555 nömrəli, xx.xx.2019-cu il tarixli məcburi köçkün vəsiqəsinin surətinə əsasən İddiaçı 1993-cü il tarixdən Zəngilan rayonundan məcburi köçkündür, hazırda müvəqqəti məskunlaşdığı ünvan Xətai rayonudur. İş materiallarına əlavə edilmiş H3 ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1975-ci il tarixdə hərbi xidmətə qəbul edilmiş, xx.xx.1977-cü il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus ИT-İ ******* nömrəli, xx.xx.2001-ci il tarixli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1993-cü ildə Azərbaycan Respublikası Milli X7 Zavodu XKTMB-su “Kristal”da İstehsalat sahəsinə 5-ci dərəcə qaynaqçı vəzifəsinə qəbul edilmiş, xx.xx.2002-ci ildə işdən azad edilmişdir. xx.xx.2002-ci ildə “X10” MMC İstehsalat sahəsinə 5-ci dərəcədən qaynaqçı vəzifəsinə qəbul edilmiş, xx.xx.2003-cü ildə işdən azad edilmişdir. xx.xx.2010-cu ildə "xxxx" MMC-də Qaynaq sahəsinə 5-ci dərəcəli elektrik qaynaqçısı qəbul edilmiş, xx.xx.2017-ci ildə Qaynaq sexinə elektrik qaynaqçısı peşəsinə təyin olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Milli Elmlər X4 xx.xx.2021-ci il tarixli, xx-xx/2021 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan SSR Elmlər Akademiyası X1 Təcrübə-Sənaye Zavodu Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1974cü il tarixli 203 №-li Sərəncamı ilə yaradılmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən D-2178 nömrəsi ilə 10 iyul 1997-ci il tarixdə Azərbaycan Elmlər Akademiyası X1 Təcrübə-Sənaye Zavodu kimi qeydiyyata alınmışdır. Zavodun yenidən təşkili nəticəsində Zavodun hüquqi varisi olan “Azərbaycan Milli X7-Sənaye Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsi tərəfindən ********** nömrəsi ilə 05 yanvar 2018-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Milli X7-Sənaye Zavodunun hüquqi ünvanı: Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 622-ci küçə, 9. Məhkəmənin sorğusuna cavab olaraq “Azərbaycan Milli X7-Sənaye Zavodu” MMCnin xx.xx.2021-ci il tarixli, 94-1/303 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı “Azərbaycan Milli X7-Sənaye Zavodu” MMC-də (əvvəlki Təcrübə-Sənaye Zavodunda) əmək fəaliyyəti göstərməmişdir. Qeyd olunan səbəbdən xx.xx.1957-ci il təvəllüdlü İddiaçı əmək fəaliyyəti barədə məlumatın və işlədiyi peşənin zərərli işə aid olması barədə güzəştli arayışın Bakı İnzibati Məhkəməsinə təqdim olunması “Azərbaycan Milli X7-Sənaye Zavodu” MMC-nin imkanı xaricindədir. Məlumat üçün bildirilir ki, iddiaçının “Əmək kitabçası”nda adı qeyd olunan şirkət uzun illərdir ki, "xxxx" MMC-nin ərazisində fəaliyyət göstərmir və həmin şirkətin mövcudluğu barədə zavodda heç bir sənəd və məlumat yoxdur. Məhkəmənin sorğusuna cavab olaraq “Azərbaycan Milli X7-Sənaye Zavodu” MMCnin xx.xx.2022-ci il tarixli, 94-1/36 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı vaxtilə işlədiyi AMEA XKTMB-su “Kristal” İstehsalat Sahəsinin "xxxx"na hər hansı bir formada aidiyyəti olmamışdır və bu səbəbdən həmin təşkilat barədə olan məlumat və digər zəruri sənədlərin tərəflərindən təqdim edilməsi mümkün deyildir. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 4/2809 nömrəli məktubunda bildirilmişdir ki, "xxxx" MMC-nin və onun hüquqi varisi olan "xxxx" MMC-nin əsas fəaliyyət sahəsi elektrik transformatorları istehsalıdır. İddiaçı ona məxsus əmək kitabçasına əsasən 02 avqust 2010-cu il tarixdə Qaynaq sahəsinə 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul olunub. 02 oktyabr 2017-ci il tarixinədək bu peşədə çalışıb. 02 oktyabr 2017-ci il tarixdə Qaynaq sexinə qaynaqçı (elektrik) peşəsinə təyin olunub və hal-hazırda bu peşədə çalışır. Əmək kitabçasında bu peşələrin ümumi adı qeyd olunub. Həqiqətdə İddiaçı yuxarıda qeyd olunan müddətlərdə və hal-hazırda əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsində çalışır. Yəni qeyd olunan müddətlərdə həmin şəxs maşınla deyil, yalnız əl ilə elektrik qaynağı işləri aparmışdır. İddiaçı "xxxx" MMC-dəki fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iştehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələrin 35-ci bölməsindəki “Əl ilə qaynaq işləri aparan elektrik qaynaqçıları” peşəsi sahəsinə aiddir. Kod tələbi ilə əlaqədar məlumat verilir ki, düzdür Azərbaycan Respubliası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunub ki, məhkəmə qərarlarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün, siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir tələbi var, ancaq peşələrin kodlu siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin əvvəlki, 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarında mövcud idi. Həmin əvvəlki Qərara əsasən əl ilə qaynaq aparan elektrik qaynaqçısını kodu 23200000-19906 idi. Yeni, 23 noyabr 2007-ci il tarixli, 12 saylı Qərarda isə ancaq bölmələr nömrələnmişdir. Məlumdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahısı üzrə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə əmək pensiyası hüququ vardır. "xxxx" MMC-də İddiaçı bu günədək 11 il 8 ay güzəştli iş stajı vardır. Nəzərə alınmalıdır ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)-208/2021 tarixli, 27 aprel 2021-ci il tarixli qətnaməsinə və həmin məhkəmənin eyni saylı, 17 may 2021-ci il tarixli qərardadına əsasən İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi “Azəriqaztikinti” baş idarəsinin Zəngilan rayon Təsərrüfat hesablı tikinti quraşdırma idarəsində, əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində işləməsi faktı müəyyən olunmuşdur. İddiaçı əmək şəraiti xüsusilə zərərli və ağır olan işdə 12 il 6 aydan artıq çalışdığından, 60 yaşına çatdığından, azı 25 il sığorta stajına malik olduğundan, onun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Zəngilan Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixli, 24 nömrəli məktubla ərizəçi İddiaçı «əmək münasibətlərində olma faktının müəyyən olunması» tələbinə dair mülki iş üzrə məhkəmənin 27 aprel 2021-ci il tarixli 2(034)-208/2021 nömrəli qətnaməsinin və 17 may 2021-ci il tarixli 2(034)-208/2021 nömrəli qərardadının surətləri təqdim edilmişdir: - Zəngilan Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(034)-208/2021 nömrəli qətnaməsinə əsasən ərizə təmin olunmuş, ərizəçi İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi «Azəriqaztikinti» baş idarəsinin Zəngilan rayon Təsərrüfat hesablı tikinti quraşdırma idarəsində qaynaqçı vəzifəsində işləməsi faktının müəyyən olunması qərara alınmışdır. - Zəngilan Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(034)-208/2021 nömrəli qərardadına əsasən Zəngilan Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli 2(034)- 99/2021 saylı qətnaməsinin əsaslandırıcı və nəticə hissələrində «Ərizəçi İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi «Azəriqaztikinti» baş idarəsinin Zəngilan rayon Təsərrüfat hesablı tikinti quraşdırma idarəsində qaynaqçı vəzifəsində işləməsi faktı müəyyən olunsun” kimi qeyd edilmiş sözlər «Ərizəçi İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi «Azəriqaztikinti» baş idarəsinin Zəngilan rayon Təsərrüfat hesablı tikinti quraşdırma idarəsində əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində işləməsi faktı müəyyən olunsun” kimi oxunması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Zəngilan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(034)-208/2021 nömrəli arayışında göstərilmişdir ki, ərizəçi İddiaçı “əmək münasibətlərində olma faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və Zəngilan Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli 2(034)- 208/2021 saylı qətnaməsi ilə ərizə təmin olunmuşdur. Həmçinin məhkəmənin 17 may 2021-ci il tarixli qərardadı ilə qətnaməsindəki yanlışlıqlar aradan qaldırılmlışdır. Əlavə olaraq bildirilir ki, Zəngilan Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(034)- 208/2021 saylı qətnaməsi 21 iyun 2021-ci il tarixdə, 17 may 2021-ci il tarixli qərardadı isə 27 may 2021-ci il tarixdə qanuni qüvvəsini almışdır. İş materiallarına əlavə edilmiş inzibati icraat materiallarından görünür ki, İddiaçı xx.xx.2021-i il tarixdə XŞTMF-yə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli **********4 nömrəli məktubunda bidlirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində (35) rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz qaynaqçıları; qaz qaynaqçıları; kəsməkdə və əl ilə qaynaq işlərində, yarımavtomat maşınlarda, həmçinin tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr olan flüs tətbiq etməklə avtomat maşınlarda məşğul olan elektrik qaz qaynaqçıları; təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr tərkibli flyüsləri tətbiq etməklə və karbon qazı olan mühitlərdə qaynaqla işlərdə, həmçinin yarımavtomat maşınlarda məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları; əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən 3 yanvar 2001-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçanızda xx.xx.1993-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası Milli X3 Zavodu XKTMB-su “Kristal” İstehsalat sahəsində qaynaqçı, xx.xx.2002-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində “X11” MMC-də qaynaqçı və xx.xx.2010-cu il tarixindən bu günədək "xxxx" MMCdə qaynaqçı peşəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi işlədiyiniz peşə yuxarıda qeyd olunan Siyahı üzrə göstərilən peşələrə uyğun deyil. Bu səbəbdən də güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan iddiaçının tələb olunan güzəştli iş stajının olmadığına istinad edərək müraciətin təminindən imtina etmişdir. Hazırkı iddia üzrə iddiaçı cavabdehin imtinasını əsassız hesab edir və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia, həmçinin mahiyyət üzrə əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Beləliklə, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçı xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajı toplamalı, bunun 12 il 06 ayını zərərli işlərdə işləməli, həmçinin 57 yaş həddinə çatmalıdır ki, qeyd olunan şərtlər iddiaçıya münasibətdə ödənilir. İddiaçı xx.xx.1957-ci il təvəllüdlü olmaqla 57 yaşını xx.xx.2014-cü il tarixdə tamamlamışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. İşdən görünür ki, iddiaçı yuxarıda qeyd olunan hərbi bilet və əmək kitabçasına əsasən xx.xx.1975-xx.xx.1977-ci ilərdə hərbi xidmət dövrü 02 il 01 say 04 gün, əmək fəaliyyəti dövrü xx.xx.1993-xx.xx.2002-ci ilədək 08 il 03 ay 17 gün, xx.xx.2002-xx.xx.2003cü ilədək 01 il 04 ay 29 gün olmaqla ümumilikdə 11 il 09 ay 20 gün təşkil edir. Bundan əlavə, iddiaçının xx.xx.1978-xx.xx.1993-cü ilədək «Azəriqaztikinti» baş idarəsinin Zəngilan rayon Təsərrüfat hesablı tikinti quraşdırma idarəsində əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində işləməsi faktı Zəngilan Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 27 aprel 2021-ci il tarixli, 2(034)-208/2021 qətnaməsi və 17 may 2021-ci il tarixli, 2(034)-208/2021 nömrəli qərardadı ilə müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən: İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -15.1-ci maddəsinə görə məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. -15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. -15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qeyd edir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Hazırkı məhkəmə iddiaçının xx.xx.1978-xx.xx.1993-cü ilədək olan əmək fəaliyyəti dövrünün qanuni qüvvəsini almış məhkəmə qərarı ilə müəyyən olunduğunu, məhkəmə qərarının məcburiliyi, təkzibolunmazlığı prinsiplərini nəzərə alaraq və eləcə də yuxarıda adıçəkilən Qaydaların 3.2.2-ci bəndinin də tələblərinə uyğun olaraq qeyd edilən 15 il 09 ay 29 günlük müddətin iddiaçının pensiya təyinatına imkan verən iş stajına daxil edir. Belə olan halda iddiaçının xx.xx.2006-cı ilədək tələb olunan ümumi iş stajı 27 il 07 ay 19 gün (hərbi xidmət, əmək kitabçasında qeyd edilən dövr 11 il 09 ay 20 gün + məhkəmə qərarı ilə müəyyən edilən dövr 15 il 09 ay 29 gün) təşkil edir. Beləliklə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün xx.xx.2006-cı il tarixədək tələb olunan 25 il ümumi iş stajı mövcuddur. İddiaçının güzəştli iş stajına gəlincə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9-cu bəndində göstərilmişdir ki, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 23200000 XXXİİİ. Ümumi peşələr 23200000—19906 əl ilə qaynaq aparan elektrik qaynaqçıları zərərli peşə kimi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının məhkəmə qərarı ilə müəyyən olunmuş xx.xx.1978-xx.xx.1993-cü ilədək olan «Azəriqaztikinti» baş idarəsinin Zəngilan rayon Təsərrüfat hesablı tikinti quraşdırma idarəsində əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində işlədiyi dövr onun ümumi iş stajı ilə yanaşı həm də güzəştli iş stajına hesablanmalıdır. Belə ki, əvvəla, qeyd edilən xx.xx.1978-xx.xx.1993-cü ilədək olan «Azəriqaztikinti» baş idarəsinin Zəngilan rayon Təsərrüfat hesablı tikinti quraşdırma idarəsində işlədiyi əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsi üzrə güzəştli arayışın adıçəkilən müəssisədən hazırkı halda əldə edilməsi 1993-cü ildə Zəngilan rayonunun işğalı ilə əlaqədar əldə edilməsi mümkün deyildir. İkincisi, yuxarıda da qeyd edildiyi kimi iddiaçının əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsində işləməsi bilavasitə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə müəyyən olunmuşdur. Nəhayət, həmin müəssisədə işlədiyi və məhkəmə aktı ilə təsdiq edilmiş vəzifə əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsi olmaqla adı və sahəsi siyahıda göstərilən 23200000 XXXİİİ. Ümumi peşələr 23200000—19906 əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsinin ad və sahəsi ilə birəbir eynidir. Cavabdeh orqan həmin dövrün zərərli iş stajına hesablanmasını istisna edəcək şərti (əksini) sübuta yetirə bilməmişdir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, xx.xx.1978xx.xx.1993-cü ilədək olan «Azəriqaztikinti» baş idarəsinin Zəngilan rayon Təsərrüfat hesablı tikinti quraşdırma idarəsində əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsində güzəştli iş stajı 15 il 09 ay 29 gün təşkil edir. Belə olan halda iddiaçı xx.xx.2006-cı il tarixədək tələb olunan 12 il 06 aydan çox güzəştli iş stajını toplamışdır. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənilir. Belə olan halda cavabdehin pensiya təyinatından imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 32.1-2-ci maddəsinə əsasən bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı 57 yaşdan, yəni xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki 3 il üçün hesablanmaqla ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 57 yaşdan, yəni xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki 3 il üçün hesablanmaqla ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar