Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13470/2025 13.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı1, İddiaçı2 Cavabdehnə (üçüncü şəxs X1) qarşı “tikintinin tanınması və genişləndirilməsi” tələbinə dair tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1, İddiaçı2 Cavabdehnə qarşı “110 kv.m ölçüdə tikintinin iddiaçılar tərəfindən tikilməsinin tanınması və genişləndirilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi yaxın qohumlarının xüsusi mülkiyyətində olmuş, sonradan dövlət hesabına keçmiş, bundan sonra isə qohumluq əlaqəsi olmayan 4 ailə üzvi arasında bölünmüş, 12 kv.m sahə olan bir otaq iddiaçılara verilmiş, ana rəhmətə getdikdən sonra 1998-ci il tarixdə İddiaçı1 ilə 12 kv.m sahəsi olan 1 otaqlı mənzilə dair istifadəçi qismində müqavilə bağlanılmışdır. Əvvəlki məhkəmə araşdırması ilə təsdiq edilir ki, evin texniki pasportu və digər sənədlərə əsasən mülk 450 kv.m-lik torpaq sahəsi və 247,8 kv.m-lik yaşayış sahəsindən ibarət olmuşdur. 1993-cü il tarixdə yaşayış sahəsi kiçik olduğu üçün həyətdə sənədsiz olaraq ümumi sahəsi 100 kv.m olan üçn otaqlı mənzil və 10 kv.m-lik sanitar qovşaq tikilmiş, 2018-ci ci il tarixdə söküntüyə məruz qalmışdır. İddiaçı1 və Solmaz Tağıyev əmlak tam məhv olanadək çıxarış əldə edə bilmədiklərindən o və qardaşı İddiaçı2 istifadəçi qismində 110 kv.m sahə ilə birlikdə alqı-satqı müqaviləsi bağlayaraq köçmüş, digər bacı Solmaz Tağıyeva evlər söküldükdən sonra İddiaçı1 və özünün adına 2019-cu iul tarixdə çıxarış almışdır. 1974-cü il və 2018-ci il tarixli sxemlərdən görünür ki, 1974-cü il tarixli sxemdə onlar tərəfindən inşa edilmiş ev yoxdur, 2018-ci il tarixli sxemdə isə var. Mülk 1931-ci il tarixli ilkin qeydiyyata keçən sahəyə aid deyildir. Müqaviləyə əsasən 12 kv.m ödənilmişdir. Alqı-satqı müqaviləsindən görünür ki 122 kv.m sahənin kompensasiyası alınmışdır. Halbuki Cavabdeh sərəncamına və forma 2 arayışına görə 12 kv.m olmalı idi. Ev göründüyü kimi onların hesabına genişləndirilmişdir. Odur ki, 110 kv.m sahənin iddiaçılar tərəfindən inşa edilməsi və genişləndiirlməsi tanınmalıdır. Məhkəmə ərizəni və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. İş materiallarında olan: 05 oktyabr 1998-ci il tarixli kirayə müqaviləsindən görünür ki, hazırda mübahisəli ünvan 1 ünvanda yerləşən 12 kv.m olan mənzilin kirayə müqaviləsi mərhum Kübraxanım Mirbaba qızının övladı İddiaçı1 ilə bağlanılır. Ailə tərkibində digər İddiaçı2 da qeyd edilmişdir. Forma-2 arayışından görünür ki, iddiaçılar adıçəkilən 12 kv.m kimi göstərilən ünvanda yaşamışdır. Çıxarışdan görünür ki, ünvan 2erləşən fərdi yaşayış evi X1 və İddiaçı1 xüsusi mülkiyyətində olmuşdur. Yasamal Rayon Məhkəməsinin 21 dekabr 2010-cu il tarixli qətnaməsindən görünür ki, mübahisəli fərdi yaşayış evinin dövlət balansına keçirilməsi barədə akt hesab edilmişdir. 20 noyabr 2018-ci il tarixli Cavabdeh və İddiaçı1 Məmmmədəli qızı arasında bağlanılmış müqaqvilədən görünür ki, mübahisəli yaşayış sahəsinin dövlət hesabına alınması ilə əlaqədar kompensasiya məbləği ödənilməklə cavabdeh tərəfindən yaşayış sahəsi alınmışdır. Kompensasiya məbləği 177250 manat kimi göstərilmişdir. 16 noyabr 2018-ci il tarixli satın alınma təklifinin qəbul edilməsi barədə protokoldan görünür ki, kompensasiya məbləğinin ödənilməsi barədə razılıq İddiaçı2 tərəfindən imzalanmışdır. Bakı Apellyasiya Məhkəməsinin 26 may 2025-ci il tarixli qətnaməsindən görünür ki, X1 cavabdeh İddiaçı1 pulun ödənilməsi barədə iddia qaldırmışdır. İddianın mahiyyətindən görünür ki, Cavabdeh tərəfindən yaşayış sahəsinin əvəzi kimi ödənilmiş kompensasiyaya istinad edilərək, 1/3 hissədə pay hüququnun olması nəzərə alınmaqla 66 min 795 manat ödənişin ona ödənilməsi tələbi verilmişdir. Birinci instansiya məhkəməsinin kompensasiyanın 1/3 hissəyə uyğun olaraq həmin şəxsə ödənilməli olması barədə qətnamənin qüvvədə saxlayan məhkəmə kollegiyası hesab etmişdir ki, 177,250 manat məbləğində kompensasiya 12 kv.m ölçüdə sahə üçün ödənilməmişdir. Belə ki, qardaşı ilə Cavabdeh arasında bağlanılmış 18 dekabr 2020-ci il tarixli razılaşma ilə kompensasiyanın 112,74 manat sahə üçün ödənildiyi aydın görünür. Bakı İnzibati Məhkəməsinin 28 aprel 2023-cü il tarixli qərarından görünür ki, iddiaçı və üçüncü şəxslər Cavabdehnə qarşı ilkin və qarşılıqlı iddia üzrə olmaqla kompensasiyanın ödənilməsi barədə iddia qaldırmışdır. Həmin iş üzrə cavabdehin etirazında qeyd edilmişdir ki, kompensasiya 112.74 kv.m sahə və digər 6,97 kv.m sahə nəzərə alınmaqla "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə əsasında 177250 manat məbləğində müəyyən edilmişdir. İddia tələbləri rədd edilmişdir. Həmin iş üzrə yuxarı instansiya məhkəmələri tərəfindən qəbul edilmiş qərarlarla göstərilən mövqe qanuni və əsaslı hesab edilmişdir. Ali Məhkəmənin 12 aprel 2022-ci il tarixli qərarında iddiaçı tərəfindən torpaq sahəsinə hüququn qeydə alınmasına dair qaldırılmış iddia mümkün hesab edilməmiş, mümkünsüzlük əsaslarından biri kimi həmin əmlaka alqı-satqı müqaviləsinin bağlanılması çıxış etmişdir. Bakı İnzibati Məhkəməsinin 19 noyabr 2025-ci il tarixli qərardadından görünür ki, qeyddə dəyişiklik edilməsi iddiaçılar tərəfindən xahiş edilmişdir. Məhkəmə qərardadında qeyd edilir ki, həmin əmlak mövcud deyildir, subyektiv hüquq müəyyən edilmir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). Nəzərə alınmalıdır ki, hər hansı bir iddiaya mahiyyəti üzrə baxılması üçün iddiaçının iddia tələbinin təmin olunmasında hüquqi marağı olmalıdır. Hüquqi maraq şəxsin çatmağı arzuladığı məqsədin nədə ifadə edilməsini ehtiva edir. Başqa sözlə, iddiaçı irəli sürdüyü iddia tələbi ilə onun xeyrinə olan halın yaranmasını, yəni hüquqi və ya faktiki, o cümlədən maddi vəziyyətinin yaxşılaşdırılmasını arzulayır. Məhkəmə qeyd edir ki, iddiaçının hüququ marağının mövcud olub-olmamasının müəyyən edilməsi iddianın mümkün olubolmamasının müəyyən edilməsi ilə birbaşa asılılıqdadır. Yəni, iddiaçının iddia qaldırmaqda hər hansı hüquqi marağı mövcuddursa, başqa sözlə qaldırılan iddia onun hüquq və mənafelərinin müdafiəsi ilə bağlı qaldırılmışdırsa iddia mahiyyəti üzrə qiymətləndirilməlidir. İşin faktiki hallarından və irəli sürülmüş iddia tələbindən görünür ki, iddiaçılar fərdi yaşayış sahəsinə dair ilkin hüquqmüəyyənedici sənəddə əksini tapılmadığına istinadən 110 kv.m ölçüdə tikilinin iddiaçılar tərəfindən tikilməsi və genişləndirilməsinin tanınmasını xahiş edir. Qeyd olunur ki, hal-hazırda sökülmüş fərdi yaşayış sahəsinə dair tərəflər və üçüncü şəxs arasında çoxsaylı məhkəmə mübahisələri mövcud olmuş, kompensasiya məbləği ödənilmiş, ödənilmiş kompensasiya məbləğinə münasibətdə istər cavabdehə qarşı, istərsə də, iddiaçılar və üçüncü şəxslər arasında həmin məbləğin hansı miqdarda ödənilməsi ilə əlaqədar məhkəmələr tərəfindən mübahisələrə baxılmışdır. Hazırkı halda da qaldırılan iddia da məhz kompensasiyanın son nəticədə məbləğinin artırılması və ya iddiaçılara ödənilmiş məbləğdə düzəliş edilməsinə yönəlmişdir. Belə ki, müvafiq alqı-satqı müqaviləsinə əsasən əmlakın sökülməsi ilə əlaqədar fərdi yaşayış sahəsinə dair kompensasiya ödənildikdən sonra, hazırkı iş üzrə üçüncü şəxs əmlaka 1/3 hissədə hüququn tanınmasına istinadla İddiaçı1 qarşı cavabdeh tərəfindən bütün əmlaka münasibətdə ödənilmiş məbləğin onun payına düşən hissədə həmin şəxs tərəfindən geri verilməsi barədə iddia irəli sürmüş və həmin iddia üzrə müəyyən məbləğin ödənilməsi qət edilmişdir. Digər tərəfdən hazırkı iş üzrə iddiaçılar da ev 34 ünvanda yerləşən əmlaka dair əlavə kompensasiyanın ödənilməli olması ilə bağlı iddia ilə müraciət etmiş, lakin iddiaları təmin edilməmişdir. Ümumiyyətlə istər hazırkı iddianın, istər göstərilən mübahisələr üzrə iddiaçılara münasibətdə iddianın mahiyyəti qeydə alınmış fərdi yaşayış sahəsi hüdudları daxilində olmayan, 110 kv.m ölçüdə üçüncü şəxsə heç bir aidiyyəti olmayan, iddiaçıların özü tərəfindən inşa edilmiş sənədsiz tikilinin kompensasiyanın həmin şəxsə aid edilməməsi və iddiaçılara ödənilməsi əsası ilə əlaqədardır. Hazırkı iş üzrə iddia tələbindən də göründüyü kimi iddiaçılar ümumi əmlakın 247,8 kv.m olması, əmlakların müxtəlif ailələr arasında bölündükdən sonra məhz 12 kv.m ilə əlaqədar iddiaçıların anası ilə kirayə müqaviləsinin bağlanılmasına istinad edir və 110 kv.m sahənin 1974-cü il tarixli sxemdə olmaması, sonrakı sxemdə olmasını da onunla əlaqələndirir ki, həmin tikilinin hüququn qeydiyyata alındığı tikiliyə aidiyyəti yoxdur. Göründüyü kimi hazırkı mübahisənin mahiyyəti 1993-cü il tarixdə iddiaçıların inşa etdiyini iddia etdiyi 100 kv.m üç otaqlı sahə və 10 kv.m sanitar qovşaq olmaqla, ümumi 110 kv.m tikili ilə əlaqədardır. Lakin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, 110 kv.m sahənin Cavabdeh müəyyən edilməklə iddiaçılar tərəfindən inşasının və genişləndirilməsinin tanınması iddiası inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş, iddiaçının hüquqi marağına cavab verə biləcək iddia olmamaqla, düzgün hüquqi müdafiə vasitəsi hesab edilə bilməz. Belə ki, AR İPM-nin 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankın ərizələrinə. 36.1. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. 36.2. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. 36.3. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. 36.4. Hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Məhkəmə hesab edir ki, hazırkı iddia göstərilən müddəaların tələbləri baxımından qeyri-müəyyən iddiadır, belə ki, tikilinin inşa edilməsinin və genişləndirilməsinin hansı qaydada tanınması, cavabdehin bu tanınma ilə bağlı hansı hərəkəti etməsi qeyri müəyyəndir. Tələbdən də görünür ki, tanınmanın cavabdehə həvalə edilməsi yox, məhkəmə qaydasında həyata keçirilməsi xahiş olunur. Halbuki, həmin iddia 2.2.5-ci maddədə nəzərdə tutulmuş iddia hesab edilsə belə, hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Bu isə onu ehtiva edir ki, digər iddia növləri və düzgün hüquqi müdafiə vasitəsi seçilməklə iddianın verilməsi zəruridir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). Hazırkı halda da, əlverişli iddia növündən istifadə edildiyi müəyyən edilmir. İddia qeyri-müəyyən olmaqla mümkünlük şərtləri ödənilmədən verilmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçıların hüquqi marağına münasibətdə kompensasiyanın məhz həmin 110 kv.m tikili də nəzərə alınmaqla iddiaçılara üçüncü şəxsə hər hansı ödəniş edilmədən cavabdeh tərəfindən ödənilməsinin tələb edilməsi iddiası əlverişli iddia növü olmuşdur. Mövcud məhkəmə təcrübəsi və inzibati prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq şəxsin çıxarış və texniki sənədlərdə nəzərdə tutulmayan əlavə tikililərinə dair söküntü ilə əlaqədar vurulmuş zərərin ödənilməsi ilə əlaqədar iddiaların mahiyyəti üzrə baxılması imkanı mövcuddur ki, hazırkı iddia üzrə isə iddiaçılar kompensasiyanın ödənilməsi barədə iddia ilə müraciət etməmişdir. Halbuki, əlavə tikiliyə dair kompensasiyanın ödənilməsinin tələb edilməsi düzgün hüquqi müdafiəsi və əlverişli iddia növüdür. Nəzərə alınmalıdır ki, tikililər sökülmüşdür və məhkəmə qaydasında və ya inzibati orqanın özü tərəfindən tikilinin tanınması iddiaçıların hüquqi maraqlarına cavab vermir. Bu səbəbdən də iddia kompensasiyanın ödənilməsi ilə bağlı ola bilərdi. Belə ki, kompensasiyanın ödənilməli olub-olmaması barədə iddiada həmin tikilinin mövcud olubolmaması kimi hallar məhkəmə tərəfindən qiymətləndirilməlidir. Hər hansı bir inzibati və inzibati məhkəmə icraatının tərkib hissəsinə daxil olan bir halın isə ayrıca məhkəmə qaydasında müəyyən edilməsi mümkünlük şərtlərinə cavab verməməkdir. Lakin, işin faktiki hallarından məhkəmə qərarlarından görünür ki, iddiaçılar kompensasiyanın ödənilməsinə dair göstərilən imkanı itirmişdir. Belə ki, tərəflərin kompensasiya iddialarına məhkəmələr tərəfindən baxılmış, iddia iddiaçıların xeyrinə olmadan yekunlaşmışdır ki, məhkəmə hesab edir ki, mümkünlük şərtlərinə cavab verməyən, həmin işlər üzrə qiymətləndirilməli olan kompensasiyanın ödənilməsinə yönələn yeni növ iddiaların verilməsi onun mahiyyəti üzrə qiymətləndirilməsini istisna edir. Belə ki, kompensasiya iddiasına münasibət bildirilmiş, əlavə hər hansı kompensasiyanın ödənilməməli olması müəyyən edilmişdir. Digər tərəfdən, məhkəmə qeyd edir ki, iddia subyektiv hüququn mövcud olmaması baxımından da mümkünlük əsaslarına cavab vermir. Belə ki, tərəflər arasında bağlanmış müvafiq alqı-satqı müqaviləsi və razılaşma əsasında mülki məhkəmə icraatı qaydasında iddiaçılar tərəfindən mübahisələndirilməmiş və hal-hazırda qüvvədədir, lakin iddiaçılar həmin alqı-satqı müqaviləsi və razılaşma qüvvədə ola-ola artıq özgəninkiləşdirdiyi əmlakına görə, təkrarən həmin əmlakın alıcısına qarşı əlavə tələb irəli sürmüşdür. Halbuki hər iki tərəf mübahisələndirilən əmlakın alqı-satqısına dair bağlanmış müqavilə və razılaşma ilə və Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq öhdəliklərini icra etmiş, yəni satıcı öz əmlakını alıcıya satmış, alıcı isə həmin əmlakın dəyərini ona ödəmiş və satıcı da əmlakı qəbul etdiyindən Mülki Məcəllənin 527.1 və 528-ci maddələrinin tələbləri baxımından tərəflərin üzərinə götürdükləri öhdəliklərinə artıq xitam verilmişir. Bundan başqa qeyd olunmalıdır ki, Cavabdeh arasında bağlanmış müqavilə və razılaşmadan da göründüyü kimi, iddiaçılar dövlət ehtiyacları üçün alınanaək sahibi olduğu yaşayış obyekti və bu Razılaşmanın predmeti ilə əlaqədar onun hüquqlarını müdafiə edən müvəkkillər tərəfindən də hər hansı bir iddia təli irəli sürməyəcəyini öhdəsinə götürmüşdür. Göründüyü kim iddiaçı mübahisə predmetinə təşkil edən əmlaka münasibətdə iddia irəli sürməməsi öhdəliyini götürmüşdür ki, sözügedən əmlakın yerləşdiyi ərazidə sahələrə münasibətdə də iddia irəli sürülməsi istisna olunmuşdur. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-822/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “İddiaçının yaşayış binasının tərkib hissəsi olan yuxarıda qeyd olunan ümumi istifadədə olan binanın dəhlizi, pilləkanları, lift, su anbarı, balkonlar, işıq tranformatoru və otağı, həyətyanı sahə və sair sahələrə görə kompensasiyanın ödənilməməsi ilə bağlı dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müvafiq alqı-satqı müqaviləsi mülki məhkəmə icraatı qaydasında iddiaçı tərəfindən mübahisələndirilməmiş və hal-hazırda qüvvədədir. Lakin iddiaçı həmin alqı-satqı müqaviləsi qüvvədə ola-ola artıq özgəninkiləşdirdiyi əmlakına görə təkrarən həmin əmlakın alıcısına qarşı əlavə kompensasiya tələbini irəli sürmüş, halbuki hər iki tərəf mübahisələndirilən əmlakın alqısatqısına dair bağlanmış müqavilə ilə öhdəliklərini icra etmiş, yəni satıcı öz əmlakını alıcıya satmış, alıcı isə həmin əmlakın dəyərini ona ödəmiş, bununla da üzərinə götürdüyü öhdəlikləri icra etmişdir. Beləliklə, iddiaçının cavabdehə qarşı inzibati məhkəmə icraatı qaydasında kompensasiya tələbini irəli sürməkdə subyektiv hüququnun mövcudluğu müəyyən olunmur.” Bu mövqeyi həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-849/2021 saylı, xx.xx.2021-ci il tarixli və 2-1(102)-1320/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarlarında da əks olunmuşdur. Göründüyü kimi kassasiya instansiya məhkəməsinin “dövlət ehtiyacları üçün alınmiş daşınmaz əmlaka görə kompensasiyanın ödənilməsi” növündə iddiaları üzrə formalaşdırdığı mövqeyi odur ki, əgər daşınmaz əmlaka münasibətdə vətəndaş ilə inzibati orqan arasında alqı-satqı müqaviləsi bağlanarsa və həmin müqavilə qüvvədə olarsa, şəxs həmin əmlaka və ya onun tərkib hissəsi olan sahələrə (həyətyanı sahə və s.) münasibətdə təkrarən həmin əmlakın alıcısına qarşı əlavə kompensasiya tələbini irəli sürməkdə subyektiv hüquqa malik olmur. Bu yanaşma eyni ilə hazırki iddia üzrə də keçərlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-13470/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13470/2025
13.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver