Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13480/2024 16.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 16 oktyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1983-cü il təvəllüdlür. 0309012 nömrəli əmək kitabçasına əsasən iddiaçı: xx.xx.2000-xx.xx.2005-ci illərdə Mülki Aviasiya Akademiyasında təhsil almışdır. xx.xx.2005-xx.xx.2006-cı illərdə Azərbaycan Respublikasının Milli Ordu sıralarında hərbi xidmət etmişdir. xx.xx.2007-xx.xx.2007-ci illərdə “Azərbaycan Hava Yolları “X3 aviasiya şikrətində Aviaeskadrilyanın İL-76 HG-nin bortoperatoru vəzifəsində VTC-7-ci dərəcə ilə işləmişdir xx.xx.2007-xx.xx.2013-cü illərdə "xxxx" MMC Aviaşirkətində Uçuş dəstəsinə İL-76 tipli HG-nin bort operatoru vəzifəsində işləmişdir. xx.xx.2015-ci il tarixdən “X4 Services” MMC Uçuş xidmətlərinin Şərq texnikası üzrə uçuş-istehsalat qrupuna Mi tipli vertolyotunun ikinci pilotu vəzifəsinə işə qəbul edilmişdir. “Silkway Airlines” şirkətinin xx.xx.2022-ci il tarixli arayışına əsasən xx.xx.2007-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək "xxxx" MMC-də uçuş dəstəsinin İL-76 tipli HG-nin Bortoperatoru vəzifəsində çalışıb. Bu müddət ərzində uçuş saatı 3845:27 (Üç min səkkiz qırx beş saat iyirmi yeddi dəqiqə) təşkil edib və bu 17 il 9 ay sığorta stajına bərabərdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli arayışına əsasən vertolyotun sıravi ekipaj üzvü kimi onun xx.xx.2015-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək sığorta stajı 889 (səkkiz yüz səksən doqquz) uçuş saatına əsasən 7 il 4 ay təşkil edir. İddiaçı xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”mn "Nəqliyyat" bölməsinin (21) Mülki aviasiya bəndində (21.3) hava gəmilərinin bort operatoru, böyük bort operatoru, təlimatçı-bort operator və hava gəmilərinin bort bələdçisi, böyük bort bələdçisi, təlimatçıbort bələdçisi vəzifələri nəzərdə tutulub. Göründüyü kimi, bort operatoru və bort bələdçisi vəzifəsində işləmiş şəxslərə Qanunun 9.3-cü maddəsinə əsasən deyil, 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə xx.xx.2007-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" Aviaşirkətində bort operatoru vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Müvafiq məlumatların dəqiqləşdirilməsi məqsədilə tərəfimizdən aidiyyəti üzrə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə sorğular ünvanlanıb. Cavab olaraq uçuş heyəti üzvü və heyət üzvü anlayışlarının fərqli mənalara malik olduğu, bort operatorların hava gəmisinin idarə edilməsi ilə məşğul olmadıqları və buna görə də uçuş heyəti üzvləri hesab edilmədikləri bildirilib. Eyni zamanda, sözügedən məktubda bort operatorlarının Qanunun 9.3-cü maddəsinə və Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarına deyil, Qanunun 9.1-ci maddəsinə əsaslanaraq Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq Siyahıya uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası hüququna malik olduqları göstərilib. Bundan başqa, mülki aviasiya sahəsində dövlət siyasətinin formalaşmasında iştirak edən və bu siyasətin həyata keçirilməsini təmin edən Dövlət Mülki Aviasiya Agentliyi müvafiq sorğuya 30 may 2023-cü il tarixində verdiyi cavab məktubunda Azərbaycan Respublikasının qanunvericiliyi ilə yanaşı, Beynəlxalq Mülki Aviasiya haqqında 1994-cü il Çikaqo Konvensiyasını da əsas gətirərək bort operatorunun nə uçuş heyət üzvü, nə də digər uçuş mütəxəssisi hesab edilmədiyini bildirib. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə əsasən xx.xx.2022-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, bortoperator vəzifəsi üzrə uçuş saatları 3845 saat 27 dəqiqə, vertolyotun ikinci pilotu üzrə uçuş saatı isə 889 saat təşkil edir. AR Nazirlər Kabinetinin 231 №-li qərarında əks olunan hesablama qaydasına əsasən iddiaçının bortoperator vəzifəsi üzrə 18 il, ikinci pilot vəzifəsi üzrə isə 7 il 4 ay, ali təhsil müddəti üzrə isə 5 il sığorta stajı mövcuddur. Cavabdeh inzibati orqan tərəfindən araşdırma aparılarkən AZAL QSC-yə sorğu verilmiş və həmin QSC tərəfindən sorğuya cavab olaraq bildirilmişdir ki, bort operatorlar uçuş heyəti üzvlərinə daxil deyildir. İlk növbədə qeyd olunmalıdır ki, hazırda AZAL QSC-də bort operator vəzifəsi mövcud deyildir. İkincisi araşdırma apardığınız şəxslərin heç biri AZAL QSC-nin işçisi deyillər və onlar X5 şirkətinin əməkdaşlardırlar. Buna görə də, AZAL QSC tərəfindən verilmiş arayışı əsas götürülməsi əsassızdır. İddia tələbinə etirazın əsasları: Cavabdeh tərəfindən iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məmzunludur Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən halıdır ki, iddiaçı xx.xx.2007-xx.xx.2007-ci illərdə “Azərbaycan Hava Yolları “X3 aviasiya şikrətində, xx.xx.2007-xx.xx.2013-cü illərdə "xxxx" MMC Aviaşirkətində Uçuş dəstəsinə İL-76 tipli HG-nin bort operatoru vəzifəsində işləmişdir. xx.xx.2015-ci il tarixdən “X4 Services” MMC Uçuş xidmətlərinin Şərq texnikası üzrə uçuş-istehsalat qrupuna Mi tipli vertolyotunun ikinci pilotu vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3cü maddəsinə əsasən xx.xx.2022-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Cavabdeh isə iddiaçının müraciətini təmin etməkdən imtina edərək iddiaçının bort operatoru vəzifəsində işlədiyi dövrləri sığorta stajına daxil etmir. Cavabdeh imtinasını onunla əsaslandırır ki, bort operatoru vəzifəsi uçuş heyəti üzvü hesab edilmədiyindən, bort operatorlarının Qanunun 9.3-cü maddəsinə və Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarına deyil, Qanunun 9.1-ci maddəsinə əsaslanaraq Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq Siyahıya uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası hüququna malik ola bilər. Məhkəmə cavabdehin imtinasını əsassız hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.3-cü maddəsinə görə, (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyası) Mülki aviasiya uçuş və uçuşsınaq heyətində işlə əlaqədar vəzifələrdə kişilərin azı 25 il, qadınların azı 20 il sığorta stajı olduqda, səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin həmin işlər üzrə azı 20 il, qadınların isə azı 15 il sığorta stajı olduqda və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.3-cü maddəsinə əsasən iddiaçıya pensiya təyin edilməsi üçün iki şərt olması kifayət edir: 1) Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar 25 il staj; 2) əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı. Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən pensiya təyin edilməsi üçün hər hansı yaş məhdudiyyəti yox idi. Həmçinin baxılan işdə iddiaçının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının olmasını cavabdeh mübahisələndirmir. Cavabdehin mübahisələndirdiyi hal, iddiaçının işlədiyi bort operator vəzifəinin uçuş heyyətinə aid olmamasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli qərarı ilə təsdiqlənmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması qaydaları”: Bənd 2. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə müvafıq olaraq mülki aviasiyanın uçuş və uçuş-sınaq heyətində işləyən aşağıdakı şəxslər güzəştli şərtlərlə pensiya almaq hüququna malikdirlər: 2.1. hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist və digər uçuş mütəxəssisləri) ... Bənd. 3. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.3-cü və 22.3-cü maddələrinə müvafiq olaraq mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin və güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin sığorta stajı aşağıdakı qaydada hesablanır: 3.1. təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı - sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünür. Qaydaların 2.1-ci bəndi "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə müvafıq olaraq mülki aviasiyanın uçuş və uçuş-sınaq heyətində işləyən və güzəştli pensiya hüququ almağa malik olan şəxslərin siyahısını, 3.1ci bəndin isə həmin şəxslərin stajının hesablama qaydasını müyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının oxşar işlər üzrə formalaşdırdığı cahid təcrübə ondan ibarətdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə əsasən pensiya təyin edilə bilməsi üçün şəxsin məhz uçuş heyət üzvü kimi fəaliyyət göstərməsi şərti ödənilmiş olmalıdır. Belə ki, uçuş heyət üzvü və heyət üzvü anlayışı fərqli olmaqla qeyd edilən şəxslər uçuş zamanı müxtəlif əmək funksiyalarının yerinə yetirilməsi ilə məşğul olurlar. Onların həyata keçirdikləri əmək funksiyalarının xarakteri, ağırlığı və mürəkkəbliyi bir-birindən fərqli olduğu üçün qanunverici yalnız uçuş heyət üzvünə aid şəxslərin güzəştli şərtlərlə əmək pensiyası hüquqlarının “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə əsasən yaranacağını qəbul etmişdir. Qüvvədən düşmüş “Aviasiya haqqında” Qanunun 1.0.14-cü maddəsində hava gəmisinin ekipajına belə anlayış verilmişdir - uçuş vaxtı hava gəmisinin idarə edilməsi və xidmət göstərilməsi üzrə hava gəmisinin bortunda müəyyən vəzifələri yerinə yetirmək üçün hava gəmisinin müvafiq sahibi və ya istismarçısı tərəfindən təyin olunan şəxslərdən ibarət heyət. Göründüyü kimi sözügedən qanunvericilik aktı hər iki qrupa (həm uçuş heyət üzvü, həm də heyət üzvü) daxil olan şəxslərin hava gəmisinin ekipaj üzvlərini təşkil edəcəyini təsbit etmişdir. Bununla belə, uçuş heyət üzvünə daxil olan şəxslər hava gəmisinin idarə edilməsi, heyət üzvləri isə idarə edilməli ilə bağlı olmayan digər xidmətlərin göstərilməsinə dair vəzifələri icra edən şəxslərdirlər. Eyni zamanda, qeyd olunmalıdır ki, “Aviasiya haqqında” hazırda qüvvədə olan 22 dekabr 2023-cü il tarixli yeni Qanun da məsələyə dair oxşar yanaşmanı mənimsəməklə daha aydın tənzimləmələr gətirmişdir. Belə ki, sözügedən Qanunun 1.1.49 və 1.1.76-cı maddələrində kabinə heyəti və uçuş heyəti anlayışları fərqləndirilmişdir. Kabinə heyəti – uçuş heyətinin üzvü kimi çıxış etməyən, sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə istismarçı və ya hava gəmisi kapitanının (komanda verən pilotunun) verdiyi vəzifələri yerinə yetirən şəxsdir. Uçuş heyəti isə – uçuş xidməti vaxtı hava gəmisinin uçuş əməliyyatının həyata keçirilməsi üçün əsas vəzifələri yerinə yetirmək məqsədilə təyin edilmiş və şəhadətnamə verilmiş şəxslərdir. Qanun uçuş əməliyyatına belə bir anlayış vermişdir – hava daşımaları ilə əlaqədar hava gəmilərinin həyata keçirdiyi əməliyyatlar. Beləliklə, sadalanan normalardan da göründüyü kimi həm iddiaçıya pensiya təyin edilərkən, həm də hazırda qüvvədə olan qanunvericilik normaları uçuş heyət üzvlərini heyət üzvlərindən (kabinə heyəti) açıq şəkildə fərqləndirmiş, onların müxtəlif əmək funksiyası yerinə yetirən şəxslər olduğunu qəbul etmişdir. Uçuş heyət üzvü kimi fəaliyyət göstərən şəxslərə isə stajla bağlı şərtlər ödənildiyi halda “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə əsasən əmək pensiyası təyin oluna bilər. “Aviasiya haqqında” Qanunun 1.0.14-cü maddəsinə əsasən, hava gəmisinin ekipajı - uçuş vaxtı hava gəmisinin idarə edilməsi və xidmət göstərilməsi üzrə hava gəmisinin bortunda müəyyən vəzifələri yerinə yetirmək üçün hava gəmisinin müvafiq sahibi və ya istismarçısı tərəfindən təyin olunan şəxslərdən ibarət heyətdir. Qanunun tələbinə görə, hava gəmisinin ekipajını müəyyən etmək səlahiyyəti 2 şəxsdədir:
1. hava gəmisinin sahibi; 2. hava gəmisinin istismarçısı. Belə ki, sözügedən qanunvericilik aktı hər iki qrupa (həm uçuş heyət üzvü, həm də heyət üzvü) daxil olan şəxslərin hava gəmisinin ekipaj üzvlərini təşkil edəcəyini təsbit etmişdir. Bununla belə, uçuş heyət üzvünə daxil olan şəxslər hava gəmisinin idarə edilməsi, heyət üzvləri isə idarə edilməli ilə bağlı olmayan digər xidmətlərin göstərilməsinə dair vəzifələri icra edən şəxslərdir. Həmçinin qeyd edilməlidir ki, “İL-76 T (TD)” hava gəmisinin “Uçuş təlimatının” ikinci nəşrinin 1.1-ci bəndinin “Təyyarə haqqında qısa məlumat”, ikinci yarımbəndinin redaksiyasına uyğun olaraq, “İL-76 T (TD)” hava gəmisinin ekipajı 7 (yeddi) nəfərdən ibarətdir: 1. hava gəmisinin komandiri; 2. hava gəmisinin pilotu; 3. naviqatoru; 4. bortmühəndisi; 5. bortradisti; 6. böyük bortoperatoru; 7. bortoperatoru. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların 2.1-ci bəndində bortoperator vəzifəsi konkret olaraq göstərilməsə də, həmin bənddə “digər uçuş mütəxəssisləri” söz birləşməsi qeyd edilmişdir. Bununla da, normayaradan orqan həmin sahədə hüquqi tənzimləməni həyata keçirərkən uçuş heyət üzvlərini məhdud çərçivəyə salmamış və uçuş heyət üzvlərinə xas olan funksiya və vəzifələri yerinə yetirə bilən və yaxud yerinə yetirə biləcək vəzifələri digər uçuş mütəxəssisləri adı altında qeyd etmişdir (İş № ş № 2-1(102)-1692/2024, 2-1(102)- 1971/2024, 2-1(102)-2104/2024, 2-1(102)-1451/2024, 2-1(102)-2387/2024, 2-1(102)- 2134/2024 nömrəli qərarlar). İş materialında olan “Silkway Airlines” şirkətinin xx.xx.2022-ci il tarixli arayışına əsasən iddiaçı xx.xx.2007-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək "xxxx" MMC-də uçuş dəstəsinin İL-76 tipli HG-nin Bortoperatoru vəzifəsində işlədiyi müddət ərzində uçuş saatı 3845:27 (Üç min səkkiz qırx beş saat iyirmi yeddi dəqiqə) təşkil etməklə 17 il 9 ay sığorta stajı və "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli arayışına əsasən vertolyotun sıravi ekipaj üzvü kimi onun xx.xx.2015-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək sığorta stajı 889 (səkkiz yüz səksən doqquz) uçuş saatı təşkil etməklə 7 il 4 ay sığorta stajına malikdir. Göründüyü kimi, iddiaçı Qanunun 9.3-cü maddəsinə göstərilən staja malik olduğundan ona hüququnun yrandığı vaxtdan, yəni 25 il stajının tamam olduğu, xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərl pensiya təyin edilməli və həmin tarixdən ödənilməlidir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,
qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə əsasən xx.xx.2022-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ona ödənilməsi öhdəliyi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov