Məhkəmə qərarları › İş №2-1(112)-13481/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13481/2025

02.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13481/2025 02.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 60 yaşı tamam olduğu xx.xx.2023-cü il tarixindən təyin olunması və həmin tarixdən etibarən ona ödənilməli olan pensiya məbləğinin fərqini hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasını xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmişdir, cavabdeh orqan öz növbəsində xx.xx.2025-ci il tarixli imtina məktubu ilə müraciəti cavablandırmışdır. Cavabdeh orqan imtina məktubunda qeyd etmişdir ki, AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin fəhlələr bəndində “asfalt və beton döşəyənlər vəzifəsi nəzərdə tutulmuşdur. Cavabdeh qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilən "xxxx" MMC-nin arayışında sözügedən müəssisədə betonçu vəzifəsində işlədiyi qeyd edilmişdir və cavabdeh hesab edir ki, qeyd olunan vəzifə AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan vəzifədən fərqlidir, bu səbəbdən iddiaçının güzəştli şərtlərlə iş stajın olmadığını imtina məktubunda qeyd edilmişdir. Hesab edir ki, cavabdeh orqanın imtina məktubu işin faktiki hallarına və təqdim edilən sənədlərə ziddir və əsasızdır. İlkin olaraq qeyd etmək istəyir ki, onun ümumi stajı 25 ildən çoxdur, qeyd olunan ümumi staja daxil edilən müddətləri təsdiq edən əmək kitabçanı, hərbi biletini iddia ərizəsini əlavə edir. İmtina məktubunda qeyd olunan əsasla bağlı qeyd etmək istəyir ki, cavabdeh orqana təqdim edilən "xxxx" MMC-nin güzəştli şərtlərlə bağlı arayışda iddiaçının qeyd olunan müəssisədə çalışdığı xx.xx.2003-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək (19 il 07 ay, 08 gün) tutduğu vəzifələr göstərilmişdir və qeyd olunan vəzifələrin AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin fəhlələr bəndində “asfalt və beton döşəyənlər” vəzifəsinə uyğun olması qeyd edilmişdir. Cavabdeh isə imtina məktubunda qeyd edir ki, iddiaçı tərəfindən tutulan vəzifələr AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin fəhlələr bəndində “asfalt və beton döşəyənlər” vəzifəsinə uyğun deyil, lakin bu faktı hər hansı bi sübutla təsdiq etmir. Hörmətli məhkəmə "xxxx" MMC-yə təkrar vəkil sorğusu göndərilərək iddiaçının tutulduğu vəzifə üzrə təlimatlarını və öhdəliklərini eyni zamanda sağlamlığına zərərli olub-olmaması barədə məlumatları təqdim edilməsini xahiş etmişdi. "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixli arayış təqdim edərək bir daha iddiaçının tutulduğu vəzifəni AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin fəhlələr bəndində “asfalt və beton döşəyənlər” vəzifəsinə uyğun olduğunu qeyd edərək, eyni zamanda iddiaçının gördüyü işin sağlamlığa ziyan olduğunu təsdiq edən sənədləri göndərmişdir. Qeyd olunan sənədləri iddia ərizəsinə əlavə edir. Hörmətli məhkəmə, yuxarıda qeyd olunanlara və iddia ərizəsinə əlavə etdiyi sənədlərə əsasən hesab edir ki, cavabdeh orqanın imtinası tamamilə əsassızdır, iddiaçının 25 ildən çox ümumi stajı vardır, və 15 ildən çox zərərli iş stajı arayışlarla təsdiq edilir. Qeyd edir ki, xx.xx.1956-cı il tarixində qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət Təminatı haqqında” SSRİ qanununun 1-ci maddəsinin “V” bəndinə görə “ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar əmək pensiyası almaq hüququna malikdir.” Həmin Qanunun 109-cu maddəsinin “İ” yarımbəndində qeyd olunur ki, “ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir”.

3. Cavabdehin imtina məktubunda bildirilmişdir ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərancamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X1 qərarlarını, X1 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr yarımbəndində (a) asfalt və beton döşəyənlər vəzifəsi nəzərdə tutulub. Mərkəzi Filiala təqdim etdiyiniz "xxxx" BM-nin sizə dair arayışında xx.xx.2003-xx.xx.2009-cu il, xx.xx.2009-xx.xx.2012-ci il, xx.xx.2012-xx.xx.2017-ci il və xx.xx.2017-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər ərzində sözügedən müəssisədə betonçu vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyiniz vəzifə sözügedən arayışlarda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan asfalt və beton döşəyənlər vəzifəsinə uyğun deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır.”

4. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normaların məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) tələb olunan yaş həddinə çatmalı (60 yaş), 2) azı 25 il sığorta stajı olmalı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli, 3) stajın 12 il 6 ayını əmək şəraiti zərərli və ağır işlərdə işləməli. Qanunun 9.1-ci maddəsinə əsasən yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM- in 58.6-cı maddəsinə uyqun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr yarımbəndində (a) asfalt və beton döşəyənlər vəzifəsi nəzərdə tutulub. Bildiririk ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" BM-nin ona dair arayışında xx.xx.2003-xx.xx.2009-cu il, xx.xx.2009-xx.xx.2012-ci il, xx.xx.2012-xx.xx.2017ci il və xx.xx.2017-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər ərzində betonçu vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, adıçəkilən şəxsin işlədiyi vəzifə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan asfalt və beton döşəyənlər vəzifəsinə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Eyni zamanda bildiririk ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixinə münasibətdə ümumi iş stajı 21 il 7 ay 15 gün (xx.xx.2006-cı il tarixinədək 4 il 7 ay 15 gün (xx.xx.1982-xx.xx.1984-cü il (hərbi xidmət müddəti), xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 17 il) təşkil edir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün xx.xx.2023-cü il tarixində qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət ümumi və güzəştli iş olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. İddiaçı “60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2- 1(112)-13481/2025 nömrəli inzibati iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

5. Məhkəmə sorğusu əsasında əldə edilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli AZF- 2025/199-L nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı xx.xx.2003-cü il tarixdən xx.xx.2009-cu il tarixədək, xx.xx.2009-cu il tarixdən xx.xx.2012-ci il tarixədək, xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixədək, xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək, xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Azfen BM-in (hal-hazırda Azfen MMC) layihələrində betonçu peşəsində çalışmış və hal-hazırda betonçu olaraq işləyir. İddiaçı yerinə yetirdiyi əsas əmək funksiyaları aşağıdakılardan ibarət olmuşdur: Betonlama işləri üzrə verilmiş istehsalat tapşırıqlarını müvafiq normalara, prosedurlara və keyfiyyət tələblərinə riayət etməklə icra etmək; Betonlamanın başlanma və bitmə tarixi barədə iş icraçısından məlumat əldə etmək; Əməliyyatlar zamanı keyfiyyət şəraitinin necə təmin olunacağı barədə təlimatlandırılmaq; İş yerinin təhlükəsiz olmasına diqqət yetirmək, betonlama işlərinin yerinə yetirilməsini, verilmiş tapşırıqların icrasını, betonlama ləvazimatlarının istismarını və qorunmasını qüvvədə olan müvafiq prosedur və təhlükəsizlik qaydalarına uyğun təmin etmək; Betonlanacaq sahələrin və həcmlərin betonlama işlərinin başlanması üçün tam hazır olmasına əmin olmaq, betonlama prosesindən sonra betona qulluq qaydalarına tam riayət etmək; Beton gətirən maşınlardan və digər ləvazimatlardan (kran vasitəsilə verilən qablardan) betonun qəbul edilməsi qaydalarına düzgün riayət etmək; Hava şəraitinə uyğun olaraq, qurutma və mühafizə prosesində istifadə olunacaq materilları hazırlamaq; Qəlib və armaturları nəzərdən keçirmək və müşahidə olunan çatışmamazlıqların aradan qaldırılmasını təmin etmək; Beton töküləcək sahənin təmizliyini etmək, beton tökməzdən əvvəl qəlibi sulamaq; Betonun homojenliyinə xələl gətirmədən standarta uyğun olaraq qəlibə yerləşdirmək, beton yerləşdirmədə maili layların əmələ gəlməməsini təmin etmək; Betonu qəlibə lazımi hündürlükdə tökmək, betonda soyuq birləşmələrin - dərzlərin olmayacağı şəkildə betonu yerləşdirmək; Betonu qəlibi açmayacaq və armaturun yerdəyişməsinə səbəb olmayan şəkildə tökmək; Betonun töküləcəyi hündür elementlər üzərində əlavə borular və ya şlanqlardan istifadə etməklə betonu tökmək, uyğun vibratordan istifadə etmək; Armatur və qəliblə təmas etmədən vibratoru uyğun müddət ərzində səthə perpendikulyar saxlamaq, betonu vibratorun ucu ilə üfüqi hərəkət etdirmək; Təzə betonu yerə qoyarkən betonun qalınlığından və lay səviyyəsindən əmin olmaq və Vibrasiya nöqtələrinin təsir sahələrinin kəsişməsinə diqqət yetirmək. Betonu yerləşdirmə işi bitdikdən sonra uyğun mastar ilə mastarlama işləmini yerinə yetirmək; Əgər beton səthi gələcəkdə boyanacaqsa, müvafiq cilalama aləti ilə cilalama prosesini həyata keçirmək; Yuxarıda sadalanan işlərdən sonra hava şəraitini nəzərə alaraq, uyğun material ilə beton səthini qoruyacaq materialı beton üzərinə çəkmək; İş prosesindən əvvəl və sonra iş yerini istehsalat tullantılarından təmizləmək, tullantıları müəyyən olunmuş yerlərə toplamaq; Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğın və elektrik təhlükəsizliyi üzrə müvafiq təlimlərdə aldığı göstəriş və təlimatların tələblərinə, habelə uyğun prosedurlara əməl etmək. İddiaçı İnqlab oğlunun işlədiyi iş yeri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısf’mn təsdiq edilməsi barədə 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarın 27-ci maddəsinin “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında 2290000a-11140 nəzərdə tutulmuş a) fəhlələr: asfalt - betonçular və 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarının 29-cu maddəsinin “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında nəzərdə tutulmuş a) fəhlələr: asfalt və beton döşəyənlər bəndinə uyğundur.

6. Məhkəmənin iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.

7. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

8. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

9. Belə ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

10. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

11. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

12. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.

13. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).

14. Odur ki, bu qəbildən olan nəzəri baxımdan iddia məcburetmə iddiası kimi qəbul edilərsə, iddiaçının fundamental konstitusyon hüququ iddia müddəti ilə əsassız olaraq məhdudlaşdırılmış olar. Bu isə dövlətin ali məqsədi ilə uzlaşa bilməz və qarşıya qoyulmuş məqsədlərə uyğun hesab edilə bilməz. Digər tərəfdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsi əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsini nəzərdə tutur. Bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.

15. İddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məktubla imtina edilmişdir.

16. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra-Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələrində nəzərdə tutulan şəxslərin pensiyalarının təyin edilməsini, hərbi qulluqçuların və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunu və onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsini, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılması mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır.

17. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

18. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

19. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

20. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 73.1-ci maddəsi tətbiq oluna bilər.

21. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

22. İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür, əmək fəaliyyətinə xx.xx.2003-cü il tarixdə başlamışdır.

23. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının ümumi iş stajı ilə bağlı mübahisə yoxdur. Belə ki, cavabdehin xx.xx.2025-ci il tarixli xidməti məktubuna əsasən müəyyən edilir ki, İddiaçı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya sığorta kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 60 yaşının tamamlandığı xx.xx.2023-cü il tarixə ona münasibətdə 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı 78887,80 manat təşkil edir.

24. Cavabdeh, eyni zamanda, iddiaçının güzəştli iş stajının mövcud olmadığını bildirmişdir. Belə ki, cavabdeh tərəfindən xx.xx.2003-xx.xx.2009-cu il, xx.xx.2009-xx.xx.2012-ci il, xx.xx.2012-xx.xx.2017-ci il və xx.xx.2017-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər ərzində iddiaçının betonçu vəzifəsində işlədiyi qəbul edilmiş, lakin işlədiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmaması əsas gətirilərək güzəştli iş stajina daxil edilməmişdir.

25. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, iddiaçının ******* nömrəli əmək kitabçasına və "xxxx" MMC-nin arayışına əsasən, o, xx.xx.2003-xx.xx.2009cu il, xx.xx.2009-xx.xx.2012-ci il, xx.xx.2012-xx.xx.2017-ci il və xx.xx.2017-xx.xx.2023-cü il tarixlərdə Azfen BM-in (hal-hazırda Azfen MMC) layihələrində betonçu peşəsində çalışmışdır və hal-hazırda betonçu olaraq işləyir. Bu işin mübahisəsiz halıdır.

26. İnzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur.

27. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işəgötürən hüquqi şəxs "xxxx" MMC-nin tərəfindən təqdim edilən güzəştli arxiv arayışından bəlli olur ki, İddiaçı xx.xx.2003-cü il tarixdən xx.xx.2009-cu il tarixədək, xx.xx.2009-cu il tarixdən xx.xx.2012-ci il tarixədək, xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixədək, xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək, xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Azfen BM-in (hal-hazırda Azfen MMC) layihələrində betonçu peşəsində çalışmış və hal-hazırda betonçu olaraq işləyir. İddiaçının işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarın 27-ci maddəsinin “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında 2290000a-11140 nəzərdə tutulmuş a) fəhlələr: asfalt - betonçular və 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarının 29-cu maddəsinin “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında nəzərdə tutulmuş a) fəhlələr: asfalt və beton döşəyənlər bəndinə uyğundur.

28. Göründüyü kimi iddiaçının xx.xx.2003-xx.xx.2009-cu il, xx.xx.2009-xx.xx.2012-ci il, xx.xx.2012-xx.xx.2017-ci il və xx.xx.2017-xx.xx.2023-cü il tarixlərdə işlədiyi betonçu vəzifəsi güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşəyə uyğundur.

29. Belə ki, iddiaçının xx.xx.2003-xx.xx.2009-cu il, xx.xx.2009-xx.xx.2012-ci il, xx.xx.2012xx.xx.2017-ci il və xx.xx.2017-xx.xx.2023-cü il tarixlərdə Azfen BM-in (hal-hazırda Azfen MMC) layihələrində betonçu vəzifəsi - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiqlənmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2№-li siyahısı”nın “XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bəndinin 2290000a şifrəli “a) fəhlələr bölməsinsdə şifrə 2290000a—11140 ilə göstərilmiş “asfalt — betonçular” peşəsinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarının “Qərarın 29-cu maddəsinin “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında a) fəhlələr: asfalt və beton döşəyənlər vəzifəsinə uyğun gəlməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifədir.

30. Həmçinin məhkəmə qeyd edir ki, güzəştli iş stajına dair arxiv arayışında iddiaçının əmək funksiyaları göstərilmişdir: - Betonlama işləri üzrə verilmiş istehsalat tapşırıqlarını müvafiq normalara, prosedurlara və keyfiyyət tələblərinə riayət etməklə icra etmək; Betonlamanın başlanma və bitmə tarixi barədə iş icraçısından məlumat əldə etmək; Əməliyyatlar zamanı keyfiyyət şəraitinin necə təmin olunacağı barədə təlimatlandırılmaq; İş yerinin təhlükəsiz olmasına diqqət yetirmək, betonlama işlərinin yerinə yetirilməsini, verilmiş tapşırıqların icrasını, betonlama ləvazimatlarının istismarını və qorunmasını qüvvədə olan müvafiq prosedur və təhlükəsizlik qaydalarına uyğun təmin etmək; Betonlanacaq sahələrin və həcmlərin betonlama işlərinin başlanması üçün tam hazır olmasına əmin olmaq, betonlama prosesindən sonra betona qulluq qaydalarına tam riayət etmək; Beton gətirən maşınlardan və digər ləvazimatlardan (kran vasitəsilə verilən qablardan) betonun qəbul edilməsi qaydalarına düzgün riayət etmək; Hava şəraitinə uyğun olaraq, qurutma və mühafizə prosesində istifadə olunacaq materilları hazırlamaq; Qəlib və armaturları nəzərdən keçirmək və müşahidə olunan çatışmamazlıqların aradan qaldırılmasını təmin etmək; Beton töküləcək sahənin təmizliyini etmək, beton tökməzdən əvvəl qəlibi sulamaq; Betonun homojenliyinə xələl gətirmədən standarta uyğun olaraq qəlibə yerləşdirmək, beton yerləşdirmədə maili layların əmələ gəlməməsini təmin etmək; Betonu qəlibə lazımi hündürlükdə tökmək, betonda soyuq birləşmələrin - dərzlərin olmayacağı şəkildə betonu yerləşdirmək; Betonu qəlibi açmayacaq və armaturun yerdəyişməsinə səbəb olmayan şəkildə tökmək; Betonun töküləcəyi hündür elementlər üzərində əlavə borular və ya şlanqlardan istifadə etməklə betonu tökmək, uyğun vibratordan istifadə etmək; Armatur və qəliblə təmas etmədən vibratoru uyğun müddət ərzində səthə perpendikulyar saxlamaq, betonu vibratorun ucu ilə üfüqi hərəkət etdirmək; Təzə betonu yerə qoyarkən betonun qalınlığından və lay səviyyəsindən əmin olmaq və Vibrasiya nöqtələrinin təsir sahələrinin kəsişməsinə diqqət yetirmək. Betonu yerləşdirmə işi bitdikdən sonra uyğun mastar ilə mastarlama işləmini yerinə yetirmək; Əgər beton səthi gələcəkdə boyanacaqsa, müvafiq cilalama aləti ilə cilalama prosesini həyata keçirmək; Yuxarıda sadalanan işlərdən sonra hava şəraitini nəzərə alaraq, uyğun material ilə beton səthini qoruyacaq materialı beton üzərinə çəkmək; İş prosesindən əvvəl və sonra iş yerini istehsalat tullantılarından təmizləmək, tullantıları müəyyən olunmuş yerlərə toplamaq; Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğın və elektrik təhlükəsizliyi üzrə müvafiq təlimlərdə aldığı göstəriş və təlimatların tələblərinə, habelə uyğun prosedurlara əməl etmək.

31. İddiaçı tərəfindən betonçu sahəsində aparılan əməliyyatlar sağlamlığa təhlükəli tərkibli maddələrdən istifadə ilə əhatələnən işlər olmaqla güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətlərə sahibdir.

32. Göstərilənlərə əsasən məhkəmə müəyyən edir ki, iddiaçının mübahisəli dövrlərdə (xx.xx.2003-xx.xx.2009-cu il, xx.xx.2009-xx.xx.2012-ci il, xx.xx.2012-xx.xx.2017-ci il və xx.xx.2017-xx.xx.2023-cü illər) işlədiyi müəssisə (Azfen MMC- indiki adı) mövcud olmuş və onun həmin müəssisədə işləməsi təsdiq olunduğundan cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmaqla cavabdeh tərəfindən sübutetmə vəzifəsi icra edilməmişdir. Odur ki, iddiaçının qeyd edilən dövrlərdə işləməsinə dair əsaslı şübhələr aşkar olunmadı.

33. Beləliklə, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən peşədə qanunvericiliklə tələb olunan 12 il 6 ay müddətindən çox müddətdə işləməsi ******* nömrəli əmək kitabçası, işəgötürən müəssisə - Azfen MMC-nin arayışı ilə təsdiqlənir.

34. Nəticə etibarı ilə iddiaçının ən azı 12 il 6 ay güzəştli iş stajı mövcuddur.

35. İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür və 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir.

36. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

37. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir.

38. Qanunun 7-ci maddəsində isə qeyd olunur ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

39. Göründüyü kimi, iddiaçı 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxs olmadığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün 2 şərt lazımdır: i) tələb olunan yaş; ii) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı və ya ən azı 25 il staj.

40. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

41. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

42. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

43. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

44. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddiaçı xx.xx.2023-cü il tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar