Məhkəmə qərarları › İş №2-1(112)-13483/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13483/2023

17.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13483/2023 17.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iştirakı ilə, Birgə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyata alınma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. Birgə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 İddiaçı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanına, İddiaçı3 N.ünvan 2nvanına qeydiyyata alınması vəzifəsinin cavabdeh Nərimanov Rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək X1 da ünvan 1 ünvanına qeydiyyata alınması vəzifəsinin cavabdeh Nərimanov Rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, N.Nərimanov rayon İcra Hakimiyyəti Başçısının müvafiq göstərişi ilə, ünvan 1-də iki otaqlı mənzili İddiaçı1 və digər iddiaçı həyat yoldaşı İddiaçı2, otaq 10 isə digər İddiaçı3 yaşayış yeri kimi verilmişdir. Həmin mənzillər yaşayış üçün yararlı vəziyyətdə olmadığından, iddiaçl Əliyev X3 Bank Açıq Səhmdar Cəmiyyətinin İçəri şəhər filialından kredit götürərək otaqları yararlı vəziyyətə gətirmiş və həya yoldaşı ilə orada yaşamağa başlamışdır. Qeyd edilən yaşayış ünvanına həyat yoldaşı və anası ilə qeydiyyata düşmək üçün İddiaçı1 müvafiq ərizə ilə Azərbaycan Respublikası DİN-nin Baş Pasport və Miqrasiya İdarəsinə və N.Nərimanov rayon Polis idarəsinə müraciət etmişdir. Lakin DİN-nin Baş Pasport və Miqrasiya İdarəsinin 27 iyul 2023-cü il tarixli cavab (imtina) məktubu ilə və N.Nərimanov tayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli 50/2-Ə-22370/11 cavab (imtina) məktubları ilə imtina edilmişdir. İddiaçılar hesab edirlər ki, hər iki imtina qanunsuz və əsassızdır.

4. Cavabdeh tərəfindən İddiaçı1 ünvanlanan məktubda qeyd olunmuşdur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, iddiaçıların yaşadıqları evin müvafiq sənədini (dövlət reyestrindən çıxarış, icarə-kirayə müqaviləsi, yaşayış sahəsi verən şəxsin razılıq ərizəsi və s.) təqdim edilməlidir. Əks təqdirdə qeydiyyata alınma mümkün deyildir. İddiaçıların bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etməyinin məqsədəmüvafiq olduğu qeyd olunmuşdur.

5. Cavabdeh Nərimanov Rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023cü il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı2, İddiaçı3 və İddiaçı1 qeydiyyata alınmaları barədə müraciətləri Nərimanov RPİ-nə daxil olmuşdur. Cavabdeh tərəfindən məktubla ərizəçilərə rəsmi qaydada cavab olaraq bildirilmişdir ki, 'Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşadığınız evin müvafiq sənədini (dövlət reyestrindən çıxarış, icarə-kirayə müqaviləsi, yaşayış sahəsi verən şəxsin razılıq ərizəsi və s.) təqdim etmək tələb olunur. Əks təqdirdə qeydiyyata alınmanın cavabdeh tərəfindən mümkün olmadığı və bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etmələrinin məqsədəmüvafiq hesab edildiyi qeyd edilmişdir.

6. 37 saylı MKİS tərəfindən verilmiş 032103 nömrəli Arayışda qeyd olunmuşdur ki, İddiaçı1 həqiqətən M.Məmmədov küçəsi, 4a nömrəli evin 8 nömrəli mənzilində qeydiyyatsız yaşayır: Ailə təkibi: 1.özü – 1989

2. anası – İddiaçı3 – 1966

3. həyat yoldaşı – İddiaçı2 - 2000

7. Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi xx.xx.2023-cü il tarixli, 111 nömrəli Arayışda qeyd olunmuşdur ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 həqiqətən 2021-ci ildən ünvan 5 ünvanında yaşayırlar.

8. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, məhkəmə iclasında cavabdehin nümayəndəsi iştirakı olmadan baxılmasına etiraz etmirlər.

9. Məhkəmənin baxış iclasında iştirak edən iddiaçılar iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdirlər.

II. İddianın növü və mümkünlüyü

10. İPM-dən: 30.1 Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.4. İnzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır.

11. Məhkəmə iddiaçıların mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olduqlarında prosessual həmiştirakçılığı yolverilən hesab edir.

12. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.

13. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

14. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.

15. İddiaçının cavabdeh orqana etdiyi müraciətə cavab olaraq verdiyi xx.xx.2023-cü il tarixli cavabında qeyd edilən məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.

16. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

17. Cavabdeh qurumun hərəkətləri iddiaçıların hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.

19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə (Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması) əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir.

20. CMS-AZEMİS məlumat-axtrarış sistemindən görünür ki, iddiaçıların şəxsiyyət vəsiqələrinin statusu “aktivdir” (iddiaçılar qeydiyyatda olduqları ünvanda yaşamırlar və həmin məznillə heç bir əlaqələri yoxdur).

21. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçılar qeydiyyata alınmağı arzu etdikləri mənzildə uzun illərdir ki yaşayırlar və kommunal xidmətlərdən istifadə edirlər. Məhkəmə hesab edir ki, işin faktiki hallarına fərdi yanaşmaqla qeyd edilənlər iddiaçının həmin evlə kifayət qədər yetəri və sabit dərəcədə davamlı bağlılığını (əlaqəni) ifadə edir və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən “Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd” və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi hesab oluna bilər.

22. Odur ki, məhkəmə hesab edir ki, müvafiq qeydiyyat “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmanın məqsədlərinə uyğun olmaqla iddiaçının uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmağa xidmət etdiyindən iddia təmin edilməlidir.

23. Qeyd edilən yanaşma X5 məhkəməsinin təcrübəsinə də əsaslanır. X5 Konvensiyasının 8ci maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. X5 Konvensiya orqanlarının məhkəmə təcrübəsinə görə, 8-ci maddənin mənası daxilində "mənzil" anlayışı qanuni əsaslarla yaşanılan və ya hüquqi olaraq rəsmiləşdirilmiş yaşayış sahələri ilə məhdudlaşmır. "Mənzil" daxili qanunvericiliyə uyğun olaraq müəyyən edilməyən müstəqil (avtonom) bir anlayışdır. Müəyyən bir yaşayış yerinin 8-ci maddənin 1-ci bəndinin təminatlarının qüvvədə olduğu bir "mənzil" olub-olmaması faktiki hallardan, yəni müəyyən bir yerlə kifayət qədər və sabit əlaqələrin mövcudluğundan asılıdır. (Bax Prokopovich v. Russia xx.xx.2004, ərizə №58255/00, § 36, Buckley v. the United Kingdom, qərar xx.xx.1996 г., Qərar və qərardadlar toplusu 1996- İV, §§ 52-54 и Komissiyanın xx.xx.1995-ci il hesabatı § 63; Gillow v. the United Kingdom, xx.xx.1986, Seriya А №109, § 46; Wiggins v. the United Kingdom, № 7456/76, Komissiyanın xx.xx.1978-ci il tarixli qərarı, Qərarlar və məruzələr (DR) 13, səh. 40).

24. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müdəalarının şərh olunması barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərarında Konstitusiya Məhkəməsi tərəfindən qeyd edilən hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikasında yaşayan bütün şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrininin icra edilməsi barədə Qanunun tələbi mütləq yerinə yetirilməlidir. Yaşayış yeri olmayan vətəndaşların qeydiyyatını isə Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları təşkil etməlidirlər. Digər ölkələrin təcrübəsini nəzərə alaraq bu orqanlar belə vətəndaşları xüsusi yerlər üzrə qeydiyyatdan keçirməklə onlara Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsini təmin edə bilərlər. Belə ki, eyni problemlə rastlaşan Ukrayna və Belarusiyada bu məsələnin həlli üçün müəyyən yaşayış yeri olmayan şəxslərin reqional Qeydiyyat Mərkəzləri yaradılmışdır.

25. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

26. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

27. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh qurumun imtinası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 13, 17, 19, 24-cü maddələrinə zidd olduğundan qanunsuz hesab edilməlidir.

28. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı1, İddiaçı2, X1 ünvan 1 ünvanına, İddiaçı3 N.ünvan 2nvanına qeydiyyata alınması vəzifəsi cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin üzərinə üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar