Məhkəmə qərarları › İş №2-1(112)-13483/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13483/2025

29.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13483/2025 29.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.1963-cü il təvəllüdlüdür. İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək hərbi xidmətdə olmuşdur (02 il 28 gün). İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək müddətdən artıq hərbi qulluqçu qismində həqiqi hərbi xidmət keçmişdr. (01 il 07 ay 17 gün) ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı: - xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək rəngsaz (02 il 02 ay 26 gün); - xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək “Xəzərdənizneftqaz” idarəsinin XXİ Partiya qurultayı adına Gəmi təmiri zavodunda rəngsaz (02 il 02 ay 10 gün); - xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək fəhlə (01 il 03 ay 06 gün); - xx.xx.2002-ci il tarixdən xx.xx.2005-ci il tarixədək X1 betonçu, xx.xx.2005-ci il tarixdən xx.xx.2008-ci il tarixədək qəlibçi, xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixədək betonçu, xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək betonçu, xx.xx.2014-cü il tarixdən xx.xx.2014 tarixədək betonçu, xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək betonçu, xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək betonçu vəzifəsində işləmişdir. (16 il 05 ay 22 gün) AZFEN MMC-nin xx.xx.2025-ci il tarixli Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair Arayışında göstərilmişdir ki, Azfen MMC-də (bundan əvvəl Azfen BM) güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən “betonçu” peşəsində xx.xx.2002-ci il tarixdən xx.xx.2005-ci il tarixədək, xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixədək, xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək, xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək, xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək, xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək dövr ərzində işləmişdir. Onun peşə üzrə sosial sığorta (əmək) stajı 12 il 8 ay 28 gün (on iki il, səkkiz ay, iyirmi səkkiz gün) təşkil edir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti “Bibiheybət” Gəmi Təmiri zavodunun xx.xx.2023cü il tarixli A-81 nömrəli Arayışında göstərilmişdir ki, İddiaçı xx.xx.1992-ci ildən xx.xx.1994cü ilə kimi “Xəzərdənizneftqaz” idarəsinin XXİ Partiya qurultayı adına Gəmi təmiri zavodunda işləyib. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli məktubu ilə göndərilmiş məlumatlardan görünür ki, xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək fəhlə işləmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli imtina məktubu əsasında iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir: “...Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr (a) yarımbəndində asfalt və beton döşəyənlər vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz "xxxx" BM-in sizə dair 12 iyun 2023-cü il tarixli AZF-2023/65K nömrəli arayışında xx.xx.2002-xx.xx.2005-ci il, xx.xx.2009-xx.xx.2010-cu il, xx.xx.2013xx.xx.2014- cü il, xx.xx.2014-xx.xx.2014-cü il, xx.xx.2014-xx.xx.2017-ci il və xx.xx.2017-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər ərzində həmin müəssisədə betonçu vəzifəsində işlədiyiniz qeyd olunub. Göründüyü kimi, işlədiyiniz betonçu vəzifə sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan asfalt və beton döşəyənlər vəzifəsinə aid deyil. Bu səbəbdən də, sizin güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır.” İddia tələbi və iddianın əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 60 yaşı tamam olduğu xx.xx.2023-cü il tarixindən təyin olunması və həmin tarixdən etibarən ona ödənilməli olan pensiya məbləğinin fərqini hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmişdir, cavabdeh orqan öz növbəsində xx.xx.2025-ci il tarixli imtina məktubu ilə müraciəti cavablandırmışdır. Cavabdeh orqan imtina məktubunda qeyd etmişdir ki, AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin fəhlələr bəndində asfalt və beton döşəyənlər vəzifəsi nəzərdə tutulmuşdur. Cavabdeh qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilən "xxxx" MMC-nin arayışında sözügedən müəssisədə betonçu vəzifəsində işlədiyi qeyd edilmişdir və cavabdeh hesab edir ki, qeyd olunan vəzifə AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan vəzifədən fərqlidir, bu səbəbdən iddiaçının güzəştli şərtlərlə iş stajının olmadığını imtina məktubunda qeyd etmişdir. Hesab edir ki, cavabdeh orqanın imtina məktubu işin faktiki hallarına və təqdim edilən sənədlərə ziddir və əsassızdır. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunur 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qe/də alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək persiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və X2 Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X3 qərarlarını, X3 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun S.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərəri və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımoəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusHə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bununla əlaqədar olaraq, iddiaçı tərəfindən zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğunuz peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin(29) fəhlələr(a) yarmbəndində asfalt və beton döşəyənlər vəzifəsi nəzərdə tutulub. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun güzəştli iş stajı yoxdur. Eyni zamanda, "xxxx" BM-in iddiaçıya dair 12 iyun 2023-cü il tarixli AZF- 2023/65K nömrəli arayışında xx.xx.2002-xx.xx.2005-ci il, xx.xx.2009-xx.xx.2010-cu il, xx.xx.2013-xx.xx.2014-cü il, xx.xx.2014-xx.xx.2014-cü il, xx.xx.2014-xx.xx.2017-ci il və xx.xx.2017-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər ərzində adıçəkilən müəssisədə betonçu vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda iddiaçının işlədiyi betonçu vəzifəsi yuxarıda qeyd olunan asfalt və beton döşəyənlər vəzifəsinə aid deyil. Qeyd olunanlar nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubunda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə əsasən, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorurmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməs zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi bele tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Beləliklə, iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər güzəştli iş stajı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkünlük şərtlərinə cavab verir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: ... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; ... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə mübahisə üzrə iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun 60 yaşı, həmin tarixə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün azı 25 il stajı (ümumi) və bu müddətin azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahısı üzrə güzəştli iş stajı olmalıdır. İddiaçının 60 yaşı xx.xx.2023-cü ildə tamam olmuşdur. İddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan bütün dövrləri, o cümlədən hərbi xidmət dövrü nəzərə alındıqda onun xx.xx.2023-cü il tarixədək ümumilikdə 25 il 09 ay 26 gün iş stajı mövcuddur. Göründüyü kimi, iddiaçının xx.xx.2023cü il tarixədək tələb olunan ümumi iş stajı 25 ildən çoxdur. Ümumi iş stajının mövcudluğu cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. Hazırki iş üzrə mübahisə İddiaçı güzəştli şərtlərlə əmək stajı müddətinin hesablanması ilə bağlıdır. Cavabdeh orqan iddiaçının işlədiyi betonçu vəzifəsinin AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş müvafiq Siyahıda göstərilən asfalt və beton döşəyənlər vəzifəsinə aid olmadığını bildirmişdir. Lakin məhkəmə hesab edir ki, iddiaçının 12 il 6 ay güzəştli iş stajının mövcudluğu iş materiallarına əlavə edilmiş arayışlarla öz təsdiqini tapır. Belə ki, iddiaçı xx.xx.2002-xx.xx.2005-ci il, xx.xx.2009-xx.xx.2010-cu il, xx.xx.2013xx.xx.2014-cü il, xx.xx.2014-xx.xx.2014-cü il, xx.xx.2014-xx.xx.2017-ci il və xx.xx.2017-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlərdə "xxxx" BM-də betonçu peşəsində işləmişdir. İddiaçının işlədiyi həmin sahə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı»nda (XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri, kod 2290000a—11140 asfalt — betonçular və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda (29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri - asfalt və beton döşəyənlər nəzərdə tutulmuşdur. İş materiallarında olan, iddiaçının təqdim etdiyi iş yerindən arayışlarda, həmçinin məhkəmənin sorğusuna cavab olaraq təqdim edilən məktubda onun işlədiyi sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Belə ki, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli Arayışında göstərilmişdir: “...vətəndaş İddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2005-ci il tarixədək, xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixədək, xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək, xx.xx.2014cü il tarixdən xx.xx.2014-cü il tarixədək, xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək, xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək Azfen BM-in (hal-hazırda Azfen MMC) layihələrində betonçu peşəsində çalışmışdır. İddiaçı yerinə yetirdiyi əsas əmək funksiyaları aşağıdakılardan ibarət olmuşdur: • Betonlama işləri üzrə verilmiş istehsalat tapşırıqlarını müvafiq normalara, prosedurlara və keyfiyyət tələblərinə riayət etməklə icra etmək; • Betonlamanın başlanma və bitmə tarixi barədə iş icraçısından məlumat əldə etmək; • Əməliyyatlar zamanı keyfiyyət şəraitinin necə təmin olunacağı barədə təlimatlandırılmaq; • İş yerinin təhlükəsiz olmasına diqqət yetirmək, betonlama işlərinin yerinə yetirilməsini, verilmiş tapşırıqların icrasını, betonlama ləvazimatlarının istismarını və qorunmasını qüvvədə olan müvafiq prosedur və təhlükəsizlik qaydalarına uyğun təmin etmək; • Betonlanacaq sahələrin və həcmlərin betonlama işlərinin başlanması üçün tam hazır olmasına əmin olmaq, betonlama prosesindən sonra betona qulluq qaydalarına tam riayət etmək; • Beton gətirən maşınlardan və digər ləvazimatlardan (kran vasitəsilə verilən qablardan) betonun qəbul edilməsi qaydalarına düzgün riayət etmək; • Hava şəraitinə uyğun olaraq, qurutma və mühafizə prosesində istifadə olunacaq materilları hazırlamaq; • Qəlib və armaturları nəzərdən keçirmək və müşahidə olunan çatışmamazlıqların aradan qaldırılmasını təmin etmək; • Beton töküləcək sahənin təmizliyini etmək, beton tökməzdən əvvəl qəlibi sulamaq; • Betonun homojenliyinə xələl gətirmədən standarta uyğun olaraq qəlibə yerləşdirmək, beton yerləşdirmədə maili layların əmələ gəlməməsini təmin etmək; • Betonu qəlibə lazımi hündürlükdə tökmək, betonda soyuq birləşmələrin - dərzlərin olmayacağı şəkildə betonu yerləşdirmək; • Betonu qəlibi açmayacaq və armaturun yerdəyişməsinə səbəb olmayan şəkildə tökmək; • Betonun töküləcəyi hündür elementlər üzərində əlavə borular və ya şlanqlardan istifadə etməklə betonu tökmək, uyğun vibratordan istifadə etmək; • Armatur və qəliblə təmas etmədən vibratoru uyğun müddət ərzində səthə perpendikulyar saxlamaq, betonu vibratorun ucu ilə üfüqi hərəkət etdirmək; • Təzə betonu yerə qoyarkən betonun qalınlığından və lay səviyyəsindən əmin olmaq; • Vibrasiya nöqtələrinin təsir sahələrinin kəsişməsinə diqqət yetirmək; • Betonu yerləşdirmə işi bitdikdən sonra uyğun mastar ilə mastarlama işləmini yerinə yetirmək; • Əgər beton səthi gələcəkdə boyanacaqsa, müvafiq cilalama aləti ilə cilalama prosesini həyata keçirmək; • Yuxarıda sadalanan işlərdən sonra hava şəraitini nəzərə alaraq, uyğun material ilə beton səthini qoruyacaq materialı beton üzərinə çəkmək; • İş prosesindən əvvəl və sonra iş yerini istehsalat tullantılarından təmizləmək, tullantıları müəyyən olunmuş yerlərə toplamaq; • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğın və elektrik təhlükəsizliyi üzrə müvafiq təlimlərdə aldığı göstəriş və təlimatların tələblərinə, habelə uyğun prosedurlara əməl etmək. İddiaçı işlədiyi iş yeri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarın 27-ci maddəsinin “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında 2290000a-11140 nəzərdə tutulmuş a)fəhlələr: asfalt - betonçular və 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarının 29-cu maddəsinin “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında nəzərdə tutulmuş a)fəhlələr: asfalt və beton döşəyənlər bəndinə uyğundur.” Məhkəmə göstərilənləri məcmu halında qiymətləndirərək qeyd edir ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur. Göründüyü kimi, cavabdehin mübahisələndirdiyi və iddiaçının işlədiyi “betonçu” peşəsi üzrə yerinə yetirilən işlərin xüsusiyyətlərinin iddiaçının “beton döşəyən” peşəsinə aid işlərin xüsusiyyətləri ilə eyni olması yuxarıda qeyd olunan arayışla öz təsdiqini tapır. Məhkəmə bu nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-1684/2024 nömrəli qərardadında ifadə edilən hüquqi mövqeni nəzər alır: “... 12. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət, müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. ...” Məhkəmə hesab edir ki, İddiaçı "xxxx" BM-də işlədiyi betonçu vəzifəsinin əmək funksiyaları “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr (a) yarımbəndində asfalt və beton döşəyənlər vəzifəsi ilə eynilik təşkil edir. Həmçinin, qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı»nda XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində 2290000a—11140 kodu ilə asfalt — betonçular peşəsi nəzərdə tutulmuşdur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən (60 yaşının tamam olduğu tarixədək) "xxxx" BM-də xx.xx.2002-ci il tarixdən xx.xx.2005-ci il tarixədək, xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixədək, xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək, xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək, xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək, xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək betonçu vəzifəsində çalışdığı dövrlər zərərli əmək şəraiti kimi nəzərə alınmalıdır. Odur ki, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək şəraiti zərərli və ağır işlərdə 12 il 6 aydan çox stajı mövcuddur. Bu səbəbdən 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçıya 60 yaşdan, yəni xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi və həmin tarixdən etibarən ona ödənilməli olan pensiya məbləğinin fərqinin hesablanaraq ödənilməsi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 60 yaşdan, yəni xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və həmin tarixdən etibarən ona ödənilməli olan pensiya məbləği fərqinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar