Məhkəmə qərarları › İş №2-1(112)-13501/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13501/2024

26.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13501/2024 26.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq məcburetmə tədbiri görüb sərəncam qəbul edilməsi və s. barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Özünəməşğulluq” proqramı çərçivəsində ona mütəxəssis iştirakı olmadan xx.xx.2022-ci il tarixdə müvafiq əmlak müqavilə və aktla təhvil verilmişdir. O, bundan sonra obyekt icarəyə götürərək fəaliyyətə başlamışdır. Lakin verilmiş printer və digər avadanlıqların imza edilən 5000 manat dəyərində olmadığı və yararsız olduğu məlum olmuşdur. Dəfələrlə cavabdehə müraciət etsə də, bununla bağlı tədbir görülməmişdir. İddiaçı ona dəyən ziyanı icarə haqqına görə aylıq 300 manat x 6 ay=1800 manat, aylıq kommunal xərclər 90 manat x 6 ay= 540 manat, günlük xərclər 300 manat x 6 ay= 1800 manat, vergi borcu 700 manat, mənəvi zərər 5880 manat, karantin dövrünə görə zərər ikiqat hesablanma kimi qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh tərəfindən yazılı vəsatətlə məhkəməyə müraciət edilərək iddianın mümkün sayılmaması xahiş edilmişdir. İddiаçı xx.xx.2024-cü il tarixdə, məhkəmə iclasında iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 21710 (iyirmi bir min yeddi yüz on) manat məbləğində dəymiş zərərin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddia tələbini müdafiə edərək, iddianın mümkün sayılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Hazırkı iddia ərizəsi ilə iddiaçı özünüməşğulluğun təşkili ilə bağlı münasibətlər zamanı ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2020-ci il tarixli, 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özünüməşğulluğun təşkili Qaydası”nın: 2.1-ci bəndinə əsasən, özünüməşğulluğun təşkili aşağıdakı mərhələlərdə həyata keçirilir: ... 2.1.4. seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz və işaxtaran şəxslərə natura şəklində material, avadanlıq və digər əmlakın (bundan sonra – əmlak) 1 (bir) il müddətinə müqavilə əsasında verilməsi; ... 7.1-ci bəndinə əsasən, işsiz və işaxtaran şəxsin bu Qaydaya uyğun olaraq seçdiyi özünüməşğulluq istiqamətinin təşkili üçün ona “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada satın alınmaqla və “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrində qeydiyyata alınmaqla müqavilə əsasında natura şəklində material, avadanlıq və digər əmlak verilir. 7.2-ci bəndinə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxslə Agentliyin müvafiq yerli qurumları və ya Mərkəz arasında 1 (bir) il müddətinə müqavilə imzalanır. Əmlak barədə bütün məlumatlar, o cümlədən həmin əmlakın növünə, dəyərinə, keyfiyyətinə və kəmiyyətinə, mənşəyinə, avadanlıqların texniki göstəricilərinə dair məlumatlar, habelə həmin əmlakın foto və video görüntüləri, təhvil-təslim aktları müqaviləyə əlavə edilir. Müqavilə imzalandıqdan sonra ən geci 10 (on) iş günü müddətində müqavilədə nəzərdə tutulmuş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsə verilir. 7.3-cü bəndinə əsasən əmlakın verilməsi barədə müqavilə bağlanıldıqdan sonra 5 (beş) iş günü müddətində özünüməşğulluğa cəlb olunmuş şəxs seçilmiş özünüməşğulluq istiqamətinə uyğun olaraq ailə kəndli təsərrüfatı kimi uçota durmalı və ya fərdi sahibkar kimi qeydiyyatdan keçməli və bu barədə məlumatı elektron kabinetində yerləşdirməlidir. ... Göründüyü kimi hazırkı iş üzrə mübahisə özünüməşğulluğun təşkili ilə bağlı müqavilə münasibətlərindən yaranan mülki hüquq xarakterlidir. O da qeyd edilməlidir ki, iddiaçı ilə sözügedən müqaviləni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi deyil, X2 bağlamışdır. Yuxarıda sadalanan hallara əsaslanaraq məhkəmə hesab edir ki, X2 ilə iddiaçı arasında yaranmış mübahisə inzibati deyil, mülki xarakter daşıdığından, daha dəqiq, müqavilə münasibətləri olmaqla həmin münasibətin məzmununu təşkil edən subyektiv hüquq və vəzifələr mülki hüquqi xarakterə malik olduğu üçün işə (cavabdeh X2 ilə əvəz edilsə belə) inzibati qaydada baxılması mümkün deyildir. Hüquq münasibətinin xarakteri ilə bağlı məhkəmə bir daha qeyd edir ki, iddiaçı “kompensasiya” tələbinə dair iddia ərizəsi ilə yuxarıda qeyd olunan inzibati orqana qarşı iddia irəli sürsə də, cavabdeh ilə hazırkı iddiaçı arasında hər hansı inzibati münasibət yaranmamışdır ki, ondan da inzibati mübahisə törənmiş olsun. Çünki, iddia tələbində qeyd edilən “kompensasiya” iş üzrə cavabdehin (o cümlədən X1) hər hansı inzibati icraat, yaxud inzibati orqanın fəaliyyət dairəsi üzrə hərəkətlərlə əlaqədar deyildir. İddiaçının qaldırdığı məsələlər publik hüquq münasibətlərinə aid olmadığından, başqa sözlə mülki hüquq münasibətləri ilə əlaqədar olduğundan iddiaçının hazırkı tələbləri inzibati prosessual qanunvericilik baxımından mümkün hesab edilə bilməz. Məhkəmə vurğulayır ki, iş üzrə iddiaçı ilə X2 müqavilə bağlamaqla qarşılıqlı hüquq və vəzifələrə malik olduğundan, bu münasibətdə bərabərhüquqlu subyekt kimi iştirak etmişdir və tərəflər arasında olan bu hüquq münasibəti inzibati orqanla şəxsin hakimiyyət tabeli münasibəti kimi, həmçinin inzibati orqanın digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etməsi kimi qiymətləndirilə bilməz. Hazırkı iş üzrə cavabdehlə (o cümlədən X2 ilə) orqanlarla iddiaçı arasında hər hansı publik hüquq münasibətləri olmadığı üçün hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz.” “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 79-1-ci maddəsinə əsasən, vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən çəkilən qərarının sonuncu bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Bu baxımdan, məhkəmə qeyd edir ki, iddiaçının adıçəkilən qurumlara qarşı ehtimal etdiyi hüquqlarının müdafiəsini inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında həll etmək hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarının 15-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar