Məhkəmə qərarları › İş №2-1(112)-13505/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13505/2022

22.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13505/2022 22.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçı Jonson Emmanuelin nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, iddiaçı Jonson Emmanuelin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın qanunsuz sayılaraq ləğv edilməsi və ailə üzvləri ilə birlikdə ona qaçqın statusunun verilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Jonson Emmanuel cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh orqan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli, № İQ- 20/6 saylı qərarının qanunsuz hesab olunması və ailə üzvləri ilə birlikdə ona qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı Nigeriya Federativ Respublikasının Delta ştatının Abgor şəhərində doğulmuşdur. Milliyətcə nigeriyali-igbo tayfasındandır. Dini etiqadına görə xristiandır. 1982-1989-cu illərdə Abgor şəhərində ibtidai təhsil almış, 1990-1995-ci illərdə Abgor şəhərində “X10”da orta təhsilini başa vurmuş, 2002-2004-cü illərdə Benin şəhərində kompüter elmləri üzrə oxumuşdur. 2013-cü ildə Benin şəhərində Harvestime İnstitutunda ilahiyyat üzrə oxumuşdur. 2014-2016-cı illərdə Benin şəhərində Open Universitetində Petroleum marketing ixtisası üzrə təhsil almışdır. İxtisasca neft marketing mütəxəssisidir. 2004-2012-ci illərdə Verri şəhərində Top Chemicals ve Solace microfinance limited şirkətlərində çalışmışdır. 2016-2019-cu illərdə Benin şəhərində sahibkar kimi fəaliyyət göstərmişdir. 2021-ci ilin sentyabrdan 2022-ci ilin mart ayına kimi Dubayda EXPO sərgisində mütəxəssis kimi işləmişdir. Atası vəfat etmiş, iki bacısı və anası isə hal-hazırda Nigeriyada qalır. X4 adlı Nigeriya vətəndaşı ilə evlidir. Bu nikahdan dörd qız övladı dünyaya gəlmişdir. Həyat yoldaşı və dörd qızı ilə birlikdə sığınacaq üçün Azərbaycana gəlmiş, sığınacaq üçün miiraciət etməmişdən qabaq Gürcüstana gedib geri qayıtmışdır. İnsanları qonaqpərvər olmadığına görə Gürcüstanda sığınacaq üçün üçün müraciət etməmiş və yenidən Azərbaycana geri qayıtmışdır. Halhazırda Azərbaycanda ünvan 1 ünvanında müvəqqəti olaraq yaşayır. Ölkəsini tərk edərək Azərbaycanda sığınacaq axtarmasına səbəbləri olduqca çoxdur. Belə ki, ölkəsində təhlükəsizliklə bağlı problemlərin olması və ölüm hallarının artması, Benin şəhərində müsəlman Fulani tayfasının dini zəmində xristianlara tez- tez hücum edilməsi və onların öldürülməsi, tayfalar arası və dinlər arası ədavətin güclənməsi, oğurluq hallarının artması, uşaq oğurluqlarının çoxalması, heç kimlə şəxsi düşmənçiliyi olmamasına baxmayaraq, motosikletinin yandırılması, ölkədəki mövcud vəziyyətin qarışıq olmasına baxmayaraq, ölkə başçısının və polisin rəhbərliyinin Fulani tayfasından olduğu üçün polisin bu halların qarşısını almaqda gücsüz olması, 2019-cu ildə iyun ayının 24-də Benin şəhərində ofisinin digər ofislərlə birlikdə yandırılması, 2019-cu ilin aprel ayında uşaqlarının oxuduğu məktəbdə silahlı atışma olması, atışma zamanı məktəb direktorunun qolundan yaralanması, 2021-ci ilin avqust ayının 26-da atasının naməlum şəxslər tərəfindən oğurlanaraq girov saxlanılması və azad edilməsi üçün pul istənilməsi, lakin atasının girovluqda olduğu üçün ürək tutmasından vəfat etməsi olmuşdur. Beləliklə, o bütün bu yaşadıqlarına dözə bilmədiyi üçün ailə üzvlərilə birlikdə ölkəni tərk edərək qaçqın statusu ilə bağlı cavabdeh quruma müraciət etmişdir. Belə ki, ailə üzvlərilə birlikdə ona qaçqınlıq statusunun verilməsi haqqında xx.xx.2022-ci il tarixli vəsatatət ilə cavabdeh qurum Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, vəsatəti cavabdeh qurum tərəfindən qeydiyyata alınaraq, adına şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə olunmuşdur. Onunla müsahibə keçirilmişdir. Müsahibə yekununda onun söylədiklərinin doğruluğu həmin orqan tərəfindən araşdırılaraq təsdiqlənmişdir. Bunlar doğru olaraq qəbul edilmişdir. Lakin cavabdeh qurum tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, № İQ-20/6 saylı qərarla ona və ailə üzvlərinə qaçqın statusunun verilməsindən imtina edilmişdir. İddiaçı qeyd olunan imtina ilə qətiyyən razılşamır və düşünür ki, yuxarda qeyd edtiyi səbəblər onun vəziyətinin yetərincə çıxılmaz bir halda olduğunu göstərir. Yaşadıqlarından sonra onun qaçqın olaraq Azərbaycana gəlməsinin tək səbəbi isə 2016, 2018, 2019-cu illərdə Dubaya səfər etdiyi zaman sərgi zamanı Azərbaycan haqqında verilən xoş məlumatlar və valehedici təsvirlər olmuşdur. O, həqqiətən də bu ölkədə məskunlaşmaq istəyir. Bu xahişinin nəzərə alınmamamsı və cavabdeh orqan tərəfindən ona imtina cavabı verilməsi isə düşünür ki, heç obyektiv və humanist bir yanaşma deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı iddia ərizəsinə etiraz edərək iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, Nigeriya Federativ Respublikasının vətəndaşı xx.xx.1976cı il təvəllüdlü İddiaçı ailə üzvləri (arvadı, xx.xx.1984-cü il təvəllüdlü X5, qızları, xx.xx.2003cü il təvəllüdlü Johnson Gift, xx.xx.2015-ci il təvəllüdlü X6 Amaka, xx.xx.2016-cı il təvəllüdlü X11, xx.xx.2018-ci il təvəllüdlü X3) ilə birlikdə 14 iyun 2022-ci il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına ***-**** saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla müsahibə keçirilmişdir. Qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı İddiaçı Nigeriya Federativ Respublikasının Delta ştatının Abgor şəhərində doğulduğunu, milliyətcə nigeriyalı-igbo tayfasından olduğunu, dini etiqadına görə xristian (pentokostan) olduğunu, 1982-1989-cu illərdə Abgor şəhərində ibtidai təhsil aldığını, 1990-1995-ci illərdə Abgor şəhərində “X10”da orta təhsil aldığını, 2002-2004-cü illərdə Benin şəhərində kompüter elmləri üzrə oxuduğunu, 2013-cü ildə Benin şəhərində Harvestime İnstitunda ilahiyyat üzrə oxuduğunu, 2014-2016-cı illərdə Benin şəhərində Open Universitetində Petroleum marketing ixtisası üzrə təhsil aldığını, ixtisasca neft marketinq mütəxəssisi olduğunu, 2004-2012-ci illərdə Verri şəhərində Top Chemicals və Solace microfinance limited şirkətlərində çalışdığını, 2016-2019-cu illərdə Benin şəhərində sahibkar kimi fəaliyyət göstərdiyini, 2021-ci ilin sentyabrdan 2022-ci ilin mart ayına kimi Dubayda EXPO sərgisində sualları cavablandıran mütəxəssis kimi işlədiyini qeyd etmişdir. Ailə üzvləri barədə məlumat verən İddiaçı atasının vəfat etdiyini, iki bacısının və anasının Nigeriyada qaldığını, X4 adlı Nigeriya vətəndaşı ilə evli olduğunu, bu nikahdan dörd qız övladının dünyaya gəldiyini, həyat yoldaşı və dörd qızı ilə birlikdə sığınacaq üçün Azərbaycana gəldiyini, sığınacaq üçün müraciət etməmişdən Gürcüstana gedib geri qayıtdığını, insanların qonaqpərvər olmaması səbəbindən Gürcüstanda sığınacaq üçün müraciət etmədiyini, Azərbaycana geri qayıtdıqdan sonra qaçqın statusunun verilməsi üçün müraciət etdiyini bildirmişdir. Ölkəsini tərk edərək Azərbaycanda sığınacaq axtarma səbəbi haqqında danışarkən ərizəçi ölkəsində təhlükəsizliklə bağlı problemlərin olduğunu, ölüm hallarının artdığını, Benin şəhərində müsəlman Fulani tayfasının dini zəmində xristianlara tez-tez hücum etdiyini və onları öldürdüyünü, tayfalar arası və dinlər arası ədavətin gücləndiyini, oğurluq hallarının artdığını, uşaq oğurluqlarının çoxaldığını, heç kimlə şəxsi düşmənçiliyi olmamasına baxmayaraq motosikletinin yandırıldığını, ölkədəki mövcud vəziyyətin qarışıq olduğunu, ölkə başçısının və polisin rəhbərliyinin Fulani tayfasından olduğunu, polisin bu halların qarşısını almaqda gücsüz olduğunu, 2019-cu ildə iyun ayının 24-də Benin şəhərində ofisinin digər ofislərlə birlikdə yandırıldığını, 2019-cu ilin aprel ayında uşaqlarının oxuduğu məktəbdə silahlı atışma olduğunu, atışma zamanı yalnız məktəb direktorunun qolundan yaralandığını, ümumilikdə ölkəsini təhlükəsizlik problemi səbəbindən tərk etdiyini, 2021 -ci ilin avqust ayının 26-da atasının naməlum şəxslər tərəfindən oğurlanaraq girov saxlanıldığını, azad edilməsi üçün pul istənildiyini, lakin atasının girovluqda ürək tutmasından vəfat etdiyini, bu cür halların tez-tez baş verdiyini, bu səbəbdən ailə üzvləri ilə birlikdə ölkəsini tərk edərək qaçqın statusu ilə bağlı müraciət etdiyini bildirmişdir. Ərizəçinin ərizə-anketin qeydiyyatı və müsahibə zamanı söylədiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və bu məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, ərizəçi özünün və ailə üzvlərinin etibarlı pasportlarını təqdim edərək adını, yaşını, vətəndaşlığını sübut etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. Ərizəçinin qaçqın statusunun verilməsi ilə bağlı dediklərinin təhlili aparılarkən təqdim etdiyi digər məlumatların təhlili zamanı şəxsin verdiyi məlumatlar da inandırıcılıq baxımından müsbət qiymətləndirilmişdir. Təhlil zamanı əldə edilmiş nəticələrdən və özünün də verdiyi məlumatlardan onun ümumilikdə ölkəsini təhlükəsizlik nöqteyi-nəzərindən tərk etdiyi, şəxsən özünə və ailə üzvlərinə qarşı hansı bir təhdid və ya təqibin olmadığı müəyyən olunmuşdur. Şəxsin ofisinin yandırılması ilə bağlı məlumatların təhlili və mənşə ölkəsi haqqında aparılan araşdırmalar zamanı Nigeriya bazarlarında bu cür yanğın hadisələrinin tez-tez baş verməsi, səbəbinin isə yüksək elektrik gərginliyi, mağazalarda kimyəvi məhsulların olması, yanğınsöndürmə xidmətinin normal fəaliyyət göstərməməsi ilə bağlı olduğuna dair nümunələrə rast gəlinmişdir. İddiaçı ərizə-anketinin qeydiyyatı və müsahibə zamanı verdiyi məlumatlardan Abgor şəhərində doğulmasını, anası və bacısının Verri şəhərində yaşamasını, 2004-2012-ci illərdə Verri şəhərində işləməsini nəzərə alaraq onun mənşə ölkəsində yerdəyişmə alternativinin olmasını göstərmişdir. Həmçinin ərizəçinin təqdim etdiyi pasportlara əsasən onun 2016, 2018, 2019-cu illərdə Dubaya səfər etməsi, 2019-cu ildə ölkəsini tərk edərək 3 il ərzində Dubayda yaşayıb işləməsi, Dubayda keçirilən sərgi zamanı Azərbaycan haqqında verilən məlumatlarla tanış olduqdan sonra Azərbaycana gəlməsi, Azərbaycana gəldikdən sonra Gürcüstana səfər edərək vəziyyəti qiymətləndirməsi, Gürcüstanın qaçqın statusuna müraciət etmək üçün uyğun yer olmadığını bildirməsi, Azərbaycana qayıtdıqdan sonra qaçqın statusunun verilməsi ilə bağlı müraciət etməsi İddiaçı sığınacaq deyil gələcək həyatı üçün daha yaxşı şəraiti olan ölkə axtarışında olduğunu müəyyənləşdirmişdir. Həmçinin onun verdiyi məlumatlardan əldə edilmiş nəticəyə əsasən vətəndaşı olduğu ölkə istər dövlət qurumları tərəfindən, istərsə də digər qruplaşmalar tərəfindən şəxsən təhdid və ya təqiblərə məruz qalmaması onun “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq qaçqın statusunun verilməsi meyarlarına uyğun olmadığını göstərmişdir. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra İddiaçı şəxsi işi “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, onun qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu dəlillər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, ərizəçiyə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir (“Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın 12 sentyabr 2022-ci il tarixli, 20 saylı protokolu). Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Azərbaycan Respublikasının qanunun 1-ci maddəsinə əsasən qaçqın Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Belə ki, yuxarıda göstərilən norma hansı şəxslərin qaçqın olma dairəsini müəyyən etmişdir. Beləliklə, şəxslə və ailə üzvləri ilə aparılan müsahibədən sonra əldə olunmuş nəricələrə görə işin hallarında əsaslandırılmış təqib qorxusu mövcud olmadığından DMX tərəfindən əcnəbi şəxsə münasibətdə əsaslı olaraq qərar qəbul edilmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək arvadı X7, yetkinlik yaşına çatmış qızı Johnson Gift və digər yetkinlik yaşına çatmayan 3 qızı- X8, X12 və X9 Amakanın məhkəmə icraatına iddiaçı kimi tanınmasını xahiş etmişdir. İddianın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək ona uyğun məzmunda izahat verərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İddia ərizəsi onun mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdırıraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər. Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun: - 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. -10.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. -58.1-ci maddəsinə əsasən, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. İşin məhkəmə araşdırması ilə müəyyən edilir ki, Nigeriya Federativ Respublikasının vətəndaşı olan iddiaçılar İddiaçı 14 iyun 2022-ci il tarixdə qaçqın statusu verilməsi barədə vəsatətlə cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Vəsatət həmin orqanda araşdırılması üçün qeydiyyata alınmış və ***-**** saylı şəxsi iş açılmış, iddiaçı ilə müsahibə keçirilmişdir. İddiaçı müsahibə zamanı iddia ərizəsində göstərilən halları (milliyyətcə nigeriyalı, igbo tayfasından, dini etiqadına görə xristian (pentokostan) olduğunu, ölkəsində təhlükəsizliklə bağlı problemlərin olduğunu və s.) əsas gətirərək ona qaçqın statusunun verilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti üzrə inzibati icraat həyata keçirilmiş və gətirilən dəlillər və sübutlar qiymətləndirilərək, iddiaçıya qaçqın statusunun verilməsindən imtina olunması barədə 12 sentyabr 2022-ci il tarixdə qərar qəbul edilmişdir. İddiaçı hazırda cavabdehin imtina barədə həmin qərarını mübahisələndirir və ona ailə üzvləri ilə birlikdə qaçqın statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə ilk öncə qeyd edir ki, «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qaçqın – Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 9-cu maddəsinə görə qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş «“Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası»nın 1-ci bəndinin 5-ci hissəsinə görə "qaçqın" statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "qaçqın" statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Qaydanın 3-cü bəndinin 1-ci hissəsinə əsasən "qaçqın" statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edən Dövlət Miqrasiya Xidməti vəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir. Qaydanın 8-ci bəndinə görə müsahibə zamanı şəxs "qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona "qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. Qaydanın 13-cü bəndinə görə şəxsə "qaçqın" statusu verilməsi və ya bundan imtina edilməsi barədə qərarı Dövlət Miqrasiya Xidməti "qaçqın" statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir və bu barədə, imtina haqqında qərar qəbul edildikdə isə belə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilməsi hüququ göstərilməklə, həmin şəxsə beş gün müddətində yazılı bildiriş göndərsin. Göründüyü kimi qanunvericilik “qaçqın” statusunun verilməsi üçün şəxsin vətəndaşı olduğu, yaxud vətəndaşlığı olmayıb adətən yaşadığı ölkənin himayəsindən istifadə edə bilməməsini onun irqi, milli, dini, sosial və ya siyasi səbəblərə görə ölkəsində təqiblərin qurbanı olması və ya olacağı ehtimalını tam əsaslandırması və bu müdaxilənin ehtiyat tədbiri kimi onun üçün zəruri olmasını sübut etməsi halı ilə şərtləndirir. Belə ki, qaçqın statusunun verilməsi üçün qanunla müəyyən olunmuş dispozisiya şərtləri şəxsə münasibətdə ödənilmiş olmalıdır. Yəni şəxsin irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq təhlükəsi mövcud, eyni zamanda həm də real olmalıdır. Qeyd olunan hallarla bağlı təqibə məruz qalacağı ilə bağlı iddiaçının ehtimalları və həmin ehtimallara söykənən qorxu hissi həm ümumu xarakterli, həm də fərdi xarakterli potensial təhlükələrdən irəli gəlməli və onların ağlabatan olduğu qənaətinin formalaşması üçün yetərli olmalıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, mənşə ölkəsinə qayıdacağı təqdirdə iddiaçının təqibə məruz qalacağı, təqib təhlükəsinin reallığı və nəticədə ona ziyan vurulacağı kimi hallar inzibati orqan, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən onun qiymətləndirmə azadlığına əsasən qiymətləndirilir. Bu baxımdan, təqiblərin qurbanı olmaq təhlükəsindən doğan qorxu hissi əsaslı olmalı və şəxsin mənşə ölkəsinə qayıdacağı təqdirdə irqi, milli, dini və ya sosial qrup mənsubiyyətinə yaxud da siyasi əqidəsinə görə real təqibə məruz qalacağına və bundan ziyan çəkəcəyinə qarşı tərəfi inandırma keyfiyyətinə malik olmalıdır. Hazırkı mübahisədə isə istər inzibati icraat, istərsə də məhkəmə araşdırması zamanı yuxarıda qeyd olunan şərtlərin mövcud olması iddiaçılar tərəfindən əsaslandırılmadığından məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti iddiaçılara münasibətdə əsaslı qərar qəbul etmişdir. İddiaçıların mənşə ölkəsində təqibə məruz qalacağı ilə bağlı real riskin mövcudluğu iş üzrə müəyyən olunmuş hallarla təsdiq olunmur. Nəzərə almaq lazımdır ki, iddiaçıların istinad etdiyi hallar vətəndaşı olduğu ölkədəki vəziyyətlə bağlı narahatlıqdan doğan ümumi mülahizələrə söykənir və özü-özlüyündə qaçqın statusunun verilməsi üçün yetərli sayıla bilməz. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ki, iddiaçının ona “qaçqın” statusunun verilməsi ilə bağlı dəlilləri qanunvericliklə («Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə) “qaçqın”a verilən anlayışın tələbləri, buna dair əlamətlərlə əhatə olunmur. Eləcə də iddiaçı vətəndaşı olduqları təhlükəsizliyinin təmin edilməməsi, təqiblərə məruz qalmasını təsdiqləyən tutarlı sübutlar təqdim etməmiş, onun dəlilləri isə mülahizələrə söykənir. İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə qeyd olunanları və işin faktiki hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbinin əsası kimi istinad edilən hallar iş materialları ilə sübut edilmədiyindən, bundan fərqli olaraq isə ləğv edilməsi tələb olunan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin iddiaçılara “qaçqın” statusunun verilməsindən imtina olunması barədə 12 sentyabr 2022-ci il tarixli İQ-20/6 saylı qərarın qanunauyğunluğu məhkəmə araşdırması zamanı təsdiq edildiyindən, iddiaçların həmin qərarın ləğv edilməsi və onlara qaçqın statusunun verilməsi öhdəliyinin cavabehə həvalə edilməsi barədə iddia tələbi əsassızdır və təmin edilməməlidir. İPM-in: - 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar