Məhkəmə qərarları › İş №2-1(112)-1351/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1351/2021

19.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1351/2021 19.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X9 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “28.06.1995-ci il tarixli, 1673 ş/h saylı əmrin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, şifahi məhkəmə baxış iclasında baxaraq, Məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının X8 (general-polkovnik Ramil Usubov) 28 iyun 1995-cı il tarixli, 1673 ş/h nömrəli, «İddiaçı 30 iyun 1995-ci il tarixdən «faktiki fasilə nəzərə alınmamaqla» daxili işlər orqanlarında xidməti işə bərpa olunaraq, Sumqayıt şəhər Polis İdarəsinin polis post patrul xidməti batalyonunun vzvod komandiri vəzifəsinə təyin və «Daxili işlər orqanlarının sıravi və rəis heyətinin xidmət keçmə barədə Əsasnaməsi»nə müvafiq olaraq «polis baş leytenantı» xüsusi rütbəsi bərpa olunmaqla, AR DİN-nin kadrları tərkibinə daxil edilsin» əmrindən «faktiki fasilə nəzərə alınmamaqla» frazasındakı «alınmamaqla» sözünün «alınmaqla» sözünə dəyişdirilməsi, 1978-ci ildən 1983-cü ilə kimi olan 5 il ərzində Azərbaycan Dövlət Universitetində aldığı təhsil dövrün də onun Silahlı Qüvvələrdə xidməti kimi nəzərə alınmaqla əmək stajına daxil edilməsi və 29.06.1990-cu il tarixli, 319 ş/h nömrəli əmrdə onun 29.06.1990-ci il tarixdən xaric olunmağı göstərilməsinə baxmayaraq, xidmət illərinin 27.06.1990-cı ilə kimi hesablanması nəticəsində itirilmiş «2» (iki) günün də əmək stajına hesablanması barədə Qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddianın həcminin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, 28.06.1995-ci il tarixli, 1673 ş/h saylı əmrdəki “nəzərə alınmamaqla” frazasındakı “alınmamaqla” sözünün “alınmaqla” sözünə dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası X8 (C.C.Vəliyev) 27.09.1983-cü il tarixli, 372 ş/h saylı əmri ilə İddiaçı S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirdikdən sonra sabiq ÜİLKGİ-nin (X2 Gənclər İttifaqı) sabiq Oktyabr rayon Komitəsinin zəmanəti əsasında sabiq Kirovabad şəhər Dİl-nin SƏDM İdarəsinə 01.10.1983-cü il tarixdən inspektor vəzifəsinə təyin edilmişdir (bax: əmrin surəti). DİN-ndən alınmış sənədlərdəki «Attestasiya» sənədindən məlum olmuşdur ki, İddiaçı Azərbaycan Respublikası X8 23 iyun 1986-cı il tarixli əmri ilə o, həmin vəzifədən azad edilərək Sumqayıt ŞPŞ-nə ekspert vəzifəsinə təyin edilmişdir. İddiaçı ekspert vəzifəsinə təyin edildikdən sonra həmin vəzifə üzrə ixtisas kursu keçmədiyindən mütəxəssis kimi rəy verməyə buraxılmamışdır. Sumqayıt şəhər DİŞ-nine rəisinin 20.05.1990-cı il tarixdə imzaladığı həmin «Attestasiya» sənədində İddiaçı tutduğu vəzifəyə, yəni «ekspert vəzifəsinə» uyğün olmadına görə DİO-ndan xaric edilməsi məqsədə müvafiq hesab edilmişdir (bax:Attestasiya sənədi). Azərbaycan Respublikası X8 29 iyun 1990-cı il tarixli, 319 ş/h nömrəli əmrinə əsasən polis baş leytenantı İddiaçı sabiq SSRİ Sliahlı Qüvvələrindən 67-ci maddənin «d» bəndinə (attestasiya qaydasında xidməti vəzifəsinə uyğunsuz olması) əsasən ehtiyata buraxılmış və onun xidmət müddəti faktiki olaraq 07 (yeddi) il, 10 (on) ay, 26 (iyirmi altı) gün xidmət ili hesablanmışdır (halbuki Əmək Kitabçasında bu rəqəmlər 06 il, 08 ay, 28 gün hesablanması göstərilmişdir (bax: İddiaçı «Əmək Kitabçası, 2-ci qeyd). 1995-ci ilin əvvəllərində İddiaçı DİN-nin rəhbərliyinin qəbulunda olaraq DİN-ə xidmətə bərpa olunmasına dair ərizə vermiş və onun bu ərizəsi araşdırılması üçün Azərbaycan Respublikası DİN-nin Şəxsi Heyət üzrə Xüsusi İdarəsinə göndərilmişdir. İddiaçı ərizəsinə baxılması üzrə Azərbaycan Respublikası DİN-nin Şəxsi Heyət üzrə Xüsusi İdarəsinin hazırladığı və Azərbaycan Respublikasının Daixili işlər Naziri (general-polkovnik Ramil Usubov) tərəfindən «təsdiq edilmiş» 29 may 1995-ci il tarixli «Rəy»də göstərilmişdir ki, «İddiaçı müvafiq hazırlıq keçmədən «ekspert» vəzifəsinə təyin olunması və mütəxəssis kimi hazırlanmaması nəzərə alınmadan X3 xaric edilməsi çox ağır olmuşdur və bu səbəbdən də onun orqanlara bərpa olunması mümkün hesab edilsin» (bax: 29.05.1995-ci il tarixli Rəy). Azərbaycan Respublikasının X8 (general-polkovnik Ramil Usubov) 29.05.1995-ci il tarixli «Rəy» əsas kimi götürərək verdiyi 28 iyun 1995-cı il tarixli, 1673 ş/h nömrəli əmrində isə göstərilmişdir ki, «İddiaçı 30 iyun 1995-ci il tarixdən, faktiki fasilə nəzərə alınmamaqla daxili işlər orqanlarında xidməti işə bərpa olunaraq, Sumqayıt şəhər Polis İdarəsinin polis post patrul xidməti batalyonunun vzvod komandiri vəzifəsinə təyin və «Daxili işlər orqanlarının sıravi və rəis heyətinin xidmət keçmə barədə Əsasnaməsi»nə müvafiq olaraq «polis baş leytenantı» xüsusi rütbəsi bərpa olunmaqla, AR DİN-nin kadrları tərkibiə daxil edilsin». İddiaçı X3 tərxis olunmasına dair 11.09.2001-ci il tarixli ərizəsinə əsasən onun, Azərbycan Respublikası DİN-nin 18.09.2001-ci il tarixli, Ə1520 ş/h nömrəli əmri ilə «Azərbycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»yə müvafiq olaraq «20.09.2001-ci il tarixdən «istefada olan polis kapitanı sayılmaqla» xidmətdən xaric edilməsi və onun xidmət müddəti əvvəlki müddət də daxil olmaqla 12 il,11 ay, 18 gün hesablanmış və müvafiq imtiyazlar tətbiq edilməklə onun xidmət illəri 17 il, 03 ay, 19 gün təşkil etməsi göstərilmişdir (bax 18.09.2001-ci il tarixli, Ə 1520 ş/h nömrəli əmr). Yuxarıda sadalanan hər iki əmrin məhz belə bir məzmunlarla verilməsi barədə İddiaçı vaxtında məlumat verilməmiş, əmrlərin surəti ona təqdim edilməmiş, onun «Əmək Kitabçası»nda da əmrlərin məzmunu qeyd edilməmiş və «fasilənin nəzərə alınmaması» barədə də qeyd aparılmamışdır (bax: Əmək Kitabçası). Məhz «alınmamaqla» sözü ilə onun əsassız olaraq xidmətdən kənarlaşdırıldığı 29 iyun 1990-cı il tarixdən 30 iyun 1995-ci il tarixə kimi olan « beş il bir gün» onun iş stajına hesablanmamasına gətirib çıxarmışdır. Odur ki, Azərbaycan Respublikasının X8 (general -polkovnik Ramil Usubov) 28.06.1995-ci il tarixli, 1673 ş/h nömrəli əmrindəki «faktiki fasilə nəzərə alınmamaqla» ifadəsindəki «alınmamaqla» sözü dəyişdirilərək «alınmaqla» kimi oxunması barədə qərar qəbul edilməlidir. İş üzrə cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək (dəftərxana vasisəsi ilə) bildirmişdir ki, sabiq polis əməkdaşı xx.xx.1961-ci il təvəllüdlü İddiaçı 01.10.1983-cü ildə daxili işlər orqanlarında xidmətə qəbul olunmuş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 29 iyun 1990-cı il tarixli 319 nömrəli əmri ilə Müvəqqəti Təlimatın 67-ci maddəsinin “d” bəndinə əsasən (attestasiya qaydasında) X3 xaric olunmuş, 1995-ci ildə özünün müraciəti əsasında DİN-in Şəxsi Heyət üzrə Xüsusi İdarəsində aparılmış araşdırma nəticəsində tərtib olunmuş 29.05.1995ci il tarixli rəyə əsasən faktiki fasilə nəzərə alınmadan daxili işlər orqanlarına bərpa olunması mümkün hesab edilmiş və DİN-in 28 iyun 1995-ci il tarixli 1673ş/h nömrəli əmri ilə faktiki fasilə nəzərə alınmamaqla daxili işlər orqanlarına bərpa olunaraq Sumqayıt Şəhər Polis İdarəsinin post-patrul xidməti batalyonunun vızvod komandiri vəzifəsinə təyin olunmuşdur. İddiaçı DİN-in 28 iyun 1995-ci il tarixli 1673ş/h nömrəli əmrinin DİN-in Şəxsi Heyət üzrə Xüsusi İdarəsinin 29.05.1995-ci il tarixli rəyinə zidd tərtib olunması barədə iddiasına cavab olaraq bildirmişlər ki, İddiaçı bu iddiası əsassızdır, çünki hər iki hüquqi sənəddə İddiaçı faktiki fasilə nəzərə alınmadan xidmətə bərpa olunması göstərildiyindən sənədlər arasında heç bir ziddiyyət yoxdur. İddiaçı Azərbaycan Dövlət Universitetində təhsil aldığı beş ilinin daxili işlər orqanlarında xidmət müddətinə əlavə edilməsi barədə iddiası ilə əlaqədar bildirilmişdir ki, iddia əsassızdır. Çünki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” 23.11.1992-ci il tarixli 631 nömrəli Qərarına əsasən daxili işlər orqanlarında orta, böyük və ali rəis heyətinə mənsub şəxslərə pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında xidmətə götürülməzdən əvvəl mülki ali, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində keçirdikləri təlim vaxtı beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edildiyindən İddiaçı təhsil aldığı 5 illik müddətin xidmət illərinə hesablanması mümkün deyildir. Qeyd olunan Qərara əsasən İddiaçı təhsil müddətinin yarısı - 02 il, 06 ayı xidmət illərinə əlavə edilmişdir. 29.06.1990-cı ildə xidmətdən xaric olarkən xidmət illərinə hesablanmamış 2 günün əlavə edilməsi tələbi ilə bağlı bildirmişlər ki, həmin müddət İddiaçı 20.09.2001-ci il tarixdə xaric olarkən onun xidmət illərinə hesablanmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili iş üzrə iddianın mümkün hesab edilərək, təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Şifahi məhkəmə baxışında cavabdehin nümayəndəsi və vəkili iddia ərizəsinə dair təqdim edilmiş etirazı müdafiə edərək, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görəməhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İddia tələbindən aydın göründüyü kimi, iddiaçı 28.06.1995-ci il tarixli, 1673 ş/h saylı əmri mübahisələndirir. Bununla bağlı, Məhkəmə qeyd edir ki, qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 28.12.2015-ci il tarixli qərarında göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri 6 (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. Yuxarıda istinad edilən normaların təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yalnız İPM ilə müəyyən edilmiş qayda və şərtlərə uyğun verilmiş iddianın inzibati məhkəmə icraatı mümkündür. İş materiallarına əlavə edilmiş: - 372 ş/h saylı, 27 sentyabr 1983-cü il tarixli Azərbaycan Respublikası Daxili X5 çıxarışdan görünür ki, İddiaçı 01 oktyabr 1983-cü il tarixdən etibarən Daxili İşlər orqanının sabiq Kirovaba (hazırda Gəncə) şəhər DİN-nin sabiq SƏDM (sosialist əmlakını dağıdanlarla mübarizə) şöbəsinə inspektor vəzifəsinə təyin edilməsi əmr edilmişdir. - 319 ş/h saylı, 29 iyun 1990-cı il tarixli Azərbaycan Respublikası Daxili X5 çıxarışdan görünür ki, İsmayılov X6 Təlimatın 67-ci maddəsinin “d” bəndinə əsasən (attestasiya qaydasında) X3 xaric edilməsi əmr edilmişdir. - 1673 ş/h saylı, 28 iyun 1995-ci il tarixli Azərbaycan Respublikası Daxili X5 çıxarışdan görünür ki, polis baş leytenantı İddiaçı 30 iyun 1995-ci il tarixdən faktiki fasilə nəzər alınmamaqla daxili işlər orqanlarında xidməti batalyonunun vzvod komandiri vəzifəsinə təyin və “Daxili işlər orqanlarının sıravi və rəis heyətinin xidmət keçmə barədə Əsasnaməsi”nə müvafiq olaraq “polis baş leytenantı” xüsusi rütbəsi bərpa olunmaqla, AR DİN-in kadrları tərkibinə daxil edilməsi əmr edilmişdir. - Ə1520 ş/h saylı, 18 sentyabr 2001-ci il tarixli Azərbaycan Respublikası Daxili X5 çıxarışdan görünür ki, polis kapitanı İddiaçı Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin 135-ci maddəsinin 1-ci bəndi ilə (öz arzusu ilə) xidmətdən xaric edilmiş, polis kapitanı İddiaçı, Sumqayıt şəhər polis idarəsinin polis post patrul xidməti taborunun taqım komandiri, “istefada olan polis kapitanı” sayılmaqla, “20” sentyabr 2001-ci il tarixdən. 20 sentyabr 2001-ci il tarixə xidmət müddəti: təqvimi hesablama ilə - 12 il, 11 ay, 18 gün, imtiyazlı hesablama ilə-17 il, 03 ay, 19 gün təşkil etdiyi qeyd edilmişdir. İşin hallarından müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası X8 28.06.1995-ci il tarixli əmrini 06.08.2020-ci il tarixdə məhkəməyə müraciət edərək mübahisələndirmiş, bununla da qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, iddiaçının hazırki iddia tələbi ilə mübahisələndirildiyi Azərbaycan Respublikası Daxili İşlər Naziri tərəfindən qəbul edilən əmr 1995-ci il tarixə aiddir. Həmin əmrlərin iddiaçıya hansı tarixdə rəsmi qaydada təqdim olunması ilə bağlı cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Lakin Məhkəmə qeyd edir ki, ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin "Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat" adlanan XXVİİ fəslinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 (bir) ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə). (Həmin fəsil 10 iyun 2011-ci il tarixli, 143-lVQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə Mülki Prosessual Məcəllədən çıxarılmışdır). Hazırda mübahisələndirilən əmr qəbul edildikdən sonra yuxarıda qeyd edilən prosessual normaların qüvvədə olduğu 15 ildən artıq müddətdə (28.06.1995- 01.01.2011ci illər) mübahisələndirilməmişdir. Belə olan halda, kifayət qədər uzun müddət ərzində iddiaçının həmin əmr barədə məlumatlı olmaması əsaslı şübhə doğurur və inandırıcılıq baxımından ağlabatan mühakimə hesab edilə bilməz. Belə ki, işin araşdırılmış hallarından və məhkəmə iclaslarında da iddiaçının verdiyi izahatlarından aydın olur ki, iddiaçının 1990-cı ildən 1995-ci ilədək işləmədiyi müddət üzrə ona heç bir ödəniş, əmək haqqı ödənilməmişdir. 28 iyun 1995-ci il tarixli 1673ş/h nömrəli əmrlə işə bərpa olunandan sonra da həmin müddət üzrə ödənilməmiş əmək haqlarının ödənilməməsi tələb edilməmişdir. Bu hal da iddiaçının 1990-1995-ci ilədək keçmiş müddətin yenidən işə bərpa olunarkən nəzərə alınmadığından məlumatlı olması deməkdir. Qeyd olunmalıdır ki, ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İPM-in qanuni qüvvəyə mindiyi 01 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunvericiliklə müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti ötürülmüşdürsə, həmin aktlar inzibati prosessual qanunvericiliyə istinadən mübahisələndirilə bilməz. Ona görə ki, İPM əvvəlki qanunvericiliklə müəyyən edilmiş, lakin istifadə müddəti buraxılmış müdafiə imkanını təzələmir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əmrləri inzibati akt hesab olunur və həmin əmrin mübahisələndirilməsinə dair iddialar xüsusi mümkünlük şərtinə - iddia verilməsi müddətinə əməl edilmədən verildikdə mümkün sayıla bilməz. Hazırkı iddia, iddia verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia verilməsi müddəti ötürülməklə verilmişdir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarına və işin hallarına istinad edərək hesab edir ki, iddiaçı mübahisələndirmə haqqında iddia növü üzrə prosessual müddəti ötürdüyündən iddia müddətə dair mümkünlük şərti ödənilməməsi səbəbi ilə mümkünsüz sayılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim : Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar