Məhkəmə qərarları › İş №2-1(112)-1351/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1351/2024

16.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1351/2024 16.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 99 nömrəli, 22 avqust 2012-ci il tarixli sərəncamı ilə Qaradağ rayonunun Lökbatan qəsəbəsində inşa edilmiş S.Orucov küçəsindəki 15B nömrəli evin 64 saylı mənzili üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə alaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun tərtib edilərək verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qaradağ rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 81 mənzilli yaşayış binası inşa olunmuşdur. Bakı şəhərinin Qaradağ, Yasamal, Nəsimi və Nərimanov rayonlarında yaşayış yeri üzrə mənzil növbəsinə dayanmış əlillərin və şəhid ailələrinin sırasında daha çox ehtiyacı olanların mənzillə təmin olunmasını obyektiv həyata keçirmək məqsədi ilə Nazirliyin xx.xx.2009-cu il tarixli 11/7- 129, xx.xx.2010-cu il tarixli 11/7-143 nömrəli əmrinə əsasən xüsusi komissiya yaradılmışdır. Komissiyanın qərarı əsasında Nazirliyin Kollegiyası qərar qəbul etmiş və həmin sənədə əsasən yuxarıda qeyd olunan binadan Qaradağ rayonunda yaşayış yeri üzrə mənzil növbəsinə dayanmış və yaşayış sahəsi ilə təmin edilmək hüququ olan 44 ailəyə mənzillər ayrılmışdır. Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 99 nömrəli, 22 avqust 2012-ci il tarixli sərəncamı ilə Qaradağ rayonunun Lökbatan qəsəbəsində inşa edilmiş S.Orucov küçəsindəki 81 mənzilli 15B nömrəli yaşayış binasından Qaradağ rayonunda yaşayış yeri üzrə mənzil növbəsində olan Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə, 20 Yanvar əlillərinə və X14 iştirakçılarına mənzillərin verilməsi qərara alınmışdır. Həmin sərəncamla 2-ci qrup Qarabağ müharibəsinin əlili, X5 də, 4 nəfər ailə tərkibi ilə Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 15B, 2 otaqlı, sahəsi 44,52 kv.m olan 64 saylı mənzil verilmişdir. X7 vəfat etdikdən sonra, da, hazırkı dövrədək, həmin mənzildə onun ailə üzvləri yaşayırlar. Onun vərəsəsi İddiaçı tanınmışdır. İddiaçı 28 dekabr 2022-ci il tarixdə yuxarıda qeyd edilən mənzilin sənədləşdirilməsilə bağlı olaraq ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin tələbinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtinanı qanunsuz və əsassız hesab edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı müvafiq tələblə xx.xx.2022-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, 15B saylı evin, 64 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma) təqdim edilməmişdir. Belə ki, qeyd olunan mənzilə dair Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 98 saylı sərəncamı xx.xx.2012-ci il tarixdə verilmişdir. Həmçinin bildirilir ki, iddiaçı tərəfindən vərəsəlik işinin açılması və vərəsələrin dairələrinin müəyyən edilməsi barədə notariat ofisinin məktubu təqdim olunmamışdır. Cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11, 11.1, 23-cü maddələrinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********09 saylı cavab məktubundan görünür ki, iddiaçının Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, 15B saylı evin, 64 saylı mənzili üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə baxılmış və bildirilmişdir ki, mənzilə dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan mənzilə dair Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 98 saylı sərəncamı xx.xx.2012-ci il tarixdə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabr 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır". -Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 22 avqust 2012-ci il tarixli, 98 nömrəli Sərəncamının arxiv çıxarışından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qaradağ rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 81 mənzilli yaşayış binası inşa olunmuşdur. Bakı şəhərinin Qaradağ, Yasamal, Nəsimi və Nərimanov rayonlarında yaşayış yeri üzrə mənzil növbəsinə dayanmış əlillərin və şəhid ailələrinin sırasında daha çox ehtiyacı olanların mənzillə təmin olunmasını obyektiv həyata keçirmək məqsədi ilə Nazirliyin xx.xx.2009-cu il tarixli 11/7-129, xx.xx.2010-cu il tarixli 11/7-143 №-li əmrinə əsasən xüsusi komissiya yaradılmışdır. Komissiyanın qərarı əsasında Nazirliyin Kollegiyası qərar qəbul etmiş və həmin sənədə əsasən yuxarıda qeyd olunan binadan Qaradağ rayonunda yaşayış yeri üzrə mənzil növbəsinə dayanmış və yaşayış sahəsi ilə təmin edilmək hüququ olan 44 ailəyə mənzillər ayrılmışdır. Qaradağ rayonunun Lökbatan qəsəbəsində inşa edilmiş S.Orucov küçəsindəki 81 mənzilli 15 B №-li yaşayış binasından Qaradağ rayonunda yaşayış yeri üzrə mənzil növbəsində olan aşağıdakı Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə, 20 Yanvar əlillərinə və X14 iştirakçılarına mənzil verilsin: 1.37 X6 -2-ci qrup Qarabağ müharibəsinin əlili, 4 nəfər ailə tərkibi ilə Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 15 B, 2 otaqlı sahəsi 44,52 kv.m. olan 64 saylı mənzil. X6 (özü), İddiaçı, (həyat yoldaşı), X8 (qızı), X11 (oğlu). -Həmin sərəncama əlavə edilmiş siyahıdan görünür ki, Bakı şəhəri, Sahil qəsəbəsi, Z.Qasımov küçəsi, ev 37a, mənzil 2-də qeydiyyatda olmuş 2-ci qrup Qarabağ müharibəsi əlili X3 4 nəfər ailə üzvü ilə, İV mərtəbədə yerləşən 64 nömrəli mənzil ayrılmışdır. -Qaradağ RPİ tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -Qaradağ rayon VVAQ tərəfindən verilən Vİİ-ЖГ № 377064 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X9 xx.xx.1999-cı il tarixdə nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada “Ağayeva” soyadı verilmişdir. -Bakı şəhəri 8 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2022ci il tarixli qanun üzrə vərəsəlikl hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan arvadı İddiaçıdır və o, miras əmlakdan 1/1 hissədə pay almalıdır. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanmış xx.xx.2023 və xx.xx.2023-cü il tarixli ərizələrdən görünür ki, müvafiq olaraq X10 və X13 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 15b ünvanında yerləşən 64 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmirlər. - Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil –Kommunal Təsərrüfatı Birliyinin 629 nömrəli Forma 2 arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 15b ünvanında yerləşən 64 saylı mənzildə yaşayır. Ailə üzvləri 3 nəfərdən ibarətdir. İşin faktiki hallarından görünür ki, iddiaçının hüquqi marağı və məqsədi Bakı Şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 22 avqust 2012-ci il tarixli 98 nömrəli sərəncamı ilə vərəsəsi olduğu mərhum ərinə ailə üzvləri ilə birlikdə Qarabağ müharibəsi əlili kimi ayrılmış mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına nail olmaqdan ibarətdir. Bununla əlaqədar iddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Həmin Qanundan: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunmalıdır (10.2.1). 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda, bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 17.1-ci maddəsinə əsasən mənzil fondu- Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur. Həmin Məcəllənin 17.2.2-ci maddəsinə əsasən, dövlət mənzil fondu - mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusudur. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanundan:

1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır.

2. Bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir.

5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.

7. Dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər. Beləliklə işin hallarından müəyyən edilir ki, Bakı şəhəri Qaradağ Rayon İcra hakimiyyəti Başçısının 99 nömrəli, 22 avqust 2012-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifariş ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 81 mənzilli yaşayış binası inşa olunmuş, qeyd olunan sərəncama əsasən həmin binanın 64 saylı mənzili 4 nəfər ailə üzvü nəzərə alınmaqla iddiaçının mərhum əri X4 verilmişdir. Göründüyü kimi, sözügedən sərəncam Bakı şəhərinin Qaradağ, Yasamal, Nəsimi və Nərimanov rayonlarında yaşayış yeri üzrə mənzil növbəsinə dayanmış əlillərin və şəhid ailələrinin sırasında daha çox ehtiyacı olanların mənzillə təmin olunmasını obyektiv həyata keçirmək məqsədi ilə Nazirliyin müvafiq əmrinə əsasən xüsusi komissiyanın rəyi əsasında verilmiş və sərəncamın təyinatı məhz Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin vəziyyətinin nəzərə alınması ilə bağlı olmuşdur. Göründüyü kimi sözügedən sərəncamda iddiaçıya mənzilin ayrılmasının hər hansı tələb, o cümlədən hər hansı müqavilənin bağlanılması, yaxud hər hansı digər öhdəliklərin yerinə yetirilməsi ilə şərtləndirilməmişdir. Başqa sözlə, iddiaçının mərhum ərinə mənzil qeyd-şərtsiz ayrılmış və bu baxımdan hazırkı iddia tələbi üzrə iddiaçının mənzilin onun mülkiyyətinə verilməsinə dair qanuni gözləntisi yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının etimad hüququ nəzərə alınmalı və qorunmalıdır. Bu yanaşma hüquqi müəyyənlik prinsipinin tələblərindən də irəli gəlir. Belə ki, hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından, icra hakimiyyəti orqanının mənzilin iddiaçının mülkiyyətinə deyil, daimi istifadəsinə ayırmaq niyyətinin olduğu hallarda, həmin orqan bu niyyəti barədə ən azı iddiaçıya məlumat verməli və bununla bağlı iradəsini mənzilin ayrılması barədə inzibati aktda əks etdirməli, sərəncamda qanunvericiliyin tələblərindən irəli gələn müvafiq müddəalar, o cümlədən mülkiyyətçi ilə sosial kirayə müqaviləsinin bağlanılması barədə müddəa nəzərdə tutulmalı idi. Hazırkı mübahisəyə münasibətdə hüquqi müəyyənlik prinsipindən irəli gələn həmin tələblərə əməl olunduğu müəyyən olunmur. Cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Nəzərə alınmalıdır ki, iddiaçının mərhum ərinin adına ayrılmış mənzilin də yerləşdiyi bina Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzil ehtiyaclarının və mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə inşa edilmiş və onların sosial müdafiəsinin gücləndirilməsi tədbiri kimi qiymətləndirilməlidir. Belə ki, Qarabağ müharibəsi əlili kimi qeydiyyatda olmuş iddiaçının da aid olduğu vətəndaşların sosial rifahının, mənzil şəraitinin yaxşılaşdırılması dövlətin öncül prinsiplərindəndir. Qeyd edilməlidir ki, cavabdeh müvafiq səlahiyyətli icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş sərəncamın məzmununa uyğun davranmağa borcludur. Həmçinin nəzərə almaq lazımdır ki, cavabdeh tərəfindən həmin sərəncam məzmun baxımından təftiş edilə və qüvvədə olduğu müddətdə həmin sərəncamın icrasından imtina oluna bilməz. Ona görə də, hazırkı mübahisəyə münasibətdə qeyd edilən sərəncamın qüvvədə olduğu nəzərə alınmalı, iddiaçının sözügedən mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas qismində qiymətləndirilməli və yetərli sayılmalıdır. Bu baxımdan həmin mənzilin qeydiyyata alınmasına münasibətdə "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsi tətbiq olunmalı və Qaradağ rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 98 nömrəli sərəncamı istinad olunmuş maddədə nəzərdə tutulmuş əsas qismində qəbul edilməlidir. Belə olan halda, cavabdehin imtinası qanuna zidd sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Bundan başqa məhkəmə hesab edir ki, hazırkı mübahisəyə münasibətdə cavabdeh inzibati orqan tərəfindən bərabərlik (bərabər yanaşma) prinsipi də pozulmuşdur. Belə ki, cavabdeh inzibati orqanın oxşar hal üzrə mənzilin dövlət reyestrində qeydiyyatının aparılması ilə bağlı praktikası artıq mövcuddur. Belə ki, eyni binada, eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən ayrı-ayrı şəxslərin mülkiyyət hüququ qeydiyyata alınsa da, iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunmuşdur. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının sözügedən mənzilə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” var. Ona görə də, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 99 nömrəli, 22 avqust 2012-ci il tarixli sərəncamı ilə Qaradağ rayonunun Lökbatan qəsəbəsində inşa edilmiş S.Orucov küçəsindəki 15B nömrəli evin 64 saylı mənzili üzərində İddiaçı mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun tərtib edilərək verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsindəki 15B nömrəli evin 64 saylı mənzili üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun tərtib edilərək verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar