Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13514/2025 09.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X9 İdris oğlunun sədrliyi, X8 oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən Bələdiyyəsi ərazisində yerləşən 400 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu, Xocasən Bələdiyyəsinin 11 dekabr 2013-cü il tarixli, 14/06 nömrəli qərarına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən Bələdiyyəsi ərazisində yerləşən 400 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən Bələdiyyəsinin 01 aprel 2008-ci il tarixli, 06/39 saylı qərarına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən Bələdiyyəsi ərazisində yerləşən 400 kv.m torpaq sahəsi X1 adına sənədləşdirilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 20 noyabr 2013-cü il tarixli qərarı ilə X1 adından çıxarılaraq, iddiaçı adına rəsmiləşdirilməsi barədə Xocəsən Bələdiyyəsi üzərinə vəzifə həvalə edilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edimişdir ki, Nuriyeva Zeynəb qanunla müəyyən edilmiş qaydada torpaq sahəsini əldə etmişdir. Sonradan iddiaçı adına keçirilməsi barədə ərizə ilə Bələdiyyəyə müraciət etmişdir. Bələdiyyə qərarının qanuniliyi və əsaslığı yoxlanılmış və pozuntu halı aşkar edilməmişdir. Bu səbəbdən X1 iddiası təmin edilmişdir. Sonradan həmin sahə məhkəmə qərarı əsasında Bələdiyyə tərəfindən iddiaçı adına rəsmiləşdirilmişdir. Verilən sahə tərəfindən hasara alınmışdır. Yuxarıda qeyd edilən ünvandakı torpaq sahəsi 2013-cü il tarixdən onun istifadəsindədir. Həmin sahə iddiaçı tərəfindən abadlaşdırılmış, kubik daşlarla ərazi əhatələnmişdir. Daha sonra mövcud sənədlər əsasında 400 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndə qeydiyyata alınması ilə bağlı müraciət etmişdir. Şifahi şəkildə imtina cavabı verilmişdir. Yazılı imtina cavabının isə yaxın günlərdə ünvanına göndəriləcəyi bildirilmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli etirazında bildirmişdir ki, iddiaçının iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli ərizə ilə idarəyə müraciət etmiş və **********47 nömrəli xaricolma məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamışdır. Həmçinin yerləşmə cizgisində dəqiq istinadlar, istinad məsafələri qeyd edilməmiş, cizgidəki sahə ilə faktiki göstərilən sahə arasında perimetrik ölçü fərqi mövcuddur. Göstərilən torpaq sahəsi digər torpaq sahəsi ilə bir hasar daxilində yerləşir və bir tərəfdən sərhədləri şərtidir. Bundan başqa, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpaqlarına aiddir. Torpaq sahəsinin 7-8 m məsafəsindən 6 k.V-luq hava elektrik xətti keçir. Eyni zamanda, sənədlər toplusuna əlavə edilən Xocasən Bələdiyyəsinin qərarı xx.xx.2013-cü il tarixlidir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə xx.xx.2007-ci il tarixdə edilmiş dəyişikliyinə əsasən 2007-ci il dekabr ayından etibarən bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin satışı, qanunvericiliklə müəyyən edilmiş bəzi hallar istisna olmaqla, açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə həyata keçirilir. “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli, 261 nömrəli qərarı ilə tənzimlənir. Etirazda qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması xahiş edilmişdir. Məhkəmənin iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən Bələdiyyəsi adi cəlbetmə qaydasında iş üzrə icraata üçüncü şəxs qismində cəlb edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə üçüncü şəxsin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahata verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən Bələdiyyəsinin 01 aprel 2008-ci il tarixli, 06/39 nömrəli qərarına əsasən Binəqədi rayonu, Xocəsən Bələdiyyəsinin ərazisində təqdim edilmiş cizgidə göstərilən ölçü və ünvana uyğun oaraq fərdi yaşayış evinin tikintisi üçün 400 kv.metr torpaq sahəsi alqı-satqı yolu ilə vətəndaş X2 mülkiyyətinə verilməsi qərara alınmışdır. Torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, X5 tərəfindən Xocəsən Bələdiyyəsinin hesabına 896 manat haqq ödənilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2ins(81)-4114/2013 nömrəli, 20 noyabr 2013-cü il tarixli qərarı ilə, iddiaçı X1 iddia tələbi təmin edilmiş, Bakı şəhəri Binəqədi rayonu, Xocasən Bələdiyyəsinin 06/39 saylı, 01 aprel 2008-ci il tarixli qərarı ilə Xocasən Bələdiyyəsinin ərazisində təqdim edilmiş cizgi əsasında fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə X3 verilmiş 400 kv.m. torpaq sahəsini İddiaçı adına rəsmiləşdirilməsi vəzifəsi Bakı şəhəri, Binəqədi rayonu, Xocasən Bələdiyyəsinə həvalə edilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən Bələdiyyəsinin 11 dekabr 2013-cü il tarixli, 14/06 nömrəli qərarına əsasən Binəqədi rayonu, Xocəsən Bələdiyyəsinin ərazisində təqdim edilmiş cizgidə göstərilən ölçü və ünvana uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün 400 kv.metr torpaq sahəsi alqı-satqı yolu ilə vətəndaş İddiaçı Bəxtiyar qızının mülkiyyətinə verilməsi qərara alınmışdır. Cavabdehin məhkəmənin sorğusuna 16 oktyabr 2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Dövlət mülkiyyəti torpağıdır (hər hansı dövlət təsisatlarının balansında olması barədə məlumat yoxdur). Cizgidə dəqiq istinad və istinad məsafələri qeyd edilməyib. Həmin məktuba əlavə edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd olunmuşdur ki, vətəndaşın nümayəndəsi tərəfindən göstərilmiş torpaq sahəsinə baxış keçirildi. Ümumi sahəsi 823,5 kv.metr olan mişar daşı ilə hasarlanmış torpaq sahəsinin bir hissəsidir, bir tərəfinin sərhədi şərtidir. Torpaq sahəsini daxilində tikili yoxdur. 7-8 metr məsafədən 6 kv-luq elektrik xətti keçir. “Xocahəsən” kafesinin yanında yerləşir. Təqdim olunmuş yerləşmə cizgisiylə faktiki torpaq sahəsi arasında uyğunsuzluq var. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır. Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Qanunun: 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 6.9. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən:
55. müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrinin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollar fiziki və hüquqi şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranmasının əsaslarından hesab olunur.
65. torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır.
66. 1.dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.2.Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
67. torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
68. torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin faktiki hallarına əsasən iddiaçıya Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən Bələdiyyəsi ərazisində yerləşən 400 kv.m torpaq sahəsinin ayrılması barədə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən Bələdiyyəsinin qərarı mövcuddur və həmin inzibati akt qanuni qüvvəyə minmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-4114/2013 saylı, 20 noyabr 2013-cü il tarixli Qərarının icrası nəticəsində qəbul edilmişdir. Göründüyü kimi iddiaçıya torpaq sahəsi bələdiyyənin aktı ilə verilmişdir. İnzibati orqanı olan Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən Bələdiyyəsinin sözügedən inzibati aktı hal-hazırda da qüvvədədir. Məhkəmə cavabdehin imtina əsası kimi qeyd etdiyi halları iddiaçının ziyanına şərh edilməməsi kimi qiymətləndirir. Belə ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən Bələdiyyəsinin qərarından da görünür ki, İddiaçı torpaq sahəsi ayrılması barədə ərizəsi Bələdiyyə üzvlərinin iclasında müzakirə olunmuş və 400 kv.m torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilmişdir. Odur ki, bələdiyyə iclasında müzakirə olunmuş məsələ ilə bağlı qərarın qəbul edilməsi zamanı tərtib edilmiş protokoldan çıxarış iddiaçıya təqdim edilmiş və iddiaçı da öz növbəsinə həmin hüquqmüəyyənedici sənədi cavabdehə təqdim etmişdir. Lakin cavabdehin “bələdiyyə qərarının təqdim edilməməsi” əsası ilə iddiaçının müraciətinin icrasından imtinası iddiaçının Konstitusiya ilə təsbit edilmiş mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliklə üzərinə qoyulmuş vəzifələrini yerinə yetirməmiş, qanun normaları vətəndaşa tətbiq edilməmiş, formal əsaslara əsaslanaraq iddiaçının müraciətinə imtina edilmişdir Odur ki, cavabdehin iddiaya dair etirazında göstərilən hallar iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istisna etmir. Məhkəmə, bununla bağlı ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, yuxarıda adıçəkilən maddi hüquq normalarının tələbindən də göründüyü kimi bələdiyyə orqanı mülkiyyətində olan torpaq sahəsini fiziki və hüquqi şəxslərin mülkiyyətinə verilməsi ilə bağlı sərəncam vermək kimi müstəsna səlahiyyətə malikdir ki, bunun davamı kimi həmin torpaq ayırma barədə qərar əsasında torpaq sahəsi ayrılmış şəxsin hüquqlarının dövlət qeydiyyatına alınması zəruriliyi də adıçəkilən maddi hüquq normalarında öz əksini tapmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun 8-ci maddəsinin tələbindən də görünür ki, bələdiyyə qərarı hüququn dövlət qeydiyyatına alınması əsası qismində çıxış edir. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinasını əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Odur ki, iddia təmin edilməli, cavabdehin üzərinə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən Bələdiyyəsinin 11 dekabr 2013-cü il tarixli,14/06 nömrəli qərarına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən Bələdiyyəsi ərazisində yerləşən 400 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi qoyulmalıdır. Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
Qərara aldı:
İddiaçı iddiası təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən Bələdiyyəsinin 11 dekabr 2013-cü il tarixli, 14/06 nömrəli qərarına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən Bələdiyyəsi ərazisində yerləşən 400 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
X11