Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13519/2024 21.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “ödənişin dayandırılması və artıq tutulmuş ödənişlərin geri qaytarılması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il fərmanı tətbiq edilməsi, hal-hazırda aylıq müavinətindən çıxan 50% 181.94 (yüz səksən bir manat doxsan dörd qəpik) ödənişin dayandırılması və artıq tutulmuş ödənişlərin geri qaytarılması haqqında öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü il tarixdə 48 ay müddətinə illik 28 faiz ödəməklə 3800 USD məbləğində "xxxx" Kommersiya Bankı ASC-dən kredit verilmişdir. Qrafik üzrə 1460 USD məbləğində ödənişlər etmiş, lakin müəyyən səbəblərə görə öhdəlik götürdüyü borcun ödənişlərində gecikmələr yaranmışdır. Binəqədi rayon Məhkəməsinin 2(001)-12803/2016 nömrəli xx.xx.2016-cı il tarixli qərarına əsasən ümumilikdə 2339,72 USD məbləğ "xxxx" Kommersiya Bankı ASC- nə ödənilməsi barədə qərar verilmişdir. 2018-ci ilin may ayının əvvəlində “BOA” şirkətinə dəvət olunaraq "xxxx" Kommersiya Bankı ASC-nə ödənilməli olan borcun qalan hissəsini gücü çatacaq qədər bu şirkətə ödəniş etməsini bildirmişlər. Şirkətdən Unibanka olan borcun hansı səbəblə şirkətə ödəməsi ilə bağlı sual verdikdə, rəsmi sənəd tələb etdikdə şirkət nümayəndəsi bunun tam rəsmi şirkət olduğunu və rəsmi sənədin ünvanına göndərilməsi ilə bağlı söz verilmişdir. xx.xx.2018-ci il tarixdən “BOA” şirkətinə ümumilikdə aylıqlarla 1153.7 USD məbləğində ödənişlər etmişdir. xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Prezidentinin “Problemli kreditlərin həlli ilə bağlı krediti olan şəxslərə müəyyən güzəştlər edilməsi və borcun müəyyən hissəsinin silinməsi ödənilmiş artıq pulun hesablanıb geri qaytarılması ilə bağlı fərman imzalamışdır. Azərbaycan Respublikası Prezidentinin imzaladığı fərman restruktruziyasiya imtiyazlarından nə üçün yararlana bilmədiyi və hansı əsaslarla qeyd olunan şirkətə ödəniş etməy ilə bağlı verilən suallara rəsmi cavab ala bilmədiyi üçün ödənişləri dayandırmışdır. xx.xx.2024-cü il tarixində “BOA” şirkətinin Binəqədi rayon İcra Probasiya şöbəsinə ünvanlandığı məktub əsasında müavinətinin 50 faizi (181 manat 94 qəpik) tutularaq “BOA” şirkətinə ödənilir. Bu barədə ona və onun ailə üzvlərinə rəsmi və ya qeyri-rəsmi məlumat verilməmişdir. xx.xx.2024-ci il tarixində "xxxx" Kommersiya Bankı ASC-nin baş offisinə və BOA şirkətinə məktub ünvanlanmışdır ünvanlanan məktublara cavab gəlməmişdir. xx.xx.2024-ci il tarixində Mərkəzi Bankın sədrinə məktub ünvanlanmış (imtina məktubun sürəti əlavə olunur) ünvanlanan məktuba rədd cavabı gəlmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4949/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı cavabdehlər Bakı şəhər “Unibank" ASC-nin Baş Ofisi və "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçıya izah olunur ki, ərizənin qaytarılması nöqsanlar(dövlət rüsumu ödənilməmişdir) aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. "xxxx" X3 Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı ünvanlanmış İMŞİEŞ/04129-2024 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, "xxxx" Kommersiya Bankı ASC-də xx.xx.2013-cü il tarixində 14790nkADJ/13 saylı müqavilə üzrə 48 ay müddətinə 3.800 USD məbləğində nağd kredit rəsmiləşdirilmişdir. Rəsmiləşdirilmiş kredit müqaviləsi və təqdim edilmiş ödəniş şərtləri razılaşdırılaraq imza ilə təsdiqlənmişdir. Ona məxsus kredit müqaviləsi üzrə gecikmələrin olması səbəbi və ödənişlərdə yaranmış çətinliklərin aradan qaldırılması məqsədi ilə 2019-cu il tarixində zənglər daxil olunmuşdur. **********39 nömrəyə xx.xx.2019-cu il tarixində restrukturizasiya ilə bağlı sms bildirişi göndərilmişdir. Buna baxmayaraq güzəştlə bağlı filiala yaxınlaşma aşkar olunmamışdır. "xxxx" ASC və "xxxx" KB ASC arasında bağlanmış kreditlərin qaytarılması üzrə xidmət göstərilməsi haqqında olan müqaviləyə əsasən, 14790nkADJ/l 3 saylı kredit müqaviləsi xx.xx.2021-ci il tarixində 2085,42 AZN qalıq borcla agentliyə güzəşt edilmişdir. Hazırda qeyd olunan müqavilə ilə bağlı "xxxx" ASC-yə müraciət etmək tövsiyə olunur. "xxxx" X3 Səhmdar Cəmiyyəti tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ünvanlanmış BOA-HD/05 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, icraatda olan borclu İddiaçı Astana qızının tələbkar Unibank KB ASC-nin xeyrinə kredit borcunun tutulmasına dair Binəqədi rayon Məhkəməsinin 2(001)-12803/2016 saylı xx.xx.2016-cı il tarixdə icra sənədi vardır. Hal-hazırda İddiaçı qalıq borcu 1153.76 AE dolları təşkil edir. Lakin borclu məhkəmə qərarının icraasından qərəzli şəkildə yayınır, səbəbdən borclu barəsində qanunamüvafiq tədbirlərinin görülməsini Binəqədi Rayon Məhkəməsinin 2(001)- 12803/2016 saylı xx.xx.2016-ci il tarixli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi üçün borclur təqaüdündən 50% həcmində tutulmasına köməklik göstərilməsi xahiş edilmişdir. Tutulacaq məbləğ göstərilən hesab nömrəsinə köçürülməlidir. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İddiaçı ünvanlanmış 6-1-26/2- M-91xx-xx-14555/2024 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasınc fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevr tarixli Fərman (Fərman) imzalanmışdır. Fərmanın 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə 7 mart 2019-cu il tarixində "Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğ hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyye edilməsi Qaydası" (Qayda) təsdiq edilmişdir. Sözügedən Fərmana əsasən fiziki şəxslərə müvafiq kompensasiyalar yalnız devalvasiyaların baş verdiyi günə (xx.xx.2015-ci və ya xx.xx.2015-ci il tarixlərə) banklar və digər kredit təşkilatlarında əsas kredit borcları üzrə qalıq məbləğləri cəmi 10.000 ABŞ dollarınadək (və ya eyni ekvivalentdə digər xarici valyutada ifadə olunan məbləğdə) olduğu təqdirdə verilir. Bundan başqa, həmin Fərmanda 01 mart 2019-cu il tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditləri üzrə vaxtı keçmiş kredit borclarının, yəni 360 gündən çox gecikdirilmiş borcların restrukturizasiya olunması nəzərdə tutulmuşdur. Kreditlər üzrə həmin devalvasiyaların baş verdiyi tarixlərə ümumi qalıq borcu 10.000 ABŞ dollarından (və ya eyni ekvivalentdə digər xarici valyutada ifadə olunan məbləğdən) artıq olduğu üçün kompensasiyaların hesablanması hissəsində Fərmanın əhatə dairəsinə düşməmişdir. Bu məlumatlar pk.cbar.az saytında məxsus şəxsi səhifədə əks olunmaqdadır. Fərmandan yararlanacaq şəxslər “Problemli kredit məlumatlarının sorğulanması" xidmətindən (https://pk.cbar.az/az/kompensasiya#) istifadə etməklə ona hesablanmış kompensasiya məbləği və restrukturizasiya edilməsi təklif olunan kreditlər barədə məlumat əldə edə bilərlər. Eyni zamanda “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019cu il tarixli Fərmanı çərçivəsində kompensasiya məbləğləri və ya restrukturizasiya olunacaq borclar Mərkəzləşdirilmiş Kredit Reyestrinin və müvafiq kredit təşkilatlarının təqdim etdiyi məlumatlar əsasında hesablanmışdır. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, cavabdeh iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən (bundan sonra - Fərman):
1. Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi.
2. Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin.
3. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: 3.1. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etsin; 3.2. bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin.
4. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsinə əsasən bir fiziki şəxsə ödəniləcək vəsaitin ümumi məbləği 5 000 (beş min) ABŞ dollarının manat ekvivalentindən çox olmamalıdır.
5. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki: 5.1. bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin; 5.2. bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin; 5.3. bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin.
6. Banklara tövsiyə edilsin ki: 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Göründüyü kimi, Fərman fiziki şəxslərin xarici valyutada olan borcları ilə bağlı iki istiqamət müəyyən edilir, ödənilmiş borc üzrə kompensasiya alacaq şəxslərə kompensasiyaların ödənilməsi və banklara tövsiyə edilmişdir ki, Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi “Hal-hazırda aylıq müavinətindən çıxan 50% 181.94 (yüz səksən bir manat doxsan dörd qəpik) ödənişin dayandırılması və artıq tutulmuş ödənişlərin geri qaytarılması” hissədə kreditin ödənişinin həyata keçirilməsi ilə bağlıdır. Qeyd edilən hissədə tələb mülki xarakterlidir və iddiaçının müvafiq olaraq səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququ vardır. İddia tələbinin ““Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019cu il fərmanı tətbiq edilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, 10 000 (on min) ABŞ dollarından artıq kredit borcu olan şəxslərin məzənnə fərqinə görə kompensasiya alan şəxslər siyahısına daxil edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. İşin hallarından görünür ki, iddiaçının devalvasiyaların baş verdiyi tarixlərə ümumi qalıq borcu 10.000 ABŞ dollarından (və ya eyni ekvivalentdə digər xarici valyutada ifadə olunan məbləğdən) artıq olduğu üçün kompensasiyaların hesablanması hissəsində Fərmanın əhatə dairəsinə düşməmişdir və iddiaçının ümumi borcu 10 000 (on min) ABŞ dollarından artıq olduğundan onun kompensasiya tələb etmək üçün subyektiv hüququ yoxdur. Qeyd edilən səbəblərdən, məhkəmə prosessual qənaət prinsipinə əsasən qeyd edir ki, iddiaçıya tələbin dəqiqləşdirilməsi ilə bağlı hüquqi yardımın göstərilməsi iddianın mümkünlüyünü istisna etməyəcəkdir. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Aysev Almazova