Məhkəmə qərarları › İş №2-1(112)-1352/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1352/2021

05.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1352/2021 05.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Kəngərli Orxan Rüstəm oğlunun (Bakı şəhərində qeydiyyatdadır, vəkil) iştirakı ilə, İddiaçı Məhərrəm qızının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağın torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə çıxarışın və texniki sənədin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Məhərrəm qızı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Lahiş bağ massivində yerləşən 56/57 nömrəli bağ sahəsinin 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bağlar İdarəsinin İnkişafı və İstismarı Birliyinin 33 nömrəli Bağ Tikinti Kooperativinin 13 nömrəli orderi əsasında bağa ehtiyacı olması nəzərə alınaraq, sahəsi 0,12 ha olan 56/57 nömrəli bağ sahəsi ayrılaraq ona verilmişdir. Qeyd olunan vaxtdan ailə üzvləri ilə birlikdə göstərilən bağ sahəsindən təyinatı üzrə istifadə edərək şəxsi maliyyə vəsait ilə ona ayrılmış torpaq sahəsini uzun illər abadlaşdırmış, aqrotexniki qulluq göstərmişdir. Qeyd olunan bağın torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də ərizəsi təmin olunmamışdır.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, bağların bölgüsünə dair sxematik xəritəsində 56/57 nömrəsi öz əksini tapmamışdır.Bundan əlavə eyni BTK nəzdində 56 saylı bağ sahəsi Muradəliyeva Elmira Ağaverdi qızının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir və hal-hazırda Qardaşov Vüqar Saday oğlunun mülkiyyətindədir. Həmçinin göstərilən ərazi "xxxx" MMC-nin istifadəsinə verilmiş ərazi ilə üst-üstə düşür.Bundan əlavə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 7-5821/17 saylı, 06.11.2017-ci il tarixli mətubunda qeyd olunmuşdur ki, BŞİH-nin idarə arxivi tərəfindən vətəndaş İddiaçı Məhərrəm qızına 14.08.2017-ci il tarixli, Q-255-121 saylı arxiv arayışı təqdim olunmamışdır.Həmin sənəd, imza və möhür saxtadır.BŞİH-nin idarə arxivində 1991-ci ilin noyabr ayından etibarən başlayan sərəncamlar qorunub saxlanılır.Odur ki, 09.10.1990-cı il tarixli sərəncam BŞİH-nin idarə arxivi tərəfindən verilə bilməz.Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Оdur ki, məhkəmə işə cavabdehin iştirаkı оlmаdаn bахmışdır. İddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçının vəkilinin və nümayəndəsinin çıxışını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarında olan: İddiaçının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyinin Ləhiş bağlar sahəsindəki 33 №li kooperativin 13 nömrəli orderinə əsasən İddiaçı Məhərrəm qızına 33 nömrəli BTK nəzdində 56/57 nömrəli bağ ayrılmışdır. Cavabdehin iddiaçıya ünvanlanmış 10.07.2020-ci il tarixli imtina məktubuna əsasən bağların bölgüsünə dair sxematik xəritəsində 56/57 əks olunmaması, eyni BTK nəzdində 56 saylı bağ sahəsinin digər şəxsin adına daşınmaz əmakın dövlət reyestrində qeydiyyatdan keçməsi, göstərilən ərazinin digər şəxsin istifadəsinə verilmiş ərazi ilə üstüstə düşməsi əsası ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvandakı 56/57 saylı bağ sahəsinin iddiaçının adına sənədləşdirilməsindən imtina edilmişdir. Cavabdehin məhkəməyə ünvanladığı 11.09.2020-ci il tarixli məktubuna əsasən Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 56 saylı torpaq sahəsi 60 saylı BTK nəzdində Muradəliyeva Elmira Ağaverdi qızının adına 26.02.2018-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır, həmçinin vətəndaşın 12.10.2017-ci il tarixli müraciətində göstərilən ərazinin sxematik xəritəsində bağın nömrəsi yoxdur və bu ərazilər “Bakıtuneltikinti” X6 ayrılmış ərazilərdir, həmin məktuba əlavə edilmiş Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin Ləhiş bağlar sahəsindəki 60 №li kooperativin 17 nömrəli orderinə əsasən Muradəliyeva Elmira Ağaverdi qızına 60 №li BTK nəzdində 56 №li bağ ayrılmışdır. Cavabdehin məhkəməyə ünvanlanmış 30.04.2021-ci il tarixli və 17.05.2021-ci il tarixli məktublarına əsasən 33 saylı BTK nəzdində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 56/57 nömrəli bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair məlumat aşkar edilməmişdir. Cavabdehin məhkəməyə ünvanlanmış 29.12.2020-ci il tarixli məktubuna əlavə edilmiş sənədlərə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 60 nömrəli BTK nəzdində 56 saylı bağ sahəsi 17 nömrəli orderlə Muradəliyeva Elmira Ağaverdi qızına ayrılmışdır və həmin bağ sahəsi 26.02.2018-ci ildə Muradəliyeva Elmira Ağaverdi qızının adına mülkiyyət hüququ ilə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, iddiaçıya 33 №li BTK tərəfindən kooperativə ayrılmış torpaq sahəsində - Bakı şəhəri, Ləhiş bağlar sahəsində 56/57 nömrəli bağ sahəsi ayrılmışdır, iddiaçı həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı, cavabdehin imtinasını isə əsassız hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:..8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;.. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir...Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. İşin faktiki hallarına əsasən həqiqətən də 33 nömrəli BTK Bakı şəhəri, Ləhiş bağlar sahəsində 55/56 nömrəli bağ sahəsini iddiaçıya ayırmışdır və iddiaçıya bu barədə 13 nömrəli order verilmişdir. İddiaçı həmin orderi cavabdehə təqdim edərək həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etsə də müraciəti təmin edilməmişdir, imtinanın əsası kimi bağların bölgüsünə dair sxematik xəritədə 56/57 nömrəsinin əks olunmaması, eyni BTK nəzdində 56 saylı bağ sahəsinin digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi, göstərilən ərazinin digər şəxsin istifadəsinə verilmiş ərazi ilə üstüstə düşməsi göstərilmişdir. Məhkəmə cavabdehin qeyd edilən əsasla imtinasını əsassız hesab edir ki, belə ki, cavabdeh tərəfindən məhkəməyə 33 nömrəli BTK-ya ayrılmış ərazidəki bağ sahələrinin sxematik xəritəsi təqdim edilməmişdir, cavabdehin məhkəməyə təqdim etdiyi sxematik xəritə isə 33 nömrəli BTK-ya deyil, ”Krokus” MMC-yə aiddir, bundan başqa cavabdeh iddiaçıya ayrılmış 33 nömrəli BTK-nın ərazisində 56/57 nömrəli bağ sahəsinin digər bir şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair sübutları məhkəməyə təqdim etməmişdir, cavabdehin təqdim etdiyi sənədlərdə adı çəkilən Muradəliyeva Elmira Ağaverdi qızı isə 33 nömrəli BTK-nın deyil, 60 nömrəli BTK-nın üzvü olmuşdur və həmin şəxsə 33 nömrəli BTK tərəfindən deyil, 60 nömrəli BTK tərəfindən qeyd edilən BTK-ya aid 56 nömrəli bağ sahəsi ayrılmışdır. Yəni iddiaçı ilə X5 adlı şəxs fərqli BTK-ların üzvləri olmuşlar və fərqli BTK-ların nəzdindəki torpaq sahələri həmin səxslərə ayrılmışdır. Məhkəmə onu da qeyd edir ki, iddiaçıya məxsus torpaq sahəsi orderlə rəsmiləşdirildiyindən və order torpaq sahəsinə hüququn dövlət qeydiyyatına alınması üçün əsas olduğundan order olduğu halda onun verilməsinə əsas olan başqa sənədlərin tələb edilməsinə əsas yoxdur.Bu mövqe Azərbaycan Respublikasının Ali Məhkəməsinin iddiaçı Ağayeva Əminə Məhərrəm qızının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin Ləhiş bağlar sahəsindəki 60 nömrəli kooperativin 47 nömrəli orderinə əsasən Ləhiş bağlar sahəsində 60 nömrəli BTK nəzdində 0,13 ha torpaq sahəsi olan 69/70 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın qeydə alınması barədə iddiası üzrə qəbul edilmiş 2-1(102)-174/2020 nömrəli, 14.01.2020-ci il tarxli qərarında öz əksini tapmışdır, belə ki, həmin qərarda qeyd edilmişdir ki, bağın ayrılmasına dair order olduğu halda həmin bağın ayrılmasına dair qərarın tələb edilməsi əsassızdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Lakin qeyd edilən halların mövcud olması məhkəmə icraatı zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Məhərrəm qızının Bakı şəhəri, Sabunçu rayonu, Lahiş bağ massivində yerləşən 56/57 nömrəli bağ sahəsinin 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yannda Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə -vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı Məhərrəm qızının Bakı şəhəri, Sabunçu rayonu, Lahiş bağ massivində yerləşən 56/57 nömrəli bağ sahəsinin 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yannda Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar