Məhkəmə qərarları › İş №2-1(112)-1352/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1352/2023

11.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1352/2023 11.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının vəkili Vəkil Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivi, 10-cu Cənub küçəsində yerləşən “174” saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illər “Çapçı” bağçılıq yoldaşlıq birliyinin üzvü olmuşdur. Həmin birlikdən iddiaçıya Pirallahı rayonu, Dübəndi bağ sahəsində “26 Bakı Komissarları” adına mətbəənin “Çapçı” bağ sahəsinin 10-cu cənub küçəsində yerləşən “174” saylı torpaq sahəsi verilmişdir. 3098 saylı, xx.xx.1990-cı il tarixli ödəniş qəbzinə əsasən iddiaçı həmin bağ sahəsi üçün 164 manat 54 qəpik ödəniş etmişdir. “Çapçı” bağçılıq yoldaşlıq birliyinin sədri S.Ə.Əhədovun imzaladığı protokolla təsdiq olunmuş siyahının 12-ci sıra nömrəsinə əsasən həmin bağ sahəsinin iddiaçının adına qeydə alındığı göstərilmişdir. Uzun illərdir torpaq sahəsi iddiaçının istifadəsində olmaqla, ona qulluq edir, ətrafına hasar çəkib içinə müxtəlif ağaclar əkmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivi, 10-cu Cənub küçəsində yerləşən “174” saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etmiş, lakin müraciətinə xx.xx.2022-ci il tarixli, **********25 nömrəli məktubla imtina verilərək göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.7-ci maddəsində qeyd edilən sənədlər təqdim edilməmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, “Çapçı” bağçılıq yoldaşlıq birliyindən iddiaçının adına verilmiş Pirallahı rayonu, Dübəndi bağ sahəsində “26 Bakı Komissarları" adına mətbəənin “Çapçı" bağ sahəsinin 10-cu cənub küçəsində yerləşən “174" saylı torpaq sahəsi üçün ödənilmiş qəbzin surəti, orderin surəti, “Çapçı" bağçılıq yoldaşlıq birliyinin sədri tərəfindən tərtib olunub imzalanmış protokol mövcuddur. Digər sənədlərin (üzvlük kitabçası) iddiaçıda olmaması mülkiyyət hüquqlarının qeydiyyata alınmaması üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi tələb edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir.

2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı müvafiq iddia tələbi ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə idarəyə müraciət etmişdir. Aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən müvafiq bağ sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bununla bağlı iddiaçıya **********05 nömrəli, xx.xx.2022-ci il tarixli imtina məktubu ünvanlanmışdır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Aşagıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin xx.xx.2022-ci il tarixli **********25 saylı imtina məktubu ilə iddiaçıya bildirilmişdir ki, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivi, 10-cu Cənub küçəsində yerləşən “174” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ********** nömrəli, xx.xx.2022-ci il tarixli müraciətinə baxılmışdır. Qeyd olunan məsələ ilə bağlı müraciətinə **********05 nömrəli xx.xx.2022-ci il tarixli məktubla cavab verilmişdir və həmin məktubda qeyd olunan iradlar aradan qaldırılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. - “26 Bakı Komissarları” adına mətbəənin üzvlərinin siyahısından görünür ki, iddiaçının adı 214-cü sırada göstərilmişdir. - Cavabdehin xx.xx.2023-ci il tarixli **********81 saylı məktubu ilə göndərilmiş mütəxəssis rəyində bildirilmişdir ki, göstərilən torpaq sahəsi sənəd üzrə 500,0 kv.m olsa da, faktiki olaraq 496,0 kv.m təşkil edir. Torpaq sahəsinin sərhədləri iki cərgə, döngə nöqtələri beş cərgə mişar daşı ilə hörülmüşdür (sahənin üzərində tikili yoxdur). Sözügedən torpaq sahəsinin faktiki naturada yerləşmə vəziyyətini və koordinatlarını əks etdirən sxem əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi qeydiyyatdan keçmiş 166,168,170 nömrəli bağların sıralanma ardıcılığına uyğun gəlir. Arxivdə “26 Bakı Komissarı adına mətbəənin Çapçı” bağçılıq yoldaşlıq birliyinin bölgü sxemi aşkar olunmadı. Yuxarıda qeyd olunduğu kimi göstərilən torpaq sahəsi sənəd üzrə 500,0 kv.m olsa da, faktiki olaraq 496,0 kv.m təşkil edir. Torpaq sahəsinin sərhədləri iki cərgə, döngə nöqtələri beş cərgə mişar daşı ilə hörülmüşdür (sahənin üzərində tikili yoxdur). Sözügedən torpaq sahəsinin faktiki naturada yerləşmə vəziyyətini və koordinatlarını əks etdirən sxem əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi qeydiyyatdan keçmiş 166,168,170 nömrəli bağların sıralanma ardıcılığına uyğun gəlir. Arxivdə “26 Bakı Komissarı adına mətbəənin Çapçı” bağçılıq yoldaşlıq birliyinin bölgü sxemi aşkar olunmadı.” - xx.xx.1992-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı “Çapçı” bağçılıq yoldaşlıq birliyinin üzvü kimi 50 manat ödəniş etmişdir. - 3098 saylı, xx.xx.1990-cı il tarixli ödəniş qəbzindən görünür ki, “26 Bakı Komissarı adına mətbəənin Çapçı” bağçılıq yoldaşlıq birliyinin üzvü olan iddiaçı 164 manat 54 qəpik ödəniş etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4.İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsassız olduğundan təmin edilməməlidir. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının müraciətinə imtina cavabı vermişdir. İddiaçının tələbinin əsaslandığı hallara görə, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivi, 10-cu Cənub küçəsində yerləşən “174” saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazın göstərilmişdir ki, iddiaçı tərəfindən müvafiq bağ sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-8.0.7.-ci maddələrinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Hazırkı iş üzrə torpaq sahəsinin iddiaçıya ayrılması iddia edilsə də, iddiaçı tərəfindən hər hansı hüquqmüəyyənedici sənəd məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, məhkəmə tərəfindən də işin tam və hərtərəfli araşdırılmasını təmin etmək məqsədilə aparılan araşdırma zamanı iddiaçının adına iddia etdiyi torpaq sahəsinə dair, yəni məhz “174” saylı bağ sahəsinin və hansı ölçüdə ona ayrılmasına dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7.-ci maddəsində göstərilən hər hansı sənəd aşkar edilməmişdir. İddiaçının istinad etdiyi xx.xx.1992-ci il tarixli və 3098 saylı, xx.xx.1990-cı il tarixli ödəniş qəbzləri isə hüquqmüəyyənedici sənəd sayılmadığından mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, iş üzrə alınmış mütəxəssis rəyinə görə göstərilən torpaq sahəsi sənəd üzrə 500,0 kv.m olsa da, faktiki olaraq 496,0 kv.m təşkil edir. Torpaq sahəsinin sərhədləri iki cərgə, döngə nöqtələri beş cərgə mişar daşı ilə hörülmüşdür (sahənin üzərində tikili yoxdur). Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi qeydiyyatdan keçmiş 166,168,170 nömrəli bağların sıralanma ardıcılığına uyğun gəlir. Arxivdə “26 Bakı Komissarı adına mətbəənin Çapçı” bağçılıq yoldaşlıq birliyinin bölgü sxemi aşkar olunmamışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 65-ci maddəsinə əsasən, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. (1,2,3,5 və 7-ci hissələr); 67-ci maddəsinin birinci hissəsinə əsasən, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Eyni zamanda, nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə ərizəçi mülkiyyəti və ya yaşayış yerini təsdiq edən hər hansı sübutu təqdim etmədikdə, onun şikayətləri mütləq rədd edilir (bax, misal üçün: sahibliyin sübutu olmadığı halda Məhkəmə şikayəti rationae materiae əsassız elan etdiyi Lordos and Others v. Turkey, 15973/90 nömrəli ərizə, § 50, 2 noyabr 2010-cu il; həmçinin Kerimova and Others v. Russia işindəki bəzi ərizəçilər ilə bağlı nəticələr). Bəzi işlərdə Məhkəmə təkrarlamışdır ki, ərizəçilərdən öz şikayətlərini müdafiə etmək üçün kifayət qədər prima facie sübutların təqdim edilməsi tələb edilir. Damayev v. Russia işində (36150/04 nömrəli ərizə, §§ 108-111, 29 may 2012-ci il) Məhkəmə hesab etmişdir ki, evinin dağıdılması barədə şikayət edən ərizəçi heç olmazsa müvafiq əmlakın qısa təsvirini təqdim etməlidir. Heç bir sənəd və ya təfərrüatlı tələb təqdim edilmədiyindən onun şikayəti əsassız hesab edilmişdir. Məhkəmə əmlakın və ya yaşayış yerinin prima facie sübutları kimi, həmçinin torpaq üzərində mülkiyyəti təsdiq edən sənədləri, torpaq və ya vergi reyestrindən çıxarışları, yerli idarəetmə orqanlarının sənədlərini, planları, fotoşəkilləri və təmir işlərinə dair qəbzləri, habelə poçt göndərişləri barədə bildirişləri, şahid ifadələrini və ya hər hansı başqa müvafiq sübutları göstərmişdir (bax, misal üçün: 54 ÇİRAQOV VƏ DİGƏRLƏRİ ERMƏNİSTANA QARŞİ, QƏRAR (MAHİYYƏT ÜZRƏ) Prokopovich v. Russia, 58255/00 nömrəli ərizə, § 37, ECHR 2004-Xİ, və Elsanova v. Russia (dec.), 57952/00 nömrəli ərizə, 15 noyabr 2005-ci il). Hazırki işdə iddiaçının “26 Bakı Komissarları” adına mətbəənin üzvlərinin siyahısında olsa da onun iddia etdiyi konkret torpaq sahəsinə dair, yəni məhz “174” saylı bağ sahəsinin və ölçüsünə dair hər hansı sənəd təqdim etməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən isə dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, onun dövlət qeydiyyatına alınmasından imtina edilir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” barədə iddiası təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar