Məhkəmə qərarları › İş №2-1(112)-13526/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13526/2023

20.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13526/2023 20.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı1 Cavabdehnə qarşı “akt qeydlərində düzəlişin edilməsi və s.” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı1 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı3 və onun anası İddiaçı2 şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən, BMT QAK tərəfindən onlara verilmiş himayə sənədləri və onların Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alındıqlarını təsdiq edən Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayışlar əsasında xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş İddiaçı3 atalığının müəyyən edilməsinin qeydə alınması, bununla əlaqədar onun doğumu haqqında akt qeydində dəyişiklik edilərək “uşaq haqqında məlumat” bölməsində uşağın soyadının və “ata-anası haqqında məlumat” bölməsində atanın soyadının “Tağıyev” soyadına dəyişdirilməsi və həmin dəyişikliklər əsasında İddiaçı3 doğum haqqında yeni şəhadətnamə və atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi barədə qəbul edilməsini xahiş etmişdirlər. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı3 doğulan zaman valideynləri nikahda olmadığı üçün və onun doğumu qeydə alınarkən atalıq müəyyən edilmədiyindən onun doğumu haqqında akt qeydinin “ata haqqında məlumat” bölməsində atası barədə məlumatlar anasının göstərişi üzrə yazılmış (atasının soyadı anasının soyadına əsasən ”Batuxtin,, yazılmış) və anası tək valideyn kimi qeydə alınmışdır. Belə olan halda İddiaçı3 atası ilə bağlı hüquqlarından istifadə edə bilmir. İddiaçı1 onun doğumu haqqında akt qeydində atası kimi qeyd edilməməsi onu atası ilə bağlı hüquqlardan - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin olunmaqdan məhrum ediı\ bu da, Azərbaycan Respublikasının vətəndaşı kimi onun əldə edə biləcəyi hüquqlardan istifadə edə bilməməsi ilə nəticələnir. Belə ki, Azərbaycan Respublikasının vətəndaşı kimi sənədləşdirilə bilməyi üçün ilk növbədə İddiaçı3 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmalıdır. Bunun üçün isə o, Dövlət Miqrasiya Xidmətinə Azərbaycan Respublikasının vətəndaşından doğulduğunu - atasının Azərbaycan Respublikasının vətəndaşı İddiaçı1 olduğunu sübut edən sənəd təqdim etməlidir. Hazırda, İddiaçı3 28 yaşı var, lakin onun şəxsiyyətini və vətəndaşlığını təsdiq edən heç bir sənədi yoxdur. Şəxsiyyəti təsdiq edən sənədi olmadığı üçün o, həm də vətəndaşsızlıq vəziyyətinə düşüb və heç bir dövlətin himayəsindən effektiv istifadə edə, şəxsi və sosial münasibətlərə daxil ola və vətəndaş kimi hüquqlarından yararlana bilmir. Bu səbəbdən də o, vətəndaşsızlıq halında olan şəxs kimi BMT QAK-ın himayəsindədir. Göründüyü kimi, hazırda nə İddiaçı3, nə də ki, onun anası İddiaçı2 şəxsiyyətini təsdiq edən sənədi var. Bu səbəbdən də iddiaçılar - İddiaçı3, İddiaçı2 və İddiaçı1 xx.xx.2023-cü il tarixdə Cavabdehnə müraciət edərək İddiaçı3 və onun anası İddiaçı2 şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən, BMT QAK tərəfindən onlara verilmiş himayə sənədləri, onların Azərbaycan Respublikasında olduqları yer üzrə qeydiyyata alındıqlarını təsdiq edən Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayışlar əsasında xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş İddiaçı3 atalığının müəyyən edilməsinin qeydə alınmasını, bununla əlaqədar onun doğumu haqqında akt qeydində dəyişiklik edilərək “uşaq haqqında məlumat” bölməsində uşağın soyadının və “ata-anası haqqında məlumat” bölməsində atanın soyadının “Tağıyev” soyadına dəyişilməsini və həmin dəyişikliklər əsasında İddiaçı3 doğum haqqında yeni şəhadətnamə və atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilməsini xahiş ediblər. Cavabdeh isə onların müraciətinin təmin edilməsindən imtina etmişdir. Qeyd olunanlara əsasən iddiaçılar iddia tələbinin təmin edilməsini xahiş etmişdirlər. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçıların vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq bildirilir ki, hazırki işin məhkəmə aidiyyəti müəyyən edilərkən 2 ərizə növü fərqləndirilməlidir. Birincisi, qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə; ikincisi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqan tərəfindən qeydə düzəliş edilməsindən imtina olması ilə bağlı maraqlı şəxslə həmin orqan arasında olan mübahisə üzrə ərizə. birinci, ərizəyə ümumi məhkəmədə, ikinci ərizəyə isə inzibati məhkəmədə baxılmalıdır. Bu barədə izah “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 9.1-ci bəndində də verilib. Hazırki ərizə 2ci növ ərizəyə aiddir, çünki iddiaçı ilə qeydiyyat orqanı arasında mübahisə yaranmışdır. 1ci növə aid olan ərizə o zaman verilir ki, belə mübahisə olmasın. İddia ərizəsindən də görünür ki, iddiaçılar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqan tərəfindən qeydə düzəliş edilməsindən imtina olunmasını, həmçinin ona şəxsiyyət vəsiqəsi olmadan şəhadətnamənin verilməməsini mübahisələndirir və akt qeydlərində düzəlişlərin edilərən şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Bu baxımdan, hazırkı mübahisə inzibati mübahisə hesab edilir. Bundan başqa nəzərə alınmalıdır ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də bu növ iddialara baxılmasının inzibati məhkəmələr tərəfindən həyata keçirildiyini nəzərdə tutur. (Bax: Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)- 360/2022 saylı, xx.xx.2022-ci il tarixli) Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: BMTQAK Azərbaycandakı nümayəndəliyi tərəfindən verilmiş himayə sənədindən görünür ki, İlkin Batukhtin xx.xx.1995-ci il tarixdə doğulmuşdur. BMTQAK Azərbaycandakı nümayəndəliyi tərəfindən verilmiş himayə sənədindən görünür ki, İrina Batukhtina xx.xx.1978-ci il tarixdə doğulmuşdur. DMX X1 İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.1995-ci il təvəllüdlü X7 Miqrasiya Xidməti tərəfindən 8 may 2023-cü il tarixindən 30 aprel 2024-cü il tarixinədək ünvan 1 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. DMX X1 İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.1978-ci il təvəllüdlü X5 Miqrasiya Xidməti tərəfindən 22 fevral 2023-cü il tarixindən 29 fevral 2024-cü il tarixinədək Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X8 şəhərciyi, bina 2, mənzil 65 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. İddiaçı2 və İddiaçı1 Cavabdehnə ünvanladığı ərizələrdən görünür ki, onlar xx.xx.1995-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində doğulmuş İddiaçı3 – atalığının müəyyən edilməsinin (xx.xx.1968-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində anada olmuş, Azərbaycan Respublikasının vətəndaşı İddiaçı1 onun atası kimi qeyd edilməsinə) qeydə alınmasına və bununla əlaqədar İddiaçı3 doğumu haqqında akt qeydinin “uşaq haqqında məlumat” bölməsində onun soyadının və “ata-anası haqqında məlumat” bölməsində isə atasının soyadının “Tağıyev” kimi yazılmasını xahiş etmişdirlər. Cavabdeh tərəfindən İddiaçı3 ünvanlanmış məktubdan görünür ki, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmiş və bu halı onun anası – X4 şəxsiyyətini təsdiq edən sənədin olmaması, bu səbəbdən də atalığın müəyyən üçün valideynlərin birgə ərizə verməsinin mümkün olmaması ilə əsaslandırmışdır. Məhkəmə sorğusuna əsasən təqdim olunmuş doğum haqqında akt qeydinin surətindən görünür ki, xx.xx.1995-ci il təvəllüdlü İddiaçı3 valideynləri qrafasında X2 və İddiaçı2 adları göstərilmişdir. Ata haqqında qeydin əsasında tək ananın ərizəsi olduğu göstərilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. İlk növbədə qeyd olunmalıdır ki, hazırki iddia tələbi üç hissədən ibarətdir:

1. Atalığın müəyyən edilməsinin qeydə alınması;

2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəlişin edilməsi;

3. Şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında və atalığın müəyyən edilməsi haqqında şəhadətnaməsinin verilməsi; Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçıların hazırki iddia tələbi şəxsiyyət vəsiqəsi olmadan İddiaçı3 atalığının müəyyən edilməsinin qeydə alınması, bununla əlaqədar onun doğumu haqqında akt qeydində dəyişiklik edilərək “uşaq haqqında məlumat” bölməsində uşağın soyadının və “ata-anası haqqında məlumat” bölməsində atanın soyadının “Tağıyev” soyadına dəyişdirilməsi və həmin dəyişikliklər əsasında İddiaçı3 doğum haqqında yeni şəhadətnamə və atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi ilə bağlıdır ki, bu zaman atalığın müəyyən edilməsinin qeydə alınmasının, vətəndaşlıq vəziyyəti haqqında akt qeydlərində düzəlişin edilməsi üçün əsasların əhatə dairəsi müəyyən olunmalıdır. Bu istiqamətdə qiymətləndirmə aşağıdaki qanunvericiliyin müddəaları əsasında həyata keçirilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 24.1. Fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. 24.2. Azərbaycan Respublikasında bütün vətəndaşlar, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər fiziki şəxslərdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 53.3. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 159.2.Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 166.1.Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 168.1.Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. 187.1. Atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında, ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlik hüquqlarından məhrum olunduqda və ya onun yaşayış yerini müəyyən etmək mümkün olmadıqda isə atanın ərizəsi üzrə qeydə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın: 1.1.Bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra – müvafiq olaraq "Qeydiyyat şöbəsi", "konsulluq idarəsi, "icra hakimiyyətinin nümayəndəliyi") tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nigahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 2.8.2. valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır; 2.8.3. uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında akt qeydində və şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın: 1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır.

3. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: -övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; -nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə; -atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; -atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; -vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə; -övladlığa götürmə ləğv edildikdə; -atalığın müəyyən edilməsi ləğv olunduqda; -vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; -cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; -vətəndaşlıq vəziyyəti aktlarının qeydində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; -vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; -qanunvericilikdə müəyyən edilən digər hallarda.

4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: -övladlığa götürmə barədə məhkəmənin qərarı; -nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi; -adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi; -yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi; -övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi; -atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi; -atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi; -ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; -vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; -cinsin dəyişməsinin təsdiqi haqqında tibb müəssisəsinin rəyi; -vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər.

5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir.

8. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir.

9. Bu əsas müddəaların 4-cü bəndində sadalanan sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi toplanmış bütün materiallarla birlikdə icra üçün müvafiq qeydin olduğu yerdəki qeydiyyat şöbələrinə və ya konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məhkəmənin qərarı əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur.

10. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktların müddəalarından görünür ki uşağın doğulması müvafiq olaraq qeydə alınır və doğum haqqında akt qeydi ilə rəsmiləşdirilir. Doğum haqqında aktın qeydində uşağın adı, atasının adı və soyadı, doğum tarixi,habelə onun valideynləri haqqında məlumatın doldurulması qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir. Nəzərə alınmalıdır ki, qanunvericilik vətəndaşlıq vəziyyəti aktlarının qeydində səhvlərin yol verilməsi ilə bağlı düzəlişin edilməsi və vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklərin (ilkin akt qeydində səhvə yol verilməmişdirsə) edilməsinin əsaslarını fərqləndirmiş, lakin konkret olaraq müəyyən şərtlər əsasında təsbit etmişdir. Qeyd olunmalıdır ki, hər iki halda vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəlişin edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ya ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Nəzərə alınmalıdır ki, qüvvədə olan qanunvericilik və normativ hüquqi aktların yuxarıda sadalanan müddəalarından göründüyü kimi uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında akt qeydində və şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır, uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Qeyd olunmalıdır ki, nikahda olmayan valideynlərdən dunyaya gələn uşağın atalığı müəyyən edilərsə, bu zaman onun atası haqqında qeyd uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Atalığın müəyyən edilməsi isə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında apaılır. Hazırki işin faktiki hallarından görünür ki, hazırda düzəlişin edilməsi istənilən doğum haqqında akt qeydi İddiaçı3 məxsusdur. İddiaçılar qismində çıxış edən digər şəxslər isə İddiaçı2 və İddiaçı1 İddiaçı3 valideynləridir. Nəzərə alınmalıdır ki, İddiaçı3 doğum anında İddiaçı2 və İddiaçı1 arasında nikah olmadığından, həmçinin atalığın qeydə alınması üçün əsaslar (valideynlərin razılıq ərizəsi və ya məhkəmə qətnaməsi) olmadığından, İddiaçı3 doğum haqqında akt qeydində iddiaçının atası qrafasında məlumatlar onun anasının ərizəsi əsasında doldurulmuş və ata qrafasında soyad “Batuxtin” kimi göstərilmişdir. Halbuki, məhkəmə icraatı zamanı təqdim olunmuş razılıq ərizəsindən və razılıq verən şəxsin doğum haqqından şəhadətnaməsindən görünür ki, iddiaçının doğum haqqında akt qeydinin ata qrafasında göstərilən X3 əslində İddiaçı1dur. Göründüyü kimi akt qeydində şəxsin soyadı ilə bağlı məlumat səhv daxil olmuşdur ki, bu da öz növbəliyində iddiaçının soyadının “Tağıyev” əvəzinə “Batuxtin” kimi qeyd olunmasına səbəb olur. Cavabdehin imtina əsası kimi İddiaçı2 şəxsiyyət vəsiqəsinin olmamasına istinad edərək, məhkəmə hesab edir ki, həmin əsas hazırki iddia tələbinin təminini istisna edə bilməz. Belə ki, hazırkı mübahisə üzrə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən İddiaçı2 barəsində verilmiş himayə sənədi onun şəxsiyyətini təsdiq edən sənəd kimi qəbul edilə bilər. Xüsusən nəzərə alınmalıdır ki, həmin sənəd Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçının şəxsiyyətini təsdiq edən sənəd kimi tanınmış və onun əsasında iddiaçı olduğu yer üzrə qeydiyyata alınmışdır. Göründüyü kimi cavabdeh atalığın qeydə alınması üçün İddiaçı2 tərəfindən verilmiş razılıq ərizəsini məhz onun şəxsiyyət vəsiqəsi olmaması əsası ilə nəzərə almasa da, onun şəxsiyyəti təsdiq edən himayə sənədi mövcuddur. Odur ki, İddiaçı2 tərəfindən verilmiş razılıq ərizəsi atalığın müəyyən edilməsinin qeydə alınması üçün əsasdır. Məhkəmənin qənaətinə görə hazırda İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş razılıq ərizələri İddiaçı1 İddiaçı3 atası olmasını təsdiq edən sənəd olduğundan, həmçinin atalığın qeydə alınmasını istisna edən əsaslar olmadığından, atalığın qeydə alınması və İddiaçı3 doğum haqqında akt qeydində dəyişikliyin edilməsi üçün əsas yaranır. Məhkəmə cavabdehin imtinasının digər əsasının (şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında və atalığın müəyyən edilməsi haqqında şəhadətnaməsinin verilməsi) əsaslı olub-olmamasına münasibətdə bildirir ki, ümumiyyətlə şəxsiyyət vəsiqəsi olmadan iddiaçıya doğum haqqında və atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin təkrar verilməsinin mümkün olub-olmaması yoxlanılmalı, onun şəxsiyyətinin “Himayə sənədi” əsasında müəyyən edilib-edilməməsi məsələsinə qiymət verilməlidir. Bu istiqamətdə qiymətləndirmənin aparılması üçün məhkəmə aşağdaki qanunvericilik aktlarına istinad edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 1.14-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya Qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. 9.3-cü bəndinə əsasən təkrar şəhadətnamələr almaq haqqında ərizələrdə aşağıdakılar göstərilməlidir: 9.3.1. ərizəçinin adı, soyadı və atasının adı; 9.3.2. ünvanı; 9.3.3. haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin adı, soyadı və atasının adı; 9.3.4. təkrar tələb olunan şəhadətnamənin növü; 9.3.5. vətəndaşlıq vəziyyəti aktının qeydini aparan Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi, habelə aparılma tarixi və yerli barədə məlumatlar. 9.4-cü bəndinə əsasən əgər doğum haqqında təkrar şəhadətnamə tələb olunursa, onda göstərilən məlumatlardan əlavə valideynlərin adları, soyadları və ata adları qeyd olunur. 9.7-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, sosial xidmət müəssisələrinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. 9.8-ci bəndinə əsasən qeydiyyat şöbəsinə və konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. Yuxarıda sadalanan qanuvericiliyin tələblərindən göründüyü kimi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamələrin verilməsi üçün maraqlı şəxs vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu Qeydiyyat şöbəsinə ərizə ilə müraciət edə bilər. Bu zaman qaydaların 9.3-cü bəndində səciyyələnmiş məlumatlar ərizədə göstərilməli, ərizəçininn şəxsiyyətini təsdiq edən sənədlər əlavə edilməlidir. Nəzərə alınmalıdır ki, ümumiyyətlə vətəndaşın “şəxsiyyətini təsdiq edən sənəd” dedikdə vətəndaşın şəxsiyyət vəsiqəsi başa düşülür. Bu cür yanaşma “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərindən irəli gəlir ki, həmin Qanunun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Bununla yanaşı, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.0.5-ci maddəsində şəxsiyyət vəsiqəsi anlayışı açıqlamaqla göstərilmişdir ki, şəxsiyyət vəsiqəsi - Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən sənəddir. Hər iki müddəaların mənasından aydın olur ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənəd - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir, lakin Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən digər sənədlər mövcud olduğu halda, onlar da şəxsin eyniləşdirilməsinə imkan verən şəxsiyyət vəsiqəsi kimi qəbul edilmişdir. Sonuncu halda Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 21-ci maddəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması qaydalarını tənzimləməklə, onun 21.6-cı maddəsində nəzərdə tutulmuşdur ki, BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti) tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılır. Bu müddəadan göründüyü kimi, müvafiq inzibati orqan BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş şəxslərlə bağlı məlumatı əsasında həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınmasını həyata keçirir. Beləliklə, aparılmış təhlilin nəticəsi olaraq məhkəmə qeyd edir ki, istinad edilmiş Qaydaların 9.7-ci bəndində nəzərdə tutulmuş “şəxsiyyətini təsdiq edən sənədlər” anlayışı yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənədi nəzərdə tutmur və ümumi anlamda həmin şəxsin eyniləşdirməsinə imkan verən hər hansı bir digər, rəsmi sənədi ehtiva edir. Bununla da, məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi sənəd qanunvericiliyin aparılmış təhlilinə uyğun olaraq yoxlanılmalı və həmin sənəd iddiaçının şəxsiyyətini təsdiq edən sənəd kimi qəbul edildiyi halda, iddiaçıya vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamələrin verilməsi tələbi üzrə nəticə verilməlidir”. Yuxarıda göstərilənlərə əsasən məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, Qaydaların 9.7-ci bəndində nəzərdə tutulmuş “şəxsiyyətini təsdiq edən sənədlər” anlayışı yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənədi nəzərdə tutmur və ümumi anlamda həmin şəxsin eyniləşdirməsinə imkan verən hər hansı bir digər rəsmi sənədi ehtiva edir. Bu mənada, hazırkı mübahisə üzrə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən iddiaçının barəsində verilmiş himayə sənədi onun şəxsiyyətini təsdiq edən sənəd kimi qəbul edilə bilər. Xüsusən nəzərə alınmalıdır ki, həmin sənəd Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçının şəxsiyyətini təsdiq edən sənəd kimi tanınmış və onun əsasında iddiaçı olduğu yer üzrə qeydiyyata alınmışdır. İddianın qanuni olduğu həmçinin ondan irəli gəlir ki, cavabdeh Bakı şəhəri Sabunçu rayon Qediyyat şöbəsi tərəfindən doğum haqqında akt qeydinin surəti təqdim olunmuşdur. Bundan başqa, məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 69. maddəsini əsas gətirir və bildirir ki, vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər. Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. «Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında» Azərbaycan Respublikası Qanununun:

2. maddəsinin ikinci bəndinə əsasən vətəndaşlığı olmayan şəxslər - Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olmayan şəxslərdir.

5. maddəsinin 8. bəndinə əsasən Azərbaycan Respublikası ərazisində müvəqqəti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyata alınmalıdır və onlar üçün müəyyən olunmuş müddətlər qurtardıqdan sonra Azərbaycan Respublikasını tərk etməlidirlər. «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» Konvensiyanın 5. maddəsinin birinci bəndinə əsasən hüquqi yardımın göstərilməsi zamanı Razılığa gələn Tərəflərin ədliyyə müəssisələri bir-biri ilə əlaqələri, əgər bu Konvensiyada digər ünsiyyət qaydaları nəzərdə tutulmamışdırsa, öz mərkəzi, ərazi və digər orqanları vasitəsilə həyata keçirirlər. Razılığa gələn Tərəflər, bilavasitə əlaqələrin həyata keçirilməsinə səlahiyyəti olan öz mərkəzi, ərazi və digər orqanlarının siyahısını müəyyən edirlər və öz ratifikasiya fərmanlarını və ya qoşulma haqqında sənədlərini saxlanca verən zaman bu barədə depozitarini məlumatlandırırlar.

6. maddəsinə əsasən isə Razılığa gələn Tərəflər qarşılıqlı hüquqi yardımı sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində nəzərdə tutulan prosessual və digər hərəkətlərin yerinə yetirilməsi, xüsusilə də sənədlərin tərtib edilməsi, onların öz sahibinə ötürülməsi və təqdim edilməsi, baxışın, axtarışın, götürmənin həyata keçirilməsi, maddi sübutların ötürülməsi, ekspertizanın keçirilməsi, tərəflərin, üçüncü şəxslərin, şübhəli şəxslərin, təqsirləndirilənlərin, zərərçəkmişlərin, şahidlərin, mülki iddiaçıların, mülki cavabdehlərin, onların nümayəndələrinin, müqəssirlərin qanuni nümayəndələrinin, ekspertlərin dindirilməsi, tanınmaya təqdimetmə, o cümlədən videorabitə, videoçəkiliş və digər texniki vasitələrdən istifadə etməklə şəxslərin axtarışı, istintaqı aparılan cinayət işində əməliyyataxtarış tədbirlərinin, cinayət təqibinin həyata keçirilməsi, cinayət məsuliyyətinə cəlb etmək və ya hökmün icrasını təmin etmək üçün şəxslərin verilməsi, cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və əmlakın, habelə cinayətdən əldə edilən gəlirlərin axtarışı və həbsi (götürülməsi), mülki işlər, kommersiya və digər mübahisələr üzrə qərarların icra edilməsi üçün mülki cavabdehlərin əmlak və pul vəsaitlərinin axtarışı, icra qeydlərinin, mülki işlər və hökmlər üzrə məhkəmə qərarlarının tanınması və icrası yolu ilə həyata keçirirlər. Razılığa gələn Tərəflər qarşılıqlı hüquqi yardımı, eyni zamanda, ədalət mühakiməsindən və ümumilikdə cəmiyyətin maraqlarından və işin hallarından irəli gələn və Razılığa gələn Tərəflərin daxili qanunvericiliyinə uyğun olan digər qayda və üsullarla həyata keçirə bilərlər. Bundan başqa, məhkəmə vurğulamağı zəruri hesab edir ki, Ali məhkəmənin oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə görə maraqlı şəxsin şəxsiyyətini müəyyən edən sənəd (şəxsiyyət vəsiqəsi) olmadığı halda, onun şəxsiyyəti BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi tərəfındən verilmiş “Himayə sənədi” əsasında müəyyən edilir. (Bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 1006/2019 saylı, xx.xx.2019-cu il tarixli) Məhkəmə hesab edir ki, iddiaçının vətəndaşlıq vəziyyəti haqqında akt qeydlərində müvafiq dəyişikliklər edildikdən sonra o, doğum haqqında və atalığın müəyyən edilməsi haqqında şəhadətnamələr ilə təmin olunmalıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı3 və onun anası İddiaçı2 şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən, BMT QAK tərəfindən onlara verilmiş himayə sənədləri və onların Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alındıqlarını təsdiq edən Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayışlar əsasında xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş İddiaçı3 atalığının müəyyən edilməsinin qeydə alınması, bununla əlaqədar onun doğumu haqqında akt qeydində dəyişiklik edilərək “uşaq haqqında məlumat” bölməsində uşağın soyadının və “ata-anası haqqında məlumat” bölməsində atanın soyadının “Tağıyev” soyadına dəyişdirilməsi və həmin dəyişikliklər əsasında İddiaçı3 doğum haqqında yeni şəhadətnamə və atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi vəzifəsi Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar