Məhkəmə qərarları › İş №2-1(112)-13527/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13527/2023

19.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13527/2023 19.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı X3 iştirakı ilə, İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı (zəruri cəlbetmə qaydasında cəlb edilmiş üçüncü şəxs X5) yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı X12 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X2 ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə həvalə edilmasinə dair Qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1937-ci ildə anadan olmuş, ölən günədək yəni xx.xx.2021-ci il tarixədək ünvan 2 ünvanında yaşamış mərhum X11 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı iddiaçı X12 Bakı şəhəri 40 saylı notariat ofisinə müraciət etmiş, bununla bağlı vərəsəlik işi açılmış və miras qoyanın vərəsəsi kimi tanınmışdır. Lakin ünvan 2 ünvanında yerləşən mənzilə dair X13 adına müvafiq təsdiqedici sənəd (çıxarış, texniki pasport) mövcud olmadığından notariat kontoru tərəfindən həmin sənədlərin əldə olunmalı olduğu və bundan sonra vərəsəlik dairəsi müəyyən edilərək vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin mümkün olduğu bildirilmişdir. Bundan sonra çıxarış alınması üçün “ASAN Xidmət” mərkəzinə müraciət edilmiş, bunun üçün evdə qeydiyyatda olan şəxslərin razılıq ərizəsinin tələb olunduğu iddiaçıya bildirilmişdir. Bütün ailə üzləri razılıq verməsinə baxmayaraq evdə qeydiyyatda olan ailə üzvü olmayan X5 razılıq verməmiş və imtina etmişdir. “ASAN Xidmət” mərkəzi əməkdaşları bunun üçün Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüququ Şəxsinə yazılı müraciət olunmasımı iddiaçıya bildirmişdirlər. Buna görə də iddiaçı tərəfindən 12 aprel 2023-cü il tarixində 3-21-3-30/2-1- 036-8/2023 cavab məktubu ilə bildirilmişdir ki, razılıq ərizələri ilə “ASAN Xidmət” mərkəzinə müraciət edilməlidir. İddiaçı qeyd edir ki, mənzildə qeydiyyatda olan ailə üzvü olmayan X5 ilə uzun illərdir ki, əlaqəsi yoxdur. Uzun illərdir ki, Gədəbəy rayonunda ailəsi ilə birgə yaşayır, sözügedən evdə heç vaxt yaşamayıb və uzun illər ərzində bir dəfə də olsun gəlməyib. Ona görə də iddia hesab edir ki, onun həmin mənzilə olan qeydiyyatına xitam verilməlidir. Həmin şəxsin qeydiyyatda qalması iddiaçının hüquqlarını pozur və öz əmlakı üzərində mülkiyyət hüquqularını məhdudlaşdırır. X2 qeydiyyatına xitam verilməsi üçün iddiaçı tərəfindən cavabdeh Bakı şəhəri Xətai rayonu Polis İdarəsinə müraciət edilmişdir. Cavabdeh inzibati orqan xx.xx.2023-cü il tarixli, 3-13-55/2-Ə-28846 saylı müraciətini təmin etmək imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və həmin şəxsin qeydiyyatdan çıxarılması məhkəmə qaydasında cavabdehin üzərinə vəzifə olaraq qoyulmalıdır.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd edilir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır.

1. Yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən

2. Başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq dövlət orqanının məlumatına əsasən

3. Öldükdə və ya məhkəmə qətnaməsi əsasında ölmüş elan edildikdə ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatına əsasında

4. Yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında Qanunda göstərilən sənədlərdən hər hansı biri təqdim edildiyi halda keçmiş sakinlərin qeydiyyatdan çıxarılma məsələsinin müsbət həll oluna biləcəyi bildirilmişdir.

4. Cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmədən məhkəmə iclasında cavabdeh qurumun iştirakı olmadan keçirilərək qərar qəbul edilməsi xahiş edilmişdir.

5. Şifahi məhkəmə dinləmələri (məhkəmə baxış iclası) zamanı iştirak edən iddiaçı X12 iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir.

6. Üçüncü şəxslər məhkəmə iclasında iştirak etmir.

II. İddianın növü və mümkünlüyü

7. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.

8. Məhkəmə qeyd edir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatı tərəfindən X6 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubla verilmiş arxiv arayışına əsasən qeyd edilən ünvandakı mənzilə dair Bakı şəhər İcra Hakimiyyətinin Mənzildəyişmə İdarəsinin arxiv sənədləri arasında X13 adına verilmiş order vardır.

9. X13 ölümü ilə əlaqədar Bakı şəhəri 40 saylı notariat ofisi tərəfindən vərəsəlik işi açılmış və hazırkı iş üzrə iddiaçı X12 mərhumun qanuni vərəsəsi hesab edilmişdir. Odur ki, iddiaçının qeyd edilən mənzilə dair mülkiyyət hüququnun tanınması üçün qanuni gözləntisi var.

10. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.

11. İddianın növü öhdəliyin icrasında dair iddiadır. İddia mümkündür.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

12. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə X5 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb olunmuşdur.

13. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışda bildirilmişdir ki, X5 (xx.xx.1985-ci il təvəllüdlü) Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 68, 83 saylı mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır.

14. Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 157 saylı, xx.xx.2001-ci il tarixli Arayışa əsasən Bakı şəhəri, General Mehmandarov küçəsi, 68 №-li evin 83 saylı mənzilinin sahibi X14r. X1 ailəsi 7 nəfərdən ibarətdir. X20 X15 X7 X4 X9 X10 X12

15. Bakı şəhəri 40 saylı Notariat Ofisi tərəfindən ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanan məktubda qeyd olunur ki, xx.xx.1937-ci ildə anadan olmuş, ölən günədək, yəni xx.xx.2021-ci il tarixədək ünvan 7 ünvanında yaşamış mərhum X11 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı nəvəsi X12 tərəfindən Bakı şəhəri 40 saylı notariat ofisinə müraciət daxil olmuş, vərəsəlik işi açılmış və onlar miras qoyanın vərəsəsi kimi tanınmışlar. ünvan 2 ünvanında yerləşən mənzilə dair X13 adına müvafiq sənəd (çıxarış, texniki pasport) verildikdən sonra onun vərəsələrinin dairəsi müəyyən edilərək onlara vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir.

16. Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayonu Mənzil Kommunal Təsərrüfat Birliyi 99 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 683 nömrəli arayışında bildirilmişdir ki, X8 ünvan 8 ünvanında qeydiyyatdadır, yaşamır.

17. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktuba əsasən bildirilmişdir ki, sorğuda qeyd olunan ünvan 2 ünvanının qeydiyyatdan keçməsi ilə bağlı məlumat arxivində aşkar edilməmişdir.

IV. Məhkəmənin mövqeyi

18. Üçüncü şəxs həmin ünvanda faktiki olaraq yaşamır, istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb, bu səbəbdən cavabdeh qurumun imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

20. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.

21. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə etdiyi mövqeyə əsasən: ... mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. ...Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər... ...Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. ...Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər....

22. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

23. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.

24. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin hərəkətləri qanunsuz hesab edilməli və X2 ünvan 2 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır.

25. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. X2 ünvan 2 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar