Məhkəmə qərarları › İş №2-1(112)-1353/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1353/2022

17.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1353/2022 17.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “şəhid adının verilməsinə dair müvafiq arayışın verilməsi” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə müraciət edərək, mərhum kiçik gizir X2 Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən şəhid adının verilməsinə dair müvafiq arayışın verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum övladı X5 hərbi xidmətə çağırış üzrə 2003-2004-cü illərdə 776 və 67N saylı xüsusi təyinatlı hərbi hissələrdə həqiqi hərbi xidmət keçmişdir. Hərbi xidmət dövründə nümunəvi xidmət etdiyinə görə mərhum oğluna hərbi hissə komandanlığı tərəfindən 05N saylı xüsusi təyinatlı hərbi hissədə könüllük (ərizə) əsasında kəşfiyyat üzrə tədris kursunun keçməsi təklif edilmiş və oğlu həmin təklifi qəbul edib 8 aylıq kəşfiyyatçı-istehkamçı ixtisası üzrə bu kursu müvəffəqiyyətlə bitirərək ona kiçik gizir hərbi rütbəsi verilmişdir. Mərhum oğlu 03 sentyabr 2008-ci ildə hərbi xidmət vəzifələrinin icrası zamanı, yəni qulluq etdiyi 05N saylı hərbi hissəyə qayıdarkən Rusiya Fedarasiyasının vətəndaşı Aslanov Rubil tərəfindən nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozaraq avtomobillə vurulmuş, aldığı ağır bədən xəsarəti nəticəsində hadisə yerində həlak olmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının müvafiq qərarı ilə kiçik gizir X1 aldığı travmanın hərbi travma olduğu, yəni hərbi xidmət vəzifələrini yerinə yetirərkən travmanı aldığı və bunun nəticəsində vəfat etdiyi bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.01.1994-cü il tarixli 10 nömrəli qərarı ilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6-cı maddəsinə uyğun olaraq, Azərbycan Respublikasının azdlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar, Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Mərhum oğlu X1 xidmət etdiyi 05N saylı xüsusi təyinatlı hərbi hissə müdafiə nazirinin müvafiq saylı əmri ilə, həmçinin, müvafiq Əsasnaməyə uyğun olaraq həmin hərbi hissədə qulluq edən zabit və gizir heyətinə ödənilən təminat xərcliyinin bir neçə əmsal olması ilə əlaqədar olaraq döyüş şəraitində olan və döyüş əməliyyatlarının başlanması anına döyüş tapşırığını yerinə yetirən hərbi hissə olduğuna görə mərhum oğlunun xidməti vəzifələrini icrası zamanı həlak olması ona şəhid statusunun verilməsi üçün əsasdır. Kiçik gizir X5 xidmət etdiyi dövr ərzində vəzifə borclarını və yuxarı komandanlığının əmr və tapşırıqlarını daim yüksək səviyyədə yerinə yetirməyə çalışmış, xidmətdə əldə etdiyi yüksək nailiyyətlərə görə yuxarı komandanlıq tərəfindən vaxtaşırı olaraq intizam qaydasında mükaflandırılmışdır. Mərhum oğlu döyüş tapşırığını yerinə yetirən 05N saylı hərbi hissənin hərbi qulluqçusu olduğuna görə ona hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olması ilə əlaqədar şəhid adının verilməsi barədə müvafiq arayışın verilməsi üçün Müdafiə Nazirliyinə ərizə ilə müraciət etsə də, bu barədə iddiaçıya imitina məktubu təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.01.1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 4.1-ci maddəsinin 4-cü abzasında bildirilir ki, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və rayon şəhər icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edir, bir aydan gec olmayaraq yuxarıda qeyd edilən qaydalara və bu məsələ ilə bağlı qəbul edilən Azərbaycan Respublikasının müvafiq qanununa əsasən arayış verməlidirlər. Mərhum oğlu X5 05N saylı hərbi hissənin verdiyi 12.09.2019-cu il tarixli arayışı ilə 04.04.2005-ci ildən 04.09.2008-ci ilə kimi hərbi hissədə xidmət etdiyi müddətdə “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən kəşfiyyat subyekti olmuşdur. 05N saylı hərbi hissənin təqdim etdiyi 27.04.2017-ci il tarixli arayışına əsasən mərhum oğlunun 04.09.2008-ci il tarixdə xidmət yerinə qayıdarkən hərbi hissənin yaxınlığında baş-beyin qansızması nəticəsində vəfat etdiyi bildirilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanılmış, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin iddiaya dair yazılı etirazında göstərilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı hərbi xidmət zamanı həlak olmuş mərhum oğlu kiçik gizir X2 “şəhid adının verilməsi” ilə bağlı arayışın verilməsi vəzifəsinin həvalə edilməsinə dair iddia ərizəsi əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 26.05.2021-ci il tarixli 1/m-12272 nömrəli məktubu qanuni və əsaslı olduğundan iddiaçının heç bir hüququ pozulmamışdır. Belə ki, mərhum kiçik gizir B.M.Məmmədovun xidmət etdiyi 05N saylı hərbi hissə döyüş şəraitində olan hərbi hissə olsa da, onun ölümü bilavasitə döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar olmamışdır. Mərhum kiçik gizir B.M.Məmmədov 03 sentyabr 2008-ci ildə xidmət etdiyi 05N saylı hərbi hissəyə qayıdarkən avtomobil qəzasına uğramış və qəza yerində aldığı ağır kəllə-beyin travmasından həyatını itirmişdir. Həmin vaxt mərhum kiçik gizir B.M.Məmmədov tərəfindən heç bir döyüş tapşırığı yerinə yetirilmədiyi üçün o, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında 10 nömrəli qərarının 1.2.6.-cı maddəsinə əsasən “şəhid” hesab edilən şəxslər sırasına daxil edilə bilməz. Döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifələrin icrası zamanı həlak olmuş şəxslər “şəhid” hesab edilir. Yəni, xidməti vəzifələrin icrası döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar olmalıdır. “Döyüş təminatı”nın anlayışı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 1997-ci il tarixli “Quru qoşunların müvəqqəti döyüş nizamnaməsi”ndə verilmişdir. Həmin nizamnamənin 295-ci maddəsinə əsasən döyüş təminatı düşmənin qəfil basqınına yol verilməsindən, onun qoşunlarımıza zərbələrinin effektivliyinin azaldılmasından, döyüşə mütəşəkkillik və vaxtında başlamaqdan, onu müvəffəqiyyətlə aparmaqdan ötrü qoşunlarımız üçün əlverişli şərait yaratmağa yönəldilmiş tədbirlərin təşkilindən və həyata keçirilməsindən ibarətdir. Taborda (bölükdə) döyüş təminatının kəşfiyyat, kütləvi qırğın silahından mühafizə, maskalanma, mühəndis təminatı, kimya təminatı və mühafizə növləri təşkil olunur. Sonda iddianın rədd edilməsi məhkəmədən xahiş edilmişdir. İş üzrə keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanuna müvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı, onun vəkili və nümayəndəsi iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, iş materiallarına əlavə edilmiş: - Cavabdehin iddiaçıya ünvanlanmış 26.05.2021-ci il tarixli 1/M-1227N saylı məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə nazirinə ünvanladığı ərizəyə (mərhum övladı kiçik gizir X2 “Şəhid statusu”nun verilməsi barədə) Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsində baxılmışdır. Məlum olmuşdur ki, mərhum övladı kiçik gizir X5 04.09.2008-ci il tarixində Xızı rayonunun Yaşma qəsəbəsində xidmət yerinə qayıdan zaman hərbi hissənin yaxınlığında Bakı-Quba magistral yolunun kənarında vəfat etmişdir. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.01.1994-cü il tarixli 10 №-li qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6-cı maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Mərhum övladı kiçik gizir X1 döyüş şəraitində olmayan hərbi hissədə döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqlar bilavasitə icra etmədiyi zaman vəfat etdiyi üçün onun şəhid hesab edilməsi qanuna müvafiq deyil. - Tərtər rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 28.10.2008-ci il tarixli AZ-İ № 310515 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X5 28.10.2008-ci il tarixdə Sumqayıt şəhərində baş - beyinə qan sızması nəticəsində ölmüşdür. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 694 saylı 13.09.2019-cu il tarixli qərarından görünür ki, Tərtər RHK tərəfindən 2005-ci ildə hərbi xidmətə çağırılmış, mərhum X5 hərbi xidmət keçərkən 04.09.2008-ci ildə xidmət yerinə qayıdarkən hərbi hissənin yaxınlığında avtomovil tərəfindən vurularaq aldığı xəsarətdən hadisə yerində ölmüşdür. Diaqnoz: “Kəllə sümüklərinin sınığı. Beyinə qansızma” (Azərbaycan Respublikası SHXÇDX-nin Tərtər rayon şöbəsinin 19.08.2019-cu il tarixli 736 nömrəli göndərişi, 19.08.2019-cu il tarixli 423 nömrəli arayışı, Azərbaycan Respublikası Tərtər rayon şöbəsi tərəfindən verilmiş 28.10.2008-ci il tarixli AZ-İ № 310515 nömrəli ölüm haqqında şəhadətnamə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisinin 26.08.2019-cu il tarixli 11/4156 nömrəli məktubu, MN 14.03.2008-ci il tarixli 123 saylı əmrin Təlimatın 192-ci və 194-cü maddələri, MN MHHKnın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir) “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR”. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 05N saylı hərbi hissəsinin 27.04.2017-ci il tarixli 7N saylı arayışından görünür ki, həqiqətən, N nömrəli hərbi hissənin mərhum hərbi qulluqçusu kiçik gizir X5 Azərbaycan Respublikasının Müdafiə nazirinin 04.04.2005-ci il tarixli 0034 gm nömrəli əmri ilə N nömrəli hərbi hissə vəzifəyə təyin olunmuş, xidmət müddətində 04.09.2008-ci il tarixində xidməti yerinə qayıdan zaman hərbi hissənin yaxınlığında baş-beyin qansızması nəticəsində vəfat etmiş, ölüm hərbi xidməti vəzifəsinin icrası ilə bağlıdır. Hərbi qulluqçu 04.09.2008-ci il tarixində hərbi hissənin siyahısından çıxarılmışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 05N saylı hərbi hissəsinin 12.09.2019-ci il tarixli N saylı arayışdan görünür ki, həqiqətən N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu mərhum X5 04.04.2005-ci il tarixdən 04.09.2008-ci il tarixdək hərbi hissədə xidmət etdiyi müddətdə Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında Azərbaycan Respublikasının 29 iyun 2009-cu il tarixli qanununa əsasən kəşfiyyat subyekti olmuşdur. Arayış Azərbaycan Dövlət Sığorta və Kommersiya Şirkətinə təqdim etmək üçün verilir. - X2 məxsus SQ № ******* saylı 29.06.2005-ci il tarixli şəxsi vəsiqəsindən görünür ki, 05N saylı hərbi hissədə xidmət etmişdir. - Sumqayıt şəhər Prokurorluğunun M-1020/ç/a-2951 saylı 27.12.2013-cü il tarixli məktubundan görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq iştirak etdiyi 70412 №li cinayət işi üzrə yenidən araşdırma aparılması barədə Sumqayıt şəhər prokurorluğuna daxil olmuş müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, X8 03 sentyabr 2013-cü il tarixdə saat 23:30-da idarə etdiyi “Kamaz” markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili, ilə Bakı-Quba yolunun 50-ci km-də hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq sürücülük vəsiqəsi olmadan avtomobili idarə edib yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət edən X3 vuraraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxs B.M.Məmmədovun ağır dərəcəli bədən xəsarətləri alaraq ölümünə səbəb olmuş, bundan sonra R.Ə.Aslanov hadisə yerində B.M.Məmmədovun öldüyünü yəqin edib özgənin əmlakını gizli olaraq talama məqsədi ilə ona məxsus 30 manat dəyərində idman çantasını və həmin çantanın içərisində olan 110 manat dəyərində “NOKİA-3100” markalı və 277 manat dəyərində “NOKİA-6233” markalı mobil telefonu, 500 ABŞ dolları və 250 manat nağd pulu, şəxsiyyət vəsiqəsini, hərbi biletini, sürücülük vəsiqəsini, 50 manat dəyərində mobil telefon nömrələrini və ərzaq mallarını oğurlayaraq zərərçəkmiş şəxsə 1127 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla hadisə yerindən qaçmış və sonradan rəsmi sənədləri yandıraraq məhv etmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı X6 törətdiyi ictimai-təhlükəli əməl toplanmış sübutlarla tam sübuta yetirildiyindən o, Azərbaycan Respublikası CM-nin 263.2, 264, 177.2.4 və 326.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilmiş və cinayət işi üzrə ibtidai istintaq yekunlaşaraq ittiham aktı ilə birlikdə 28 mart 2009-cu il tarixdə baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. - Sumqayıt şəhər Məhkəməsinin 02.06.2009-cu il tarixli 1(060)-179/2009-cu il tarixli hökmündən görünür ki, cinayət işi üzrə X6 03 sentyabr 2013-cü il tarixdə saat 23:30-da idarə etdiyi “Kamaz” markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili, ilə Bakı- Quba yolunun 50-ci km-də hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq sürücülük vəsiqəsi olmadan avtomobili idarə edib yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət edən X3 vuraraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxs B.M.Məmmədovun ağır dərəcəli bədən xəsarətləri alaraq ölümünə səbəb olması ilə törətdiyi ictimai-təhlükəli əməl toplanmış sübutlarla tam sübuta yetirildiyindən o, Azərbaycan Respublikası CM-nin 263.2, 264, 177.2.4 və 326.2-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur. - 05N saylı hərbi hissənin N saylı 12.09.2019-cu il tarixli arayışdan görünür ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu mərhum X5 04.04.2005-ci il tarixdən 04.09.2008-ci il tarixdək hərbi hissədə xidmət etdiyi müddətdə Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında Azərbaycan Respublikasının 29 iyun 2009-cu il tarixli qanununa əsasən kəşfiyyat subyekti olmuşdur. - Ədliyyə Nazirliyi Tərtər rayon Dövlət Notariat kontorunun 25.07.2017-ci il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, Tərtər rayonu, Dövlət Notariat kontorunda aparılan V- 130/2017 saylı vərəsəlik işi üzrə 04.09.2008-ci ildə vəfat etmiş oğlu X1 birinci növbəli vərəsəsi kimi qeydə alınmışdır. - 05N saylı hərbi hissənin 21.12.2021-ci il tarixli 3985 saylı məktubundan görünür ki, N nömrəli nömrəli hərbi hissədə xidmət keçmiş, mərhum kiçik gizir X5 04.09.2008-ci il tarixdə xidməti vəzifəsinin icrası zamanı - yaşadığı evdən xidmət yerinə gələrkən vəfat etdiyinə (qətl hadisəsi zamanı baş-beyinə qansızma nəticəsində) görə müdafiə nazirinin 00104 gm nömrəli 28.11.2008-ci il tarixli əmri ilə şəxsi heyətin siyahılarından çıxarılmış, həmin faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda istintaq aparılaraq hadisəyə hüquqi qiymət verilmişdir. Hərbi hissə komandanlığı mərhum Bəhruz Məmmədovun hərbi hissədəki xidmətini yüksək qiymətləndirir, onun xatirəsi hərbi hissədə həmişə əziz tutulur və komandanlıq vətəndaş İddiaçı hər hansı probleminin həll olunmasında öz köməkliyini əsirgəməyəcəyini bildirir. İş materiallarından və işin faktiki hallarından müəyyən edilir ki, iddiaçının mərhum oğlu N nömrəli nömrəli hərbi hissədə xidmət keçmiş, mərhum kiçik gizir X5 xidməti vəzifəsinin icrası zamanı yaşadığı evdən xidmət yerinə gələrkən 03 sentyabr 2008-ci il tarixdə saat 23.30 radələrində X8 tərəfindən idarə etdiyi avtomobil ilə N nömrəli hərbi hissənin yaxınlığında vurularaq aldığı bədən xəsarətlərinin ağırlıq dərəcəsindən ölmüşdür. İddiaçı mərhum oğluna şəhid statusunun verilməsi ilə cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən ərizənin təmin edilməsindən imtina edilmişdir. Buna əsas kimi mərhum kiçik gizir X1 döyüş şəraitində olmayan hərbi hissədə döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqları bilavasitə icra etmədiyi zaman vəfat etməsi göstərilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasında Vətənə sədaqət müqəddəsdir. Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər (Konstitusiyanın 74-cü maddəsinin İ hissəsi və 76-cı maddəsinin İ hissəsi). “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının 09 oktyabr 1991-ci il tarixli Qanununun 1-ci maddəsində müəyyən edilib ki, Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün, onun toxunulmazlığının və mənafeyinin silahlı müdafiəsi, dövlətə silahlı hücumun qarşısının alınması, təcavüz olarsa, onun dəf edilməsi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin məqsədidir. Azərbaycan Respublikasının 23 sentyabr 1994-cü il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu öz Vətəni Azərbaycan Respublikasının müdafiəçisidir. Hərbi qulluqçu öz Vətəninin müdafiəsi üçün şəxsi məsuliyyət daşıyır. O, Azərbaycan Dövlətinin mənafeyini qorumağa, onun nüfuzunun və qüdrətinin möhkəmlənməsinə səy göstərməyə, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müqəddəscəsinə və sarsılmaz surətdə riayət etməyə, hərbi andı yerinə yetirməyə, intizamlı, vicdanlı, doğruçu və cəsarətli olmağa, hərbi borcunu yerinə yetirərkən, bütün qüvvəsini və lazım gəldikdə, canını əsirgəməməyə, komandirlərə (rəislərə) sözsüz tabe olmağa və döyüşdə onları müdafiə etməyə, öz hərbi hissəsinin Döyüş Bayrağını göz bəbəyi kimi qorumağa borcludur. Silahlı Qüvvələri formalaşdıran hərbi qulluqçuların hərbi vəzifələri “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının 25 dekabr 1991-ci il tarixli Qanununda əksini tapmışdır. Həmin Qanunun 4-cü maddəsinin 2-ci bəndinə görə hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsində verilmiş şəhid adının anlayışına görə şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Göstərilən qanunvericilik normalarının təhlilindən göründüyü kimi, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun tətbiqi ilə əlaqədar məsələlərin həlli üçün zəruri aktların qəbul olunması həmin Qanunun 8-ci maddəsi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə olunmuşdur. Bundan irəli gələrək, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” Qaydaların 1.1-ci bəndində “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi təkrarlanmaqla, 1.2-ci bənddə göstərilmişdir ki, aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayinədək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən digər hadisələrdə həlak olan, itkin düşən və ölmüş hesab edilən şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 mart 1999-cu il tarixli 35 saylı və 22 may 2006-cı il tarixli 131 saylı Qərarları ilə Qaydaların 1.2.6-cı bəndinə “o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər” müddəası əlavə edilmişdir. Göründüyü kimi, şəhid adının verilə biləcəyi şəxslərin kateqoriyaları qanunvericilikdə dəqiq müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair” 30 dekabr 2008-ci il tatixli Qərarındakı hüquqi mövqeyinə görə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsində şəhid adının verilməsinin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqələndirilməsi şəhid adına layiq görülmənin mümkün olduğu hadisələrin geniş dairəsini əhatə edir. Eyni zamanda Qaydaların qeyd olunan müddəalarının təhlili göstərir ki, Nazirlər Kabineti şəhid anlayışını həmin Qanunda olduğu kimi təkrarlayaraq, konkret hadisələrdə həlak olmuş və ya itkin düşmüş şəxslərin şəhid hesab olunduğunu müəyyən etmişdir. Məhkəmə bununla baglı qeyd edir ki, iddiaçının mərhum oğluna şəhid adının verilməsi üçün onun ölkənin ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, ölkənin azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmasının müəyyən edilməsi tələb olunur. Göstərilən normativ-hüquqi aktların mənası onu təsbit edir ki, şəxsin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında birbaşa səbəbli əlaqə olmalıdır. Məhkəmə hesab edir ki, qeyd olunan maddi hüquq normalarındakı “həlak olma” anlayışının düzgün təfsir edilməsi üçün həmin anlayışa qanunun aliliyinin əsas elementlərindən biri olan hüquqi müəyyənlik pirinsipi baxımından yanaşılmalıdır. Hüquqi müəyyənlik prinsipi isə digər kriteriyalarla yanaşı ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Yəni, şəxsin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olması və ya onun həmin döyüşlərdə aldığı yaralardan sonradan vəfat etməsi hüquqi müəyyənlik prinsipi baxımından məzmunca eyni anlayışdır və mübahisəli hüquq münasibətlərinə eyni qaydada tətbiq olunmalıdır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddianın qaldırılmasında əsas məqsəd iddiaçının mərhum oğlu X1 “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqında” 03 sentyabr 1993-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın müvafiq tələblərinə uyğun olaraq şəhid olması barədə arayışın və ona şəhid statusunun verilməsindən ibarətdir. Halbuki, mərhum X1 döyüş şəraitində olan hərbi hissədə döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqları bilavasitə icra etmədiyi, bilavasitə cinayət hadisəsinin qurbanı kimi vəfat etməsi məhkəmə araşdırması zamanı müəyyən edilmişdir. Halbuki, şəxsin şəhid hesab edilməsi üçün şəxsin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında birbaşa səbəbli əlaqə olmalıdır. Beləliklə, məhkəmənin qənaəti belədir ki, yuxarıda göstərilən səbəblərə görə iddia tələbi təmin edilə bilməz. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı mərhum oglu kiçik gizir X2 Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən şəhid adının verilməsinə dair müvafiq arayışın verilməsi barədə iddiası əsassız oldugundan rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küç, 540-cı məhəllə) apellyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar