Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1353/2024 16.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Adi cəlbetmə qaydasında cəlb edilmiş üçüncü şəxslər X4 və X5 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Səbail Rayonu İcra Hakimiyyəti Başçısının 213 saylı, xx.xx.2013-cü il tarixli sərəncamına əsasən mülkiyyətinə verilmiş Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi, Cavanşir Qəhrəmanov küçəsi, ev 10, 1 a saylı mənzil üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi, Cavanşir Qəhrəmanov küçəsi ev 10, 1 a saylı mənzil iddiaçıya məxsusdur. Həmin mənzil iddiaçıya Bakı şəhəri Səbail Rayonu İcra Hakimiyyəti Başçısının 213 saylı, xx.xx.2013-cü il tarixli sərəncamına əsasən verilmişdir. Belə ki, iddiaçı işlədiyi ARDNŞ-nin vahid mənzil uçotu siyahısı üzrə ümumi əsaslarla xx.xx.1987-ci ildə mənzil uçotuna götürülmüşdür. Həmin mənzil artıq 10 ildir ki, iddiaçının istifadəsindədir və ailə üzvləri ilə orada yaşayır. Buna görə də həmin mənzil üzərində hüquqlarınının daşınmaz əmlakın dövlət reyestrində qeydiyata alınması üçün İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, aparılan araşdırma zamanı qeyd olunan mənzilə dair Bakı şəhəri Səbail Rayonu İcra Hakimiyyəti Başçısı tərəfindən 213 saylı sərəncamın xx.xx.2013-cü il tarixdə verildiyi müəyyən edilmiş və bu səbəbdən ərizənin icrası mümükün olmamışdır. Lakin iddiaçı qeyd edir ki, xx.xx.1987-ci il tarixindən mənzil uçotuna götürülməyinə baxmayaraq, 2013-cü ildə yəni 25 il sonra mənzillə təmin olunmağını əsas gətirməklə müvafiq qeydiyyatın aparılnmasından imtina edilməsi əsassızdır.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, qeyd olunan mənzilin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11 -ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi təqdim edilməmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Cavabdeh orqan bu məktubun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmadığını nəzərə alınmasını xahiş etmişdir.
4. Qeyd edilən məktubun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmadığı qeyd edilsə də, iddiaçının müraciəti əsasında hüquqlarının qeydə alınması təmin edilmədiyindən məhkəmə həmin məktubu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina kimi qiymətləndirir.
5. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etiraza əsasən bildirilmişdir ki, İddiaçı Səbail rayonu İcra Hakimiyyəti Başçısının 213 saylı, xx.xx.2013-cü il tarixli sərəncamına əsasən iddiaçının mülkiyyətinə verilmiş Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi, Cavanşir Qəhrəmanov küçəsi ev 10, 1a saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair iddiası etirazla qarşılanır. İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökabatan qəsəbəsi, C.Qəhrəmanov küçəsi, 10 saylı evin 1a saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2023-cü il tarixli ********** nömrəli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan mənzilin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi təqdim edilməmişdir. Qeyd olunan mənzilə dair Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 213 saylı sərəncamı xx.xx.2013-cü il tarixdə verilmişdir. Məlumat üçün bildiririk ki, İdarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman məlum olmuşdur ki, mənzil 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşməklə faktiki sahəsi 85.8 kv.m təşkil edir. Əlavə olaraq bildiririk ki, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8- ci maddəsinə əsasən mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma) təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə “yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
6. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və ANQSİHİ Respublika Komitəsinin birgə iclasının 6 №-li Prorokolundan xx.xx.2012-ci il tarixli Çıxarışa əsasən ARDNŞ-nin vahid mənzil uçotu siyahısı üzrə mənzil uçotunda dayanan, X19 Donanması Gəmi təmiri zavodunun işçisi İddiaçı xx.xx.1987-ci ildə mənzil uçotuna götürülmüşdür. İddiaçı 4 nəfər ailə tərkibi ilə (özü, arvadı, oğlu Aqşin, qızı Solmaz) 3 otaqlı mənzil seçmək hüququ olduğu bildirildi və ona bölgüsü aparılan evlərdən mənzil seçimi təklif edildi. O, bölgüsü aparılan evlərdən ünvan 2 ünvandan giriş 1, mərtəbə 1, 3 otaqdan ibarət 55,92 kv.m yaşayış sahəsi olan 1a nömrəli mənzili seçdi və seçimini imzası ilə təsdiq etdi. ünvan 2, giriş 1, mərtəbə 1, mənzil 1a, yaşayış sahəsi 55,92 kv.m olan 3 otaqlı mənzil İddiaçı 4 nəfərdən ibarət aşağıdakı ailə tərkibinə verilmişdir: Özü – İddiaçı – 1965-ci il təvəllüdlü, Arvadı – X9 – 1972-ci il təvəllüdlü, Oğlu – X10 – 1995-ci il təvəllüdlü, Qızı – X6 – 1993-cü il təvəllüdlü.
7. Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyətinin Başçısının xx.xx.2013-cü il tarixli 213 nömrəli “AZərbaycan Respublikası Dövlət Neft Şirkətinin mərkəzləşdirilmiş mənzil uçotu üzrə işçilərinin mənzil məsələsi haqqında” Sərəncama əsasən İddiaçı İsmauıl oğluna 4 nəfər ailə üzvü ilə (özü, həyat yoldaşı, qızı və oğlu) Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Qəhrəmanov küçəsi, ev 10, giriş 1, mərtəbə 1, yaşayış sahəsi 55,92 kv.m olan 3 otaqlı, 1a saylı mənzil ayrılmış və mənzil növbəsindən çıxarılmışdırlar: - İddiaçı – 1965-ci il təvəllüdlü – özü, - X9 – 1972-ci il təvəllüdlü – həyat yoldaşı, - X10 – 1995-ci il təvəllüdlü – oğlu, - X6 – 1993-cü il təvəllüdlü – qızı.
8. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, sözügedən binada bir neçə mənzil qeydiyyata alınmışdır. İddiaçı adına həmin binada hər hansı mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir.
9. Cavabdeh tərəfindən ünvan 3 ünvanında yerləşən bir neçə mənzilə dair arxiv qovluğunda saxlanılan müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim olunmuşdur.
10. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin olunmasını xahiş etdi.
11. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən üçüncü şəxs X9 iddia tələbinin təmin olunmasını xahiş etdi və bildirdi ki, iddiaçı X3 arvadıdır, mübahisələndirilən mənzilə dair iddiaçının adına çıxarış verilməsinə etiraz etmir. Üçüncü şəxs eyni zamanda bildirdi ki, qızları X1 Federasiyası vətəndaşıdır, hazırda Rusiya Federasiyasında yaşayır və mənzillə bağlı aralarında heç bir mübahisə yoxdur, mübahisələndirilən mənzilə dair iddiaçının adına çıxarış verilməsinə etiraz etmir.
12. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən üçüncü şəxs X10 iddia tələbinin təmin olunmasını xahiş etdi və bildirdi ki, iddiaçı X3 oğludur, mübahisələndirilən mənzilə dair iddiaçının adına çıxarış verilməsinə etiraz etmir.
II. İddianın növü və mümkünlüyü
13. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
14. İddia mümkündür.
III.Məhkəmənin mövqeyi
15. X14 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
16. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).
17. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
18. Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
19. Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X2 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50).
20. X18 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
22. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
23. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
24. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;
25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;
26. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunundan:
1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır.
4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz.
27. Məhkəmə işin faktiki hallarını araşdıraraq müəyyən edir ki, İddiaçı X19 Donanması Gəmi təmiri zavodunun işçisi olaraq xx.xx.1987-ci il tarixdən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vahid mənzil uçotu siyahısı üzrə mənzil növbəsinə götürülmüşdür. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və ANQSİHİ Respublika Komitəsinin birgə iclasının 6 №-li Prorokolundan xx.xx.2012-ci il tarixli Çıxarışa əsasən ünvan 2, giriş 1, mərtəbə 1, mənzil 1a, yaşayış sahəsi 55,92 kv.m olan 3 otaqlı mənzil İddiaçı 4 nəfərdən ailə tərkibinə verilmişdir. Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyətinin Başçısının xx.xx.2013-cü il tarixli 213 nömrəli “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mərkəzləşdirilmiş mənzil uçotu üzrə işçilərinin mənzil məsələsi haqqında” Sərəncama əsasən İddiaçı İsmauıl oğluna 4 nəfər ailə üzvü ilə (özü, həyat yoldaşı, qızı və oğlu) Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Qəhrəmanov küçəsi, ev 10, giriş 1, mərtəbə 1, yaşayış sahəsi 55,92 kv.m olan 3 otaqlı, 1a saylı mənzil ayrılmış və mənzil növbəsindən çıxarılmışdırlar.
28. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.
29. Məhkəmə sərəncamda qeyd olunan ailə üzvlərinin razılığının olub-olmamasını araşdırarkən müəyyən edir ki, məhkəmə iclasında iştirak edən iddiaçının arvadı X9 və iddiaçının oğlu X10 mübahisələndirilən mənzilə dair iddiaçının adına çıxarış verilməsinə etiraz etmədiklərini bildirmiş, iddia tələbinin təmin olunmasını xahiş etmişdirlər. İddiaçının qızı X6 isə Rusiya Federasiyasının vətəndaşıdır və hazırda Rusiya Federasiyasında yaşayır, mənzillə bağlı iddiaçı ilə arasında hər hansı mübahisə yoxdur, mübahisələndirilən mənzilə dair iddiaçının adına çıxarışın verilməsinə etiraz etmir.
30. Belə olan təqdirdə məhkəmə hesab edir ki, həmin mənzil “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun təsir dairəsinə düşməklə faktiki olaraq kirayəçinin əvəzsiz olaraq istifadəsinə verilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Bakı Şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli Sərəncamı faktiki olaraq yeni Mənzil Məcəlləsi qəbul edilən tarixədək (2009-cu il oktyabrın 1-dək) yaranmış münasibətlərin sənədləşdirilməsidir. Belə ki, mübahisəli daşınmaz əmlak iddiaçıya ailə üzvləri ilə birlikdə Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 213 saylı xx.xx.2013-cü il tarixli sərəncamı əsasında ayrılsa da, iddiaçının mübahisəli mənzilə hüquqları xx.xx.2013-cü il tarixdən deyil, mənzilin ona verilməsi vaxtından əvvəl, yeni Mənzil Məcəlləsinin qüvvəyə mindiyi tarixədək – xx.xx.2009-cu ilədək yaranmışdır. Çünki iddiaçı X19 Donanması Gəmi təmiri zavodunun işçisi olaraq xx.xx.1987-ci il tarixdən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vahid mənzil uçotu siyahısı üzrə mənzil növbəsinə götürülmüşdür. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və ANQSİHİ Respublika Komitəsinin birgə iclasının 6 №-li Prorokolundan xx.xx.2012-ci il tarixli Çıxarışda da qeyd olunmuş ki, İddiaçı xx.xx.1987-ci il tarixdən etibarən mənzil növbəsində olmağı nəzərə alınaraq mənzil uçotundan çıxarılması və ünvan 2, giriş 1, mərtəbə 1, mənzil 1a ünvanında yerləşən mənzilin iddiaçıya ayrılması qərara alınmışdır.
31. Məhkəmə eyni zamanda nəzərə alır ki, iddiaçı tərəfindən mübahisələndirilən mənzillə eyni binada yerləşən digər mənzillər üzərində başqa şəxslərin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qedyiyyata alınmışdır. Belə olan təqdirdə iddiaçıya münasibətdə fərqli rəftar (hüquqlarının qeydiyyatından imtina) bərabərlik prinsipinin pozulması ilə nəticələnə bilər.
32. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən mənzilə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” var.
33. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
34. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
35. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
36. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
37. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Cavanşir Qəhrəmanov küçəsi, ev 10, 1a saylı mənzil üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq adına çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva