Məhkəmə qərarları › İş №2-1(112)-13533/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13533/2024

03.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13533/2024 03.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə dair cizginin tərtib edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə və Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı məhkəməyə müraciət edərək, iddiaçıya Abşeron rayonu keçmiş Ramana südçülük sovxosu ərazisindən sovxoz direktorunun 09 aprel 1990-cı il tarixli 46 nömrəli əmrinə əsasən Abşeron rayonu keçmiş Ramana qəsəbəsi ərazisində ayrılmış 0,10 ha torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş yaşayış evinin planı və bölgü sxeminin verilməsi öhdəliyinin Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti üzərinə qoyulması və həmin torpaq sahəsini və torpaq sahəsində tikilmiş evə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsi əsasında cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi cavabdehlər sırasından çıxarılaraq iddia tələbi “İddiaçı Abşeron rayonu, keçmiş Ramana südçülük sovxozu ərazisindən 09 aprel 1990-cı il tarixli 46 nömrəli əmrə əsasən, ayrılmış 0,10 ha torpaq sahəsinin bölgü sxeminin hazırlanması və verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması” kimi icraata qəbul edilmişdir.

3. Dəqiqləşdirilmiş iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1965-ci ildə Naxçıvan MR Şərur rayonu Şahtaxtı kəndində anadan olmuşdur. Səhəhtində yaranmış problemlə bağlı xx.xx.2023-cü il tarixdə “Hər iki bud-çanaq oynaqlarının total artroçlastikası-endoprotezindən sonrakı vəziyyət. Bud-çanaq oynaqlarında hərəkətin təzahür edən məhdudlaşması.İkitərəfli.” diaqnozu ilə, müddətsiz, İkinci dərəcəli əlillik” dərəcəsi ilə pensiyaya çıxmışdır. İddiaçı bundan əvvəl xeyli müddət “Ramana” südçülük sovxozunda işləmişdir. Azərbaycan SSR Nazirlər Sovetinin 12 avqust 1988-ci il tarixli 263 nömrəli qərarına əsasən, Ramana südçülük sovxozunda işləyən fəhlə və mütəxəssislərə fərdi yaşayış evləri tikintisi üçün 4,8 hektar həyatyanı torpaq fondu ayrılmışdır. Həmin Sərəncama əsasən, S.Əliyev adına Ramana südçülük kompleksi üzrə 09 aprel 1990-cı il tarixli 46 nömrəli sovxoz direktorunun əmrinə əsasən, İddiaçı fərdi yaşayış evi tikdirməsi üçün 0,10 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində öz şəxsi vəsaiti hesabına yaşayış evi tikilmişdir. İddiaçı S.Əliyev adına Ramana südçülük kompleksi üzrə sovxoz direktorunun 09 aprel 1990-cı il tarixli 46 nömrəli əmrinə əsasən, torpaq sahəsinin ayrılması barədə əmrin surəti AR. Milli Arxiv İdarəsi Abşeron rayon Dövlət Arxivinin verdiyi xx.xx.2024-cü il tarixli, Q-481 nömrəli Arxivdən çıxarış sənədində də öz əksini tapmışdır. S.Əliyev adına Ramana südçülük kompleksi üzrə 09 aprel 1990-cı il tarixli 46 nömrəli sovxoz direktorunun əmrinə əsasən fərdi yaşayış evi tikdirməsi üçün ayrılmış 0,10 ha torpaq sahəsində tikdirdiyimiz fərdi yaşayış evinə dair Azərbaycan Respublikası “Bakı Torpaq” lahiyə smetra bürosu tərəfindən “Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi” sənədi tərtib edilmiş və plan və ölçü sxemi sənədləri hazırlanmışdır. Qeyd olunan torpaq sahəsinin və tikilmiş fərdi yaşayış evinin Dövlət Reyestrində qeydə alınması və müvafiq dövlət sənədi verilməsi üçün Azərbaycan Respublikası İN-yi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Apşeron Ərazi İdarəsinə tərəfindən xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət olunmuşdur. Azərbaycan Respublikası İN-yi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 321332/1-5857/24 nömrəli cavab məktubunda, Abşeron rayonu keçmiş Ramana südçülük sovxosu ərazisindən 09 aprel 1990-cı il tarixli 46 nömrəli əmrə əsasən, ayrılmış 0,10 ha torpaq sahəsinə dair yerləşmə sxeminin hazırlanması ilə bağlı müraciətimə idarədə baxıldığı və ayrılmış torpaq sahəsinin planı və bölgü sxemi torpaqayırma işini həyata keçirən qurum tərəfindən həyata keçirildiyi bildirilmişdir. Buradan da aydın olur ki, ayrılmış torpaq sahəsinin planı və bölgü sxemi torpaqayırma işini həyata keçirən qrum- Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti nəzərdə tutulur və həmin orqan tərəfindən sənədlər hazırlanmalıdır. Abşeron rayonu keçmiş Ramana südçülük sovxosu ərazisindən 09 aprel 1990-cı il tarixli 46 nömrəli əmrə əsasən ayrılmış 0,10 ha torpaq sahəsində iddiaçı tərəfindən artıq yaşayış evi tikilmişdir. Həmin qeyd olunan torpaq sahəsi ayrılan vaxtdan hal-hazıradək onun istifadəsindədir və torpaq sahəsində müxtəlif meyvə (bar) ağacları tərəfindən əkilmişdir.

4. Cavabdehin xx.xx.2024-cü il tarixli imtinasında qeyd edilmişdir ki, “sənədlərə əsasən sözügedən torpaq sahəsinin Ramana südçülük sovxozu direktorunun xx.xx.1990-cı il tarixli 46 nömrəli əmri ilə ayrıldığı müəyyən edildiyindən və keçmiş S.Əliyev adına Ramana südçülük sovxozu Suraxanı rayonunun inzibati ərazisində yerləşmədiyindən aidiyyəti üzrə müraciət etməyiniz məqsədəmüvafiq hesab edilir.”

5. İş materiallarında olan AR Milli Arxiv İdarəsi Abşeron Rayon Dövlət Arxivinin arxiv çıxarışının surətindən görünür ki, S.Əliyev adına Ramana südçülük kompleksi üzrə 46 nömrəli, 09 aprel 1990-cı il tarixli əmrdə qeyd olunur: Azərbaycan SSR Nazirlər Sovetinin 12 avqust 1988-ci il tarixli 263 №-li qərarına əsasən Ramana südçülük sovxozunda işləyən fəhlə və mütəxəssislərə fərdi yaşayı evləri tikintisi üçün 4,8 hektar həyətyanı torpaq fondu ayrılmışdır. Sovxozun əmək kollektivi şurasının və yerli həmkarlar təşkilatının qərarını nəzərə alaraq əmr edilir: ..59. İddiaçı - mala baxan 0.10. Tapşırılsın torpaq ayırma komissiyasına ki, vətəndaşlara verilən torpağı ölçü tanıtsın. Qeyd: Əmrə ayrıc aktı, sxem, təhkim aktı və ilkin baş plan daxil edilməmişdir.

6. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 4-cü hissəsinə əsasən torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir. Həmin maddənin 5-ci hissəsinə əsasən isə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 646- VİQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2023-cü il tarixli Fərmanının 1.2-ci maddəsinə əsasən Torpaq Məcəlləsinin 65-ci maddəsinin 4-cü və 5-ci hissəsində (birinci halda) müvafiq icra hakimiyyəti “orqanı (qurum)” dedikdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur. Qeyd olunanları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü bəndinə istinadən Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “torpaq dahəsinin plan və bölgü sxeminin (cizgisinin) verilməsi tələbinə dair iddianın mümkün sayılmaması bardə qərardad qəbul edilməsi məhkəmədən xahiş edilir.

7. Şifahi məhkəmə dinləməsi (məhkəmə baxış iclası) zamanı iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

9. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

10. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

11. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

12. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

13. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

14. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

15. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

16. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6-cı maddəsinə əsasən, torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir.

17. Torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsi qüvvədə olmuşdur (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür). Həmin Torpaq Məcəlləsinə əsasən (bundan sonra 1991-ci il Torpaq Məcəlləsi): Maddə 14 (Torpaq sahələrindən daimi istifadə) Müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir... Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Maddə 22. Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq; Maddə 29. Torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi Müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Maddə 57. Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir

18. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il № 372 fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (16 iyun 1999cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q” bəndinə əsasən torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir.

19. İşin faktiki hallarından görünür ki, S.Əliyev adına Ramana südçülük kompleksi üzrə 46 nömrəli, 09 aprel 1990-cı il tarixli əmr ilə Azərbaycan SSR Nazirlər Sovetinin 12 avqust 1988-ci il tarixli 263 №-li qərarına əsasən Ramana südçülük sovxozunda işləyən fəhlə və mütəxəssislərə fərdi yaşayı evləri tikintisi üçün 4,8 hektar həyətyanı torpaq ayrılmış və iddiaçının da adının olduğu siyahı əlavə olunmuşdur. Sözügedən əmrin mövcudluğu Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Abşeron Rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş arxiv çıxarışı ilə təsdiqlənir.

20. Həmin arxiv arayışı ilə təqdim edilmiş əmrin təsdiq edilmiş surətindən görünür ki, əmrə sxem, ayrıc aktı, təhkim aktı və ilkin baş plan daxil edilməmişdir.

21. Odur ki, məhkəmə hesab edir ki, torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, sözügedən əmr tam şəkildə icra edilməmiş, torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi hazırlanılaraq təqdim edilməmişdir. Cavabdeh qurum tərəfindən ayrılmış torpaq sahəsinə dair ayrıc aktının həmin dövrdə əmrlə birlikdə vətəndaşa təqdim edilməsinə dair isə heç bir sübut işə əlavə edilməmişdir.

22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

23. Belə olan təqdirdə, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuna ziddir, iddiaçı müvafiq öhdəliyin qoyulmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir.

24. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

25. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

26. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Abşeron rayonu, keçmiş Ramana südçülük sovxozu ərazisindən S.Əliyev adına Ramana südçülük sovxozunun 09 aprel 1990-cı il tarixli 46 nömrəli əmrinə əsasən ayrılmış 0,10 ha torpaq sahəsinin bölgü sxemi - yerləşmə sxeminin tərtib edilərək verilməsi öhdəliyi Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır.

27. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Abşeron rayonu, keçmiş Ramana südçülük sovxozu ərazisindən S.Əliyev adına Ramana südçülük sovxozunun 09 aprel 1990-cı il tarixli 46 nömrəli əmrinə əsasən ayrılmış 0,10 ha torpaq sahəsinin bölgü sxemi - yerləşmə sxeminin hazırlanaraq İddiaçı verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar