Məhkəmə qərarları › İş №2-1(112)-13536/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13536/2023

30.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13536/2023 30.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, X1 və İddiaçı3 cavabdeh Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İşin halları

1. İddiaçı1 ərizə ilə cavabdeh Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, onun və ailə üzvləri İddiaçı2, İddiaçı3, X1 ünvan 1 ünvanı üzrə qeydiyyata alınmalarını xahiş etmişlər.

2. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla müraciəti təmin etməkdən imtina etmiş və bildirmişdir ki, onların qeyd olunan ünvanda qeydiyyatsız yaşamağı müəyyən edilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndinin tələblərinə əsasən, yaşayış yerinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud qanunvericiliklə nəzərdə tutulan başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi təqdim edildikdən sonra vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması məsələsinə baxıla bilər. Qanunvericiliyin tələblərinə əsasən, onun və ailə üzvlərinin qeydiyyatsız yaşadıqları ünvan 2 ünvanına qeydiyyata alınmaq üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur.

3. Bundan sonra iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların və yetkinlik yaşma çatmamış X1 Bakı şəhəri, Lökbatan qəsəbəsi, Massiv 6, 4 nömrəli küçədə yerləşən 18 saylı fərdi yaşayış evinə qeydiyyata alınmaları öhdəliyinin cavabdeh Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər.

4. Daha sonra İddiaçı1, İddiaçı2, İddiaçı3, X2 iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X1 iddiaçı qismində inzibati məhkəmə icraatına cəlb edilməsini və İddiaçı1, İddiaçı2, İddiaçı3, X1 Bakı şəhəri, Lökbatan qəsəbəsi, Massiv 6, 4 nömrəli küçədə yerləşən 18 saylı fərdi yaşayış evinə qeydiyyata alınmaları öhdəliyinin cavabdeh Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Tərəflərin əsaslandırması

5. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı1 Söhrab oğlu ailəsi İddiaçı2, İddiaçı3 və yetkinlik yaşına çatmamış oğlu X2 ilə 2013-cü ildən Bakı şəhəri, Lökbatan qəsəbəsi, Massiv 6, 4 nömrəli küçədə yerləşən 18 saylı fərdi yaşayış evində yaşayırlar və həmin ev onların faktiki istifadələrindədir. Həmin fərdi yaşayış evinin yerləşdiyi 0.015 ha torpaq sahəsi İddiaçı1 mülkiyyətindədir və buna dair "Hüquqların Dövlət qeydiyyatı" haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX olan ******* saylı çıxarışı mövcuddur. Fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun tanınması üçün bir sıra formal əngəllər olduğu üçün mülkiyyət hüququnu hazırda əldə etmək mümkün olmamışdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini nəzərə alaraq hazırkı iş üzrə cavabdeh orqana qeydiyyata alınmaqları barədə müraciət etmişlər. Lakin, cavabdeh orqan xx.xx.2023-cü il tarixli 3-13- 48/2-M- 13503/2023 saylı məktubu ilə imtina etmişdir. Xüsusi ilə vurğulanmalıdır ki, dövlət orqanları onların orada yaşamaqlarına dair hər hansı bir etiraz bildirməmişlər, əksinə, həmin evin həyat üçün zəruri olan işıq xətləri ilə təchiz olunmasına dair müqavilə onunla müvafiq qurum arasında bağlanmışdır. Cavabdehin imtinası qanunsuz və əsassız olduğundan, məhkəməyə müraciət etmək qərarına gəlmişlər.

6. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir.

7. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər.

8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi) Məhkəmənin mövqeyi

9. Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. 10.Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. 11.İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 12.“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. 13.Hazırkı iddia iddiaçıların qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçılar məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişlər.

14. İddianın əsaslılığına gəldikdə, məhkəmə hesab edir ki, iddia həm də əsaslıdır. Belə ki, işdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 18/2-33122/23 nömrəli məktubundan görünür ki: - İddiaçı1 xx.xx.1992-ci il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır. - İddiaçı3 xx.xx.2016-cı il tarixdən ünvan 4 ünvanında qeydiyyatda olmuş xx.xx.2022-ci il tarixdən qeydiyyatdan çıxarılmışdır.

15. 28.11.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi ünvanında yerləşən 0,015 ha torpaq sahəsi İddiaçı1 Söhrab oğlunun mülkiyyətindədir.

16. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 18/2-33122/23 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 6, küçə 4, 18 saylı fərdi yaşayış evində qeydiyyatda olan şəxslər müəyyən edilməmişdir.

17. Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Lökbatan qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 94 nömrəli məktubundan görünür ki, vətəndaş İddiaçı1 Söhrab oğlu, İddiaçı2 və İddiaçı3 ********** nömrəli çıxarışa əsasən Lökbatan qəsəbəsi, 6-cı massiv, 4-cü küçə, ev 18 saylı ünvanda qeydiyyatsız yaşayırlar.

18. İddia ərizəsindən görünür ki, iddiaçılar hazırda yaşadıqları Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 6, küçə 4, 18 saylı fərdi yaşayış evinə qeydiyyata alınmalarını xahiş edirlər.

19. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır.

20. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir.

21. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.

22. Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Qeydiyyatın məqsədi yalnız şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin bilavasitə icrası ilə bağlıdır.

23. İşin yuxarıda qeyd olunan hallarından görünür ki, iddiaçılar hazırda faktiki olaraq Lökbatan qəsəbəsi, 6-cı yaşayış massiv, 4-cü küçə, ev 18 saylı ünvanında yaşasalar da, həmin ünvanda qeydiyyatda deyillər.

24. İddiaçıların yaşadığı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi İddiaçı1 mülkiyyətindədir və həmin torpaq sahəsində yerləşən yaşayış sahəsinin fərdiləşdirilməsini təmin edən rəqəm və hərflərdən və (və ya) işarələrdən ibarət ünvan nömrəsi vardır.

25. Buna görə də məhkəmə cavabdehin imtinasının əsasında duran iddiaçıların həmin ünvana qeydiyyata alınması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində sadalanan hüquqmüəyyənedici sənədləri təqdim edə bilməməsi barədə dəlilini hazırkı işin hallarına münasibətdə əsassız hesab edir.

26. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir”.

27. Göründüyü kimi yaşayış yeri üzrə qeydiyyat şəxsin daşınmaz əmlaka hər hansı əşya hüququnu ehtiva etmir və qeydiyyatın məqsədi yalnız şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin bilavasitə icrası ilə bağlıdır.

28. Belə olan halda hesab edilir ki, mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi İddiaçı1 mülkiyyətində olduğundan və iddiaçılar ailə üzvləri ilə həmin ünvanda yaşadığından onlar faktiki yaşadığı ünvan üzrə qeydiyyata alınmanı tələb etməkdə haqlıdırlar. 29.İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

30. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə

qərara aldı:

İddia təmin olunsun. İddiaçılar xx.xx.1975-ci il təvəllüdlü İddiaçı1, xx.xx.1976-cı il təvəllüdlü İddiaçı2, xx.xx.2005-ci il təvəllüdlü İddiaçı3 və xx.xx.2010-cu il təvəllüdlü X1 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi, 4-cü küçədə yerləşən 18 saylı fərdi yaşayış evinə yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar