Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13543/2025 22.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və s.” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi “cavabdehin 27 sentyabr 2024cü il tarixli qərarlarının ləğv edilməsi, pensiyanın dayandırıldığı tarixdən bərpa edilməsi, ödənilməmiş pensiya məbləğinin ödənilməsinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsinin məzmunundan göründüyü kimi İddiaçı 1985-cı ildən əmək fəaliyyətinə başlamışdır. SOCAR "Qaz İxrac İdarəsi X9 Kəmərləri Sahəsi "nin məktubuna əsasən sosial sığorta stajı 20 il, 8 ay, 20 gündür. Qaz İxrac İdarəsinin X9 Kəmərlərinin X2 paylayıcı stansiya operatoru vəzifəsində çalışır. İddiaçı 60 yaşdan güzəştli şərtlərlə pensiyaya çıxmaqla əlaqədar olaraq cavabdehə müraciət etmiş, ona pensiya təyin olunmuşdur. Lakin daha sonra cavabdeh iddiaçının pensiyasını dayandırmış və güzəştli iş stajının olmadığına əsaslanmışdır. İddiaçı hesab edir ki, bu əsassızdır və onun hüquqlarının pozulmasına səbəbdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim edilmiş və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması bəndində (10.2) fəhlələr yarımbəndində (a) qazpaylayıcı stansiyanın operatorları vəzifəsi nəzərdə tutulmuşdur. Araşdırma zamanı, iddiaçıya pensiya təyin olunarkən təqdim olunan sənədlərdə xx.xx.1997-xx.xx.2006-cı il, 19.03 2008-xx.xx.2010-cu il və xx.xx.2015-xx.xx.2024-cü il tarixləri arasındakı dövrlər ərzində “X9 Kəmərləri" sahəsində qaz paylayıcı stansiyanın operatoru vəzifəsində işlədiyi qeyd olunub. İşlədiyi “X9 Kəmərləri” sahəsi yuxarıda qeyd edilən Qərar ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan neft, qaz və qaz kondensatı hasilatı, qəbulu və saxlanması sahəsinə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1964-cü il tarixdə anadan olmuşdur. Hərbi biletindən görünür ki, xx.xx.1982-xx.xx.1984-cü il tarixlərdə hərbi xidmətdə olmuşdur. Əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1985-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və yazılı etirazda göstərilən məzmunda imtina olunmuşdur. SOCAR “Qaz İxrac” İdarəsi X9 Kəmərləri Sahəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, İddiaçı xx.xx.1997-ci il tarixindən xx.xx.2010-cu il tarixinədək və xx.xx.2015-ci il tarixindən hal-hazırki vaxta qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X7 X8 Xidmətində 5-ci dərəcəli qaz paylayıcı stansiyanın operatoru peşəsində çalışır. Peşə təlimatına əsasən qaz paylayıcı stansiyanın operatoru İddiaçı əmək funksiyaları aşağıdakı kimi qeyd olunub: Aparatlara, tənzimləmə, ölçü və qazın uçotunu aparan cihazlara, avtomatik avadanlıq sisteminə, qazpaylayıcı stansiyalarda və nəzarət-paylayıcı məntəqələrində boru kəmərləri kommunikasiyalarına xidmət edilməsi; İstehlakçılara qaz verilməsi, rejimin təmin edilməsi; Qoyulmuş rejimə uyğun olaraq cihazların, armaturların və aparatların başqa lazım olan rejimlərə keçirilməsi; Armaturların, cihazların və aparatların işində qaz sızmaları və nasazlıqların aşkar edilməsi; Təzyiq tənzimləyicilərini və qazın uçotu cihazlarının sazlanması və yoxlanması; Yazıcı cihazların kartoqramlarının işlənməsi və alıcılara verilən qazın miqdarının hesablanması; Cihazların dövlət yoxlamasına vermək üçün hazırlanması; Qaz paylayıcı məntəqələrdə (QPM) avadanlıq və kommunikasiyaların cari və orta təmirində iştirak edilməsi; Avadanlığın, kommunikasiyanın, otaqların və qazpaylayıcı stansiyanın (QPS), QPM ərazisinin təmiz saxlanılması; Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, elektrik təhlükəsizliyi, yanğın təhlükəsizliyi və yanğından mühafizənin norma və qaydalarından irəli gələn tələbləri bilmək və onlara riayət etmək; “X10”, “Hədəf sıfır” və “X3 Alətlərinin Tətbiqi – 5S” normativ sənədlərdə nəzərdə tutlan tələblərə əməl etmək; X1 Sistemində (SOİMS) nəzərdə tutulan tələblərinə əməl etmək; Müəssisə üzrə tətbiq edilən X4 tələblərinə əməl etmək və davamlı təkməlləşdirmə planlarının hazırlanmasında təkliflər vermək; Ətraf mühitin mühafizəsi ilə əlaqədar ekoloji normativ sənədlərin tələblərinə əməl etmək; Fəaliyyət zamanı formalaşan təhlükələrin müəyyən edilərək risklərin və ekoloji aspektlərin qiymətləndirilməsində yaxından iştirak etmək; Odorantın və toztutucular üçün yağın uçotunun aparılması; Sahə üzrə tətbiq edilən Beynəlxalq standartların tələblərinə riayət etmək; Sahə rəisi tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirilməsi; Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilmək və onlara riayət etmək. İşlədiyi müddət qaz paylayıcı stansiyanın operatoru peşəsi 23 il 1 ay təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi barədə xx.xx.2007-ci il 12 saylı nömrəli və xx.xx.2024-cü il tarixli 81 nömrəli qərarda göstərilmişdir: a) Fəhlələr 10.2 və 1.2.1.1.4 bəndinin qaz paylayıcı stansiyanın operatoru peşəsinə uyğundur. Pensiya işindən görünür ki: Əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iddiaçıya xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmişdir. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, yaşa görə əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraat başlanmış, iddiaçıya güzəştli iş stajı olmadığı halda xx.xx.2024-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildiyi müəyyən olunmuşdur. Əmək pensiyasının dayandırılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iddiaçıya təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası dayandırılmışdır. Əmək pensiyasının təyin edilməsi barədə qərarın ləğv edilməsi haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, iddiaçıya təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ləğv edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi. İddia tələbinin mahiyyəti ilə bağlı məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanun: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonraki redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Hazırkı işin faktiki hallardan görünür ki, iddiaçıya xx.xx.2024-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin sonradan yenidən inzibati icraat başlanılaraq iddiaçının güzəştli iş stajının mövcud olmaması əsas götürülməklə xx.xx.2024-cü il tarixdə həmin pensiyanın dayandırılması və pensiyanın ləğv edilməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh orqan iddiaçının güzəştli iş stajına malik olmadığını əsaslandıraraq, iddiaçının xx.xx.1997–xx.xx.2006-cı il, xx.xx.2008–xx.xx.2010cu il və xx.xx.2015–xx.xx.2024-cü il tarixləri arasındakı dövrlərdə “X9 Kəmərləri” sahəsində qaz paylayıcı stansiyanın operatoru vəzifəsində çalışdığı müddətləri güzəştli iş stajına aid etməmişdir. Bu mövqe onunla əsaslandırılmışdır ki, qeyd olunan vəzifə Siyahıda nəzərdə tutulan neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahələrinə aid deyildir. Məhkəmə qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olub-olmaması birbaşa olaraq iddiaçının güzəştli iş stajına malik olubolmamasının müəyyən edilməsindən asılıdır. Bu baxımdan, iddiaçının qeyd olunan vəzifədə işlədiyi dövrlərin mahiyyəti və funksional xüsusiyyətləri üzrə hərtərəfli araşdırılmalıdır. Qeyd olunmalıdır ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər Beləliklə, iddiaçının güzəştli iş stajının mövcudluğu ilə əlaqədar mübahisənin həlli baxımından güzəştli iş stajına dair arayışın mövcudluğu zəruridir ki, iş materiallarından da göründüyü kimi məhkəməyə və inzibati orqana həmin arayış təqdim edilmişdir. Lakin, cavabdeh tərəf həmin arayışda qeyd edilən məlumatların mötəbərliyini qəbul etməmiş, iddiaçının güzəştli iş stajının mövcud olmaması barədə mövqe nümayiş etdirmişdir. Məhkəmə araşdırması gedişində iddiaçının əmək fəaliyyəti ilə bağlı halların aydınlaşdırılması məqsədilə onun işlədiyi müəssisəyə müvafiq sorğu göndərilmiş, daxil olmuş cavab məktubundan müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1997-ci il tarixindən xx.xx.2010-cu il tarixinədək, habelə xx.xx.2015-ci il tarixindən hazırkı vaxta qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X7 X8 Xidmətində 5-ci dərəcəli qaz paylayıcı stansiyanın operatoru vəzifəsində fasiləsiz olaraq çalışmışdır. Müəssisə tərəfindən təqdim edilmiş peşə təlimatına əsasən, iddiaçının əmək funksiyaları qaz paylayıcı stansiyalarında və nəzarət-paylayıcı məntəqələrində texnoloji proseslərin aparılması və təhlükəsiz istismarının təmin edilməsi ilə birbaşa bağlı olmuşdur. Belə ki, onun vəzifə öhdəliklərinə aparatlara, tənzimləmə, ölçmə və qazın uçotunu aparan cihazlara, avtomatik avadanlıq sistemlərinə və boru kəmərləri kommunikasiyalarına xidmət göstərilməsi, istehlakçılara qazın verilməsi və rejimin təmin edilməsi, təzyiq tənzimləyicilərinin və qazın uçotu cihazlarının sazlanması və yoxlanılması, qaz sızmalarının və texniki nasazlıqların aşkar edilməsi, eləcə də qaz paylayıcı məntəqələrdə avadanlıqların cari və orta təmirində iştirak edilməsi daxil olmuşdur. Bununla yanaşı, iddiaçı əmək fəaliyyəti zamanı əməyin mühafizəsi, sənaye və yanğın təhlükəsizliyi, ekoloji tələblər, beynəlxalq idarəetmə sistemləri və müvafiq normativ sənədlərlə müəyyən edilmiş qaydalara riayət etməyə borclu olmuşdur. Sorğuya cavab məktubundan, həmçinin müəyyən edilmişdir ki, iddiaçının qaz paylayıcı stansiyanın operatoru peşəsi üzrə faktiki iş stajı ümumilikdə 23 il 1 ay təşkil edir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli və xx.xx.2024-cü il tarixli 81 nömrəli qərarları ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında “fəhlələr” bölməsi üzrə 10.2 və 1.2.1.1.4 yarımbəndlərində nəzərdə tutulan peşələr arasında qaz paylayıcı stansiyanın operatoru vəzifəsinin də əhatə olunduğu göstərilmişdir. Beləliklə, iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş arayışda qaz paylayıcı stansiyanın operatoru peşəsinin müvafiq Siyahıya uyğunluğu açıq və dəqiq şəkildə təsdiq edilmiş, təqdim edilmiş məlumatların mötəbərliyinə şübhə yaradan hər hansı hal və ya səhv məlumat müəyyən olunmamışdır. Bu isə iddiaçının qeyd olunan dövrlər üzrə güzəştli iş stajına malik olmasına dair mövqeni əsaslandıran mühüm sübut kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının güzəştli pensiya hüququnun təmin olunması üçün tələb edilən iş stajına dair şərtin yerinə yetirildiyini göstərir. Əmək funksiyalarının məzmun və məqsəd baxımından eyniyyəti, işçinin faktiki olaraq güzəştli staj yaratmağa xidmət edən fəaliyyətlə məşğul olduğunu təsdiqləyir. Buna görə də, yalnız vəzifə adlarının uyğunluğu deyil, həm də işçinin icra etdiyi funksiyaların və istehsalat şəraitinin nəzərə alınması hüquqi baxımdan zəruri hesab olunur. Belə olduğu halda məhkəmə mövcud olan sənədləri qanunvericiliyin müddəaları ilə birgə təhlil etdikdə, iddiaçının güzəşli iş stajı 12 il 06 aydan çox təşkil edir ki, göstərilən bu hal cavabdeh tərəfindən qəbul edilmiş qərarların əsassız olduğunu və onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi üçün əsas yaradır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 27 sentyabr 2024-cü il tarixli qərarları ləğv edilsin. İddiaçı pensiyanın dayandırıldığı tarixdən bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-13543/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13543/2025
22.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver