Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13546/2025 29.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin əvəzləşdirilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin əvəzləşdirilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı xüsusi mülkiyyətində olan torpaq sahəsinin əvəzləşdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ev tikmək məqsədi ilə qohumlarının köməkliyi ilə torpaq sahəsi almışdır. Uzun illərdir ailəsi kirayədə qalır. Torpağa dair mülkiyyət hüququnu da, əldə edərək çıxarış almışdır. xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, şimal hissəsi ünvanında yerləşən torpaq sahəsi tam xüsusi mülkiyyətindədir. İllərdir ailəsi ilə kirayədə qalır, arzusu da adı çəkilən torpaq sahəsində ev tikməkdir. Lakin, sonradan müəyyən olunmuşdur ki, həmin torpaq sahəsində ev tikməyə icazə yoxur. Həmin sahə sürüşmə zonası hesab edilir. Əgər həmin torpaq sahəsi sürüşmə zonası hesab edilərsə, torpağın özəlləşdirlməsi niyə mümkün hesab edilmişdir və nəyə görə ona çıxarış verilmişdir. Dövlət qurumlarına çoxsaylı müraciətlər ünvnamış, lakin heç bir nəticə verməmişdir. Bakı şəhər İcra hakimiyyəti müraciətini Suraxanı Rayon İcra Hakimiyyətinə yönləndirir. Suraxanı Rayon İcra Hakimiyyəti isə ona torpaq sahəsinin əvəzləndirilməsinin onların səlahiyyətində olmamasını bildirir. Lakin, digər onunla eyni vəziyyətdə olan vətəndaşlara onların mülkiyyətində olan torpaq sahələrinin əvəzində Koroğlu deyilən ərazidə torpaq sahəsi verilmişdir. Torpaq sahəsi xüsusi mülkiyyətində olsa belə, o, həmin torpaq sahəsindən təyinatı üzrə istifadə edə bilmir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı bir münasibət (etiraz) təqdim edilməmişdir.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, şimal hissəsində yerləşən 0.02 ha ölçüdə torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə xx.xx.2011-ci il qeydiyyat tarixi, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
8. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, şimal hissəsində yerləşən 0.02 ha ölçüdə torpaq sahəsinə dair İddiaçı adına xx.xx.2011-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir.
9. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2025-ci il tarixli, 5-20/2-N-71-113/2025 nömrəli məktubla imtina edilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli 56 nömrəli və xx.xx.2016-cı il tarixli 6 nömrəli qərarları ilə Azərbaycan Respublikasının ərazisində coğrafi koordinatları müəyyən edilmiş torpaq sürüşməsi təhlükəsi olan sahələrin təsdiq edilmiş xəritələrdə göstərilən torpaq sürüşməsi təhlükəsi olan sahələrdə, o cümlədən “Zığ-1” sürüşmə sahəsində sürüməyə qarşı tədbirlər istisna olmaqla tikinti işlərinin aparılması qadağan edilmişdir. Ona məxsus torpaq sahəsinin yerləşdiyi ərazi torpaq sürüşməsi təhlükəsi olan “Zığ-1” sürüşmə sahəsində yerləşir və həmin ərazidən FHN-nin mütəxəssisləri tərəfindən verilmiş aktlara əsasən texniki vəziyyəti qəzalı və yolverilməz olan 115 (yüz on beş) fərdi yaşayış evinin sakinləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Bakı şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamları ilə birdəfəlik maddi yardım müqabilində köçürülərək evləri sökülmüş, həmçinin 167 fərdi yaşayış evinin və həmin ərazidə yerləşən çoxmərtəbəli yaşayış binalarında yaşayan 145 mənzilin sakinləri isə müvəqqəti olaraq kirayəyə köçürülmüşlər. Sürüşmə sahəsində yerləşən iddiaçıya məxsus torpaq sahəsinin müqabilində təzminatın ödənilməsi və ya digər ərazidə torpaq sahəsi ilə təmin olunması ilə bağlı bildirilmişdir ki, Rayon İcra Hakimiyyətinin büdcəsində bu məqsədlər üçün maliyyə vəsaiti nəzərdə tutulmadığından və “Torpaq islahatı haqqında” zərbayan Respublikasının Qanunun 19-cu və Torpaq Məcəlləsinin 59-cu maddəsinə əsasən 01 yanvar 2001ci il tarixdən etibarən Bakı şəhərində vətəndaşlara fərdi yaşayış və bağ evləri, fərdi və kooperativ qaraj tikintisi üçün torpaq sahəsinin ayrılması rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olmadığından müraciətin müsbət həlli imkanları xaricindədir.
10. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfndən xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2- 44807/2025 nömrəli məktubla Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin şimal hissəsində yerləşən 0.0200 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışın verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
11. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb məcburetmə haqqında iddia növünə aiddir.
12. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
14. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
13. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
14. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
15. Məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti, sözügedən iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən öncə müvafiq inzibati orqana müraciət edilməsidir ki, iş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən edilir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməmişdən öncə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir.
16. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
17. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
18. Məhkəmə işin yuxarıda sadalanan halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
20. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 59. Fərdi və kooperativ mənzil, bağ evləri və qaraj tikintisi, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası üçün torpaq sahələrinin verilməsi
1. Yaşayış məntəqələrində bələdiyyələrin ehtiyat fondu torpaqlarından sahələr aşağıdakı məqsədlər üçün verilir: kooperativ çoxmərtəbəli çoxmənzilli yaşayış evlərinin tikintisi üçün mənzil-tikinti kooperativlərinin mülkiyyətinə; fərdi yaşayış və bağ evlərinin tikintisi üçün əvəzi ödənilməklə vətəndaşların xüsusi mülkiyyətinə; çoxmərtəbəli çoxmənzilli yaşayış evlərinin tikintisi üçün mənzil tikintisi ilə məşğul olan hüquqi şəxslərin mülkiyyətinə; fərdi və kooperativ qarajların tikintisi üçün əvəzi ödənilməklə fiziki şəxslərin və onların kooperativlərinin mülkiyyətinə; sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası üçün bu Məcəllənin 48-ci maddəsinin 3-cü bəndində göstərilən hüquqi və fiziki şəxslərin icarəsinə, habelə dəyəri ödənilməklə Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə.
2. Ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşə-park, xiyaban, bulvar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimai-iaşə obyektlərinin və digər zəruri tikililərin müvəqqəti inşası üçün sahələr bələdiyyə torpaqları haqqında qanunvericiliyə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə verilir.
3. Kooperativ, habelə digər çoxmənzilli yaşayış evlərinin və qarajların tikintisi məqsədilə ayrılan torpaq sahəsinin ölçüsü müvafiq yaşayış məntəqəsinin planlaşdırılması və tikinti layihələrinə, habelə tikinti normalarına uyğun olaraq, ayrı-ayrı konkret hallarda bələdiyyə tərəfindən müəyyən edilir.
4. Fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün ayrılan torpaq sahəsinin ölçüsü yerli şəraitdən və torpaq ehtiyatı imkanlarından asılı olaraq, bələdiyyə tərəfindən müəyyən edilir.
21. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 19. Torpaqların alqı-satqısının ümumi qaydaları və şərtləri Bələdiyyə ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları, Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərin mülkiyyətində olan torpaqlar alqısatqı müqavilələrinin predmeti ola bilər. Azərbaycan Respublikasında torpaq sahələri üzərində mülkiyyət hüququ mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (şəxslərin razılığı) ilə bilavasitə, torpaq hərracları və müsabiqələri vasitəsilə alınıb satıla bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət hüququ yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Bu Qanun qüvvəyə mindiyi gündən sonra yaşayış evi, həyətyanı və bağ sahəsi üçün Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bələdiyyənin ehtiyat fondundan torpaq sahələri müəyyən edilmiş normalara uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada satılır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və həlak olanların ailəsinə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələri bir dəfə pulsuz verilir. Azərbaycan Respublikası vətəndaşları və hüquqi şəxsləri qeyri-kənd təsərrüfatı ehtiyacları üçün bələdiyyənin ehtiyat fondunun kənd təsərrüfatına yararsız torpaqlarını texniki, tikinti və digər müvafiq normativlərə uyğun olaraq müəyyən edilmiş ölçüdə və qaydada satın ala bilərlər. Dövlət, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda fiziki və hüquqi şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan bütün torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahələrinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaqların alqısatqısının digər xüsusiyyətləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir. Torpağa mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır. Maddə 25. Keçid müddəaları Azərbaycan Respublikasında bələdiyyə orqanları formalaşana qədər bu Qanunla bələdiyyələrə ayrılan torpaqların idarə olunması müvafiq dövlət icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi dəyişilənədək bu Qanuna zidd olmayan hissədə tətbiq edilir. 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. Bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Torpaq sürüşməsi təhlükəsi olan ərazilərin müəyyən edilməsi və bu ərazilərdə tikinti işlərinin aparılmasının məhdudlaşdırılmasına dair əlavə tədbirlər haqqında” 5 mart 2015-ci il tarixli 56 nömrəli Qərarı:
1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Bakı şəhərində və Abşeron yarımadasının digər ərazilərində aparılan tədqiqatlar nəticəsində torpaq sürüşməsi təhlükəsi olan əraziləri müəyyən edən coğrafi koordinatlar əks olunan xəritələr kağız və elektron variantda təsdiq edilsin (əlavə olunur).
2. Bu qərarın 1-ci hissəsində göstərilən torpaq sürüşməsi təhlükəsi olan ərazilərdə tikintiyə icazə verən orqan (qurum) torpaq sürüşməsinə qarşı mövcud tikinti norma və qaydalarına uyğun mühəndisi tədbirlər nəzərdə tutulmaqla hazırlanmış layihələrin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.5.2-ci və 75.7-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmasını təmin etsin.
3. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə və tikintiyə icazə verən orqana (quruma) tapşırılsın ki, bu qərarın 1-ci hissəsində göstərilən torpaq sürüşməsi təhlükəsi olan ərazilərdə bu qərarın 2-ci hissəsi ilə müəyyən edilən tələblərə cavab verən layihələr istisna olmaqla, aparılan tikinti işlərinin və tikintiyə icazələrin verilməsinin dayandırılmasını təmin etsinlər və bu tapşırığın icrası ilə əlaqədar ildə 2 dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.
4. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə tapşırılsın ki, bu qərarın 2-ci hissəsində göstərilən tikinti norma və qaydalarının təkmilləşdirilməsi məqsədi ilə 2015-ci ildə yeni normativ sənəd hazırlayıb Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər əlaqədar təşkilatlarla razılaşdırmaqla qəbul edilməsini təmin etsin.
5. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və yerli icra hakimiyyəti orqanlarına tapşırılsın ki, hazırlanan və mövcud ərazi planlaşdırılması sənədlərində bu qərarın 1-ci hissəsində göstərilən torpaq sürüşməsi təhlükəsi olan ərazilərin bu qərarın 2-ci hissəsi ilə müəyyən edilən tələblərə cavab verən layihələr istisna olmaqla, tikinti aparılması məhdudlaşdırılan ərazilər kimi müəyyən edilməsini aidiyyəti üzrə təmin etsinlər.
6. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə tapşırılsın ki, 2015-ci ilin sonunadək Abşeron yarımadasında və Azərbaycan Respublikasının digər ərazilərində aparılan tədqiqatları davam etdirərək, torpaq sürüşməsi təhlükəsi olan əraziləri müəyyən edən coğrafi koordinatlar əks olunan xəritələri hazırlayıb təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində coğrafi koordinatları müəyyən edilmiş torpaq sürüşməsi təhlükəsi olan sahələrin xəritələrinin təsdiq edilməsi və bu sahələrdə tikinti işlərinin qadağan edilməsi haqqında” 18 yanvar 2016-cı il tarixli 6 nömrəli Qərarı:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 mart tarixli 56 nömrəli qərarının 6-cı hissəsinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılan tədqiqatlar nəticəsində müəyyən edilən torpaq sürüşməsi təhlükəsi olan sahələrin coğrafi koordinatları əks olunan xəritələr kağız və elektron variantda təsdiq edilsin.
2. Torpaq sahəsinin mənsubiyyətindən asılı olmayaraq bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş xəritələrdə göstərilnə torpaq sürüşməsi təhlükəsi olan sahələrdə sürüşməyə qarşı tədbirlər istisna olmaqla tikinti işlərinin aparılması qadağan edilsin.
3. Bu qərarın icrasına nəzarət Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə edilsin.
24. Hazırki işin hallarından müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, şimal hissəsində yerləşən 0.02 ha ölçüdə torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə xx.xx.2011-ci il qeydiyyat tarixi, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçı hazırda ona məxsus torpaq sahəsinin sürüşmə zonasında yerləşməsi səbəbindən torpaq sahəsində tikinti işlərinin aparılmasına məhdudiyyət tətbiq olunmasını bu səbəbdən də, ona məxsus torpaq sahəsinin cavabdeh tərəfindən başqa torpaq sahəsi ilə əvəzləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İddiaçı bu tələbini onunla əsaslandırır ki, digər onunla eyni vəziyyətdə olan vətəndaşlara onların mülkiyyətində olan torpaq sahələrinin əvəzində Koroğlu deyilən ərazidə torpaq sahəsi verilmişdir. Lakin, məhkəmə araşdırması zamanı işin halları ilə belə bir halın mövcud olması müəyyən edilməmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda qeyd edilən müvafiq sərəncamlarına əsasən torpaq sürüşməsi təhlükəsi olan sahələrin əvəzinə vətəndaşlara məxsus torpaq sahələrinin başqa torpaq sahələri ilə əvəz edilməsi barədə hər hansı bir müddəa nəzərdə tutulmamış, yalnız torpaq sürüşməsi təhlükəsi olan sahələrin coğrafi koordinatları əks olunan xəritələr kağız və elektron variantda təsdiq edilməklə, həmin sahələrdə sürüşməyə qarşı tədbirlər istisna olmaqla tikinti işlərinin aparılması qadağan edilmişdir.
25. Məhkəmə əlavə olaraq iddiaçının diqqətinə çatdırır ki, iş materiallarında olan sənədlərlə cavabdeh tərəfindən iddiaçıya hər hansı bir zərər vurulması halı müəyyən edilməmiş, bu hal da, iddiaçı həm də, torpaq sahəsində tikinti işlərinin aparılmasına icazə verməməsi səbəbindən cavabdehdən zərərin əvəzi olaraq torpaq sahəsinin əvəzləşdirilməsi tələbini irəli sürmək hüququ olmamışdır. O cümlədən, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2001-ci il tarixdən “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq yerli icra hakimiyyəti orqanlarının torpaq ayırma səlahiyyəti mövcud deyildir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının tələbi qanunsuz və əsassız olmaqla təmin edilməməlidir.
26. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
27. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».
28. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.
29. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.
31. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X2 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.
32. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün” Ali Məhkəmə Plenumunun 30 mart 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.
33. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68).
34. Həmin Məhkəmənin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
36. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
37. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
38. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
39. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva