Məhkəmə qərarları › İş №2-1(112)-1355/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1355/2025

29.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1355/2025 29.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “əmrin ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Cavabdeh tərəfindən verilmiş işdən azad edildiyimə dair əmrini ləğv edib iddiaçının Cavabdehndə polis sıravisi vəzifəsinə bərpa olunmasına, məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 20 dekabr 2012-ci il tarixində 1620 ş/h saylı nömrə əsasında bağladığı əmək müqaviləsinə əsasən, polis sıravisi vəzifəsi işi üzrə xidmətə başlamışdır. 12 il 08 ay 07 gün qüsursuz xidmət etmişdir. Xidməti dövründə təşəkkümamə ilə mükafatlandırmışdır. xx.xx.2024-cü il tarixli 3-13-17/ə/ş/h/226 nömrəli əmək kitabçasında qeyd edilənə əsasən, iddiaçı yəni İddiaçı ilə Cavabdeh arasımda olan əmək müqaviləsinə xitam verilmişdir. İşə gedəndə ona bildirdilər ki, hələ işə gəlməyin, təzə işçilər götürülüb, onlar sizi bir müddət əvəz edəcəklər. Bir müddət keçdikdən sonra eşitmişdir ki, onu aldadıblar, əsassız yerə işdən xaric ediblər. Hüquqlarını tələb etdikdə, rədd cavabı almışdır, dedilər ki, ondan şikayət var. İş saatından sonra və asudə günlərdə taksi fəaliyyəti ilə məşğul olmuşdur, bir xanımla da qeyri-rəsmi münasibəti var. Bildirmişdir ki, maaşı aylıq xərclərimi qarşılamır, taksi fəaliyyəti ilə məşğul olmağı da bu səbəbdəndir, ancaq xanımla münasibətdə olmağı böhtandır. Lakin heç bir faydası olmadı, işdən çıxarma haqqında əmri istəsə də, əmri verməyərək cavab olaraq bildirdilər ki, şikayət tam araşdırılıb qurtarandan sonra əmri verəcəyik. Bir müddət keçdikdən sonra, 18 aprel 2024cü il tarixində, işlədiyim yerə gedərək, uzun mübahisədən sonra əmək kitabçamı ala bilmişdir. 23 aprel 2024-cü il tarixində Baş Mühafizə İdarəsinə rəsmi qaydada poçt vasitəsilə, pretenziya məktubu göndərməyinə baxmayaraq, bu günədək rəsmi cavab verməyiblər. Dəfələrlə tələb etməyinə baxmayaraq, müxtəlif bəhanələrlə süründürməçilik edərək, yayınırlar. 18 may 2024-cü il tarixi məhkəmə müraciət etməyimin son günüdür. Bu səbəbdən də müddətinin bitməsinə 1 gün qalmış məhkəmə müraciət edir. İşsiz qaldığı bu neçə ay maddi vəziyyətini daha da ağırlaşdırdı. Aylıq məvacibi 675 manat təşkil etsə də qismən də olsa maddi tələbatlarını qarşılayırdı. İştirakı olmadan əmək müqaviləsinə birtərəfli qaydada xitam verilməsi qanunsuzdur. Həmin əmək müqaviləsi tərəflər arasında xx.xx.2012-cu il tarixində, müddətsiz bağlanmışdır. Cavabdeh tərəfindən işçilərin sayı azaldılmayıb, ştat ixtisar edilməyib. Bu səbəbdəndə hesab edir ki, cavabdeh qanunun aliliyini kənara qoyaraq qərəzli mövqedən çıxış edərək sözügedən qanunsuz əmri çıxarmışdır. Cavabdehlə yaranmış mübahisəni yoluna qoymaq cəhdlərim nəticə verməmişdir. Cavabdehə iddiaçı tərəfindən göndərilmiş təklifə də heç bir cavab verilmədi. Bundan sonra tərəfindən Mediasiya təşkilatına müraciət edilməsinə baxmayaraq, cavabdeh orqanın məsul şəxsi saymamazlıq edərək, mediasiya təşkilatına belə gəlmədi. Düşünmüşdür ki, gələr, orada barışıq sazişi bağlanılar, işinə bərpa olar, heç məhkəmə də olmaz. Buradan da iddiaçının işdən çıxarılması barədə qərar qəbul edərkən, cavabdehin qərəzli olduğu aydın olaraq nəzərə çarpır. İşlədiyi müddət ərzində iddiaçı işində hər zaman nizam-intizamlı olmuş və bir dəfə də olsun nöqsana yol verməmişdir, hər hansı bir intizam məsuliyyətinə cəlb edilməmişdir.

3. Bakı 8 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayış iş materiallarına əlavə edilmişdir.

4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, DİN-in sabiq əməkdaşı İddiaçı 20 dekabr 2012-ci il tarixindən 22 fevral 2024-cü il tarixədək DİN-in Baş Mühafizə İdarəsində polis nəfəri vəzifəsində xidmət edib və DİN-in Baş Mühafizə İdarəsinin müvafi əmri ilə 22 fevral 2024cü il tarixdən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir.

5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə İddiaçı Bakı şəhəri Nəsimi Rayon Mühafizə İdarəsinə çağırılaraq əmrlərlə tanış olmaması barədə tərtib olunmuş akt təqdim edilmişdir: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xx.xx.2024-cü il tarixli əmrinə əsasən:

1. “Polis haqqında” Qanunun 29 və 32-ci, “DİO əməkdaşlarının etik davranış Kodeksinin” 1-3, 12, 15, 17 və 22-ci, “İntizam Nizamnaməsi”nin 3.1, 3.2 və 3.9-cu bəndlərinin, həmçinin “Daxili işlər orqanlarında xidmətə qəbul və müsabiqənin keçirilməsi qaydaları haqqında” təlimatın 2.5.11-ci maddəsinin tələblərini pozaraq vətəndaş S.Babayeva ilə əxlaq normalarına zidd münasibətlər quraraq sonuncunun qaynı A.Mehdiyevin haqlı şikayətinə zəmin yaratdığına, DİO-da xidmətə qəbul olunan zaman təhrifedici məlumatlar verdiyinə, polisdə xidmətlə bir araya sığmayan ödənişli taksi fəaliyyətilə məşğul olduğuna, eləcə də müvafiq icazə almadan xidmət etdiyi (yaşadığı) ərazini tərk etdiyinə, “Tik-Tok” sosial şəbəkəsində “rakko_021” profili ilə qeydiyyatdan keçərək həmin sosial şəbəkənin resurslarından istifadə etdiyinə və araşdırma prosesində məsuliyyətdən yayınmaq məqsədi ilə qeyri-səmimi mövqe tutduğuna görə Nəsimi Rayon Mühafizə İdarəsinin polis nəfəri, polis baş serjantı İddiaçı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 4 və 9-cu bəndlərinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir.

2. Nəsimi RMl-nin rəhbərliyindən tabelikdəki əməkdaşların xidmətdə olduqları və xidmətdən kənar vaxtlarda qanunçuluğa, nizam- intizam və etik davranış qaydalarına, DİN-in və BMl-nin aidiyyəti əmr, eləcə də göstərişlərinin tələblərinə ciddi riayət etmələrinə nəzarətin artırılması polisin nüfuzuna və daxili işlər orqanları əməkdaşlarının adına xələl gətirən neqativ halların qarşısının alınması üçün kəsərli tədbirlərin görülməsi tələb olunsun. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xx.xx.2024-cü il tarixli əmrinə əsasən “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə” yə müvafiq olaraq 135-ci maddənin 4 və 9-cu bəndləri ilə (daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olduğuna və daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə) xidmətdən xaric edilmişdir. - xx.xx.2024-cü il tarixli akta əsasən: “Nəsimi RMİ-nin rəis müavini, polis mayoru, kadr və peşə hazırlığı üzrə baş inspektor, polis kapitanı, bölük komandiri, polis baş leytenantı və kargüzar bu aktı tərtib edirik ondan ötrü ki, polis baş serjantı İddiaçı idarəyə dəvət olunsa da, Baş Mühafizə İdarənin xx.xx.2024-cü il tarixli 3-13-17/Ə56/2024 nömrəli əmri ilə ona elan edilmiş cəza ilə tanış edilməkdən imtina etmişdir.”

6. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçı və onun vəkili iddia tələbinin məzmununa uyğun izahat verməklə onun təmin olunmasını xahiş etdilər. İddiaçı əlavə olaraq bildirdi ki, 2025-cü ilin 25-26 fevral tarixlərindən ona bildirilib ki, xidmət yerinə gəlməsin və həmin vaxtdan da xidmət yerinə getməmişdir. Lakin əmr ona təqdim edilməmişdir, əmr ona 18 aprel tarixində təqdim olunub.

II. İddianın növü və mümkünlüyü

7. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd)

8. İddia tələbindən görünür ki, iddiaçı inzibati aktın qeyd edilən əlamətlərinə malik Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsini və xidmətə bərpa olunmasını tələb edir. Odur ki, iddianın növü mübahisələndirməyə dair iddiadır. İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəasinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

“İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından

9. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1). İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (2.2). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3).

10. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

11. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək buraxılmış prosessual müddətin bərpası ilə bağlı əsaslandırılmış ərizənin təqdim edilməsi təklif edilmişdir. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcud olmadığını və mübahisələndirilən qərar iddiaçıya təqdim edilmədiyindən məhkəmə müraciət müddətinin ötürülmədiyini bildirmişdir.

12. Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 150-ci bəndinə əsasən, xidmət keçmə yerini dəyişdirmə, tutduğu vəzifədən azad edilərək aşağı vəzifəyə keçirilmə haqqında qərarla razı olmayan daxili işlər orqanlarının əməkdaşı yazılı bildiriş aldığı gündən daxili işlər orqanlarının yuxarı vəzifəli şəxslərinə müraciət etmək, daxili işlər orqanlarından xaric olunma haqqında qərarla razı olmadıqda isə məhkəməyə şikayət etmək hüququna malikdir.

13. Cavabdeh qurum tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli akta əsasən: “Nəsimi RMİ-nin rəis müavini, polis mayoru, kadr və peşə hazırlığı üzrə baş inspektor, polis kapitanı, bölük komandiri, polis baş leytenantı və kargüzar bu aktı tərtib edirik ondan ötrü ki, polis baş serjantı İddiaçı idarəyə dəvət olunsa da, Baş Mühafizə İdarənin xx.xx.2024-cü il tarixli 3-13-17/Ə56/2024 nömrəli əmri ilə ona elan edilmiş cəza ilə tanış edilməkdən imtina etmişdir.”

14. İş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı qeyd edilən tarixdən xidmətini davam etdirmir, xidmətinə həmin tarixdən xitam verildiyi ona bəllidir. Qeyd edilən hal həm iddiaçının izahatına, həm də cavabdeh tərəfindən təqdim edilən akta əsasən müəyyən edilir.

15. Mediasiya prosesinin tətbiqinə münasibətdə məhkəmə qeyd edir ki, həmin müddət axımı məhkəməyə müraciət etmə müddətini dayandırsa belə, iddiaçı tərəfindən İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilmiş müddət ötürülmüşdür. Belə ki, iddiaçı ilkin müdiasiya üçün xx.xx.2024-cü il tarixdə müraciət etmiş, xx.xx.2024-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. İddiaçı müvafiq tələblə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir.

16. Odur ki, qərarın mübahisələndirilməsi ilə bağlı yol verilən müddət ötürülmüşdür, bu səbəbdən də iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallar mövcud deyildir.

17. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

18. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar