Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1356/2021 29.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi X4, cavabdehin nümayəndəsi X7 iştirakı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «qərarın ləğv edilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdeh AR Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı «qərarın və tətbiq edilmiş maliyyə sanksiyasının ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirlmişdir ki, Bakı səhər Lokal Gəlirlər Departamenti 26 oktyabr 2018-ci il tarixdə qərar qəbul edərək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 12 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə iddiaçıya 12.000 manat məbləində maliyyə saksiyası tətbiq etmişdir. Həmin maliyyə saksiyası tətbiq olunarkən AR Vergilər Məcəlləsinin tələblərinə əməl olunmamışdır. Məsuliyyətə cəlb olunan şəxslərin "xxxx" MMC-də qeyri-rəsmi işləməsini təsdiq edən, ümumiyyətlə işləməsinə dəlalət edən hər hansı bir sübut toplanmamışdır. Yalnız müəssisədən kənarda bir neçə şəxsi saxlayaraq onların müəssisədə qeyri-qanuni işlədiİməsini güya müəyyən etmişlər. Əslində isə, həmin şəxslərin "xxxx" MMC-nə heç bir aidiyyatı yoxdur. Bunu eyni zamanda o sübut edir ki, həmin şəxslərin şəxsiyyətləri müəyyən edilməmiş, yaşadıqları ünvan təsdiq edilməmiş, eyni zamanda həmin işçilərdən hər hansı izahat alınmamışdır. Yalnız həmin şəxslərin şəxsiyyətləri müəyyən olunduqdan və onlardan izahat alındıqdan sonra onların MMC-nin rəhbərliyi tərəfindən işlədilməsi halı müəyyən oluna bilərdi. Ona görə də, hesab edilir ki, göstərilən qərar tamamilə qanunsuz və əsassızdır. Vergi orqanı Vergi Məcəlləsinin müddəalarını kobudcasına pozmuşdur. Belə ki, vergi orqanı Vergi Məcəlləsinin 24.0.5-1-ci maddəsinin tələblərini pozaraq onlara hər hansı müraciət daxil olmadığı təqdirdə qanunsuz olaraq operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərar qəbul etmiş və bu qərarı qanunsuz şəkildə icra etmişdir. Vergi orqanının Ədliyyə Nazirliyində sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış alarkən həmin çıxarışda yoxlamanı təyin edilməsinin əsası kimi vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlara istinad edilir. "xxxx" MMC-də səyyar vergi yoxlaması həyata keçirilən zaman işçilərin qeyri-qanuni olaraq işlədilməsi halları müəyyən edilməmişdir. Burada bir sual olunur – əgər səyyar vergi yoxlaması zamanı bu faktlar aşkar edilmişdirsə, nə üçün vergi orqanı öz vəzifəsini kobud surətdə pozaraq həmin vaxt, həmin işçiləri qeyri-qanuni işlətməyə görə MMC-yə maliyyə sanksiyası tətbiq etməmişdir? Çünki Vergi Məcəlləsinin 50.2.1-ci maddəsinə əsasən operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslardan biri vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlardır. Vergi orqanının borcu həmin vaxt ondan ibarət olmalı idi ki, göstərilən faktların aşkar olunduğu halda dərhal operativ vergi nəzarəti tətbiq eləsin. Lakin Vergilər Nazirliyi həmin vaxt operativ vergi nəzarəti tətbiq etməmiş və bununla bağlı MMCyə hər hansı məsuliyyət tədbiri tətbiq etməmişdir. Vergi orqanı tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı törədilmiş hüquq pozuntularından biri də operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarın rəsmi şəkildə "xxxx" MMC-nin nəzdində fəaliyyət göstərən kərpic zavodunun yerləşdiyi yerin müdiriyyətinə təqdim olunmamasıdır. Vergi orqanı Vergi Məcəlləsinin 50.4-cü maddısinin tələblərini pozaraq operativ vergi nəzarətinin keçirilməsi barədə qərarının MMC-yə rəsmi şəkildə təqdim olunmasını təmin etməmişdir. Əks təqdirdə, həmin qərarın kərpic zavodunun müdriyyətinə rəsmi şəkildə təqdim olunmasını sübut edən sənədi cavabdeh tərəf məhkəməyə təqdim etməlidir. Əlavə olaraq, Vergilər Nazirliyinin əməkdaşları real faktlara əsaslanmadan saxta şəkildə aktlar tərtib etmişlər. Belə ki, əllə yazılan 13 sentyabr 2018-ci il tarixli aktda həqiqətə uyğun gəlmədən 12 nəfər işçinin qanunsuz olaraq işlədilməsi faktının aşkar edilməsi müəyyən olunmuşdur. Həmin aktın saxta olaraq tərtib olumasını sübut edən dəlil ondan ibarətdir ki, aktda görətərilir ki, həmin 12 şəxs izahat verməkdən imtina etmişlər. Həmin şəxslərin izahatları alınmadan və bu izahatlar rəsmiləşdirilmədiyi halda onların kimliyi vergi orqanı tərəfindən necə və hansı halla müəyyənləşdirilmişdir? Bunun özü bir müəmmalı bir sualdır. Digər tərəfdən, vergi orqanı tərəfindən MMC-nin elektron poçt qutusuna göndərilən və vergi ödəyiciləri üzrə hüquqi qüvvəyə minmiş əmək müqavilələri barədə təqdim olunmuş cədvəldə 4 nəfər işçinin adları, soyadları, ünvanları, şəxsiyyət vəsiqəsinin rekvizitləri göstərilməsinə baxmayaraq onlardan heç biri və həmin vaxt o şəxslərin müəssisədə sazlama işləri ilə məşğul olmasına baxmayaraq o işçilərin heç birindən izahat alınmamışdır. Bu isə, həmin aktın reallığı əks etdirmədiyini və saxta olmasını birmənalı olaraq sübut edir. Vergi orqanının əməkdaşları tərəfindən tərtib olunmuş 13 sentyabr 2018-ci il tarixli 007034 nömrəli aktda göstərilir ki, vergi ödəyicisinin ərazisinə baxış seçirilməsi, ekspertizanın aparılması, mütəxəsis, tərcüməçi dəvət edilməsinə zərurət yaranmadı. Hesab edilir ki, aktda göstərilən qeydlərin edilməsi onu təsdiq edir ki, vergi orqanının əməkdaşları operativ vergi yoxlaması həyata keçirərkən operativ vergi yoxlamasının predmetinə daxil olan heç bir hərəkətləri həyata keçirməmişlər. Vergilər Məcəlləsinin müddəalarına görə operativ vergi yoxlamasının predmetinə vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və digər hərəkətlər daxildir. Sual yaranır ki, vergi orqanı tərtib etdiyi aktda vergi ödəyicilərinin ərazilərinə və ya binalarına baxış keçirilmədiyi göstərilmişdirsə vergi orqanının əməldaşları hansı üsulla qeyri-qanuni şəkildə işçiləri işə cəlb etdilməsini müəyyənləşdirmişdir? Belə çıxır ki, vergi orqanının işçiləri zavodun ərazisinə faktiki daxil olmamışlar, faktiki əraziyə baxış keçirməmişlər. Qeyd olunanlar həmin aktla öz təsdiqini tapır. Əgər vergi ödəyicisi olaraq zavodun ərazisinə baxış keçirilməmişdirsə, vergi orqanının əməkdaşları MMC-nin qeyri-qanuni yolla işçiləri işə cəlb etməsini necə müəyyənləşdirmişlər. Vergi orqanı Vergilər Məcəlləsinin 39-cu maddəsinin tələblərini pozaraq vergi yoxlaması aktını rəsmi şəkildə dövlət poçtu ilə MMC-yə göndərməmiş, eyni zamanda qəbul olunmuş qərarı da rəsmi dövlət poçtu vasitəsi ilə təqdim etməmişlər. Bundan başqa Vergilər Məcəlləsinin 39-cu maddəsi ilə vergi ödəyicisi kimi MMC-nin vergi yoxlamasının keçirilməsinə dair aktda etirazlar vermək, yazılı izahatlar vermək və etirazını əsaslandırmaq hüququ vardır. Lakin bu barədə müəssisənin yerləşdiyi Gəncə şəhəri, Kimyaçılar küçəsi, “Azpetrol”un arxasında olan kərpic zavoduna hər hansı məktub poçt vasitəsi ilə göndərilməmişdir. Eyni zamanda Vergilər Məcəlləsinin 40-cı maddəsinin tələbləri pozularaq operativ vergi yoxlaması aparılarkən operativ vergi nəzarətinin keçirilməsi haqqında qərar kərpic zavodunun rəhbərliyinə təqdim olunmamış və müəssisə ərazisində operativ vergi nəzarətinin keçirilməsinə icazə alınmamış və ya müəssisənin işçiləri icazə vermədiyi təqdirdə bu barədə hər hansısa akt tərtib olunmamışdır. Vergi orqanı Vergilər Məcəlləsinin başqa tələblərini də kobud surətdə pozmuşdur. Belə ki, aşkar olunan işçilərin MMC-nin işçisi olub-olmamasını müəyyən etmək üçün müəssisənin rəhbərliyindən sənədlər tələb olunmalı idi. Lakin bu barədə MMC-yə operativ vergi nəzarətinin keçirilməsi zamanı hər hansı sənədlərin tələb olunması barədə bildiriş verilməmişdir. Göründüyü kimi, cavabdeh Vergilər Məcəlləsinin tələblərini kobud surətdə pozmuş, operativ vergi nəzarətini qanunsuz olaraq həyata keçirmiş və operativ vergi nəzarətinin keçirilməsi zamanı yuxarıda göstərilən kobud qanun pozuntularına yol verilmişdir. Beləliklə həmin qərar ləğv olunmalıdır. Göstərilənlərə və İPMin 2.1, 2.2.1, 14.1, 32.1, 45, 46-cı maddələrinə əsaslanaraq, Bakı şəhər Lokal Gəlirlər Departamentinin 26 oktyabr 2018-ci il tarixdə qərarı və tətbiq olunmuş maliyyə sanksiyasının ləğv edilməsi məhkəmədən xahiş olunur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddia tələbinin dəyişdirilərək «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməini qəbul etmişdir. Cavabdeh AR Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin İPM-in 47-ci maddəsinə uyğun olaraq iddia ilə bağlı məhkəməyə ünvanlanmış 16 yanvar 2019-cu il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 26 oktyabr 2018-ci il tarixli qərarının ləğvini xahiş etmişdir. Departamentin 24 avqust 2018-ci il tarixli **********9855 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən iddiaçı "xxxx" MMC-nin fəaliyyəti üzrə Vergi Məcəlləsinin 50.1.7-ci maddəsinə müvafiq olaraq, 28 avqust 2018-ci il tarixdən 16 sentyabr 2018-ci il tarixədək vergi nəzarəti həyata keçirilmişdir. 13 sentyabr 2018-ci il tarixdə keçirilmiş operativ vergi nəzarəti zamanı "xxxx" MMC-yə məxsus Gəncə şəhəri, “Kimyaçılar Azpetrol”un arxasında yerləşən obyektdə AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 12 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması aşkar olunmuş və keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında VN-11 seriyalı 007034 nömrəli akt tərtib edilmişdir. Yuxarıda qeyd edilənlərlə əlaqədar olaraq, Departamentin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 26 oktyabr 2018-ci il tarixli **********6413 nömrəli qərarı ilə vergi ödəyicisi "xxxx" MMC-yə 12.000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Departament vergi ödəyicisinin həmin qərardan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə verdiyi şikayətlə razılaşmır və iddiaçının iddia ərizəsində qeyd etdiyi 12 şəxs izahat verməkdən imtina etdiyi halda, onların şəxsiyyətinin hansı üsulla müəyyənləşdirilməsi sualına cavab olaraq bildirir ki, məhz ödəyicinin istinad etdiyi 13 sentyabr 2018-ci il tarixli aktda 12 nəfərin kimliyi müəyyənləşdirilmiş (onların şəxsiyyət vəsiqələrinin FİN nömrələri 007034 nömrəli akta əlavə edilmişdir), lakin adını təqdim etməyən özünü səlahiyyətli şəxs kimi təqdim etmiş şəxsin göstərişindən sonra onlar izahat verməkdən imtina edərək obyekti tərk etmişlər. Həmçinin, həmin şəxslərin iddiaçı ilə heç bir aidiyyətinin olmaması və müəssisənin kənarında olması məsələsinə gəldikdə qeyd olunmalıdır ki, "xxxx" MMC ilə aktda adları qeyd edilmiş X1, X16 arasında 1 iyun 2015-ci il tarixdə əmək müqavilələri bağlanmış və həmin əmək müqavilələrinə 23 may 2016-cı il tarixdə xitam verilmişdir. Digər tərəfdən maraqlıdır ki, vergi ödəyicisi məhz operativ vergi nəzarəti tədbirindən sonra ona heç bir aidiyyətinin olmadığını qeyd etdiyi və adı operativ vergi nəzarəti tədbiri nəticəsində tərtib edilmiş 13 sentyabr 2018-ci il tarixli akta əlavə edilmiş X17 ilə 7 noyabr 2018-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlamışdır. Bundan əlavə, vergi ödəyicisinin iddia ərizəsində qeyd etdiyi əraziyə baxış keçirilmədiyi halda, işçilərin necə müəyyənləşdirilməsi ilə bağlı mülahizələrinə gəldikdə isə, Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır. Yəni operativ vergi nəzarəti hər bir halda vergi ödəyicisinin obyektində həyata keçirilir. Həmçinin Vergi Məcəlləsinin 50.1-ci maddəsi və 50.5-ci maddələrindən də göründüyü kimi, operativ vergi nəzarəti tədbiri zamanı ərazi və bina anlayışları fərqləndirilir. Həmin Məcəllənin 13.2.54-ci maddəsinə əsasən bina dedikdə, insanların yaşaması, fəaliyyəti, təbiət təsirlərindən qorunması, onlara sosial, mədəni və məişət xidmətlərinin göstərilməsi, istehsalat sahələrinin yerləşdirilməsi, maddi dəyərlərin saxlanması üçün nəzərdə tutulmuş qapalı həcm-fəza quruluşuna malik olan tikinti obyekti nəzərdə tutulur. Vergi ödəyicisinin iddia ərizəsində qeyd etdiyi rəsmi təqdim olunma ilə bağlı məsələyə gəldikdə isə nəzərə alınmalıdır ki, operativ vergi nəzarəti həyata keçirilərkən müəssisə rəhbəri X11 obyektdə olmadığından, həmçinin onunla telefon vasitəsilə əlaqə saxlamaq mümkün olmadığından, sənədlər özünü müəssisənin səlahiyyətli nümayəndəsi kimi təqdim edən şəxsə verilmiş, lakin həmin şəxs sənədləri qəbul etməkdən imtina etmişdir. Müvafiq hal aktla rəsmiləşdirilmişdir. Bundan sonra, müvafiq sənədlər 9 aprel 2013-cü il tarixli elektron sənəd mübadiləsi haqqında müqaviləyə əsasən **********889700 nömrəli 17 sentyabr 2018-ci il tarixli bildirişlə vergi ödəyicisinə təqdim olunmuş və 19 sentyabr 2018-ci il tarixdə vergi ödəyicisi həmin bildirişlə tanış olmuşdur. Yuxarıda qeyd edilən məlumatlardan göründüyü kimi, iddiaçının iddia ərizəsində qeyd etdiyi mülahizələr həqiqətə uyğun deyildir və operativ vergi nəzarəti tədbirləri zamanı iddiaçı tərəfindən AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlamadan fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilmiş və qanunvericiliyin tələblərinə müvafiq şəkildə rəsmiləşdirilmişdir. Göstərilənlərə və AR Əmək Məcəlləsinin 5-1, 7.2, 44, 48, 49.1, 87-ci maddələrinə, İPM-in 68.1-ci maddəsinə, AR Vergi Məcəlləsinin 16.1.1, 24.0.1-ci maddələrinə, AR Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsaslanaraq, "xxxx" MMC-nin iddiasının təmin edilməməsi məhkəmədən xahiş olunur. Mübahisəyə mahiyyəti üzrə 23 oktyabr 2019-cu il tarixdə baxılmış və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin həmin tarixli qərarı ilə AR Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 26 oktyabr 2018-ci il tarixli **********6413 nömrəli qərarı ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 19 iyun 2020-ci il tarixli qərardadı ilə AR Verfilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti qismən təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş və iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Məhkəmə Kollegiyası 19 iyun 2020-ci il tarixli qərardadında qənaətini əsaslandırarkən aşağıdakıları vurğulamışdır: - İşə baxan 1-ci instansiya məhkəməsi hesab etmişdr ki, istinad olunan qanunvericilik normasının (AR Vergi Məcəlləsinin 58.10-cu maddəsi) dispozisiyasından göründüyü kimi, vergi orqanı işəgötürəni AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin yerinə yetirilməsinə cəlb etməyə görə deyil, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaratdığına görə Vergi Məcəlləsinin 58.10-cu maddəsi ilə məsuliyyətə cəlb edə bilər. Cavabdeh vergi orqanı iddiaçı "xxxx" MMC-nin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi yolu ilə onların gizlədilməsinə şərait yaratmasını araşdırmamış, bu barədə hər hansı sübut əldə etməmiş, yalnız əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin işə cəlb edilməsini göstərməklə kifayətlənmiş və bununla da əmək müfəttişliyinin vəzifə səlahiyyətlərinə aid olan məəsləni həll etmişdir. Kollegiya məhkəmənin bu mövqeyinə münasibətdə qeyd edir ki, AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüqiqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktının mövcudluğu əmək qanunvericiliyinin pozuntusu kimi inzibati xəta tərkibini yaradır və bu faktın aşkar edilərək işəgötürənin inzibati məsuliyyətə cəlb edilməsi səlahiyyəti bilavasitə əmək münasibətləri sahəsində tənzimləməni həyata keçirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (Əmək Müfəttişliyinin) səlahiyyəti daxilindədir. Dolayısı ilə işəgötürən tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı bir tərəfdən işəgötürənin əmək münasibətləri sahəsində işçinin mənafeləri baxımından qanunvericiliyin tələblərinin pozuntusu kimi qiymətləndirilərək onun inzibati məsuliyyətə cəlb edilməsinə əsas verirsə, digər tərəfdən bu fakt özlüyündə işəgötürənin əmək münasibətlərini rəsmiləşdirilməməsi yolu ilə onun vergidən yayınmasına bilavasotə rəvac verməklə onun üçün vergi məsuliyyəti yaradır. Beləliklə, əmək müqavləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmə özlüyündə normada qeyd edilən işəgötürənin “gəlirlərin gozlədilməsinə şərait yaratması” hesab olunduğundan, vergi orqanının bu faktı müəyyən edərək vergi qanunvericiliyinin pozulması kimi qiymətləndirməsi və hüquqi şəxsi vergi məsuliyyətinə cəlb etməsi qanunvericiliyin tələbi baxımından yolveriləndir. Birinci instansiya məjkəməsi, vergi orqanının müvafiq aktında adıçəkilən 12 nəfərdən yalnız 3nün izahatını almaqla kifayətlənmişdir. Halbuki, aktda göstərilən şəxslərin kimliyi və şəxsiyyət vəsiqələrinin məlumatları vergi araşdırılması nəticəsində məlum olmuşdur və onların və vergi orqanı əməkdaşlarının məhkəmə iclasına dəvət edilərək şahid qimsində ifadə verməsi hərtərəfli inzibati məhkəmə araşdırılmasına xidmət edərdi. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli 1325 nömrəli Fərmanının 1-ci və 2-ci bəndlərinə əsasən 2020-ci il yanvarın 1-dən Bakı şəhərində Bakı İnzibati Məhkəməsi və Bakı Kommersiya Məhkəməsi təşkil edilmiş, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2019-cu il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yeni strukturu təsdiq edilmişdir. Fərmanla təsdiq olunmuş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturu”nda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nəzərdə tutulmuşdur. İş materialları Bakı İnzibati Məhkəməsinə qaytarıldıqdan sonra iş üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X11 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X18 iddiaya qarşı yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X16 ifadəsində müəssisədə işləmədiyini, oraya tanışının yanına getdiyini və həmin vaxt başqa müəssisədə çalışdığını bildirdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, AR Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: - (50.1.7) AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Qanunun 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Həmin Məcəllənin 50.6-cı maddəsinə görə operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39 – 43-cü və 46 – 49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 58.10-cu maddəsinin 1 yanvar 2019-cu il tarixədək qüvvədə olan tələblərinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə 1.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. AR Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan məhkəmə iclas protokolundan görünür ki, əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X2 fadəsində bildirmişdir: əvvəllər həmin müəssisədə işləmişdir, yoxlama olan ərəfədə zavodda işləməmişdir, həmin gün verilmiş elanla əlaqədar oraya iş axtarmaq məqsədilə getmişdir. İş materiallarında olan məhkəmə iclas protokolundan görünür ki, əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində bildirmişdir: zavodda işləməmişdir, verilmiş elanla əlaqədar zavoda getmişdir, məqsədi işə qəbul olunmaq idi. İş materiallarında olan məhkəmə iclas protokolundan görünür ki, əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadəsində bildirmişdir: zavodda işləməmişdir, elan lövhəsində yazı ilə əlaqədar zavoda getmişdir, vergi işçiləri həmin gün orada onun adını da yazmışlar. İş materiallarında olan məhkəmə iclas protokolundan görünür ki, əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində bildirmişdir: zavodda işləməmişdir, zavoda elanla əlaqədar getmişdir, həmin gün orada 40 dəqiqə müddətində olmuşdur. İş materiallarında olan məhkəmə iclas protokolundan görünür ki, əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X13 ifadəsində bildirmişdir: zavodda işləməmişdir, kollecin binasında reklam kimi yazıda zavodda işçi tələb olunduğu göstərilmişdir, bununla bağlı o, zavoda getmişdir, həmin vaxt vergi orqanı əməkdaşları onu sorğu-sual etmişlər. İş materiallarında olan "xxxx" ASC-nin 25 sentyabr 2020-ci il tarixli 135 nömrəli arayışında aşağıdakılar bildirilir: - 20 iyul 1987-ci il tarixdə doğulmuş X16 17 may 2018-ci il tarixdən 24 avqust 2018ci il tarixədək və 11 sentyabr 2018-ci il tarixdən 29 noyabr 2018-ci il tarixədək "xxxx" ASCdə "xxxx" dərəcəli avtobus sürücüsü işləmişdir. 11 mart 2019-cu il tarixdən hal-hazıradək ASC-də "xxxx" dərəcəli avtobus sürücüsü işləyir. İş materiallarında olan "xxxx" MMC-nin məhkəməyə ünvanlanmış 16 noyabr 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - 31 oktyabr 2017-ci il tarixdən 17 avqust 2018-ci il tarixədək "xxxx" MMC-nin fəaliyyəti vergi orqanının arayışı əsasında dayandırılmışdır. 17 avqust 2018-ci il tarixdən MMC-nin fəaliyyəti bərpa olunmuş və şirkətə məxsus Gəncə şəhərində yerləşən kərpic zavodunda avadanlıqların sazlama və təmiri üçün 18 avqust 2018-ci il tarixdən 4 nəfər işçi (X14, X19, X10, X3) işə götürülmüşdür. Avqust, sentyabr və oktyabr ayları ərzində adıçəkilən işçilərlə, noyabr ayından isə əlavə bir neçə işçi işə götürülərək sazlama və təmir işləri davam etdirilmişdir. Müəssisənin həmin aylar üzrə vergi orqanına təqdim etdiyi aylıq bəyannamələrdə də dövriyyə məbləğinin və əlavə dəyər vergisinin “0” olması ərizəyə əlavə edilmiş sənədlərdə öz əksini tapır (qoşma: 12 vərəqdə). Məhkəmə qeyd edir ki, vergi orqanının 24 avqust 2018-ci il tarixli qərarı ilə vergi ödəyicisi kimi hazxırkı iddiaçı "xxxx" MMC-nin təsərrüfat subyektində (Gəncə şəhəri, “Kimyaçılar Azpetrol”un arxasında yerləşən obyektdə) operativ vergi nəzarəti keçirilmiş və tədbirin nəticələri 13 sentyabr 2018-ci il tarixli aktla rəsmiləşdirilmiş və həmin akr əsasında 26 oktyabr 2018-ci il tarixli **********6413 nömrəli qərar qəbul edilmişdir. Həmin aktla vergi orqanı əməkdaşları iddiaçının müvafiq ünvandakı fəaliyyəti üzrə AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqavilə bağlanmadan işəgötürən kimi iddiaçı tərəfindən 12 nəfər fiziki şəxsin obyektdə işlərin (xidmətlərin) yerinə yetirilməsi faktının aşkar olunduğu rəsmiləşdirilmişdir. 26 oktyabr 2018-ci il tarixli **********6413 nömrəli qərarla vergi ödəyicisi kimi hazırkı iddiaçı "xxxx" MMC-yə AR Vergi Məcəlləsinin 58.10-cu maddəsi rərbər tutularaq 12.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı inzibati orqanın sözügedən 26 oktyabr 2018-ci il tarixli **********6413 nömrəli qərarını mübahisələndirir. Məhkəmə inzibati orqanın 26 oktyabr 2018-ci il tarixli **********6413 nömrəli qərarənın qəbulu üzrə inzibati icraatda aşağıdakı xüsusatları müəyyən edir: - operativ vergi nəzarətinin keçirilməsi barədə 24 avqust 2018-ci il tarixli qərarın vergi orqanının vəzifəli şəxsi tərəfindən nəzarətə başqadıqdan sonra vergi ödəyicisi kimi iddiaçı "xxxx" MMC-yə (rəhbərinə və ya digər səlahiyyətli nümayəndəsinə) dərhal təqdim edilməsi təmin edilməmişdir; - 26 oktyabr 2018-ci il tarixli qərarın əsas kimi çıxış edən 13 sentyabr 2018-ci il tarixli aktda adları göstərilən şəxslərin izahatları həmin tarixdə iddiaçı "xxxx" MMC-yə məxsus təsərrüfat subyektində alınmamışdır; - operativ vergi nəzarəti keçirilən tarixdə müvafiq aktda adları göstərilən şəxslərdən birinin başqa müəssisədə işləməsi, digər 5 nəfərinin də müəssisəyə gələcəkdə əmək müqaviləsi bağlanması niyyəti ilə gəlməsi (məhkəmə icratında müəyyən olunur) həmin şəxslərə münasibətdə inzibati icraatında nəticənin, yəni 26 oktyabr 2018-ci il tarixli qərarın formal mülahizələr üzrə qəbul olunmasını göstərir. Aktda adları sadalanan qalan 6 nəfərə gəldikdə isə, iddianın növünə görə sübutetmə yükü daşıyan inzibati orqan tərəfindən həmin şəxslərin əmək müqaviləsi olmadan işlərin görülməsinə (xidmətlərin göstərilməsinə) cəlbi ilə bağlı hər hansı tutarlı sübut (dəlil) məhkəmə icraatında təqdim olunmur. Qeyd olunmalıdır ki, sübutetmə yükü olan cavabdeh tərəfin məhkəmə icraatında şahidlərin cəlbi kimi sübutların təqdim olunması imkanı olsa da, adekvat tədbir görülməmişdir. Cavabdeh tərəfin iddiaya qarşı dəlillərinə gəldikdə isə, məhkəmə qeyd olunanlarla razılaşmır və vurğulayır ki, operativ vergi nəzarəti keçirildiyi tarixdən əvvəlki və sonrakı tarixlərdə müvafiq şəxslərlə əmək müqavilələrinin bağlanmış həmin tarixdə onların müqavilə olmadan işə cəlb olunmaları qənaətinin yaranmasına yönələn dəlil kimi qiymətləndirilə bilməz. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Belə olan halda, məhkəmə AR Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 26 oktyabr 2018-ci il tarixli **********6413 nömrəli qərarını qanuna zidd sayır. Həmçinin məhkəmənin qənaətinə görə vergi orqanının 26 oktyabr 2018-ci il tarixli **********6413 nömrəli qərarı qanuna zidd sayılmaqla yanaşı, qərarın qəbulu vergi ödəyicisi kimi hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun (maliyyə sanksiyasının) ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 26 oktyabr 2018-ci il tarixli **********6413 nömrəli qərarı ləğv edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 26 oktyabr 2018-ci il tarixli **********6413 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-1356/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1356/2021
29.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver