Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1356/2022 15.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Adi cəlbetmə qaydasında üçüncü şəxs X4 hüquqi varisi X11, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Birinci instansiya məhkəməsində birinci icraat və sonrakı məhkəmə aktları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisindəki 945 nömrəli bağ sahəsinin onun adına özəlləşdirilməsibarədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin 10.11.2005-ci il tarixli, 289 saylı sərəncamına müvafiq olaraq X3 və istismarı birliyi ilə bağladığı müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisində ona ayrılmış 945 nömrəli bağ sahəsinə dair hüquqlarının qeydiyyata alınması üçün DƏDRX-nin Bakı şəhəri idarəsinə müraciət etmiş, cavabdehin müxtəlif tarixlərdə verdiyi cavab məktublarında ona imtina edilmiş, əsas kimi sözügedən bağ sahəsinin yerləşməsi ilə sxematik xəritə arasında uyğunsuzluğun müəyyən edildiyi göstərilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 945 saylı bağ sahəsi ilə sxematik xəritə arasında olan uyğunsuzluğun aradan qaldırılaraq, 945 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq, adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin 2-1(82)-833/2019 saylı, 04 aprel 2018-ci il tarixli qərardadı ilə dəyişdirilmiş iddia icraata qəbul edilmişdir.
3. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-833/2018 saylı, 03 may 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 945 saylı bağ sahəsi ilə sxematik xəritə arasında olan uyğunsuzluğun aradan qaldırılaraq, 945 saylı bağ sahəsi üzərində İddiaçı hüquqlarını qeydiyyata alaraq onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinə həvalə olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-833/2018 saylı, 03 may 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 2- 1(103)-1812/2018 saylı, 11 oktyabr 2018-ci il tarixli qərardadı ilə qismən edilmiş, qərar ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
II. Birinci instansiya məhkəməsində ikinci icraat və sonrakı məhkəmə aktları
4. Məhkəmənin hazırlıq icraatında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, sahəsi 0,12 ha olan 945 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, adına çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmiş, dəyişdirilmiş iddia icraata qəbul edilmişdir.
5. Cavabdeh DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinin iddiaya dair 02.05.2018-ci il tarixli etirazında bildirilmişdir ki, iddiaçı bölgü sxeminin verilməsi, bağ sahəsinə texniki pasportun və çıxarışın verilməsi ilə bağlı İdarəyə müraciət etmiş, müəyyən edilmişdir ki, bağ sahəsində hasarlanma və mərçəkmə işləri aparılmamış, bağ sahəsi sxematik xəritəyə əsasən 1042, 1043 və 1044 saylı bağ sahələrinin ərazisinə düşür, bağ sahəsi öz həqiqi yerindən 40 metr aralı məsafədə yerləşir.
6. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 10.11.2005-ci il tarixli, 289 saylı sərəncamına müvafiq olaraq X3 və istismarı birliyi ilə bağladığı müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisində 945 nömrəli bağ sahəsi ona ayrılmışdır. Həmin vaxtdan bağ sahəsi onun istifadəsindədir. Faktiki olaraq sahibliyində və istifadəsində olan həmin bağ sahəsinə dair çıxarışın alınması üçün dəfələrlə cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun müraciətləri təmin edilməmiş və buna əsas kimi sözügedən bağ sahəsinin yerləşməsi ilə sxematik xəritə arasında uyğunsuzluğun müəyyən edildiyi göstərilmişdir. Məhkəmənin təşəbbüsü ilə alınmış mütəxəssis rəyində DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinə verilmiş sorğuya cavab məktubunda ona məxsus 945 nömrəli bağ sahəsinin qeyd edilən sahədə bağların sıra ardıcıllığına uyğun olmayaraq perpendikulyar istiqamətdə yerləşməklə 1042, 1043 və 1044 saylı bağ sahələrinin bir hissəsi olması göstərilsə də, bu halı təsdiq edən heç bir sübuta istinad edilməmişdir. Əslində isə DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinin qeyd etdiyi 1042, 1043 və 1044 saylı bağ sahələrinin mövcudluğu barədə heç bir subut məhkəməyə təqdim edilməmiş və həmin bağların sahibləri barədə məhkəməyə məlumat verilməmişdir. Halbuki, cavabdehin eyni əsasla imtina etdiyi qonşuluğunda yerləşən 945a saylı bağ sahəsinə dair çıxarış verilmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
7. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki: - Məhkəmənin 2-1(82)-5891/2017 nömrəli, 26.12.2017-ci il tarixli sorğusuna cavab olaraq DƏDRX-in Bakı şəhər ərazi idarəsi tərəfindən məhkəməyə təqdim edilmiş X3 və İstismarı Birliyinin 21 may 2001-ci il tarixli, 4-22-12-08-72 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı X3 və İstismarı Birliyində bağ növbəsinə qəbul edilmişdir. - X3 və İstismarı Birliyi ilə bağlanmış 14 noyabr 2005-ci il tarixli, 36390 nömrəli müqavilədən görünür ki, Ləhiş bağlar sahəsində 0,12 ha torpaq sahəsi olan 945 saylı bağ sahəsi İddiaçı icarəsinə verilmişdir. - DƏDRX-nin Bakı şəhər ərazi idarəsi tərəfindən İddiaçı ünvanlanmış 01.08.2014-cü il tarixli **********77 saylı məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 945 saylı bağ torpaq sahəsinin sxematik bölgüsünün aparılması üçün bölgü sxeminin verilməsinə dair 01.07.2014-cü il tarixli ərizəyə DƏDRX-in Bakı şəhər ərazi idarəsində baxılmışdır. Yoxlama-ölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislər ünvanda olarkən məlum olmuşdur ki, göstərilən bağ sahəsi sxematik xəritəyə əsasən 1042, 1043 və 1044 saylı bağ sahələrinin ərazisidir. - DƏDRX-in Bakı şəhər ərazi idarəsi tərəfindən İddiaçı ünvanlanmış 23.02.2016-cı il tarixli **********64 saylı məktubda qeyd edilmişdir ki, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 945 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, 04.02.2016-cı il tarixli ərizəyə baxılmışdır. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, sözügedən bağ sahəsinin yerləşməsi ilə sxematik xəritə arasında uyğunsuzluq var. Belə ki, bağ sahəsi öz həqiqi yerindən 40 metr aralı məsafədə yerləşir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. - Məhkəmənin 2-1(82)-833/2018 saylı, 24.01.2018-ci il tarixli sorğusuna cavab olaraq DƏDRX-in Bakı şəhər ərazi idarəsi tərəfindən məhkəməyə ünvanlanmış 23 fevral 2018-ci il tarixli, **********33 nömrəli məktubda qeyd edilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən göstərilən əraziyə texniki baxış keçirilərək müəyyən edilmişdir ki, iddia olunan hasarlanmış torpaq sahəsi 1335,0 kv.metr təşkil edir, üzərində tikili yoxdur. DƏDRX-in Bakı şəhər ərazi idarəsinin elektron kadastr baza məlumatlarına əsasən 945 nömrəsinin bu sahəyə heç bir aidiyyəti yoxdur, bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 1042, 1043 və 1044 saylı bağların ərazisinə düşür. - Məhkəmənin 2-1(82)-833/2018 saylı, 24.01.2018-ci il tarixli sorğusuna cavab olaraq DƏDRX-in Bakı şəhər ərazi idarəsi tərəfindən məhkəməyə ünvanlanmış 23 fevral 2018-ci il tarixli, **********09 nömrəli məktubunda qeyd edilmişdir ki, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 945 nömrəli bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. - DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinin 14.06.2019-cu il tarixli cavab məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Ləhiş bağ massivində yerləşən 945, 1044, 1043 və 1042 saylı bağ sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat və 1043 və 1042 saylı bağ sahəsinə dair sənədlər İdarənin arxivində aşkar edilməmişdir. Həmin məktubla məhkəməyə göndərilmiş 945 və 1044 saylı bağ sahəsinə dair sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, X3 və istismarı birliyi ilə bağlanmış 14 noyabr 2005-ci il tarixli, 36390 nömrəli müqavilə ilə Ləhiş bağlar sahəsində 0,12 ha torpaq sahəsi olan 945 saylı bağ sahəsi İddiaçı, həmin idarə ilə bağlanmış 9 noyabr 1998-ci il tarixli 21862 nömrəli müqavilə ilə 0,12 ha torpaq sahəsi olan 1044 saylı bağ sahəsi X4 icarəsinə verilmişdir. - İş üzrə mütəxəssis rəyinin verilməsi barədə məhkəmə sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 20.04.2018-ci il tarixli məktubu ilə daxil olmuş mütəxəssis rəyində 945 saylı torpaq sahəsinə yerində baxış keçirilərək torpaq sahəsinin koordinatları müəyyən edilməklə ölçülmüş, ümumi sahəsi 1318 kv.m olan torpaq sahəsinin hasara alındığı müəyyən edilmiş, lakin 945 saylı bağ sahəsinin 1044, 1043 və 1042 saylı bağ sahələrinin bir hissəsi olması ölçmə işlərinin nəticəsi və konkret faktlar əsasında müəyyən edilməmiş, həmin hissədə DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinin sorğuya verilən cavab məktubuna istinad edilmişdir. Məhkəmə mütəxəssis rəyini həmin hissədə sübut növü kimi qəbul etməmişdir ona görə ki, 945, 1044, 1043 və 1042 saylı bağ sahələrinin koordinatlarına və yerləşmə vəziyyətinə görə üst-üstə düşməsini müəyyən etmək üçün ilk növbədə həmin bağ sahələrinin hər birinə aid ilkin cizgi sxemləri əsasında koordinatları müəyyən edilməli və konkret olaraq həmin bağ sahələrinin üst-üstə düşən hissədə ölçüləri və döngə nöqtələri (sərhədləri) dəqiq göstərilməli idi. Halbuki, DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinin 14.06.2019-cu il tarixli cavab məktubunda 1043 və 1042 saylı bağ sahələrinə dair sənədlərin ümumiyyətlə İdarənin arxivində aşkar edilmədiyi göstərilmiş və bununla da cavabdeh inzibati orqanın imtinaya əsas kimi göstərdiyi dəlilləri özü tərəfindən təkzib edilmişdir. - Məhkəmə belə nəticəyə nəticəyə gəlmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, sahəsi 0,12 ha olan 945 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, dövlət reyestrindən çıxarışın verilməsi ilə əlaqədar iddiaçının ərizəsinin təmin olunmasından imtinanın əsasları qanunvericilikdə müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının müvafiq daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır.
8. 2 Saylı Bakı İnzibati-iqtisadi məhkəməsinin 2-1(82)-1202/2019 nömrəli iş üzrə qəbul edilmiş 19.09.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, sahəsi 0,12 ha olan 945 saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, adına çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilməsi, torpaq sahəsinin inventarlaşdırılmasına dair 60 (altmış) manat ekspertiza xərci cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsindən tutularaq Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə (Bank rekvizitləri: Kapitalbankın 1 saylı Xətai filialı, VÖEN **********, hesab nömrəsi: AZ23AİİB********************) ödəniməsi qərara alınmışdır.
9. Həmin qərardan verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(103)-162/2020 saylı iş üzrə qəbul edilmiş 14 yanvar 2020-ci il tarixli qərarı ilə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanmışdır.
10. Həmin qərardan cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edimiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 yanvar 2020-ci il tarixli 2-(103)- 162/2020 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyasına göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, iş materialllarında olan (iş səhifələri 65, 66) iddia olunan torpaq sahəsinin sxemi və faktiki yerləşmə sxemi var ki, bunların da apellyasiya instansiya məhkəməsi tərəfindən hansı səbəbə görə “zəruri və mötəbər sübutlar” kimi qiymətləndirilməməsi aydın deyildir. Eyni zamanda məhkəmə kollegiyası hesab etmişdir ki, iş üzrə həqiqətə nail olunması üçün sözügüdən bağ sahələri və onların yerləşmələrinin dəqiqləşdirilməsi ilə bağlı ekspertiza keçirilməli və bu məsələ öz dəqiq və düzgün həllini tapmalıdır.
11. Təkrar apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq yekun məhkəmə aktı çıxarıldıqdan sonra daxil olmuş rəyə əsasən 945 saylı bağ sahəsinin həqiqi ərazisi sxematik xəritəyə əsasən faktiki göstərilən sahədən 70 m qərb istiqamətində 25X48 ölçüdə yerləşməlidir. Faktiki göstərilən sahə sxematik xəritəyə əsasən bağların sıra ardıcıllığına uyğun olmayaraq perpendikulyar istiqamətdə yerləşməklə 1044,1043 və 1042 saylı bağların bir hissəsidir. Məhkəmə kollegiyasının 2- 1(103)-122/2021 saylı 03 mart 2021-ci il tarixli qərardadı ilə 1044 saylı bağ sahəsinin icarəçisi X6 üçüncü şəxs qismində məhkəmə iclasına cəlb edilmiş, onun ölümü ilə əlaqədar məhkəmə iclasında onun hüquqi varisi X15 iştirak etmişdir. X1 iclasında iştirak edərək iddiaçının çıxarış verilməsini iddia etdiyi 945 saylı bağ sahəsinin 40 kv.m sahəsinin onlara məxsus 1044 saylı bağ sahəsi ilə üst-üstə düşdüyünü bildirmişdir.
12. Təkrar apellyasiya baxışı zamanı iş üzrə məhkəmə texniki ekspertizası təyin edilmiş, ekspertlər qarşısında aşağıdakı sual qoyulmuşdur. - 14 noyabr 2005-ci il tarixli müqavilə ilə İddiaçı icarəyə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 945 saylı bağın sahəsi 1044, 1043 və 1042 saylı bağ sahələri ilə üst-üstə düşürmü? Ekspertizanın aparılması Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəmə ekspertizasının aparılmasından imtina edilmiş, imtina onunla əsaslandırılmışdır ki, ekspert qarşısında qoyulmuş sualların cavablandırılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin mütəxəssis rəyinin Mərkəzə təqdim olunması zəruri olduğuna görə bu barədə məhkəməyə 19.10.2020-ci il tarixli vəsatət göndərilmiş, lakin müvafiq mütəxəssis rəyi Mərkəzə daxil olmamışdır.
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-122/2021 nömrəli iş üzrə qəbul etdiyi 28.04.2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin olunmuş, hazırkı iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1202/2019 saylı 19 sentyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
15. Həmin qərarla müəyyən edilmişdir ki, işin birinci instansiya məhkəməsində araşdırılması zamanı məhkəmə həmin rəyin alınması üçün müvafiq sorğular verməli və mübahisənin həlli üçün vacib olan digər prosessual hərəkətləri yerinə yetirməlidir. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə araşdırmanı natamam aparmış, iddiaçıya məxsus 945 saylı bağ sahəsinin üçüncü şəxslərə məxsus bağ sahələri ilə üstüstə düşüb-düşməməsini müəyyən etmək üçün işi tam və hərtərəfli araşdırmamışdır.
III. Birinci instansiya məhkəməsində üçüncü (hazırkı) icraat
16. Apellyasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğun olaraq məhkəmənin 25 iyun 2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən aşağıdakı məsələlər üzrə mütəxəssis rəyi alınması qərara alınmışdır: - Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 945 saylı bağ sahəsinin sxematik xəritəyə əsasən həqiqi ərazisinin koordinatlar üzrə yerləşmə sxemi müəyyən olunsun; - Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 945 saylı bağ sahəsinin sxematik xəritəyə əsasən həqiqi ərazisi hazırda hər hansı şəxsin istidəsindədirmi? - Koordinatlar üzrə yerləşmə sxeminə (sxematik xəritəyə) əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 945 saylı bağ sahəsinin həqiqi ərazisi 1044, 1043 və 1042 saylı bağlarla üst-üstə düşürmü (Düşürsə hansı hissədə)?; Həmin koordinatların dəyişdirilməsi, dəqiqləşdirilməsi və ya mövcud olduğu təqdirdə uyğunsuzluğun aradan qaldırılması mümkündürmü?; - Koordinatlar üzrə yerləşmə sxeminə (sxematik xəritəyə) əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 945 saylı bağ sahəsinin həqiqi ərazisi hər hansı digər şəxsə məxsus hüquqmüəyyenidici sənəd(lər)lə üst-üstə düşürmü (Düşürsə hansı hissədə)?; Həmin koordinatların dəyişdirilməsi, dəqiqləşdirilməsi və ya mövcud olduğu təqdirdə uyğunsuzluğun aradan qaldırılması mümkündürmü? Rəyin verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə iş materiallarında olan sənədlər təqdim edilmişdir.
17. Məhkəmənin qeyd edilən qərardadının icrası ilə əlaqədar bildirilmişdir ki, qərardadda qeyd edilən suallar bağ sahələri ilə bağlı olduğundan və Azərbaycan Respublikası Prezidentinin 2186 nömrəli 22 may 2007-ci il tarixli yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X10nin ləğv edilməsi barədə sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X10 ləğv edilərək arxiv sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təhvil verildiyindən və sözügedən bağ torpaq sahəsiin koordinatları göstərilməklə miqyaslı yerquruluşu qaydalarına uyğun hazırlanmış sxemin təqdim edilməməsi səbəbindən qeyd edilən qərardadla mütəxəssis qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır.
18. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi, əlavə olaraq bildirdi ki, həmin ərazidə bağlar bağların sıra ardıcıllığına uyğun olmayaraq perpendikulyar istiqamətdə yerləşir. 1044 nömrəli bağ sahəsi ilə qonşudur və onun sahibi X16 ilə aralarında hər hansı mübahisə yoxdur. Ona məxsus 945 saylı bağla hasar qonşusu olan 945a saylı bağ sahəsi yerləşir ki, həmin bağa da qonşusu X7 adına çıxarış verilmişdir. Həmin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı məhkəməyə təqdim etmişdir. Odur ki, cavabdeh qurumun 945 saylı bağın göstərilən sahədən 70 metr aralıda olmasına dair dəlili əsassızdır. Belə ki, nə 1042 və 1043 nömrəli bağın arxiv sənədləri, nə də bağların sxematik xəritəsi qeyd edilən müddətdə cavabdeh qurum tərəfindən təqdim edilməmişdir. Müqavilədə göstərilən ailə üzvləri bağın onun adına özəlləşdirilməsinə etiraz etmir və həmin razılıq ərizələrini məhkəməyə təqdim edir.
19. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X4 hüquqi varisi X16 izahat verərək bildirdi ki, hazırda İddiaçı ilə aralarında heç bir mübahisə yoxdur. Ona məxsus 1044 nömrəli bağ sahəsi ilə qonşu olan 945 nömrəli bağ sahəsi həqiqətən İddiaçı məxsusdur. Həmin ərazidə bağlar bağların sıra ardıcıllığına uyğun olmayaraq perpendikulyar istiqamətdə yerləşir. Ona məxsus 1044 nömrəli bağ sahəsinin İddiaçı məxsus 945 nömrəli bağ sahəsinə düşən hissəsindən imtina edir.
20. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi əvvəlki məhkəmə icraatı zamanı ifadə edilmiş mövqeyə uyğun izahat verdi.
IV. Məhkəmənin mövqeyi
21. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
22. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
23. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
24. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 8.0.5. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 5.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 5.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 5.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 5.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
27. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”.
28. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.
29. X19 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
30. X19 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
31. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının torpaq sahəsinə faktiki ölçülərinə uyğun olaraq mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var.
32. Cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.
33. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
34. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmişAzərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
35. İnzibati orqan iddiaçının müraciətindən imtinaya əsas kimi Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi, bağ sahəsinin öz həqiqi yerindən 40 m aralı məsafədə yerləşməsi ilə əsaslandırmışdır, daha sonra birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq yekun məhkəmə aktı çıxarıldıqdan sonra məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən təqdim olunmuş mütəxəssis rəyi məhz cavabdehin sorğuya cavabına əsaslanmış və 945 saylı bağ sahəsinin həqiqi ərazisinin sxematik xəritəyə əsasən faktiki göstərilən sahədən 70 m qərb istiqamətində 25X48 ölçüdə yerləşdirilməli olduğu, faktiki göstərilən sahənin sxematik xəritəyə əsasən bağların sıra ardıcıllığına uyğun olmayaraq perpendikulyar istiqamətdə yerləşməklə 1044, 1043 və 1042 saylı bağların bir hissəsi olduğu bildirilmişdir. Həmin rəydə əlavə olaraq qeyd edilir ki, müraciət ilə əlaqədar torpaq sahəsinə yerində baxış keçirilib göstərilən torpaq sahəsinin koordinatları müəyyən edilməklə ölçülmüşdür. Ümumi sahəsi 1318 kv.m. olan torpaq sahəsi hasara alınmışdır. Ölçmə işlərinin nəticəsi kameral şəraitdə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan "xxxx" MMC-nin elektron bazasında dəqiqləşdirilmişdir. O cümlədən Bakı ətrafı bağların arxiv sənədləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsində saxlandığı üçün müraciətdəki sualı cavablandırmaq məqsədilə Bakı şəhər ərazi İdarəsinə sorğu göndərilmişdir. Rəydə qeyd edilən qənaət həmin sorğuya cavab əsasında tərtib olunmuşdur (İ cild, səh. 64). Odur ki, həmin rəy sırf cavabdeh qurumun təqdim etdiyi sorğuya cavaba əsaslandığından ziddiyyətli maraqların tarazlaşdırılması məqsədilə iddiaçının tərəfindən təqdim edilmiş sübutlarla yanaşı qiymətləndirilməlidir.
36. Cavabdeh qurum nə sxematik xəritəni, nə də qeyd etdiyi halların mövcudluğunu təsdiq edən zəruri sübutları məhkəməyə təqdim etməmişdir. DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinin 14.06.2019-cu il tarixli cavab məktubunda isə bildirilmişdir ki, 1043 və 1042 saylı bağ sahəsinə dair sənədlər İdarənin arxivində aşkar edilməmişdir (İ cild, səh. 133). Məhkəmə nəzərə alır ki, iddiaçıya məxsus 945 saylı bağ sahəsi ilə qonşu olan 945a saylı bağ sahəsinə dair X7 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarış iş materiallarına əlavə edilmişdir (İ cild, səh. 157). Odur ki, cavabdeh qurumun 945 saylı bağın göstərilən sahədən 70 metr aralıda olmasına dair dəlili ağlabatan deyil. Belə ki, nə 1042 və 1043 nömrəli bağın arxiv sənədləri (İdarənin arxivində aşkar edilmədiyindən), nə də etirazının əsasında duran həmin ərazidə bağların sxematik xəritəsi qeyd edilən müddətdə cavabdeh qurum tərəfindən təqdim edilməmişdir. Hazırkı işin yenidən araşdırılması ilə əlaqədar mütəxəssis qarşısında qoyulmuş sualların cavablandırılmasından həmin arxiv sənədlərin məhz cavabdeh qurumda olması ilə əlaqədar imtina edilmişdir. Məhkəmə həm də nəzərə alır ki, 1044 nömrəli bağ sahəsinin sahibi ilə iddiaçı arasında hər hansı mübahisə yoxdur.
37. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
38. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü maddəsi tətbiq oluna bilər.
39. Odur ki, məhkəmə əlavə olaraq qeyd edir ki, müvafiq rəyin verilməsi üçün hüquqmüəyyənedici və texniki sənədləri, eləcə də sözügedən bağ torpaq sahəsinin koordinatları göstərilməklə miqyaslı yerquruluşu qaydalarına uyğun hazırlanmış sxemi təqdim etmədiyindən üzərinə düşən sübutetmə vəzifəsini də icra etməmişdir.
40. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X19 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.
15. Torpaq sahəsinin inventarlaşdırılmasına dair mütəxəssis tərəfindən təqdim edilmiş xərcə və smetaya münasibətdə məhkəmə qeyd edir ki, həmin işlər məhkəmənin sorğusuna müvafiq olaraq aidiyyəti qurumun qanunvericiliklə müəyyənləşdirilmiş vəzifələrinin icrası ilə əlaqədar həyata keçirilməli olduğundan məhkəmə xərci kimi qiymətləndirilməməli və tərəflərə aid edilməməlidir.
16. Məhkəmə həm də nəzərə alır ki, qeyd edilən 945 saylı bağ sahəsinə dair müqavilədə göstərilən ailə üzvləri (X8, X12, X9) bağ sahəsinin iddiaçının adına özəlləşdirilməsinə etiraz etməyərək buna dair notarial qaydada təsdiq olunmuş ərizə təqdim etmişlər. İddiaçının ailə üzvü kimi göstərilən oğlu X13 isə vəfat etmişdir.
17. Məhkəmə cavabdeh qurum tərəfindən torpaq sahəsinin ölçüsünün 1335 kv.m. və ya 1318 kv.m. olmasına dair dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının hüquqları bağ sahəsinin sənəd üzrə 0,12 ha hissəsinə uyğun olmaqla qeydiyyata alınmalıdır.
18. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
19. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
20. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
21. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, sahəsi 0,12 ha olan 945 saylı bağ sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, adına çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva