Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13565/2025 17.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınması üçün xx.xx.2025-ci il tarixli ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmiş, cavabdeh xx.xx.2025-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, X1 X3 Bakı şəhərində yerləşən torpaq sahələrinə münasibətdə bələdiyyə mülkiyyətində olan torpaq sahələri barədə məlumat mövcud olmadığından ərizənin icrası mümkün olmamışdır. Torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamışdır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şüvəlan bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 99 nömrəli Qərarı ilə Şüvəlan qəsəbə yaşayış məntəqəsi hüdudları daxilində ayrılmış 600 kv.m torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin 600 kv.m torpaq sahəsinə dair adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəminin xx.xx.2025-ci il tarixli qərardadı ilə X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Şüvəlan Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 99 nömrəli Qərarı ilə Şüvəlan qəsəbə yaşayış məntəqəsi hüdudları daxilində 600 kv.m. torpaq sahəsi bağ kimi istifadə etmək məqsədilə iddiaçıya satılmışdır. Daha sonra Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 600 kv.m. torpaq sahəsinin iddiaçının istifadəsinə ayrılmasına dair JN-17548H kod 00306016 saylı Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə istifadəyə verilmiş torpaq sahəsinin plan və sərhədlərinin ölçüsü müəyyən edilmiş və möhürlə təsdiq edilmişdir. Torpaq sahəsinin sahiblik və istifadəsində olmaqla ona ayrılmasından artıq 21 il keçmiş, lakin bu müddət ərzində barəsində olan qərar heç kim tərəfindən mübahisələndirilməmiş və indiyə kimi qüvvədədir. Cavabdehə müraciət edilərək torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla əmlaka dair çıxarışın verilməsinə cəhd göstərsə də, cavabdeh orqan əsassız bəhanələrlə müraciətinin icrasından imtina etmişdir. Cavabdehin hərəkətləri qanunsuzdur. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 600 kv.m torpaq sahəsinin iddiaçının istifadəsinə ayrılmasına dair JN-17548H kod 00306016 saylı Şəhadətnamənin cavabdeh orqana təqdim edilməsinə baxmayaraq cavabdeh orqan tam araşdırma aparmamış, lazım olan araşdırmanın aparılması yerinə, ərizənin icrasından qanunsuz və əsassız imtina edilməsini daha rahat çıxış yolu hesab etmişdir. Cavabdehin “Elektron məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə təqdim etdiyi etirazında bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır. Həmçinin təqdim edilən cizgidə dəqiq istinad, istinad məsafəsi qeyd olunmamışdır. Bundan əlavə, elektron kadastr məlumatına əsasən təqdim olunan JN 17548 saylı saylı şəhadətnamənin baza məlumatı digər şəxsin (X7) adınadır. Eyni zamanda idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin ölçüsünün sənəd üzrə 600 kv.m qeyd olunsa da, faktiki 569 kv.m təşkil etdiyi məlum olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan Bakı şəhəri Şüvəlan bələdiyyəsinin 99 nömrəli, xx.xx.2004-cü il tarixli qərarından görünür ki, Şüvəlan qəsəbə yaşayış məntəqəsinin hüdudları daxilində alqı-satqı predmeti olan torpaq sahəsinin satılması üçün, Ağdam şəhər sakini İddiaçı şəxsi mülkiyyət qismində bağ sahəsi kimi istifadə etmək məqsədi ilə 600 kv.m torpaq sahəsinin ona satılması barədə ərizəsi, Şəhər Torpaq şöbəsi tərəfindən hazırlanmış sənədlər və bu qərar üçün daxil olmuş digər məlumatlar nəzərə alınmış, Şüvəlan qəsəbə yaşayış məntəqəsi hüdudları daxilində alqısatqı predmeti olan 600 kv.m. torpaq sahəsinin bağ kimi istifadə etmək məqsədilə İddiaçı satılması qərara alınmışdır. Torpaqların alqı-satqına dair aktdan görünür ki, Şüvəlan bələdiyyə ərazisində 0.6 ha torpaq sahəsi satılması barədə 2004-ci il 18 iyun tarixli 99 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən Əzizbəyov rayon BHB 200178N bankının N**********0 saylı hesabına əvvəlcədən 8 000 000 manat haqq ödənilmişdir. Bakı şəhəri Xəzər rayonu Şüvəlan bələdiyyəsinin 79 nömrəli, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Şüvəlan bələdiyyəsi tərəfindən İddiaçı ayrılan torpaq səhəsinin xx.xx.2004-cü il tarixli, 99 saylı qərarı, alqı-satqı müqaviləsi arxiv fondunda mövcuddur. Bakı şəhəri Xəzər rayonu Şüvəlan bələdiyyəsinin 108 nömrəli, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Şüvəlan bələdiyvəsin ərazisində İddiaçı məxsus 600 kv.m torpaq sahəsinin xx.xx.2004-cii il tarixli, 99 saylı baş plandan çıxarış və alqı-satqı müqaviləsi Şüvəlan bələdiyyəsinin arxiv fondunda mövcuddur. Torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2005-ci il tarixli JN 17548H KOD 00306016 nömrəli şəhadətnamədən görünür ki, Bakı şəhər, Əzizbəyov rayon, Şüvəlan bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2004-cü il, 23 saylı qərarına əsasən fərdi yaşayış sahəsi 600 kv.m İddiaçı mülkiyyətinə verilmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə aktından görünür ki, torpaq sahəsi hər tərəfdən mişar daşı ilə sərhədlənmişdir. 2 tərəfi qonşu, 2 tərəfi isə yoldur. Torpaq sahəsində yarımçıq tikili mövcuddur. Ümumi hasar daxilində 569.0 kv.m torpaq sahəsindən ibarətdir (Vətəndaş torpaq sahəsini göstərmək üçün darvazanın kilidini sındıraraq daxil oldu). İddiaçı hazırda şəhadətnamədə göstərilən torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, işdə olan cavabdehin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2- 37979/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, İddiaçı adına Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yerləşən torpaq sahəsinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli vəsatətindən görünür ki, iş üzrə aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən təqdim olunan JN 17548 saylı saylı şəhadətnamənin baza məlumatı digər şəxsin (X7) adınadır. Məsələnin araşdırılması məqsədilə verilmiş sorğuya cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2025-ci il tarixli, 3-21-3-60/2-3615/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, Mərkəzin arxivində X5 adına verilmiş JN-17548 və İddiaçı adına verilmiş JN-17548H (kod ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”lərin arxiv nüsxələri, eyni zamanda JN-17548H (kod ********) nömrəli Şəhadətnamənin tərtib edilməsinə əsas olmuş sənədlər aşkar edilməmişdir. Həmin məktuba X5 adına JN-17548 saylı şəhadətnamənin verilməsinə əsas olan sənədlər əlavə edilmiş xx.xx.2004-cü il tarixli 82 saylı Yeni-Suraxanı Bələdiyyəsinin qərarından çıxarışdan görünür ki, X6 X4 ehtiyat fondunun alqı-satqı pedmeti olan yararsız torpaq sahəsindən fərdi ev tikmək məqsədilə 0,06 ha torpaq sahəsi üçün hər kv.m 8800 manat ödəmək şərti ilə satılması qərara alınmışdır. Göründüyü kimi, iddiaçının artıq onun hüququnun qeydə alındığını iddia etdiyi Torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2005-ci il tarixli JN 17548H KOD 00306016 nömrəli şəhadətnamə həqiqəti əks etdirməmiş, X6 məxsus JN 17548 saylı şəhadətnamənin baza məlumatlarını əks etdirməklə qeyri-mötəbər olmuşdur (iddiaçıya torpaq sahəsinin ayrılması barədə qərar Şüvəlan bələdiyyəsinin 99 nömrəli, xx.xx.2004-cü il tarixli qərarı olsa da, şəhadətnamədə xx.xx.2004-cü il tarixli 23 saylı olduğu qeyd edilmişdir). İddiaçının təqdim etdiyi Şüvəlan bələdiyyəsinin 99 nömrəli, xx.xx.2004-cü il tarixli qərarına gəldikdə, işdə olan Bakı şəhəri Şüvəlan bələdiyyəsinin 199 nömrəli, xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılması baradə bələdiyyədə olan sənəd surətləri, Milli arxiv idarəsinə təhvil verilmişdir. Bununla bağlı göndərilmiş sorğuya cavab olaraq təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2025-ci il tarixli, 3-48-2F/2-1896/2025 nömrəli məktubundan görünür ki, Xəzər rayonu Şüvəlan Bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2004-cü il tarixli, 99 saylı qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-16-9/2- 78770/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, Şüvəlan bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 99 nömrəli qərarı Bələdiyyələrlə iş baş idarəsində qeydiyyata alınmamışdır. Bundan əlavə, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət torpaq kadastrı — torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur. Həmin Qanunun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən dövlət torpaq kadastrına daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına (Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) təqdim edilməsi məcburidir. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Həmin Qanunun 7-ci maddəsinə görə dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı torpaqların hüquqi statusunun, rejiminin, kəmiyyət və keyfiyyət göstəricilərinin uçotunu aparmaq və torpaq münasibətlərinin tənzimlənməsinə nəzarət etmək məqsədilə həyata keçirilir. Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının məlumatları Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət torpaq reyestrində qeydiyyata alınır. Göründüyü kimi, torpaqların hüquqi statusu dövlət torpaq kadastrına daxil edilən məlumatlardan biridir və həmin məlumatlar cavabdehin tabe olduğu təşkilat tərəfindən həyata keçirilir. İşdə olan cavabdehin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-50349/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır (hər hansı bir dövlət təsisatlarının balansında olması barədə məlumat yoxdur). Qeyd olunanlarla yanaşı, sahə Şüvəlan bağ massivi ərazisi hüdudları daxilində yerləşir. Həmçinin qonşu sahələr bağ sənədləri ilə qeydiyyata alınmışdır. Göründüyü kimi, iddiaçının təqdim etdiyi sənədlər mötəbər olmamaqla yanaşı, iddiaçının mülkiyyət hüququnun qeydə alınmasını xahiş etdiyi torpaq sahəsi də bələdiyyə torpağı deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı hüquqların dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Hazırkı halda iddiaçının hüquqmüəyyənedici əsas qismində təqdim etdiyi sənəd qanunvericiliyin tələblərinə uyğun olmadığından məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, cavabdehin iddia olunan torpaq sahəsi üzərində iddiaçının hüquqlarının qeydiyyata alınmasından imtinası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Eyni Məcəllənin 108.1-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 109-cu maddəsinə görə prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməli, ekspertiza xərci iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №2-1(112)-13565/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13565/2025
17.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver