Məhkəmə qərarları › İş №2-1(112)-1357/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1357/2020

05.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1357/2020 05.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəriman İbrahim oğlu Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında X1rşı üçüncü şəxs qismində Azərbaycan Respublikası Təhsil Nazirliyi cəlb edilməklə diplomun tanınması tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı diplomun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisə predmeti üzrə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliliyinin müəyyən edilməsindən imtinaya dair aktın etibarsız sayılaraq ləğv olunması, Gürcüstan Respublikası Tbilisi X9 xx.xx.2015-ci il tarixli Totu-000308 nömrəli diplomun və ona uyğun əlavənin ölkə ərazisində tanınması öhdəliyinin Azərbaycan Respublikası Təhsil Nazirliyi “Akkreditasiya və Nostrifikasiya idarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2011-ci il tarixdə Gürcüstan Respublikası Tbilisi X9 rektorunun qərarı ilə №-144, iqtisadiyyat istiqaməti üzrə sosial Elmlər Bakalavr dərəcəsi üzrə iqtisadiyyat bölməsinin əyani 1-ci kursuna daxil olmus və həmin təhsil müəssisəsində tam kursu bitirərək, “Humonitar və Sosial elmlər məktəbi şurasının xx xxxx 2015-ci il tarixli 8 saylı qərarına əsasən xx.xx.2015-ci il tarixdə “İqtisadiyyat üzrə sosial elmlər bakalavr akademik dərəcəsi ixtisası almaqla “Totu № 000308”-ci Bakalavr Diplomu təsdiqlənərək verilmişdir. Eyni zamanda ona uyğun X12 X5 Cəmiyyəti “ Totu № 00038 Diplom əlavəsi” də xx.xx.2015-ci il tarixdə təsdiqlənərək diploma əlavə olunaraq verilmişdir. O, göstərilən və qeyd olunan universitetdə əyani şöbədə oxuyaraq təhsilini başa vurmuş, proqramı və bütün fənlər üzrə imtahan və məqbul, eləcə də dövlət imtahanını verdikdən sonra Humanitar və Sosial elmlər məktəbi şurasının xx xxxx 2015-ci il tarixli 8 saylı qərarına əsasən oranı tam ali kursu bitirməyinə dair “Totu № 000308 olan İqtisadiyyat üzrə sosial elmlər bakalavr akademik dərəcəsi ixtisası ilə Bakalavr Diplomu təsdiqlənərək ona təqdim olunmuşdur. Azərbaycan Respublikasının daxili qanunvericiliyi, onun qoşulduğu konvensiya və beynəlxaq hüquq norlamalarının prinsiplərinin məzmunu ilə tam aşkardır ki, o, xarici dövlət universitetinin əyani şöbəsinin tam ali təhsilini başa vurmuş, ona uyğun təhsil haqqında verilmiş “ Diplom” və “ Əlavə” nin tanınmasına (nostrifıkasiyasını) tələb olunan bütün sənədləri hazırlayıb verərək onu Azərbaycan Respublikası Təhsil Nazirliyi “Akkreditasiya və Nostrifikasiya İdarəsindən tələb etmiş, bununla əlaqədar o, xx.xx.2015-ci il tarixdən başlayaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinə çox saylı yazılı və şifahi müraciətlər ünvanlamış, bu ərizələrə qanunvericiliyin tələblərinə uyğun ədalətli şəkildə baxılaraq həll olunmamış, ona imtina cavabı verilmişdir. Sonuncu 68/A-№-li xx.xx.2016 saylı imtina aktında göstərilir ki, Onun ali təhsil sənədlərinin araşdırılması zamanı müəyyən edilmişdir ki, Gürcüstan Respublikası Tbilisi X9 tədris normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə göstərilmiş tədris yükünü yerinə yetirmək qeyri-mümkündür. Hazırda həmin imtinanı əsassız hesab etdiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin xx.xx.2019-cu il tarixli sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplom Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi Ekspert Qrupu tərəfindən müəyyən edilmişdir. Bununla əlaqədar Ekspert Qrupunun rəyinə əsasən iddiaçıya müvafiq şəhadətnamənin verilməsi məqsədəuyğun sayılmamışdır. Ekspert rəyində qeyd edilir ki, X6 normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuşdur. Rəydə eyni zamanda qeyd olunur ki, qısa müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri-mümkündür. Göründüyü kimi, qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir. Qeyd olunanlar əsasında iddiaçının adına X10 tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, TOTU 000308 nömrəli bakalavr diplomu üzrə ixtisasının ölkə ərazisində tanınması mövcud qanunvericiliyin tələbinə ziddir. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 1.6-cı bəndinə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Sözügedən Qaydaların 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Qeyd olunan normativhüquqi aktların müddəalarından göründüyü kimi, iddiaçıya məxsus olan diplomun tanınmasına heç bir hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Məhkəmənin 2-1(103)-1357/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadları ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Cavabdeh ilə əvəz edilmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə işə sonuncunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia ərizəsində qeyd olunanların nəzərə alınmaqla iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı hazırki tələblə xx.xx.2015-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmiş, inzibati orqanın xx.xx.2016-cı il tarixli 68/ANİ saylı məktubu ilə Gürcüstan Respublikası Tbilisi X9 tədris normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddət qarşılığında onun həmin ölkədə qısa müddət ərzində olması səbəbindən onun tədris yükünü yerinə yetirməsinin qeyri-mümkün olması əsası ilə müraciətin təmin olunmasından imtina edilmişdir. Sonradan iddiaçı xx.xx.2019-cu il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə müraciət etmiş, həmin orqanın xx.xx.2019-cu il tarixli Ə-307/03-ANİ saylı məktubu ilə ona elektron müraciətinin nəticəsi olaraq xx.xx.2016-cı il tarixdə müvafiq elektron xidmət vasitəsilə məlumat verildiyi və xx.xx.2016cı il tarixli 68/ANİ saylı məktubun elektron ərizəsində qeyd etdiyi ünvana göndərildiyi qeyd olunmuşdur. İddiaçı hazırki iddia tələbi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Məcburetmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.2-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməməsi və ya inzibati orqanın hərəkətsizliyi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanunverici orqan məcburetmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir: İnzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində. Göründüyü kimi, tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları ən əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki; iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Hazırki iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya xx.xx.2016-cı il tarixli 68/ANİ № li bildirişlə diplomunun tanınmasından imtina edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, məcburetmə növündə iddia üzrə iddia müddətinin axımı inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan sayıldığından iddiaçı tərəfindən iddia müddəti ötürüldükdən sonra, yəni müraciətinə imtina cavabı təqdim olunduğu müddətdən 3 ildən çox vaxt keçdikdən sonra, yəni xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət olunaraq, iddia müddəti ötürülmüşdür. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İddiaçı hazırda baxılan mübahisə üzrə iddia müddətini ötürdüyündən, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında X1rşı üçüncü şəxs qismində Azərbaycan Respublikası Təhsil Nazirliyi cəlb edilməklə diplomun tanınması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar