Məhkəmə qərarları › İş №2-1(112)-1357/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1357/2022

20.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1357/2022 20.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə iddiaçının ümumi əmək stajının yenidən hesablanmaqla, güzəştli şərtlərlə pensiya almaq hüququnun bərpa olunması vəzifəsinin icra edilməsi üçün öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X4 xx.xx.1958-ci ildə Dəvəçi rayonu, Bor-Bor kəndində anadan olmuşdur. Hazırda ünvan 1 ünvanında yaşayır. Əmək fəaliyyətinə ilk dəfə xx.xx.1977-ci ildən başlamış və xx.xx.1985-ci ilə kimi Rəhimli südçülük-tərəvəzçilik sovxozunda mexanizator işləmişdir. 1977-ci ilin iyun ayından 1977-ci ilin iyun ayına kimi həqiqi hərbi xidmətdə olmuşdur. Yaşamaq üçün köçüb başqa yerə getdiyi üçün xx.xx.1985-ci ildən öz xahişi ilə ərizə verib, xx.xx.1985-ci il tarixli, 1 №-li əmrlə işdən azad edilmişdir. xx.xx.1985-ci ildə Azərbaycan Dəmir Yolları İdarəsinin Kontakt şəbəkəsi distansiyasının Biləcəri sahəsinə 3-cü dərəcəli elektromontyoru vəzifəsinə xx.xx.1985-ci il tarixli, 14/k №-li əmrlə işə qəbul olunmuşdur. xx.xx.1988-ci ildə xx.xx.1988ci il tarixli, 267/k №-li əmrlə AQV rayon matrisası kontakt şəbəkəsinin maşinist vəzifəsinə keçirilmişdir. xx.xx.2000-ci il tarixdə 72/k №-li əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad olunmuşdur. xx.xx.2015-ci il tarixində 06§5 №-li əmrlə Xaçmaz “Yaşıllaşdırma” İdarəsinin Təmizlik sahəsinə fəhlə qəbul edilmişdir. xx.xx.2016-cı ildə 2383 №-li əmrlə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2016-cı ildə 39§2 №-li əmrlə Xaçmaz “Yaşıllaşdırma” İdarəsinə Təmizlik sahəsinə süpürgəçi qəbul edilmişdir. xx.xx.2017-ci il tarixdə 01§4 №-li əmrlə öz xahişi ilə işdən azad edilmişdir. Yenidən xx.xx.2017-ci ildə 03§1 №-li əmrlə Xaçmaz “Yaşıllaşdırma” İdarəsinə təmizlik sahəsinə fəhlə kimi işə qəbul olunmuş və 2020-ci ilin əvvəlinə kimi orada işləmişdir və öz xahişi ilə ərizə yazıb işdən azad olunmuşdur. İddiaçının hazırda 64 yaşı olmaqla, 28 il əmək stajı var. Lakin hələ də pensiyaya çıxmamışdır və əmək pensiyası almır. Halbuki, xx.xx.1985-ci ildən xx.xx.2000-ci il tarixə kimi Azərbaycan Dəmir Yolları İdarəsində 15 il 07 ay müddətində işlədiyi üçün güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ vardır. İddiaçının əmək pensiyası ilə bağlı xx.xx.2020-ci il tarixli müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında **********5 nömrəli, 17 mart 2020-ci il tarixli məktubla qanunsuz və əsassız olaraq onun güzəştli şərtlərlə pensiya təyinatından imtina edilmişdir. Onun ümumi əmək stajı 28 il təşkil edir. Bu stajın xx.xx.1985-ci ildən xx.xx.2000-ci il tarixə kimi, yəni 15 il 07 ayını güzəştli işlərdə çalışmışdır. Azərbaycan Dəmir Yolları İdarəsində 15 il 07 ay müddətində işlədiyi üçün güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranır. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında **********5 nömrəli, 17 mart 2020-ci il tarixli məktubu onun pensiya almaq hüququnu kobud surətdə pozmaqda davam edir. Hesab edir ki, onun pozulmuş güzəştli şərtlərlə pensiya almaq hüququ məhkəmə qaydasında təmin olunmalıdır. 64 yaşının olması nəzərə alınmalı və onun ümumi əmək stajı yenidən hesablanmaqla, güzəştli şərtlərlə pensiya almaq hüququ bərpa olunmalıdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1080/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İnzibati iş xx.xx.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı xx.xx.2020-ci il tarixində iddia tələbi ilə eyni məzmunlu ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat bölməsinin (21) Dəmiryol nəqliyyatı, Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər (21.4) yarım bölməsinə əsasən magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi xx.xx.1985-ci il tarixli əmək kitabçasında xx.xx.1985-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində “Biləcəri enerji stansiyası”nın kontakt şəbəkəsində elektrik montyoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi işlədiyi vəzifə yuxarıda qeyd olunan vəzifənin məzmununu tam ehtiva etmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, “məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir”. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 33000.00 hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 17073,91 manat təşkil edir. Əlavə olaraq bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir. İddiaçı xx.xx.2022-ci il tarixdə dəftərxana vasitəsilə iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək onun xx.xx.2015-ci il tarixdən, yəni 57 yaşından güzəştli şərtlərlə pensiya almaq hüququnun bərpa olunması və xx.xx.2020-ci il tarixdən əvvəlki 3 il üçün pensiya təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icarata qəbul edilmişdir. İddiaçı tərəf xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək İddiaçı hüququnun yarandığı 57 yaş 06 aydan, yəni xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və pensiya təyinatı üçün müraciət etdiyi xx.xx.2020-ci il tarixdən əvvəlki 3 il üçün hesablanmaqla ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icarata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1958-ci il təvəllüdlü İddiaçı Xaçmaz şəhəri, Xanlar küçəsi, ev 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx.xx.1977-ci il tarixli, 1484 nömrəli attestatın surətinə əsasən İddiaçı xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilədək traktorçu maşinist ixtisası üzrə təhsil almışdır. İş materiallarına əlavə edilmiş HЗ ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1977-ci ildə hərbi xidmətə çağırılmış, xx.xx.1979-cu ildə tərxis olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.1985-ci il tarixli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1985-ci ildə Rəhimli südçülük-tərəvəzçilik sovxozunun rəhbəri tərəfindən verilən 1 nömrəli protokoluna əsasən iş stajı 1977-ci ildən hesab edilmiş, xx.xx.1985-ci ildə işdən azad edilmişdir. xx.xx.1985-ci ildə Biləcəri Enerji təchizatı distansiyasında kontakt şəbəkə distansiyasına elektrik montyoru təyin edilmiş, xx.xx.1988ci ildə kontakt rayonunun AQV avtomotorist maşinisti vəzifəsinə keçirilmiş, xx.xx.2000-ci ildə işdən azad edilmişdir. xx.xx.2015-ci ildə Xaçmaz “Yaşıllaşdırma” İdarəsinə təmizlik sahəsinə fəhlə qəbul edilmiş, xx.xx.2016-cı ildə işdən azad edilmişdir. xx.xx.2016-cı ildə Xaçmaz “Yaşıllaşdırma” İdarəsinə təmizlik sahəsinə süpürgəçi qəbul edilmiş, xx.xx.2017-ci ildə işdən azad edilmişdir. xx.xx.2017-ci ildə Xaçmaz “Yaşıllaşdırma” İdarəsinə təmizlik sahəsinə fəhlə qəbul edilmiş, xx.xx.2017-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.2018-ci il tarixdə Xaçmaz Yaşıllaşdırma İdarəsinə təmizlik sahəsinə fəhlə qəbul edilmiş, xx.xx.2018ci ildə işdən azad edilmişdir. xx.xx.2019-cu il tarixdə Xaçmaz Yaşıllaşdırma İdarəsinə təmizlik sahəsinə fəhlə qəbul edilmiş, xx.xx.2019-cu il tarixdə işdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" QSC İD 2 nömrəli H.Z.Tağıyev adına Elektrik təchizatı sahəsinin xx.xx.2016-cı il tarixli, 139 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı həqiqətən xx.xx.1985-ci ilən xx.xx.1988-ci ilədək Biləcəri Enerji təchizatı distansiyasının kontakt şəbəkə rayonunun elektrik montyoru, xx.xx.1988-ci ildən xx.xx.2000-ci ilədək Biləcəri Enerji təchizatı distansiyasının kontakt şəbəkə rayonunun AQV maşinisti işləmişdir. xx.xx.2000-ci ildən öz xahişi ilə işdən azad edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixində təsdiq edilmiş Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na əsasən güzəştli əmək stajı 15 il 06 ay 16 gündür. İş materiallarına əlavə edilmiş "xxxx" QSC-nin xx.xx.2020-ci il tarixli arxiv arayışına əsasən Talıbov X3 enerji təchizatı distansiyasında işləmişdir: xx.xx.1985-ci ildə kontakt şəbəkəsi distansiyasının 3-cü dərəcəli elektrik montyoru vəzifəsinə qəbul olunmuş - əmr № 14/k, xx.xx.1985-ci il, xx.xx.1988-ci ildə AQV rayonu matrisası kontakt şəbəkəsinin maşinisti vəzifəsinə keçirilmiş - əmr № 267/k, xx.xx.1988-ci il, xx.xx.2000-ci il tarixdə işdən azad edilmişdir - əmr № 72/k, xx.xx.2000-ci il. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Şabran Rayon İcra Hakimiyyəti Şabran rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 38 nömrəli məktubu ilə göndərilmiş arxiv çıxarışına əsasən 1978-ci ilin fevral ayında Rəhimli s/t sovxozunun idarə binasının yanması ilə əlaqədar olaraq həmin sovxozda işləmiş fəhlə və qulluqçuların iş stajının müəyyən edilməsinə dair xx.xx.1981-ci il tarixli, 1 nömrəli potokolun arxiv çıxarışında bildirilmişdir ki, İddiaçı 1977-ci ildən hal-hazıra kimi sovxozda işləmişdir. Şabran (keçmiş Dəvəçi) rayon Rəhimli südçülük-tərəvəzçilik sovxozunun əmrlər kitabından arxiv çıxarışına əsasən xx.xx.1985-ci il tarixli 01/15 nömrəli əmrlə Talıbov Tofiqin - sovxozun mexanizatoru - verdiyi ərizəsinə və başqa yerə köçüb getdiyi üçün işdən azad edilməsi, sonuncu haq-hesabı ödənilməsi qərara alınmışdır. Şabran (keçmiş Dəvəçi) rayon Rəhimli südçülük-tərəvəzçilik sovxozunun əmək haqqlı kitablarından traktor briqadasında işləmiş Talıbov Tofiqin əmək haqqısı barədə arxiv çıxarışına əsasən iddiaçıya iyul 1979-cu ildən-1985-ci il tarixləri arasında əmək haqqı ödənilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixli, 85275 nömrəli məktubunda bildirilmişdir ki, X5 "xxxx" QSC-nin Biləcəri enerji təchizatı distansiyasında xx.xx.1985-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək kontakt şəbəkə rayonunun elektrik montyoru, xx.xx.1988-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək kontakt şəbəkə rayonunun AQV maşinisti peşələrində işləmişdir. Bu peşələr üzrə X2 iş stajı 15 il 6 ay 17 gün təşkil edir. Qeyd olunan peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmuşdur. Kontakt şəbəkə rayonunun elektrik montyoru peşəsi bu siyahının XXVİİİ Nəqliyyat bölməsinin 23001000—19825 nömrəli kodu ilə əks olunmuş magistral dəmir yollarının əlaqə şəbəkəsinin elektrik montyoru və kontakt şəbəkə rayonunun AQV maşinisti peşəsi bu siyahının XXVİİİ Nəqliyyat bölməsinin 23001000— 13529 nömrəli kodu ilə əks olunmuş motovozun maşinisti peşəsi üzrə müəyyən edilmiş sahənin və peşənin xüsusiyyətləri ilə eynidir. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixli, 118820 nömrəli məktubunda bildirilmişdir ki, “AQV” özüyeriyən xüsusi hərəkət tərkibləri qrupuna aid olan avtomotorisin markalarından biri hesab edilir, eyni zamanda sözügedən qrupa motovoz və drezinalar da daxildir. Belə ki, AQV maşinisti, habelə motovoz maşinisti peşələri üzrə yerinə yetirilən işlərin əsas oxşar xüsusiyyətləri müvafiq olaraq avtomotoris və motovozu idarə etməkdən, dəmir yolu infrastrukturunda müvafiq təmir, quraşdırma və bərpa işlərinin aparılmasına texniki dəstək vermək üçün həmin texnikanın üzərində olan avadanlıqların, o cümlədən qaldırıcı qurğu, xüsusi mexanizmlərin idarə olunmasını təmin etməkdən, o cümlədən işçilərin, kiçikhəcmli materialların, iş alətlərinin və ehtiyat hissələrinin iş yerlərinə operativ daşınmasının həyata keçirilməsindən ibarətdir. Həmçinin "xxxx" QSC-də iş yerinin attestasiyasının nəticələrinə əsasən hərəkət tərkibinin (avtomotoris) mühərrikinin işlək vəziyyətdə səs-küyünün yüksək olması, fiziki gərgin iş mühiti və işin monoton xüsusiyyətliliyi (əməyin yeknəsəkliyi) amillərinə görə AQV maşinisti peşəsi əmək şəraiti zərərli olan işlərdən hesab edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli, 151323 nömrəli məktubunda bildirilmişdir ki, “kontakt şəbəkə rayonunun elektrik montyoru” habelə “magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyoru” peşələri üzrə yerinə yetirilən işlərin əsas xüsusiyyətləri yüksək gərginlik xətlərinin quraşdırılması və sökülməsi, müayinəsi, ölçülməsi, vəziyyətinin yoxlanması, təmiri, modernləşdirilməsi və təhlükəli yerinin ləğv edilməsi, dayaqların qurulması, elektrik təmiri işlərinin hündürlükdə, gərginlik vəziyyətində, gərginlik açılmayan hissələrin yaxınlığında və gərginlik altında qatarların hərəkəti dayandırılmadan və ya vaxtla reqlamentləşdirilmiş fasilələrdə elektrik təmir işlərinin yerinə yetirilməsindən ibarətdir. Həmçinin mənzillərin uzunluğunun ölçülməsi, dəyişdirici açar ötürücülərinin yoxlanılması, tənzimlənməsi, orta anker trosların hazırlanması, dartılması və rənglənməsi, əndazə darvazalarının yoxlanması, dəmir yolu xətlərinə xidmət edilən distansiyada (sahədə) əlaqə şəbəkəsinin açarlarının dəyişdirilməsi, istehsalatda baş verən qəza-bərpa işlərinin aradan qaldırılmasında və ləğvində iştirak edilməsi həmin peşələr üzrə yerinə yetirilən işlərin əsas xüsusiyyətlərinə aid edilmişdir. Əlavə olaraq qeyd edilir ki, təhlükəli və zərərli istehsal amillərinə - əmək şəraitində elektrik cərəyanının təsiri şəraitinin yüksək olması, habelə kontakt şəbəkəsi və onun elementlərinə aid olan yüksək gərginlikli elektrik xətlərində işlərin aparılmasına görə sözügedən peşələr üzrə əmək funksiyalarının icrası əmək şəraiti zərərli və ağır olan işlərdən hesab edilir. Təqdim edilmiş inzibati icraat materiallarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizədə ona yaşa görə güzəştli əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2020-ci il tarixli, **********5 nömrəli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş verindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istesalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı oan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat bölməsinin (21) Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər (21.4) yarım bölməsinə əsasən magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları vəzifəsi nəzərdə tutulmuşdur. İdarəyə təqdim etdiyiniz xx.xx.1985-ci il tarixli əmək kitabçanızda xx.xx.1985-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində “Biləcəri Enerji distansiyası”nın kontakt şəbəkəsində elektrik montyoru vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi işlədiyiniz vəzifə yuxarıda qeyd olunan vəzifənin məzmununu tam ehtiva etmir. Əlavə olaraq bildirilir ki, sizin ümumi iş stajınız 25 ildən az təşkil etməklə yanaşı, həmçinin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan iddiaçının güzəştli iş stajına malik olmadığını, ümumi iş stajının 25 ildən az olmasını, eləcə də pensiya kapitalının pensiya təminatına imkan vemədiyini əsas gətirərək tələb olunan güzəştli iş stajının olmadığına istinad edərək müraciətin təminindən imtina etmişdir. Hazırkı iddia üzrə iddiaçı cavabdehin imtinasını əsassız hesab edir və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia, həmçinin mahiyyət üzrə əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi qüvvədə olan qanunvericiliyə əsasən kişilərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün aşağıdakı şərtlərin hamısının birlikdə olması tələb olunur: 1. 60 yaşın tamam olması; 2. azı 25 il sığorta stajına malik olması; 3. 25 il sığorta stajının azı 12 il 06 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması və 4. fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Məhkəmə qeyd edir ki, kişilərə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində və xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulurdu. İşin hallarını hər iki qanunvericiliyə uyğun olaraq yoxladıqda aydın olur ki, iddiaçının xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ yaranmasa da (bunun üçün iddiaçının xx.xx.2006-cı il tarixədək 12 il 06 aydan az olmayan xüsusi staja və 25 ildən az olmayan ümumi staja malik olması tələb olunsa da onun həmin tarixə cəmi 24 il 06 ay 03 gün ümumi iş stajı olmuşdur), “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 1.3-cü bəndinə görə 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Beləliklə, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçı xx.xx.2017-ci il tarixədək 25 il ümumi iş stajı toplamalı, bunun 12 il 06 ayını zərərli işlərdə işləməli, tələb olunan yaş həddinə çatmalıdır ki, qeyd olunan şərtlər iddiaçıya münasibətdə ödənilir. İddiaçı xx.xx.1958-ci il təvəllüdlü olmaqla 57 yaş 06 ayını xx.xx.2015-ci il tarixdə tamamlamışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Həmin Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanunun 22.1-ci maddəsinə görə əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Nəzərə alınmalıdır ki, yuxarıda da qeyd edildiyi kimi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunla həm hərbi xidmət fəaliyyəti, həm də əmək fəaliyyəti dövrü ümumi iş stajına daxil edilir. Bu zaman qanun yalnız üst-üstə düşən iş stajı dövrlərindən birinin hesaba alınmasını mümkün sayır, lakin qanunverici əmək fəaliyyəti və hərbi xidmət dövrləri üst-üstə düşdüyü halda onlardan birinin tam hesablanmasını, eyni zamanda həmin dövrlərin üst-üstə düşməyən yerdə qalan hissəsinin iş stajına hesablanmasını qadağan da etmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının arxiv arayışına əsasən sovxozdakı əmək fəaliyyəti xx.xx.1977-ci ildən (sovxozun xx.xx.1981-ci il tarixli 1 nömrəli protokola əsasən sovxozdakı əmək fəaliyyəti dövrü 1977-ci ildən hesablanması qeyd edilsə də işə başlama günü və ayı konkret olaraq göstərilməmişdir, bu halda məhkəmə sovxozda əmək dövrünü ilin əvvəlindən, yəni xx.xx.1977-ci ildən hesablayır) xx.xx.1985-ci ilədək olan dövrün bir hissəsi xx.xx.1977-xx.xx.1979-cu ilədək olan hərbi xidmət dövrü ilə üst-üstə düşür. Dövlət arxivindən əldə edilmiş əmək haqqı barədə arxiv çıxarışında İddiaçı 1978-ci il üzrə əmək haqqı hesablanmamış, əmək haqqı iyul 1979-cu ildən başlayaraq hesablanmışdır. İddiaçının hərb xidmət dövrünə təsadüf etdiyindən sovxozda 1978, 1979cu ilin ilk 06 ayı üzrə əmək haqqının hesablanmaması məntiqlidir. Qeyd olunanlara əsasən məhkəmə iddiaçının sovxozdakı əmək fəaliyyəti dövrünün hərbi xidmət dövrü ilə üst-üstə düşən hissəsini ümumi iş stajına hesablamır, lakin eyni zamanda iddiaçının əmək fəaliyyəti dövrü hərbi xidmət ilə üst-üstə düşməyən hissəsini, xx.xx.1977-ci ildən hərbi xidmətə başladığı xx.xx.1977-ci ilədək olan dövrü, həmçinin, hərbi xidmətə başlama və çıxma xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilədək olan dövrü tam, hərbi xidmət bitdikdən sonra sovxozda yenidən əmək fəaliyyətini davam etdirdiyi və əmək haqqı cədvəlinə uyğun olaraq sovxozda əmək haqqı hesablanmağa başlandığı xx.xx.1979-cu ildən işdən çıxdığı xx.xx.1985-ci ilədək olan əmək fəaliyyətini ümumi iş stajına daxil edilməsini mümkün hesab edir. Beləliklə, iddiaçı yuxarıda qeyd olunan təhsil haqqında sənəd, hərbi bilet, arxiv sənədi və əmək kitabçasına əsasən xx.xx.1974-xx.xx.1975-ci ilədək təhsil dövrü 11 ay 23 gün, xx.xx.1977-xx.xx.1977-ci ilədək sovxoz dövrü, xx.xx.1977-xx.xx.1979-cu ilədək hərbi xidmət dövrü 02 il 01 ay 12 gün, xx.xx.1979-xx.xx.1985-ci ilədək sovxozda əmək fəaliyyəti dövrü 05 il 06 ay 02 gün, xx.xx.1985-xx.xx.2000-ci il tarixədək Biləcəri enerji distanasiyasında işlədiyi dövr 15 il 06 ay 17 gün, xx.xx.2015-xx.xx.2016-cı ilədək olan əmək fəaliyyəti dövrünün 57 yaş 06 ayının tamam olduğu xx.xx.2015-ci il tarixədək olan dövrü nəzərə alınmaqla 06 ay 28 gün olmaqla ümumilikdə 57 yaş 06 ayının tamam olduğu günə 25 il 01 ay 01 gün ümumi iş stajı topladığı müəyyən olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı qanunla tələb olunan xüsusi sığorta stajı və yaş həddini daha əvvəl tamamlamış olsa da lakin tələb olunan 25 il ümumi stajını 57 yaş 06 ayına çatdığı vaxtda, xx.xx.2015-ci il tarixdə tamamladığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ da həmin tarixdən yaranmış hesab olunur. Beləliklə, məhkəmə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan 25 il ümumi iş stajı mövcuddur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9-cu bəndində göstərilmişdir ki, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 23000000 XXVİİİ. Nəqliyyat bölməsinin 23001000 Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər yarımbölməsində 23001000—19825 magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları, 23001000—13529 motovozların və avtomotoristlərin maşinistləri zərərli peşə kimi nəzərdə tutulmuşdur. İddiaçının əmək kitabçası qeydləri, eləcə də iş yerindən verilmiş arayışlara əsasən iddiaçının Biləcəri Enerji təchizatı distansiyasında xx.xx.1985-xx.xx.1988-ci ilədək işlədiyi kontakt şəbəkə rayonunun elektrik montyoru 23001000—19825 magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları peşəsinə, kontakt şəbəkə rayonunun AQV maşinisti isə 23001000—13529 motovozların və avtomotoristlərin maşinistləri peşəsinə uyğundur. Cavabdeh iddiaçının əmək kitabçasında xx.xx.1988-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində “Biləcəri Enerji stansiyası”nın kontakt şəbəkəsində elektrik montyoru vəzifəsinin siyahıda magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları vəzifəsinin məzmununu tam ehtiva etmədiyini əsas gətirməklə iddiaçının güzəştli iş stajının olmamasına istinad etsə də bu “tam ehtiva etməmənin” nədən ibarət olduğunu, hansı əsaslara görə qeyd edilən vəzifənin siyahıdakı vəzifəyə uyğun gəlməməsinin əsaslarını bildirməmişdir. Qeyd edilməlidir ki, iddiaçı “Biləcəri Enerji stansiyası”nın kontakt şəbəkəsində xx.xx.1988-xx.xx.2000-ci illərdə elektrik montyoru deyil, kontakt şəbəkə rayonunun AQV maşinisti vəzifəsində çalışmışdır. "xxxx" QSC-nin təqdim etdiyi güzəştli arayışlarda iddiaçının işlədiyi hər iki vəzifənin yuxarıda qeyd olunan zərərli işlə bağlı siyahıdakı kodlara uyğun olaraq əsaslandırılması aparılmışdır. Belə ki, iddiaçının xx.xx.1985-xx.xx.1988-ci illərdə işlədiyi “kontakt şəbəkə rayonunun elektrik montyoru” vəzifəsində isə işçi yüksək gərginlik xətlərinin quraşdırılması və sökülməsi, müayinəsi, ölçülməsi, vəziyyətinin yoxlanması, təmiri, modernləşdirilməsi və təhlükəli yerinin ləğv edilməsi, dayaqların qurulması, elektrik təmiri işlərinin hündürlükdə, gərginlik vəziyyətində, gərginlik açılmayan hissələrin yaxınlığında və gərginlik altında qatarların hərəkəti dayandırılmadan və ya vaxtla reqlamentləşdirilmiş fasilələrdə elektrik təmir işlərinin yerinə yetirilməsindən ibarətdir. Bu vəzifədə işin zərərli xüsusiyyətləri isə əmək şəraitində elektrik cərəyanının təsiri şəraitinin yüksək olmasıdır. “AQV” özüyeriyən xüsusi hərəkət tərkibləri qrupuna aid olan motovoz və drezinaların da daxil olduğu avtomotorisin markalarından biridir. Bu vəzifədə işçi avtomotoristi idarə edir, dəmir yolu infrastrukturunda müvafiq təmir, quraşdırma və bərpa işlərində qaldırıcı qurğu, xüsusi mexanizmlərin idarə olunmasını təmin edir, işçilərin, kiçikhəcmli materialların, iş alətlərinin və ehtiyat hissələrinin daşınmasını həyata keçirir. Bu vəzifədə işin zərərli xüsusiyyətləri isə hərəkət tərkibinin (avtomotoris) mühərrikinin işlək vəziyyətdə səs-küyünün yüksək olması, fiziki gərgin iş mühiti və işin monoton xüsusiyyətliliyidir (əməyin yeknəsəkliyi). Beləliklə, iddiaçının işlədiyi hər iki vəzifənin əmək funksiyaları, həmin vəzifələrdə əmək şəraitinin zərərli xüsusiyyətləri vəzifələrin güzəştli iş stajına hesablanmasına əsas verir. Belə olan halda iddiaçının güzəştli iş stajı 15 il 06 ay 18 gün təşkil edir. İddiaçı hüququnun yarandığı xx.xx.2015-ci il tarixədək tələb olunan 12 il 06 aydan çox güzəştli iş stajını toplamışdır. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənilir. Belə olan halda cavabdehin pensiya təyinatından imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Cavabdehin pensiya kapitalı ilə bağlı dəlili iddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olmuş və hazırkı tələbin hüquqi əsasını təşkil edən ƏPQ-nun xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada 9.1-ci maddəsinin şərti olmadığından məhkəmə kapital ilə bağlı dəlilə qiymət verməyi zəruri hesab etmir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 32.1-2-ci maddəsinə əsasən bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı 57 yaş 06 aydan, yəni xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyinatı üçün müraciət etdiyi xx.xx.2020-ci il tarixdən əvvəlki 3 il üçün hesablanmaqla ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 57 yaş 06 aydan, yəni xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyinatı üçün müraciət etdiyi xx.xx.2020-ci il tarixdən əvvəlki 3 il üçün hesablanmaqla ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar