Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13573/2025 13.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı “icra qərarının və icra qeydlərinin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək reyestrdə Bİ-5996 saylı icra qərarının və icra qeydlərinin hüquqa zidd hesab edilərək ləğv edilməsini, ödədiyi məbləğin (500 manatdan çox) nəzərə alınaraq qalıq borcun yenidən hesablanmasını və bu məbləğin aylara bölünməsini, ədalətsiz şəkildə hesablanmış yüksək faizlərin dayandırılmasını və silinməsini, "xxxx" MMC-nin mənə 10 gün ərzində borc barədə məlumat verməməsi səbəbilə qanunsuz hərəkətə görə cavabdehlik daşımasının tanınmasını və borcum haqqinda bu gunə kimi etdiyi ödənişlərin təqdim edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun xəbəri olmadan və ona məlumat verilmədən Bakı şəhəri, Xəzər rayonu İcra şöbəsi tərəfindən Bİ-5996 saylı icra işi üzrə qərar qəbul olunmuş, o isə bu barədə yalnız sonradan məlumatlandırılmış. Telefon zəngi ilə çağırılaraq izahat almadan sənəd imzaladılmışdır. Halbuki, bu barədə ona yazılı bildiriş təqdim olunmalı və icra qərarı haqqında məlumat verilməli idi. Bu, İcra haqqında Qanunun 29 və 84-cü maddələrinin kobud pozulmasıdır. Eyni zamanda, yaranmış borcun məbləğinə dair də qeyri-müəyyənlik mövcuddur. O "Azpulmat"dan ("xxxx") ümumilikdə 600 manat məbləğində borc götürmüş və bu borcun qarşılığında 500 manatdan çox ödəniş etmiş. Lakin buna baxmayaraq, hal-hazırda məndən 907 manat məbləğində əlavə borc tələb edilir. Beləliklə, 600 AZN-lik borca qarşılıq ümumilikdə 1407 AZN tələb olunur. Bu, qeyrimütənasib və əsaslandırılmamış faiz siyasətidir. Bundan başqa, o bu məsələ ilə bağlı Mərkəzi Banka da rəsmi müraciət etmişdir. Mərkəzi Bank cavab olaraq qeyd etmişdir ki, borcun təfərrüatları barədə ona 10 gün ərzində məlumat verilməlidir. Lakin qarşı tərəf nə bu məlumatı təqdim edib, nə də ümumiyyətlə, cavab verib. Bu, "Azərbaycan Respublikasının İnzibati İcraat haqqında" Qanunun 64-cü maddəsinə əsasən hüququmun pozulması deməkdir. Əlavə olaraq, mən vaxtında bu məsələ ilə bağlı Xəzər Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdim. Məhkəmə daha sonra xx.xx.2025 ci il tarixdə bildirmişdir ki, bu məsələ onların səlahiyyətinə aid deyil və İnzibati Məhkəmə tərəfindən baxılmalıdır. Bu səbəbdən 10 günlük müddətin keçməsi hüquqi baxımdan əsaslandırıla bilər, çünki əvvəl düzgün məhkəmə instansiyası barədə tərəfimə aydın məlumat verilməmişdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında həmçinin qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3-cü bənd) Məhkəmə qeyd edir ki, iddianın yönəldiyi "xxxx" Məhdud Məsuliyyətli inzibati orqan olmadığından ona qarşı iddia tələbi iddianın digər ümumi və xüsusi mümkünlük şərtlərinin ödənilməsi halında belə mümkün sayıla bilməz. Belə ki, inzibati hüquq mübahisələrinin əsas subyekti qismində inzibati (publik funksiyaları həyata keçirən) orqan çıxış edir. İnzibati prosessual qaydada baxılan mübahisənin tərəflərindən biri mütləq qaydada inzibati orqandır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad olunan Qərarın 12-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. İnzibati orqanların siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda konkret olaraq göstərilmişdir. Hazırda iddiaçı tərəfindən iddia ərizəsində cavabdeh qismində göstərilmiş "xxxx" MMC həmin təsnifatda inzibati orqan kimi nəzərdə tutulmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı işdə irəli sürülən “icra qərarının və icra qeydlərinin ləğv edilməsi və s.” ilə bağlı tələbin predmeti inzibati mübahisə deyildir. Yuxarıda sadalanan hallara əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində cavabdeh qismində göstərdiyi MMC inzibati orqan olmadığından, eyni zamanda tələbin predmeti inzibati mübahisə olmadığından işə inzibati qaydada baxılması mümkün deyildir. Odur ki, iddiaçının tələbi inzibati prosessual qanunvericilik baxımından mümkün hesab edilə bilməz. Məhkəmə iddiaçıya hüquqi yardımın edilməsi məsələsinə də hüquqi qiymət verərək qeyd edir ki, İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Hazırkı iddia tələbində işin inzibati mühakimə icraatında davam etdirilməsinə mane olacaq və məhkəmənin hüquqi yardımına əsasən aradan qaldırılması mümkün ola biləcək nöqsanlar yoxdur. Odur ki, məhkəmə iddiaçının iştirakının təmin edilməsi, məhkəmə iclasının təxirə salınmasına zərurət görmür. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-13573/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13573/2025
13.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver