Məhkəmə qərarları › İş №2-1(112)-1358/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1358/2024

05.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1358/2024 05.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi və pensiyanın bərpa edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi və pensiyanın bərpa edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 05 iyun 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçıya xx.xx.2006-cı il tarixdə təyin edilmiş əlilliyə görə əmək pensiyası faktiki olaraq xx.xx.2021-ci il tarixdə dayandırılmışdır. İddiaçı pensiyanın bərpa edilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, cavabdeh məktubunda pensiya təyin edildiyi vaxt iddiaçının tələb edilən sığorta stajına sahib olmadığı üçün ona pensiyanın təyin edilməməli olduğunu bildirmişdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə əmək pensiyasının dayandırılması barədə qərar qəbul edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və pensiyanın dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı tərəfin verdiyi iddia tələbinin dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, 2003-cü il tarixdə iddiaçıya ümumi xəstəliklərlə bağlı İİ dərəcəli əlillik təyin edilmişdir. Elə həmin ildə (2003-cü il) qanunvericiliyinin tələblərinə uyğun olaraq əlilliyə görə ona əmək pensiyası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə əlilliyə görə əmək pensiyası dayandırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasının müayinəyə dair məlumatlardan göründüyü kimi, ona müddətsiz olaraq İİ dərəcəli əlillik təyun olunmuşdur. Diaqnoz: “Fokotamoz sterol-veber sindrom. Hipofirevz psixoz-fiziki inkişafdan qalması”. Cavabdehin 19 may 2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2004-cü il tarixindən uşaqlıqdan İİ dərəcəli əlillik qeydə alınmış, xx.xx.2006-cı il tarixdə qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun olaraq əlilliyə görə ona əmək pensiyası təyin edilmiş və ödənişi xx.xx.2021-ci il tarixinədək davam etdirilmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən sığorta stajı 2 il 3 ay olmaqla qanunvericilikdə 35 yaşa görə tələb olunan müddətdən (6 il 8 ay) azdır. Xidməti yoxlama zamanı məlum olmuşdur ki, xx.xx.2006-cı il tarixində ilkin pensiya təyinatı zamanı qanunvericilikdə tələb olunan sığorta stajı olmadığı halda ona əlilliyə görə əmək pensiyası təyin edilərək ödənilmişdir. Bu səbəbdən xx.xx.2006-cı il tarixindən xx.xx.2021-ci tarixinədək əlilliyə görə əmək pensiyası üzrə artıq ödəmə müəyyən edilmişdir. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçının 01 04.2004-cü il tarixdən uşaqlıqdan İİ dərəcə əlilliyi qeydə alındığı üçün ona xx.xx.2006-cı il tarixdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq əlilliyə görə əmək pensiyası təyin edilmiş, əlilliyə görə əmək pensiyasının ödənişi xx.xx.2021-ci il tarixədək davam etdirilmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən iddiaçının sosial sığorta stajı 2 il 3 ay olmaqla qanunvericilikdə 35 yaşa görə tələb olunan müddətdən (6 il 8 ay) azdır. Xidməti yoxlama zamanı məlum olmuşdur ki, xx.xx.2006-cı il tarixdə ilkin pensiya təyinatı zamanı qanunvericilikdə tələb olunan sosial sığorta stajı olmadığı halda ona əlilliyə görə əmək pensiyası təyin edilərək ödənilmişdir. Bu səbəbdən xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək əlilliyə görə əmək pensiyası üzrə artıq ödəmə müəyyən edilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.3-cü maddəsinə əsasən əlilliyə görə müavinət - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda və bu Qanunun 9.1.2-ci maddəsinə uyğun olaraq əlillik müddətinə təyin olunur. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq iddiaçıya xx.xx.2006-cı il tarixdən İİ dərəcə əlilliyə görə görə sosial müavinət hesablanmış, 01.01,2023-cü il tarixdən məbləği 220 manata çatdırılmışdır. Əlavə olaraq bildiririk ki, xx.xx.2006-cı il tarixdən ötən dövr üzrə iddiaçıya hesablanmış müavinətin məbləği xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək artıq ödənilmiş əlilliyə görə əmək pensiyasının məbləğinin bir hissəsi ilə əvəzləşdirilmiş, artıq ödənilmiş məbləğin digər hissəsi isə aylıq müavinət məbləğindən (220 azn) hər ay 44 manat olmaqla tutulmağa davam etdirilir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun iddiaçıya pensiya təyin edilərkən qüvvədə olan redaksiyasına görə əlilliyə görə tələb edilən sığorta stajı 1 ildir. İddiaçı təhsilini 2006-cı ilədək tamamlamadığına görə təhsil müddəti sığorta stajına hesablanmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından görünür ki, iddiaçıya xx.xx.2006-cı il tarixdə İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh tərəfindən yenidən inzibati icraat zamanı iddiaçının sığorta stajının tələb edilən müddətdən az olduğu əsas gətirilərək faktiki olaraq xx.xx.2021-ci il tarixdə iddiaçının pensiyasını dayandırılmış və “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/1-A- 114438/2023 nömrəli qərar qəbul edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/1-A-114438/2023 nömrəli qərarının surətindən görünür ki, iddiaçının pensiyanın təyin olunan xx.xx.2006-cı il tarixə tələb olunan sığorta stajı (1) olmadığı üçün əmək pensiyası hüququ ləğv edilmiş və 20107,66 manat artıqvermə müəyyən edilmişdir. BВ 016558 nömrəli diplomun təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdə Abşeron-Binə peşə liseyinə daxil olmuş və xx.xx.2006-cı il tarixdə bitirərək ona “geniş profilli traktorçu maşinist və 2-ci dərəcəli təmirçi çilingər ixtisası verilmişdir. “Pensiya Təyinatı” Alt Sistemindən görünür ki, iddiaçının pensiyası xx.xx.2021-ci il tarixdən faktiki olaraq dayandırılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ... “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur.1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 12.1. Əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (iddiaçıya pensiya təyin edildiyi xx.xx.2006-ci il tarixdə qüvvədə olan redaksiya): 12.1. Əlilliyə görə əmək pensiyası 19 yaşınadək əlil və ya sağlamlıq imkanları məhdud olmuş sığortaolunana 1 il sığorta stajı olduqda, 19 yaşından sonra əlil olmuş sığortaolunana isə 1 il sığorta stajı və əlavə olaraq yaşın üstünə gələn hər tam il üçün 4 ay sığorta stajı olduqda təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”: 1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 5.3-cü maddəsinə əsasən hazırlanmışdır və bu Qaydanın 1.2-ci bəndi nəzərə alınmaqla, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir. 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: ...

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;

Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. İşin hallarından görünür ki, iddiaçıya xx.xx.2006-cı il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh tərəfindən yenidən inzibati icraat zamanı iddiaçının sığorta stajının tələb edilən müddətdən az olduğu əsas gətirilərək faktiki olaraq xx.xx.2021-ci tarixdə iddiaçının pensiyası dayandırılmış və “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/1-A-114438/2023 nömrəli qərar qəbul edilmişdir. Hazırkı iddiasında iddiaçı cavabdehin adıçəkilən qərarının ləğvini mübahisələndirir. Cavabdeh etirazını onunla əsaslandırır ki, iddiaçı 35 yaşına əsasən tələb edilən sığorta stajına, yəni 6 il 8 ay staja sahib deyildir. Məhkəmə aşağıda göstərilənlərə əsasən cavabdehin istinad etdiyi dəlilləri əsassız hesab edir. İlk növbədə qeyd edilməlidir ki, cavabdeh tərəfindən etiraz və imtina məktubunda 35 yaşa və buna müvafiq olaraq 6 il 8 ay staja istinad olunsa da, xx.xx.2023-cü il tarixli, 3-17- 1/1-A-114438/2023 nömrəli qərarda tələb edilən stajın 1 il olduğu qeyd edilmişdir. İddiaçıya pensiya təyin edilərkən 19 yaşında olmuş, digər tərəfdən iddiaçının faktiki olaraq pensiyasının dayandırıldığı xx.xx.2021-ci il tarixdə də iddiaçı 35 yaşında olmamışdır. Belə ki, cavabdehin 6 il 8 ay staj tələbi hər bir halda əsassızdır. İşin mübahisəsiz halıdır ki, iddiaçı uşaqlıqdan ikinci dərəcə əlilliyi olan şəxsdir. Bu hal iş materiallarına əlavə edilmiş müayinə aktı çıxarışları və digər sənədlərlə sübut olunur. Belə olan halda araşdırılmalı olan yeganə məsələ iddiaçıya pensiya təyinatı aparılan zaman tələb edilən sığorta stajının müddətinin nə qədər olması və iddiaçının stajla bağlı tələbi ödəyibödəməməsidir. İddiaçıya pensiya təyinatı aparılanadək heç bir yerdə işləmədiyindən, stajla bağlı hissədə hazırkı iş üzrə təhsil müddətinin staja hesablanmalı olub-olmamasına qiymət verilməlidir. Tələb edilən sığorta stajının müəyyən edilməsi üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvədə olan deyil, iddiaçıya pensiya təyin edildiyi xx.xx.2006-cı il qüvvədə olan redaksiyasına baxmaq lazımdır. Həmin redaksiyada qeyd edilir ki, əlilliyə görə əmək pensiyası 19 yaşınadək əlil və ya sağlamlıq imkanları məhdud olmuş sığortaolunana 1 il sığorta stajı olduqda, 19 yaşından sonra əlil olmuş sığortaolunana isə 1 il sığorta stajı və əlavə olaraq yaşın üstünə gələn hər tam il üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Bu da onu deməyə əsas verir ki, iddiaçı üçün tələb edilən sığorta stajı 1 ildir. Yuxarıda qeyd edildiyi kimi cavabdeh də mübahisə predmeti olan qərarında tələb edilən sığorta stajının 1 il olduğunu göstərmişdir. İkinci məsələ yuxarıda da qeyd edildiyi kimi, heç bir yerdə işləmədiyindən təhsil dövrünün sığorta stajına hesablanmalı olub-olmamasıdır ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında öz izahatında iddiaçı təhsilini 2006-cı ildə tamamladığı üçün təhsil müddətinin staja hesablanmamalı olduğunu bildirmişdir. Məhkəmə cavabdehin mövqeyini yanlış hesab edərək qeyd edir ki, iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minən günənədək olan təhsil müddəti sığorta stajı kimi hesablanmalıdır. Belə ki, iddiaçı təhsil almağa başladığı 2003-cü ildə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti sığorta stajına hesablanır. Burada təhsilini bitirmiş şəxslər qeyd edilməsi məhz qanun qüvvədə olduğu zaman bitirmiş kimi başa düşülə bilməz. Belə ki, iddiaçı ona pensiya təyin edildiyi zaman təhsilini tamamlamışdı. Cavabdeh mövqeyində o zaman haqlı olardı ki, iddiaçı təhsilini pensiya təyin edilənədək tamamlamamış olsun. Lakin indiki halda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə minməsindən 4 ay sonra təhsilini bitirmiş olması iddiaçının hüquqlarını məhdudlaşdıra bilməz. Hazırkı mövzuda təhsilini 4 ay əvvəl tamamlamış şəxslə iddiaçı arasında fərq qoyulması bərabərlik prinsipinə ziddir. Belə ki, qanuna əsasən təhsil dövrünün sığorta stajına daxil ediləcəyinə əsaslanaraq təhsilə başlayan şəxsin sonradan qəbul edilmiş qanun əsasında stajının hesablanmaması ədalətli deyildir. Nəzərə almaq lazımdır ki, ona 1 il sığorta stajı lazım olduğunu bilən şəxs qanunun qüvvədən düşəcəyini və yeni qəbul edilmiş qanunla fərqli müddəa nəzərdə tutulacağını bilsəydi, lazım olan stajı işləyərək qazana bilərdi. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək iddiaçının sığorta stajı 1 ildən çox olmuşdur. Digər tərəfdən məhkəmə aşağıda göstərilənləri də qeyd etməyi vacib hesab edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -51.1-ci maddəsinə görə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. -52.5. İnzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. -1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə əsasən inzibati icraatın müddəti 90 gündən çox olmamalıdır, lakin cavabdeh orqan tərəfindən qanunun tələbi gözlənilməmişdir. Belə ki, iddiaçının pensiyası faktiki olaraq xx.xx.2021-ci il tarixdə dayandırılsa da, müvafiq inzibati akt (qərar) xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Bu, müddət tələbinin pozulmasına gətirib çıxararaq qərarın ləğv edilməsi üçün əsasdır. Beləliklə, cavabdehin iddiaçıya təyin edilmiş əlilliyə görə əmək pensiyasının dayandırılması barədə qərarı qanunsuz, əliverişsiz inzibati aktdır. Yuxarıda da qeyd edildiyi kimi qanunsuz əliverişsiz inzibati akt hər bir halda ləğv edilməli və onun hüquqi nəticələri aradan qaldırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 3-17-1/1-A-114438/2023 saylı qərar ləğv edilsin və pensiyanın dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 3-17-1/1-A-114438/2023 saylı qərar ləğv edilsin və pensiyanın dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar