Məhkəmə qərarları › İş №2-1(112)-1358/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1358/2025

10.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1358/2025 10.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, Üçüncü şəxs X2 iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs: X3) qarşı “ayrıca çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxs: X3) qarşı “ayrıca çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi (zəruri cəlbetmə) qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi “ekspert rəyində göstərilən Sabunçu qəsəbəsində K.Setkin 20 ünvanında yerləşən fərdi yaşayış evinin istifadəsində olan 1 və 7 saylı tikililərinə mülkiyyət hüququnun ayrıca qeydiyyata alınmasına və buna dair çıxarış və texniki pasportun verilməsinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, K.Setkin küçəsi, 20 nömrəli fərdi yaşayış evi 2 otaqdan ibarət hissədə İddiaçı, 2 otaqdan ibarət hissədə isə X2 paylı mülkiyyətindədir. Sözügedən ev faktiki olaraq çıxarışda göstərilən paylara uyğun olaraq 2 hissəyə ayrılmış, hər bir hissə ayrıca bir evdir. Hər bir evin ayrıca giriş-çıxışı, hamam otağı, mətbəxi və s. vardır. Hər birinin payı ayrıca bir ev kimi olduğundən payçıların bir-birindən asılı cəhəti yoxdur. Bütün bunlara baxmayaraq onların yalnız bir (ümumi) çıxarışı var. Hər ikisinin adı və payları orada qeyd olunur. Belə olan halda bəzi sənədləşmə işləri zamanı digər payçının razılığı tələb olunur. Bu da bir mülkiyyətçi kimi iddiaçının hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına səbəb olur. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, K.Setkin küçəsi, 20 nömrəli fərdi yaşayış evinin texniki pasportu da köhnədən qalmış, əvvəlki mülkiyyətçilərin adınadır. İddiaçı hesab edir ki, sözügedən evin ona məxsus payının ayrıca giriş-çıxışı, hamam otağı və s. olduğuna, ayrıca bir ev kimi olduğuna görə ona həmin paya dair ayrıca çıxarış verilməli və evə dair yeni texniki pasport tərtib edilməlidir. Ayrıca çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi barədə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunsa da, lakin ərizənin təmin edilməsindən imtina edilmişdir. İmtinanın səbəbi kimi, evin faktiki vəziyyəti ilə texniki pasport arasında perimetrik ölçü və konfiqurasiya fərqinin olması, texniki pasportda göstərilən 1, 2, 4 və 7 saylı yerləşkələrdən başqa digər yerləşkələrin sökülməsi göstərilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********72 xaricolma nömrəli məktubla cavab verilmişdir. Aparılmış araşdırma zamanı məlum olmuşdur ki, fərdi yaşayış evində faktiki vəziyyət ilə texniki pasport arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Həmçinin texniki pasportda göstərilən 1, 2, 4 və 7 saylı yerləşkələrdən başqa digər yerləşkələr sökülmüşdür. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı (2 otaq) və X2 (2 otaq) xüsusi mülkiyyətindədir. Müayinə aktından görünür ki, arxiv texpasportuna əsasən 1,2,4 və 7 saylı yerləşkər yerindədir. Digər yerləşkələr sökülmüşdür. Həyətyanı sahədə əlavə həyat tikilisi mövcuddur. Cavabdeh tərəfindən verilmiş imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, fərdi yaşayış evində faktiki vəziyyət ilə texniki pasport arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Həmçinin texniki pasportda göstərilən 1, 2, 4 və 7 saylı yerləşkələrdən başqa digər yerləşkələr sökülmüşdür. Bu səbəbdən texniki pasportunun tərtib edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatı nəticəsində aşağıdakilar müəyyən olunmuşdur: -İddiaçı faktiki istifadəsində 2 tikilinin olduğu, həmin tikililərdən birinin sahəsinin 17.3 kv.metr (4.2x3.6m), digərinin isə 19.10 kv.metr (3.9x4.9m) təşkil etdiyi müəyyən edilmişdir. -İddiaçı və X2 istifadəsində olan tikililərə küçədən ayrı-ayrılıqda girirş-çıxış olduğunu nəzərə alaraq, tədqiq olunan fərdi yaşayış evinin İddiaçı faktiki istifadəsində olan hissənin giriş-çıxışının ayrı olduğu, eləcə də Nilufər Məmmədovun istifadəsində olan tikililər və Sabir Verdiyevin faktiki istifadəsində olan tikilillərin bir-birindən təcrid şəkildə yerləşdiyi müəyyən edilmişdir. Tədqiq olunan evin yerləşmə mövqeyi mürəkkəb olduğundan dam örtüyünə baxış keçirmək mümkün olmamışdır. Bu səbəbdən də İddiaçı və X2 istifadəsində olan tikililərin bir damın altında olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. - Bakı Şəhər icra Hakimiyyəti Texniki inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli texniki pasportda tədqiq olunan ev üzrə yeddi tikilinin göstərildiyini, faktiki olaraq isə 5 tikilinin olduğunu nəzərə alaraq, tədqiq olunan evin faktiki vəziyyətinin Bakı Şəhər icra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli texniki pasportun məlumatlarına uyğun olmadığı müəyyən edilmişdir. Həmin texniki pasportda göstərilən tikililərdən sahələri 9.3 kv.metr və 13.3 kv.metr olan 4 və 5 saylı tikililərin faktiki olaraq mövcud olmadığı müəyyən edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Qeyd olunmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0.Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6.mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 avqust tarixli 1142 saylı Fərmanı ilə təsdiq edilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış”ın məzmunun 2.1-ci bənddə qeyd edilmişdir ki, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı təqdim edilən elektron çıxarışda aşağıdakılar göstərilir: 2.1.1. Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri; 2.1.2. Dövlət Xidmətinin adı; 2.1.3. hüququ rəsmiləşdirilən (qeydiyyata alınan) şəxs (şəxslər) haqqında məlumat:

1. fiziki şəxs olduqda – soyadı, adı, atasının adı;

2. hüquqi şəxs olduqda – tam adı (o cümlədən təşkilati-hüquqi forması); 2.1.4. daşınmaz əmlakın növü; 2.1.5. daşınmaz əmlakın ünvanı; 2.1.6. daşınmaz əmlakın mülkiyyət növü; 2.1.7. daşınmaz əmlak üzərində hüququn növü; 2.1.8. daşınmaz əmlakın ümumi sahəsi (kvadratmetrlə); 2.1.9. torpaq sahəsinin mülkiyyət növü; 2.1.10. torpaq sahəsi üzərində hüququn növü; 2.1.11.torpaq sahəsinin kateqoriyası (Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə müəyyən edilmiş kateqoriyalardan biri); 2.1.12. torpaq sahəsinin ölçüsü (hektarla); 2.1.13. daşınmaz əmlakın dövlət reyestr nömrəsi; 2.1.14. daşınmaz əmlakın qeydiyyat nömrəsi; 2.1.15. daşınmaz əmlakın qeydiyyat tarixi; 2.1.16. daşınmaz əmlak ümumi birgə mülkiyyətdə olduqda – hər bir hüquq sahibinin adı, ümumi paylı mülkiyyətdə olduqda isə, əlavə olaraq – hər bir hüquq sahibinin payı; 2.1.17. reyestr kitabının və onun vərəqinin nömrəsi; 2.1.18. dövlət reyestrindən elektron çıxarışı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, gücləndirilmiş elektron imzası, soyadı və adı. 2.4. Daşınmaz əmlak ümumi mülkiyyətdə olduğu halda elektron çıxarış hər bir mülkiyyətçiyə təqdim edilir. Azərbaycan Respublikasının Mülki Məcəllənin: 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisə iddiaçının yaşadığı fərdi yaşayış sahəsinə mülkiyyət hüquqlarının tam payda, digər payçının adı olmadan göstərilib-göstərilməməsi ilə əlaqədardır. Belə ki, cavabdeh hesab edir ki, fərdi yaşayış evində faktiki vəziyyət ilə texniki pasport arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcud olduğundan, həmçinin texniki pasportda göstərilən 1, 2, 4 və 7 saylı yerləşkələrdən başqa digər yerləşkələr söküldüyündən müraciətin təmin edilməsi mümkün olmamışdır. Lakin, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən işin faktiki halları tam qaydada araşdırılmamış, iddiaçının hüquqi marağı nəzərə alınmadan imtina verilmişdir. Belə ki, iş materiallarında olan sənədlərdən, eləcə də ekspert rəyindən görünür ki, iddiaçının faktiki istifadəsində olan fərdi yaşayış sahəsi ilə üçüncü şəxsin payının olduğu fərdi yaşayış sahəsi eyni ünvan göstəricilərinə malik fərqli yaşayış sahələridir. Belə ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı (2 otaq) və X2 (2 otaq) xüsusi mülkiyyətindədir Nəzərə alınmalıdır ki, digər payçının paylı mülkiyyət hüquqlarının aid olduğu fərdi yaşayış evinin iddiaçının faktiki istifadəsində olan əmlakla hər hansı bağlılığı olmamış, ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının hazırda ayrıca tam hüquqla mülkiyyət hüquqlarını realizə etmək istədiyi fərdi yaşayış evinin giriş-çıxışı ayrı olmuş, tikilillər birbirindən təcrid şəkildə yerləşmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, üçüncü şəxsin özü də məhkəmə icraatı zamanı verdiyi ifadə əsasında hazırki iddia tələbinin təmin edilməsinə etiraz etməmiş və iddiaçıya ayrıca çıxarışın verilməsində öz müsbət mövqeyini nümayiş etdirmişdir. Cavabdehin imtinasına gəldikdə isə Məhkəmə qeyd edir ki, fərdi yaşayış evində faktiki vəziyyət ilə texniki pasport arasında perimetrik ölçü və konfiqurasiya fərqin mövcud olması, texniki pasportda göstərilən 1, 2, 4 və 7 saylı yerləşkələrdən başqa digər yerləşkələrin sökülməsi, həmin əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatından imtina əsası qismində çıxış etməməlidir. Belə ki, ekspert rəyindən də göründüyü kimi iddiaçıya və üçüncü şəxsə məxsus tikililər bir-birində təcrid olunan və ayrıca-giriş çıxışı olan tikililərdir ki, texniki pasport ilə faktiki vəziyyət arasında uyğunsuzluğun olduğu halında belə üçüncü şəxs iddianın təminində müsbət mövqeyini bildirmişdir. Eyni zamanda, iddiaçının özüdə ayrıca çıxarışın verilməsini məhz alınan ekspert rəyində göstərilən texniki parametrlər nəzərə alınmaqla reallaşdırmaq istəyir ki, hazırki halda məhkəmə iddianın təminini istisna edən maneə müəyyən etmir. Bu səbəbdən də Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmaqla yanaşı iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Nəzərə alınmalıdır ki, AR İPM-nin: 110.1. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 111.1. Proses iştirakçısının tələbinin qismən təmin edildiyi hallarda prosessual xərclər üzrə qarşılıqlı hesablaşma aparılır və ya xərclər proses iştirakçıları arasında müvafiq nisbətdə bölüşdürülür. Xərclər üzrə qarşılıqlı hesablaşmanın aparıldığı hallarda, hər tərəf məhkəmə xərclərinin yarısını ödəyir, zəruri xərclər isə tərəflərin öz hesabına ödənilir. İddia tələbi təmin olunduğundan, 100 manat ekpsertizanın keçirilməsinə dair xərcin ödənilməsi cavabdehə həvalə edilməlidir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi təmin edilsin. Ekspert rəyində göstərilən Sabunçu qəsəbəsində K.Setkin 20 ünvanında yerləşən fərdi yaşayış evinin istifadəsində olan 1 və 7 saylı tikililərinə mülkiyyət hüququnun ayrıca İddiaçı adına qeydiyyata alınmasına və buna dair İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində prosessual xərcin X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar