Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13580/2025 25.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Vahid oğlunun sədrliyi, Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" ASC və Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı "gecikmənin sistemdə əks olunmasının ləğv olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" ASC və Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “MKR-də kredit tarixçəsinin təmiz olunmasını nəzərə alaraq "xxxx" ASC ilə bağlı problemlə əlaqədar gecikmənin sistemdə əks olunmasının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-cin il tarixli İK № 719Ğ1-15 saylı kredit müqaviləsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialından 19000 ABŞ dolları illik 20% olmaqla 24 ay müddətinə şəxsi avtomobili "X3" ipoteka ilə yüklü edilərək kredit götürmüşdür. Həmin kreditin əsas borcu və faizləri 13 ay vaxtlı vaxtında ödənilməsinə baxmayaraq, ABŞ dollarının devalvasiyası nəticəsində maddi vəziyyətinin pisləşməsi ilə əlaqədar "xxxx" ASC-yə 9942,23 ABŞ dolları kredit borcum həmin vaxt ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli AR-da fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı tədbirlər haqqında 551 saylı Fərmanının icrası zamanı "xxxx" ASC-nin Mərkəzi Banka təqdim etdiyi restruktrizasiya olunası problemli kreditlər siyahısında olduğu halda və AR X1 siyahısının tərkibində adının olması onun götürdüyü qalıq kredit borcuda restrukturizasiya olunmalı idi. Lakin "xxxx" ASC həmin fərmanın icrası zamanı onun kreditini subyektiv səbəblərdən restrukturizasiya etmədi. "xxxx" ASC -nin məqsədi əsas səbəb olaraq onun banka olan 9942,23 ABŞ dolları əsas borcundann əlavə ondan 1889,51 ABŞ dolları faiz və 1777,17 ABŞ dolları cərimə (alavə 3666,68 ABŞ dolları faiz və cərimə birlikdə) məbləğlərini almaqdan ibarət olmuşdur. Bank qəsdən və bilərəkdən onun kreditini restruktruziasiya etməkdən yayındı, belə ki, Fərman çıxana qədər bank onu məhkəməyə yeni vermişdi və Fərman qüvvəyə minəndən sonra Bakı Apellyasiya Məhkəməsi xx.xx.2019-cu il tarixli 2(103)-161/2019 saylı qərardadı ilə ərizəni baxılmamış saxladı və göstəriş kimi Fərmanın icrasını banka həvalə etdi. Ona məxsus olan avtomobil həbsdə olduğu üçün bank məni süründürərək xx.xx.2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinə avtomobilin girovdan azad olunması məqsədi ilə ərizə ilə müraciət etdi. Lakin Bakı Apelyasiya Məhkəməsi xx.xx.2019-cu il tarixli 2(103)-10808/2017 saylı Qərardad həmin işə operativ baxmaq əvəzinə müəmmalı olaraq 8 aydan sonra girovdan azad edilməsi barəsində qərar qəbul etdi. "xxxx" ASC tərəfindən Fərman ona şamil olunmadığı üçün bank onu məhkəməyə verdi. Bütün səylərinə baxmayaraq Nizami rayon məhkəməsi restruktizasiya olunması barədə qətnamə qəbul etmədi və əksinə 9942,23 ABŞ dolları borcun tutulması barədə bankın xeyrinə xx.xx.2021-ci il tarixli № 2(007)-413/2021 saylı Qətnamə qəbul etməli oldu və məhkəmə heç bir cərimə və faizləri qəbul etmədi. Həmin 9942,23 ABŞ dolları tərəfimdən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialına tam şəkildə ödənilmişdir. Halhazırda heç bir banka kredit borcu yoxdur və uzun illərdir ki heç bir bankdan kredit götürməmişdir. Lakin məsələnin başqa tərəfi ondan ibarətdir ki, Mərkəzi Kredit Reyestrində adımda heç bir kredit yoxdur və MKR-ə əsasən heç bir gecikmə göstərilmir. Hansısa bank qarşısında heç bir kredit öhdəliyi və öhdəliyə zamin olması haqqında heç bir məlumat aşkar olunmur. Hal-hazırda bir Azərbaycan vətəndaşı kimi onunda kredit götürmək ehtiyacı vardır. xx.xx.2025-ci il tarixdə Bakıxanov qəsəbəsində yerləşən ABB-Sabunçu filialına yaxınlaşaraq kompaniyada olan pensiya krediti ilə yaralanmaq istədi. Həmin bankda yoxlama zamanı məlum oldu ki, MKR-də hər şey normaldır,lakin adımda sistemdə gecikmə görsənir. Bu gecikmədə "xxxx" ASC ilə arasında olan məsələdən ibarətdir. Məsələ ondan ibarətdir ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli AR-da fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı tədbirlər haqqında 551 saylı Fərmanının verilməsi həmçinin vaxtı keçmiş borcların amnistiyası kimi başa düşülməlidir. Odur ki, "xxxx" ASC-nin səhvi və yanlışlıqla, qəsdən və bilərəkdən həmin Fərmanın ona şamil olunmamasının əziyyətini o çəkməli deyil və onun günahı deyildir. Məlumat üçün bildirir ki,19-xx.xx.2025-ci il tarixdə AR Mərkəzi Bankına müraciət edərək MKR-də kredit tarixçəsinin təmiz olunmasına baxmayaraq sistemdə "xxxx" ASC ilə bağlı gecikmə görsəndiyi üçün,gecikmənin silinməsi ilə əlaqədar ona köməklik göstərilmişdir. AR Mərkəzi Bankı isə xx.xx.2025-ci il tarixli 6-1-26/2-R-74xx-xx-10583/2025 saylı məktubu ilə anlaşılmayan bir cavab ünvanlamışdır. Daha sonra "xxxx" ASC tərəfindən AR Mərkəzi Bankına və ona xx.xx.2025-ci il tarixli 253 saylı məktubunda isə yenədə öz mənafeyini müdafiə edərək qarmaqarışıq fikirlərlə cavab məktubu ünvanlamışdır. Əvvəla "xxxx" ASC ona məktub göndərməmiş,göndərsədə poçtdan geri qayıtmışdır. İkincisi həmin vaxt bank onda olan mobil telefon nömrələrinə SMS bildirişlər göndərilirdi və nədənsə ona bildiriş göndərməmişdir. İkincisi necə olur ki,ödədiyi kredit və faizlərin ödəniş vaxtları çatanda bank telefon nömrəsinə zəng edib vaxtı deyə və çatdıra bilir, amma restrukturizasiya olunması barədə nə zəng edir,nədə bildiriş göndərir. Çünki bank öz xeyrinə əlavə faiz və cərimə pullarını almaq üçün müxtəlif manevrlər etmişdir,amma bu məhkəmə təəfindən təmin olunmamışdır. Halbuki, o 2019-cu ilin avqust-sentyabr aylarından "xxxx" ASC-nin Binəqədi filialının müdirəsinin qəbulunda dəfələrlə olanda o, maşın girovdadır,onu Baş Bank həll etməlidir, səbr edin həll olunan kimi biz xəbər verəcəyik. Nəhayət ki,onlar bu məsələni yubadaraq onu məcbur etdilər 2019-cu ilin Dekabr ayının əvvəlinə Mərkəzi Bankın sədtinə teleqramına vurmalı oldu,ondan sonra onu dəvət etdilər banka və yuxarıda qeyd etdiyi kimi,xx.xx.2019-cu il tarixdə avtomobilin girovdan azad edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etdilər və sonda qeyd etdiyi kimi hakim 8 aydan sonra qərar qəbul etdi və avtomobil girovdan azad olundu və ondada artıq gec idi. Daha sonra "xxxx" ASC yenidən Nizami rayon Məhkəməsinə müraciət etdi və məhkəmə 9942,23 ABŞ dolları borcun tutulması barədə bankın xeyrinə xx.xx.2021-ci il tarixli № 2(007)-413/2021 saylı Qətnamə qəbul etməli oldu və 1889,51 ABŞ dolları faiz və 1777,17 ABŞ dolları cərimə məbləğlərini isə rədd etdi. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərərk tələbini müdafiə etmiş və və iddianın mümkün sayılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankı nümayəndəsinin iştirakını təmin etməmiş və və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-161/2019 nömrəli qəraradadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, həmin iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, ərizə baxılmamış saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)- 10808/2017 nömrəli qərardadı ilə iddiaçı Cavabdeh2 ASC-nin ərizəsi təmin edilmiş, “X3” minikmarkalı 90OA707 dövlət qeydiyyat nişanlı avtomobilin istismarına qoyulmuş qadağa ləğv edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixdə AR Mərkəzi Bankın pk.cbar.az portalından alınmış məlumatın çıxarışına əsasən, Ə.İddiaçı münasibətdə hesablanmış, "xxxx" ASC-yə retrukturizasiya olunması təklif olunan məbləğ 16901,79 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2025-ci il tarixli 6-1-26/2-R-74xx-xx- 10583/2025 saylı məktubundan görünür ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli Fərman (Fərman) imzalanmışdır. Fərmanın 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə 27 mart 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” (Qayda) təsdiq edilmişdir. Qaydanın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-dək nəzərdə tutulmuşdur. Həmçinin nəzərinizə çatdırılır ki, Fərmanın 6.1 -ci bəndinə əsasən kredit təşkilatlarına vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərlə yeni güzəştli kredit müqaviləsinin (restrukturizasiya) bağlanması tövsiyə edilmişdir. Əlavə olaraq bildirilir ki, xx.xx.2025-ci il tarixində aparılan telefon danışığı zamanı ona məlumat təqdim edilmişdir. Məlumat üçün bildirilir ki, əlavə sualı yarandığı təqdirdə Mərkəzi Bankın 966 qaynar xətti ilə əlaqə saxlanılması tövsiyə olunmuşdur. Cavabdeh2 ASC-nin xx.xx.2025-ci il tarixli 253 nömrəli məktubundan görünür ki, İddiaçı 2019-cu ildən etibarən sözügedən kreditin restrukturizasiya edilməsi mövzusunda dəfələrlə çoxsaylı müraciətlər ünvanlamış və müvafiq qaydada cavablandırılmışdır. Təkrar olaraq vurğulayırıq ki, İddiaçı xx.xx.2015-ci il tarixində Bankdan 24 ay müddətinə 19000 (on doqquz min) ABŞ dolları məbləğində kredit almışdır. Sonradan kredit ödənişləri üzrə öhdəlikləri icra etmədiyindən və müqavilə şərtlərini pozduğundan iş məhkəməyə təqdim olunmuş və nəticədə müvafiq qətnamə çıxarılmışdır. Qeyd edilir ki, kredit ödənişlərinin gecikdirilməsilə əlaqədar vaxtilə borcalanla dəfələrlə danışıqlar aparılmış, hətta məhkəmə qərarından sonra da bu danışıqlar davam etdirilmiş, lakin heç bir nəticəsi olmamışdır. Eləcə də “Problemli kreditlər barədə” cənab Prezidentin xx.xx.2019-cu il tarixli məlum Fərmanına əsasən kreditin müvafiq şərtlərlə restrukturizasiya edilməsinin icrası üçün dəfələrlə şifahi və yazılı (xx.xx.2019-cu il tarixli 728 saylı və xx.xx.2019-cu il tarixli 1062 saylı məktublar) formada borcalanın Banka dəvət olunmasına baxmayaraq, yalnız Fərmanın qüvvədə olma müddətinin son günlərində (xx.xx.2019) kreditin restrukturizasiya olunması üçün müraciət etmişdir. Müraciətinə cavab olaraq kreditin təminatı olan avtomobilin üzərinə məhkəmə qərarı ilə həbs qoyulması səbəbindən həmin avtomobilin girova götürülməsinin hüquqi tərəfdən mümkün olmaması barədə müştəriyə məlumat verilmiş və əvvəlki şərtlərə uyğun zamin təqdim olunmaqla kreditin restrukturizasiya edilməsi təklif olunmuşdur. Lakin, sonradan müştərinin Bankla əlaqəsi uzun müddət kəsilmiş və xeyli vaxt keçdikdən sonra, yəni 2020-ci ilin sentyabr ayında Banka yaxınlaşaraq kreditin restruksizasiya olunması üçün müraciət etmişdir. Bu müracətlə əlaqədar məlum Fərmana əsasən kreditlərin resturukturuzasiya edilməsi müddətinin xx.xx.2019-cu il tarixndə bitdiyi barədə məlumat bir daha müştərinin diqqətinə çatdırılmışdır. Qeyd edilir ki, vaxtilə müştərinin Banka qarşı “resturukturuzasiyanın təmin olunması” barədə qaldırdığı iddia Bakı şəhəri Nizamı rayon məhkəməsinin xx.xx.2021 -ci il tarixli və Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadları ilə təmin edilməmişdir. Odur ki, kredit ödənişləri üzrə gecikmə hallarının borcalan tərəfindən baş verdiyini nəzərə alaraq bildirilir ki, AKB üzrə MKR sistemində kredit tarixçəsinə dəyişiklik edilməsi ilə bağlı müştərinin iddiası əsassızdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-413/2021 saylı qətnamə iddia qismən təmin edilmiş, İddiaçı Cavabdeh2 ASC-nin xeyrinə 9942.23 ABŞ dolları borc və iddia ərizəsinin verilməsi üçün ödənilən 30 manat məbləğində dövlət rüsumu tutulmuşdur. Tutma ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus olan JEEP QRAND CHEROKEE, markalı 90SO007 dövlət qeydiyyat nişanlı, Ban 1C4RJFCG3EC24190U, buraxılış ili 2013-cü il olan avtomobilə yönəldilmişdir. Həmin avtomobil açıq hərracda satılmış və onun satışından əldə ediəln məbləğ hesabına cavabdehin Cavabdeh2 ASC-nə olan borcu ödənilmişdir. Qalan hissədə iddia təmin olunmamışdır. Məhkəmə öncəliklə cavabdehlərə münasibətdə iddianın mümkünlüyünün qiymətləndirilməsini zəruri hesab edir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Həmin Qərarın: 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründyü kimi, iddia, onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsində cavabdeh kimi "xxxx" ASC və Azərbaycan Respublikası Mərkəzi Bankı göstərilsə də, iddia ərizəsinin təsviriəsaslanması və nəticəsinə əsasən mahiyyəti üzrə iddia tələbi “TuranBank" ASC ilə bağlı problemlə əlaqədar gecikmənin sistemdə əks olunmasının ləğv olunması” cavabdeh "xxxx" ASCyə yönəlmiş tələbdir. Məhkəmə qeyd edir ki, iddianın yönəldiyi cavabdeh "xxxx" ASC inzibati orqan olmadığından ona qarşı iddia tələbi iddianın digər ümumi və xüsusi mümkünlük şərtlərinin ödənilməsi halında belə mümkün sayıla bilməz. Belə ki, inzibati hüquq mübahisələrinin əsas subyekti qismində inzibati (publik funksiyaları həyata keçirən) orqan çıxış edir. İnzibati prosessual qaydada baxılan mübahisənin tərəflərindən biri mütləq qaydada inzibati orqandır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad olunan Qərarın 12ci bəndində göstərilmişdir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. İnzibati orqanların siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda konkret olaraq göstərilmişdir. Hazırda iddiaçı tərəfindən iş üzrə cavabdeh qismində göstərilmiş "xxxx" ASC həmin təsnifatda inzibati orqan kimi nəzərdə tutulmamışdır. Yuxarıda sadalanan hallara əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində cavabdeh qismində göstərdiyi qurum ("xxxx" ASC) inzibati orqan olmadığından və tərəflər arasında yaranmış mübahisə inzibati deyil, mülki xarakter daşıdığından işə inzibati qaydada baxılması mümkün deyildir. Odur ki, iddiaçının hazırkı tələbi inzibati prosessual qanunvericilik baxımından mümkün hesab edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən çəkilən qərarının sonuncu bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Bu baxımdan, məhkəmə qeyd edir ki, iddiaçının "xxxx" ASC-yə qarşı ehtimal etdiyi hüquqlarının müdafiəsini inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) həll etmək hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarının 15-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Məhkəmə iş üzrə digər cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına münasibətdə iddianın mümkünlüyü ilə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında həmçinin qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3-cü bənd) Cavabdeh Azərbayca Respublikası Mərkəzi Bankı hazırkı iddiaya cavab verməli olan orqan deyil. Belə ki, Mərkəzləşdirilmiş Kredit Reyestrinin yaradılmış məlumat bazalarına məlumatlarının ötürülməsi “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu və "Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası” ilə tənzimlənir. Belə ki, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 35.4-cü maddəsinə əsasən, Banklar hər bir borcalan haqqında məlumatı Mərkəzi Bankın müəyyən etdiyi qaydada Mərkəzi Bankda yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə verməlidir. Mərkəzləşdirilmiş kredit reyestrində toplanan məlumatlara bank sirrinin bu Qanunla müəyyən olunmuş qorunması qaydaları şamil olunur. "Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın: 2.1.2. məlumat təchizatçısı - MKR-ə kredit haqqında məlumatı təqdim edən kredit təşkilatı, o cümlədən ləğvetmə prosesində olan kredit təşkilatı; 3.3. Kreditlər üzrə ay ərzində hər hansı ödəniş olduğu təqdirdə bu barədə məlumat növbəti iş günü ərzində, borcalanın maliyyə vəziyyətini əks etdirən hesabatlarla bağlı məlumatlar (olduqda) istisna olmaqla digər məlumatlar kredit təşkilatları tərəfindən hər təqvim ayının sonuncu gününə olan vəziyyətə növbəti ayın ilk 4 (dörd) iş günü ərzində təqdim edilir. Borcalanın maliyyə vəziyyətini əks etdirən hesabatlarla bağlı məlumatlar (olduqda) kredit təşkilatları tərəfindən təqvim ili ərzində azı bir dəfə təqdim edilir. 3.6. Məlumat elektron formada MKR-in avtomatlaşdırılmış sisteminin tələblərinə uyğun olaraq təqdim edilir. 3.9. Məlumat təchizatçıları MKR-ə təqdim edilən məlumatların vaxtında, tam və düzgün təqdim edilməsini təmin etməlidirlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı kredit tarixçəsində gecikmənin sistemdə əks olunmasının ləğv olunması ilə bağlı tələbə cavab verməli olan orqan olmadığından, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Aydın Babayev
Məhkəmə qərarları › İş №2-1(112)-13580/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13580/2025
25.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver