Məhkəmə qərarları › İş №2-1(112)-13584/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13584/2024

07.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13584/2024 07.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “yerləşmə sxeminin çəkilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət Bakı şəhər İcara Hakimiyyəti başçısının 10 may 1994-cü il tarixli, 407/212 nömrəli sərəncamı ilə X6 ayrılan 1200 kv.m torpaq sahəsinin yerləşmə sxeminin çəkilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 10 may 1994-cü il tarixli, 407/212 nömrəli sərəncamı ilə X6 1200 kv m torpaq sahəsi ayrılmışdır. Q.İlkin küçəsi, dalan 6-da yerləşən torpaq sahəsi üzərində 6 saylı fərdi yaşayış evi tikilmiş və xx.xx.2006-cı il tarixli yaşayış evinin texniki pasportu çəkilməklə mənzilə dair çıxarış vəsiqəsi alınmışdır. 09 noyabr 2006-cı il tarixdə Bakı şəhəri 7 saylı dövlət notariat kontorunda X4 adından çıxış edən Qobustan rayonu, Bədəli kəndinə yaşayan X1 yaşayan İddiaçı Sotanəhməd qızına Bakı şəhəri DRX-nin xx.xx.2006-cı il tarixli 11/14830 saylı arayışına əsasən ümumi sahəsi 21.6 kv m yaşayış sahəsi, köməkçi sahəsi 84.6 kv m olan iki otaqdan ibarət olan fərdi yaşayış evini daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında iddiaçıya satmışdır. Evlə bərabər torpaq sahəsi hal-hazırda iddiaçının istidadəsindədir. Alqı-satqı edərkən torpaq sahəsinə dair çıxarış olmadığı üçün torpağın alqı-satqısını etmək mümkün olmamışdır. İcra hakimiyyəti yerləşmə sxeminin çəkilməsi ilə bağlı müraciətə imtina cavabı verdiyi üçün iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən, tələbin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddianın mümkünlük məsələsinin müzakirə edilməsi və fikirlərinin dinlənilməsi üçün məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi (iddiaçı həmçinin sms bildiriş qaydasında da xəbərdar edilmişdir) göndərilmişdir. Lakin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 10 may 1994-cü il tarixli, 407/212 №-li sərəncamının surətindən görünür ki, həmin Sərəncam əsasında X7 Mərdəkan qəsəbəsində, 5/215 №-li sahədə fərdi yaşayış evinin tikintisi üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. -09 noyabr 2006-cı il tarixli, AN-İ№0092571 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X5 adından etibarnamə əsasında çıxış edən satıcı X8 ilə alıcı İddiaçı Soltanhəmid qızı arasında bağlanmış həmin müqavilə əsasında Bakı şəhəri DRX-nin xx.xx.2006-cı il tarixli 11/14830 saylı arayışına əsasən ümumi sahəsi 121.6 kv.m, yaşayış sahəsi 37 kv.m, köməkçi sahəsi 84.6 kv.m olan, 2 otaqdan ibarət ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi alıcının mülkiyyətinə verilmişdir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Həmin Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Hazırkı halda iddiaçının hüquqi marağı mülkiyyətində olan evin yerləşdiyini bildirdiyi torpaq sahəsinin cizgisinin əldə edilməsinə yönəlmişdir. Lakin iddiaçı qeyd olunan torpaq sahəsinin ona məxsus olmasına dair hər hansı sübut təqdim edə bilməmişdir. Belə ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 10 may 1994-cü il tarixli, 407/212 №-li sərəncamı X5 adına verilmişdir. Məhkəmə iddiaçının dəlilinə münasibətdə qeyd edir ki, mübahisə sözügedən sərəncam üzrə ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi ilə bağlı olduğundan iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin məhz həmin torpaqayırma sərəncamı ilə X6 ayrılmış torpaq sahəsində yerləşdiyini deməyə əsas vermir. Belə olan halda, məhkəmənin qənaətinə görə, iddiaçının hazırkı tələbi irəli sürmək üçün subyektiv hüququ yoxdur. İddiaçı cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən hərəkət və ya hərəkətsizliyin edildiyinə dəlalət edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddianın mümkünlük şərltəri ödənilmir. Məhkəmə qeyd edir ki, Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 10 may 1994-cü il tarixli, 407/212 №-li sərəncamı verildiyi dövrdə qüvvədə olmuş (9 noyabr 1991-ci ildən 25 iyun 1999-cu ilədək) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13-cü maddəsinə əsasən, vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilir. Həmin Məcəllənin 29-cu maddəsinə görə, torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Göründüyü kimi, müvafiq dövrdə qüvvədə olan torpaq qanunvericiliyinə görə torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin - qərar, əmr, sərəncam və s. hüquqmüəyyənedici sənədlərin qəbul edilməsi, ayrılmış torpaq sahasinin naturada bölünüb təhvil verilməsini, sərhədlərinin yerində və xəritədə müəyyən edilərək yerləşmə cizgisinin hazırlanması, torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi kimi ardıcıl hərəkətləri əhatə edir. Odur ki, qanunla nəzərdə tutulmuş qaydada müvafiq prosesin başa çatdırılması ilə bağlı tələb irəli sürmək hüququ da torpaq ayrılan şəxsə məxsusdur. Beləliklə, aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə belə qənətə gəlir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar