Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1359/2025 07.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında şəhadətnamənin təkrar verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I.İşin halları İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ona doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Bakı Şəhəri Qaradağ Rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi ” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o 19 oktyabr 1983-cü ildə Bakı şəhərinin Qaradağ rayonunda anadan olmuşdur. xx.xx.1984-cü il tarixdə Qaradağ rayonu Qeydiyyat şöbəsi tərəfindən doğum akt qeydi kitabında qeydə alınmış və müvafiq doğum haqqında şəhadətnamə verilmişdir. Həmin şəhatətnamədə doğum ili üzərində qələmlə əl yazısı ilə qeyd aparılmışdır. Bunun hansı səbəbdən edildiyi yadında deyil. Çünki o həmin vaxt körpə olmuşdur. Səhlənkarlığı nəticəsində şəxsiyyət vəsiqəsini ala bilməmişdir. Hal-hazırda şəxsiyyət vəsiqəsi alınması üçün müraciət etdikdə ona doğum haqqında şəhadətnamənin əsli üzərində əl yazısı ilə qaralama olduğu üçün şəxsiyyət vəsiqəsinin verilməsi mümkün olmamışdır. Daha sonra o doğum haqqında şəhadətnamənin dublikatının alınması üçün Qaradağ rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən ona verilmiş xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, təkrar şəhadətnamə şəxsin özünə və ya notarial qaydada verilmiş etibarnamə əsasında nümayəndəsinə verilir. Onun da şəxsiyyət vəsiqəsi olmadığı üçün təkrar şəhadətnamənin verilməsindən imtina edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 3-16-5/7-15-801/2023 saylı xx.xx.2023cü il tarixli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 9.7-ci bəndinə əsasən 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Eyni zamanda həmin “Qayda”nın 1.14-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Göstərilənlərlə bağlı şəxsiyyəti təsdiq edən sənədi təqdim edə bilmədiyinə görə hazırda doğum haqqında təkrar şəhadətnamənin verilməsi mümkün olmamışdır. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli 3- 16-5/7-13982/24 saylı məktubla bildirilmişdir ki, İddiaçı doğum haqqında akt qeydinin surəti göndərilmişdir. xx.xx.1984-cü il tarixli 430888 saylı Doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1983-cü ildə Bakı şəhəri, Qaradağ rayonunda anadan olmuşdur. Atası xx.xx.1957-ci il təvəlldülü X1, anası isə 1958-ci il təvəllüdlü X2r. xx.xx.1981-cü il tarixli İİ-ЖГ 252364 saylı Doğum haqqında şəhadətnamədən görünür ki, X1 xx.xx.1957-ci ildə anadan olmuşdur. xx.xx.1989-cu il tarixli XİV-ЖГ 304397 saylı Doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.1989-cu ildə anadan olmuşdur. Atası xx.xx.1957-ci il təvəlldülü X1, anası isə 1958-ci il təvəllüdlü X2r. xx.xx.1986-cı il tarixli Xİ-ЖF 441110 saylı Doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.1986-cı ildə anadan olmuşdur. Atası xx.xx.1957-ci il təvəlldülü X1, anası isə 1958-ci il təvəllüdlü X2r. xx.xx.1981-ci il tarixli Vİİ- ЖГ 395483 saylı Doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.1981-ci ildə anadan olmuşdur. Atası xx.xx.1957-ci il təvəlldülü X1, anası isə 1958-ci il təvəllüdlü X2r. xx.xx.1994-cü il tarixli VVİİ- KT 420735 saylı Doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.1993-cü ildə anadan olmuşdur. Atası xx.xx.1957-ci il təvəlldülü X1, anası isə 1958-ci il təvəllüdlü X2r. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli 3- 16-5/7-13-1184/24 saylı məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 9.7-ci bəndinə əsasən 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Həmin “Qayda”nın 1.14-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Cavabdehin xx.xx.2024-cü il tarixli 3-13-48/2-22310/2024 saylı məktubundan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü İddiaçı barəsində itkin düşmüş şəxs qismində axtarış işi açılmamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinin xx.xx.2024-cü il tarixli 3-16-5xx-xx-12200/2024 saylı məktubundan görünür ki, İddiaçı xx.xx.1984-cü ildə Qaradağ rayon qeydiyyat şöbəsində tərtib olunmuş doğumu haqqında akt qeydi nəzərdən keçirilərkən atasının xx.xx.1957-ci il təvəlldülü X1, anasının isə 1958-ci il təvəllüdlü X8 olduğu məlum olmuşdur.Həmçinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən İddiaçı barəsində digər vətəndaşlıq vəziyyəti akt qeydləri haqqında hər hansı məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Qaradağ rayon qeydiyyat şöbəsinin xx.xx.2014-cü il tarixli AZ-İ seriyalı 667818 nömrəli Ölüm haqqında şəhadətnaməsindən görünür ki, X1 xx.xx.2014-cü ildə ölmüşdür.Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2014cü il tarixdə 214 nömrə ilə qeyd edilmişdir.Ölüm səbəbi kəskin ürək çatışmamazlığı olmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirliyi X10 adına 8 saylı Bakı Peşə litseyinin BB seriyalı 041364 nömrəli diplomundan görünür ki, X6 xx.xx.2005-ci ildə R.S.Quliyev adına 8№-li Bakı Peşə lisseyinə daxil olmuş və xx.xx.2008-ci ildə orta təhsil almamaqla “Avtomobil kran maşinisti, sürücüsü” peşəsi üzrə tam ixtisası bitirmişdir.İxtisas komissiyasının xx.xx.2008-ci il tarixli qərarı ilə ona 3-cü dərəcə Avtomobil kran maşinisti, sürücüsü ixtisası verilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi X10 adına 8 saylı Bakı Peşə litseyinin 5613 nömrəli xx.xx.2002-ci il tarixli 065442 nömrəli diploma yekun qiymətlər üçün əlavədən görünür ki, İddiaçı Quliyev adına B.N.Bakı Peşə Litseyində təhsil almışdır. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş 176 nömrəli, xx.xx.1984-cü ildə Qaradağ rayon qeydiyyat şöbəsində tərtib olunmuş doğum haqqında akt qeydindən görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdə Bakı şəhəri Qaradağ rayonunda doğulmuşdur, anasının say üzrə 2-ci uşağıdır, atası xx.xx.1957-ci il təvəlldülü X1, anası -.-.1958-ci il təvəllüdlü X2r. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirmişdir ki, İddiaçı onun bacısıdır, xx.xx.1983-cü ildə anadan olmuşdur. Nənəsi xəstə olduğundan bacısı Samirə uzun müddət kənddə nənəsi ilə gedib-gəlmiş, ona qulluq etmişdir, bu səbəbdən də onun şəxsiyyət vəsiqəsinin alınması üçün müraciət etməkdə gecikmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, İddiaçı onun qızıdır, xx.xx.1983-cü ildə anadan olmuşdur. Qayınanası xəstə olduğundan qızı Samirə uzun müddət kənddə nənəsi ilə yaşayıb ona qulluq etmişdir, bu səbəbdən də onun şəxsiyyət vəsiqəsinin alınması üçün müraciət etməkdə gecikmişlər. Doğum haqqında şəhadətnamədəki qaralamanın səbəbi ona məlum deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, doğum haqqında hazırki şəhadətnaməsi o uşaq olduğu vaxtlarda, xatırlamadığı səbəbdən yararsız hala düşmüşdür, hazırda doğum haqqında şəhadətnaməsi yararsız halda olduğundan ona şəxsiyyət vəsiqəsi verilmir, şəxsiyyət vəsiqəsi olmadığı üçün də təkrar doğum haqqında şəhadətnamə verilmir. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər. Məhkəmə mövqeyini iddianın mümkünlüyünə qiymət verməklə bildirməyi zəruri hesab edir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarilxi, 03 nömrəli Qərarından: - 4.Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hazırki iddia qeydiyyat orqanın hərəkətlərindən şikayətlə, yəni hüquqi əhəmiyyətli fakt olan doğum faktı müəyyən edilmədən təqdim edilən sənədlər əsasında doğum akt qeydinin bərpa olunması ilə bağlıdır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.4-cü bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Qaydanın 2.5-ci bəndinə əsasən doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nikah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ödü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”dan:
13. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.
14. İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə hesab edir ki, iddiaçıya dair doğum haqqında akt qeydi mövcuddur, cavabdeh qurumun iddiaçıya təkrar doğun haqqında şəhadətnamənin verilməsindən imtinası nəticəsində iddiaçının hüququları pozulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı xx.xx.1983-cü il təvəllüdlü İddiaçı Qaradağ rayon qeydiyyat şöbəsində tərtib olunmuş 176 nömrəli, xx.xx.1984-cü il tarixli doğum haqqında akt qeydi əsasında təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və zərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARAALDİ: İddia təmin edilsin. xx.xx.1983-cü il təvəllüdlü İddiaçı Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş 176 nömrəli, xx.xx.1984-cü il tarixli doğum haqqında akt qeydi əsasında təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Aysev Almazova