Məhkəmə qərarları › İş №2-1(112)-13592/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13592/2022

02.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13592/2022 02.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Binəqədi Rayon Polis İdarəsi X1rşı “məhkəmə qərarının icra edilməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər Binəqədi Rayon Polis İdarəsi X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə xx.xx.2021-ci il tarixli, 3(001)- 3396/2021 nömrəli qərarın icrası ilə bağlı öhdəliyin qoyulması, xx.xx.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə tərəfindən ləğv edildiyindən həmin qərarla bağlı cərimənin mərkəzi informasiya sistemindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, cavabdeh tərəfindən hüquqi öhdəliklərinin pozulması nəticəsində vurduğu ziyana görə ona 1.000 manat kompensasiyanın ödənilməsi, cavabdehin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 120-ci maddəsinə uyğun olaraq 50.000 manat məbləğində cərimə edilməsi, cavabdeh orqanda inzibati xəta haqqında qərara yenidən baxmaq vəzifə borcu olan vəzifəli şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 594.0.5 və 594.0.7-ci maddələrinə müvafiq olaraq 600 manat məbləğində cərimə edilmələri barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(001)-3396/2021 nömrəli qərarına əsasən X2 inzibati tənbeh olunmasına dair Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün qərar həmin quruma göndərilmişdir. Məhkəmənin qərarı qanuni qüvvəsini aldıqdan sonra X4 İşlər Nazirliyinə rəsmi müraciət ünvanlamış və dəfələrlə cavabdeh orqana məhkəmənin qərarı ilə gedərək qərarın icra olunmasını tələb etmişdir. Lakin buna baxmayaraq, cavabdehin əməkdaşları tərəfindən müraciətlərə məhəl qoyulmadan Niyazi Bağırova qarşı süründürməçiliyə yol verilmiş, Daxili İşlər Nazirliyinə ünvanlanmış rəsmi müraciətə isə mahiyyəti üzrə cavab verilməmişdir. Belə ki, məhkəmənin qanuni qüvvəsini almış qərarının icra olunması ilə bağlı Niyazi Bağırovun müraciətinə xx.xx.2021-ci il tarixində tam məntiqsiz və mahiyyətdən kənar formal cavab verilmişdir. O, bu məsələ ilə bağlı heç bir nəticə əldə etmədən 8 dekabr 2021-ci ildə ağır xəstəlikdən vəfat etmişdir. Bundan sonra da sözügedən qərarın icrası ilə bağlı cavabdehdən heç bir rəsmi müraciət və ya hər hansı reaksiya olmamışdır. xx.xx.2022-ci il tarixində Niyazi Bağırovun vəfatından qanunvericiliklə nəzərdə tutulmuş müddət keçdikdən sonra oğlu olaraq ona notarius tərəfindən Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir. Şəhadətnaməni aldıqdan sonra o, xx.xx.2022-ci il tarixində məhkəmənin qərarının icrasının təmin olunmasına dair cavabdehə və məhkəməyə müraciət ünvanlamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi müraciətə münasibət olaraq cavabdeh orqana xx.xx.2022-ci il tarixli məktub ünvanlamış və həmin məhkəmənin sözügedən qərarının icra vəziyyəti barədə məlumat verilməsini xahiş etmişdir. Buna baxmayaraq, cavabdeh orqan onun və məhkəmənin müraciətinə heç bir münasibət bildirməmişdir. Bundan sonra o, bir neçə dəfə cavabdeh orqana getmiş, lakin müxtəlif bəhanələrlə onu qəbul edib məsələyə aydınlıq gətirən olmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(001)-3396/2021 nömrəli qərarı bir ildən çoxdur icra edilmir. Bunun nəticəsi olaraq tərəflərin heç biri sığorta ödənişi ala bilməmişdir. Bundan əlavə qərara əsasən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə baxmayaraq, cərimə, onun üzərinə hesablanmış dəbbə və bunun nəticəsi olaraq nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs qərarı mərkəzi informasiya sistemindən çıxarılmamışdır. Nəqliyyat vasitəsini idarə edən şəxsi demək olar ki, hər gün yol patrul xidməti əməkdaşı dayandırır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd). Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır (11-ci bənd). İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (12-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəziifəli şəxsə) verilir: hakimin qərarından – apellyasiya instansiyası məhkəməsinə (128.2.1); kollegial orqanın qərarından – kollegial orqanın olduğu yerin məhkəməsinə (128.2.2); səlahiyyətli orqanın (vəziifəli şəxsin) qərarından – yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə (128.2.3). 129.1.1-ci maddəsinə əsasən hakimin qərarından apellyasiya instansiyası məhkəməsinə verilən şikayət və ya protest – həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə. 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. 140-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın icraya yönəldilməsi vəzifəsi hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə qoyulur. 141.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar bu Məcəllədə və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada icra edilir. 142.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasının təxirə salınması, dayandırılması, onun icrasına möhlət və ya xitam verilməsi, yaxud yetkinlik yaşına çatmayan şəxsin üzərinə qoyulmuş cərimənin onun valideynlərindən və ya digər qanuni nümayəndələrindən tutulması məsələlərinin baxılmasına əsaslar olduqda, həmin məsələlərə qərarı çıxarmış hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən üç gün müddətində baxılır. 147-ci maddəsinə əsasən inzibati tənbehin tətbiqi üzrə icraat tamamilə başa çatdıqda, bu barədə müvafiq qeyd aparılmaqla, inzibati tənbeh tətbiq etmə haqqında qərar, onun icrasını həyata keçirən səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin qərarı qəbul etmiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılır. İş materiallarına əlavə edilmiş sənədlərdən və ərizədən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(001)-3396/2021 saylı qərarı ilə X2 inzibati tənbeh olunmasına dair Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli TP4616367 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş, inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın həmin quruma göndərilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət üzrə ümumi məhkəmələr tərəfindən qəbul edilmiş qərarların icra edilməsinə nəzarət həmin məhkəmələr tərəfindən həyata keçirilir. Hazırki halda iddiaçı ilə cavabdeh arasında hər hansı bir inzibati hüquq münasibəti mövcud deyildir. İnzibati hüquq münasibətinin mövcud olmadığı halda isə inzibati mübahisə də mövcud deyildir. Bundan başqa, iddiaçı cavabdeh tərəfindən hüquqi öhdəliklərinin pozulması nəticəsində vurduğu ziyana görə ona 1.000 manat kompensasiyanın ödənilməsini tələb edir, lakin məhkəmədə iddia qaldırmamışdan əvvəl cavabdehə iddiaçı tərəfindən qeyd olunan tələblə əlaqədar müraciət edilməmişdir. Eyni zamanda iddiaçı cavabdehin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 120-ci maddəsinə uyğun olaraq 50.000 manat məbləğində cərimə edilməsini tələb edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 120.1-ci maddəsinə əsasən bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Həmin Məcəllənin 120.2-ci maddəsinə əsasən bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 120-ci maddəsinin tələblərindən göründüyü kimi, həmin maddədə inzibati orqan tərəfindən inzibati məhkəmələrin qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, inzibati orqanın cərimə edilə bilməsi nəzərdə tutulmuşdur. Həmin norma digər məhkəmə qərarlarının icra olunmadığı hallara şamil edilmir və həmin hallarla əlaqədar tətbiq edilə bilməz. Məhkəmə iddia tələbinin «cavabdeh orqanda inzibati xəta haqqında qərara yenidən baxmaq vəzifə borcu olan vəzifəli şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 594.0.5 və 594.0.7-ci maddələrinə müvafiq olaraq 600 manat məbləğində cərimə edilmələri» hissəsi ilə əlaqədar qeyd edir ki, törədilmiş inzibati xətalara görə inzibati xəta törədən şəxslərə inzibati təhbeh tədbirlərinin tətbiq edilməsi inzibati məhkəmələrin səlahiyyətlərinə daxil deyildir, törədilmiş inzibati xətalara görə inzibati xəta törədən şəxslərə inzibati təhbeh tədbirləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən müvafiq səlahiyyətə malik məhkəmə, orqan və ya vəzifəli şəxslər tərəfindən tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar