Məhkəmə qərarları › İş №2-1(112)-136/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-136/2022

09.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-136/2022 09.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 (Şərur rayonunda qeydiyyatdadır, ixtisası: hüquqşünas, vəzifəsi:böyük hüquqşünas ) iddiaçı "xxxx"MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi barədə iddia tələbinə dair işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx"MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin (indiki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsi) “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında“ 25.12.2018-ci il tarixli, **********1711603 saylı Qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, yoxlama aktına əsasən "xxxx" MMC-də guya ümumilikdə 75.794.017,50 manat vergilərin azaldılması müəyyən olunmuş və 38.474.358.71 manat maliyyə sanksiyasının tətbiq olunması təklif olunmuşdur. Həmin vergi yoxlaması aktında əlavə dəyər vergisinə dair göstərilənlər əsassız və qanuna zidd olduğundan "xxxx" MMC həmin aktda qeyd olunanlarla razı olmadığını bildirmiş və onu imzalamaqdan imtina etmişdir. Yoxlama aktı əsasında mübahisələndirilən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” 25.12.2018-ci il tarixli **********172603 saylı qərar qəbul edilmişdir. Sözügedən səyyar vergi yoxlaması aktında 75.794.017,50 manat ƏDV üzrə vergilərin azaldılmasının əsası kimi "xxxx" MMC-nə məxsus metanolun istehsalı, saxlanılması, satışı və nəqli ilə bağlı aktivlərinin (zavodun) 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 15.07.2016-cı il tarixli 2-2(81)-701/2016 saylı Qətnaməsinə əsasən "xxxx" ASC-dən "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının idarəetməsinə verilmiş problemli kreditlər üzrə yaranmış 494.919.738.04 manat borc əvəzi olaraq "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının (bundan sonra "xxxx" QSC adlanır) mülkiyyət hüququnun tanınması göstərilmişdir. Verginin hesablanmasının hüquqi əsası kimi Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra “VM” adlanır) 13.2.10-cu maddəsində girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun digər şəxsə keçməsi malların təqdim edilməsi hesab olunduğuna, həmçinin VM-nin 159.1 -ci maddəsinə əsasən onların təqdim edilməsinin ƏDV üzrə vergi tutma obyekti olduğuna istinad edilir. Yoxlama aktının bu hissəsi və müvafiq olaraq cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” 25.12.2018-ci il tarixli **********172603 saylı Qərarı aşağıdakılara görə əsassızdır, qanuna ziddir və ləğv olunmalıdır: VM-nin 159.1 -ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal ƏDV vergitutma obyektidir.Lakin, VM-nin 159.2-ci maddəsinə uyğun olaraq VM-nin “Fəsil Xİ. Əlavə dəyər vergisi” fəslinin müddəalarına əsasən vergidən azad edilən malların göndərilməsi, islərin görülməsi və xidmətlərin göstərilməsi ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatlar sayılmır. Bu imperativ normadır və ƏDV məqsədləri üçün vergitutma obyekti baxımdan ümumi qaydadan mütləq istisnadır.Vergidən azad edilən əməliyyatların siyahısı isə VM-nin 164-cü maddəsi ilə müəyyən edilmişdir. Belə ki, həmin Məcəllənin 164.1.2-ci maddəsinə əsasən maliyyə xidmətlərinin göstərilməsindən ƏDV tutulmur, yəni bu hal VM-nin 159.2-ci maddəsində nəzərdə tutulan istisnanı təşkil edir.VM-nin 13.2.14.1 -ci maddəsinə əsasən kreditlərin, maliyyə lizinqi əməliyyatlarının, kredit təminatlarının və pul-kredit əməliyyatlarında hər hansı girov və ya lombard təminatının təqdim edilməsi (yaxud verilməsi) və qaytarılması maliyyə xidməti sayılır.Göründüyü kimi, vergi qanunvericiliyi pul-kredit əməliyyatlarında hər hansı girov təminatının təqdim edilməsini, verilməsini və qaytarılmasını birmənalı olaraq maliyyə xidmətlərinə aid edir.VM-nin 13.2.14.1, 159.2 və 164.1.2-ci maddələri rəhbər tutulmaqla "xxxx" MMC-nə məxsus metanolun istehsalı, saxlanılması, satışı və nəqli ilə bağlı aktivlərinin (zavodun) 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 15.07.2016-cı il tarixli 2- 2(81)-701/2016 saylı Qətnaməsinə əsasən "xxxx" QSC-yə verilməsindən ƏDV tutula bilməz, çünki həmin əmlak banka kreditin təminatı qismində girov qoyulmuşdur. Bundan başqa, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15.07.2016-cı il tarixli 2- 2(81)- 701/2016 saylı Qətnaməsi ilə "xxxx" MMC-nin əmlakına (zavoda) mülkiyyət hüququ ləğv edilmiş və metanolun istehsalı, saxlanılması, satışı və nəqli ilə bağlı aktivlər (zavoda) "xxxx" QSC-nin mülkiyyəti kimi tanımışdır.1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15.07.2016-cı il tarixli 2-2(81)-701/2016 saylı Qətnaməsi ilə "xxxx" MMC-nin metanolun istehsalı, saxlanılması, satışı və nəqli ilə bağlı aktivlərə (zavoda) mülkiyyət hüqunun ləğvindən sonra "xxxx" MMC həmin əmlaka sahiblik, istifadə və sərəncam vermək hüquqlarından məhrum olmuş və bu səbəbdən həmin əmlakı təqdim etmək hüququna ümumiyyətlə malik olmamışdır.Belə ki, Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə görə, sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir.Əlavə dəyər vergisi isə Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən yalnız sahibkarlıq fəaliyyəti zamanı tətbiq olunur. Göründüyü kimi, məhkəmə aktı əsasında məcburi qaydada əmlakın mülkiyyətçisinin dəyişməsi heç bir halda sahibkarlıq fəaliyyəti hesab edilə bilməz. Bu səbəbdən də, həmin əməliyyat təqdimetmə deyildir və əlavə dəyər vergisi üzrə vergitutma obyekti formalaşmır.1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15.07.2016-cı il tarixli 2-2(81 )-701/2016 saylı Qətnaməsini çıxararkən Azərbaycan Respublikası Prezidentinin "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” 15.07.2015-ci il tarixli 570 saylı Fərmanına və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.12.2015-ci il tarixli 514 s saylı sərəncamına əsalanmışdır.Belə ki, Azərbaycan Respublikası Prezidentinin 15.07.2015-ci il tarixli 570 saylı Fərmanının 2.3.-cü bəndinə əsasən "xxxx" ASC-nin problemli aktivləri (kreditləri) "xxxx" QSC-nin idarəetməsinə verilmiş, 2.3.-cü bənində əsasən isə həmin kreditlər üzrə borcların təminatı olan girov (ipoteka) qoyulmuş əmlak üzərində sərəncam vermək vəzifəsi "xxxx" QSC-nin üzərinə qoyulmuşdur.Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İV-ci bəndinə əsasən Azərbaycan Respublikası Prezidentinin dərc edilmiş fərmanların tətbiqi və icrası bütün şəxslər üçün məcburidir.Azərbaycan Respublikası Nazirlər Kabineti 29.12.2015-ci il tarixli 514 saylı Sərəncamı ilə "xxxx" QSC-nə kreditlər üzərində alınan hüquqları girova yönəldərək "xxxx" MMC-nə məxsus metanolun istehsalı, saxlanılması, satışı və nəqli ilə bağlı aktivlərin (zavodun) üzərində mülkiyyət hüququnu əldə etmək və sonradan mülkiyyət hüquqlarını Dövlət Neft Şirkətinə vermək vəzifəsini qoymuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin V-ci bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin dərc edilmiş qərarlarının tətbiqi və icrası bütün şəxslər üçün məcburidir.Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiyasının sadalanan müddəaları nəzərə alınmaqla yuxarıda istinad edilmiş Azərbaycan Respublikası Prezidentinin Fərmanına və Nazirlər Kabinetinin Sərəncamına əsasən məhkəmə tərəfindən kreditlər üzrə borcun təminatı olan girov (ipoteka) qoyulmuş əmlakın bank müəssisəsinə verilməsi təqdimetmə sayıla bilməz. Konstitusiyanın 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra “MM” adlanır) 605ci maddəsinə əsasən “icraat və ya digər məhkəmə tədbirləri əsasında əşyaların əldə edilməsinə MM-nin əşyaların alğı-satqısı (təqdimetmə) haqqında müddəaları tətbiq olunmur. Bu səbəbdən məhkəmə qərarlarına əsasən mülkiyyət hüququnun ləğvi və/və ya tanınması təqdim etmə sayıla bilməz”.Mülki qanunvericilik vergi münasibətlərinə birbaşa şamil edilməsə də, analoji hal vergi qanunvericiliyində tənzimlənmədiyi üçün qanunun analogiyasını tətbiq etməklə məsələyə hüquqi qiymət verilməlidir.Əlavə olaraq bildiririk ki, ilkin etirazlarımız müzakirə edildiyi zaman Lokal Gəlirlər Departamentinin vəzifəli şəxsləri VM-nin 13.2.14.1-ci maddəsinin tətbiqinə dair Vergilər Nazirliyində formalaşmış mövqeyə istinad etdilər. İlkin etirazlarımızın müzakirəsi üzrə tərtib imzalanmış Səyyar vergi aktına baxılma haqqında 24.12.2018-ci il tarixli **********542600 Protokolun yekununda isə VMnin 13.2.14.1-ci maddəsində qeyd olunanların girovu götürən təşkilata, yəni bizim halda "xxxx" QSC-nə şamil olunduğu göstərilir. Lakin, VM-nin 13.2.14.1-ci maddəsi girov təminatının təqdim edilməsi, verilməsi və qaytarılmasından bəhs edir və onun mətnində “girovu götürən təşkilat” və/və ya “bank” sözləri yoxdur. VM-nin vəzifəli şəxsləri bu cür yanaşmanın VM-də əks olunmadığını bizə etiraf etdilər və qərarı çxararaq yalnız Vergilər Nazirliyində “formalaşamış mövqeyə” əsaslandıqlarını bildirdilər. Başqa sözlə hüquqi əsaslandırma əvəzinə bizə “bu bizim fikirimizdir” deyildi.VM-nin 2.4-1.-ci maddəsinə əsasən vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız həmin Məcəllə ilə müəyyənləşdirilir.Eyni zamanda, VM-nin 3.7,-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vergiləri yalnız Vergi Məcəlləsi ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi həmin Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir.Göründüyü kimi, Vergi Məcəlləsi ilə vergi qaydalarının tətbiqi üzrə hər hansı “formalaşmış mövqeyə” əsaslanmaya yol verilmir və Vergilər Nazirliyinə hər hansı hüquqi normaları yaratmaq və/və ya dəyişdirmək səlahiyyətini nəzərdə tutmur.Göründüyü kimi, VM-nin 13.2.14.1 -ci maddəsinin müddəasının bizim hala tətbiq edilməməsi qanuna birmənalı olaraq ziddir. Cavabdehin qərarının əsaslandırılmasında ən azı zidiyyət və qeyri aydınlıq mövcuddur ki, belə halda VM-nin 3.11 .-ci maddəsi tətbiq olunmaqla vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin ("xxxx" MMC-nin) xeyrinə şərh edilməlidir.Məsələyə digər bir formada yanaşaq. Bildiyimiz kimi, Vergi Məcəlləsinin 153-cü maddəsinə görə, əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə həmin Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron vergi hesab-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Yəni, əlavə dəyər vergisi üzrə vergi öhdəliyi yekunda son istehlakçının üzərinə düşür. Son istehlakçıdan əvvəlki tərəflər malı, işi və ya xidməti təqdim etdikdən sonra təqdim etdiyi elektron vergi hesab-fakturalar əsasında ƏDV depozit hesabına malı (işi, xidməti) alan tərəfdən daxil olan məbləğdən həmin dövr üzrə əvəzləşmələri olduqda onları nəzərə almaqla büdcə öhdəliyini yerinə yetirir. İndiki halda isə, "xxxx" QSC tərəfindən "xxxx" MMC-nin ƏDV depozit hesabına əsas məbləğə uyğun ƏDV məbləği ödənilməmiş və "xxxx" MMC-nin büdcə qarşısında ƏDV öhdəliyi yaranmamışdır. Yəni, təqdimetmə məhkəmə aktı əsasında həyata keçirildiyi üçün ƏDV-nin mahiyyətinə uyğun qanunvericiliyin tələbləri avtomatik olaraq pozulmuşdur. Bu hal isə, göstərilən əməliyyata ƏDV tətbiq edilməsinin qanunsuz olduğunu bir daha təsdiq edir.Həmçinin Vergi Məcəlləsinin 166-cı maddəsi ƏDV üzrə vergi tutulan əməliyyatın vaxtını tənzimləyir ki, göstərilən halda məcburi təqdimetmə olması səbəbindən elektron vergi hesab-fakturası təqdim edilməmiş, ödəmə həyata keçirilməmişdir. Bununla da, ƏDV-nin mahiyyətinin vergi tutulan əməliyyatın vaxtına münasibətdə də pozulduğunun şahidi oluruq. Qeyd olunanlarla yanaşı yoxlama aktında guya 2015-ci ilin iyul və avqust ayları üçün ƏDV üzrə 292062.52 manat vəsaitin büdcədən yayındırıldığını müəyyən edildiyi qeyd olunmuşdur. Yoxlayıcının bu iddiasının da hüquqi əsası yoxdur. Belə ki, VM-nin 56-cı, 83.3- cü və 85.4-cü maddələrinə uyğun olaraq vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan 3 il keçdikdən sonra vergi, faiz və maliyyə sanksiyasını hesablamasına yol verilmir. Dolayısı ilə vergi orqanları qanunla müəyyən edilmiş müddətin keçməsi əsası ilə həmin dövr üzrə əlavə vergi məbləği hesablaya və maliyyə sanksiyası tətbiq edə bilməz. Eyni zamanda Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1- ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75 və 213-cü maddələrinin şərh edilməsinə dair” 08.04.2002-ci il tarixli qərarına əsasən VM-də nəzərdə tutulan vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntularına görə məsuliyyətə cəlbetmə müddəti VM-nin 56- cı maddəsində nəzərdə tutulan qaydada tətbiq olunmalıdır. 2015-ci ilin iyul və avqust ayları üçün hesablanmış vergilərin vergi orqanı tərəfindən yenidən hesablanması və maliyyə sanksiyalarının tətbiq edilməsi üçün müəyyən edilmiş müddət müvafiq olaraq 2018-ci ilin 20 avqust və 20 sentyabr tarixlərində başa çatması səbəbdən həmin dövrlər üzrə əlavə vergi hesablana və maliyyə sanksiyası tətbiq edilə bilməz.Əlavə olaraq bildiririk ki, iddiaçı, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinincı il tarixli 2-2(81)-701/2016 saylı Qətnaməsinin surətini və banka kredit təminatı qismində girov (ipoteka) qoyulmuş əmlakının həmin Qətnaməyə əsasən kredit əvəzinə banka ("xxxx" QSC) verilməsi ilə əlaqədar məlumatı Qətnamə qanuni qüvvəyə mindikdən sonra digər müvafiq sənədlərlə birlikdə vergi orqanına təqdim etmişdir. Girov (ipoteka) qoyulmuş əmlakın verilməsi ilə sonrakı dövrdə vergi orqanları tərəfindən kameral vergi yoxlaması keçirilmiş və sənədlər yoxlanılmışdır. Lakin, "xxxx" MMC-nin məsuliyyətə cəlb edilməsi barədə hər hansı tədbir görülməmişdir. Əksinə, bundan sonra "xxxx" MMC-yə 1 milyon manatadək ƏDV məbləği büdcədən geri qaytarılmışdır ki, vergi orqanlarının bu hərəkətləri ilə Cəmiyyətin qeyd olunan məsələdə tam haqlı olduğu bir daha təsdiq olunur.Həmçinin, vergi orqanı 2017-ci ildə ƏDV-nin hesablanmasına dair keçirilmiş kameral vergi yoxlaması nəticələrini "xxxx" MMC-nin etirazları üzrə elə yuxarıda göstərilən əsaslarla ləğv etmişdir. Cəmiyyətin şəxsi hesab vərəqəsinə nəzər yetirdikdə qeyd olunan əməliyyatları görmək mümkündür.VM-nin 3.1.-ci maddəsinə uyğun olaraq vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalı, VM-nin 3.2,-ci maddəsinə əsasən isə vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır.VM-nin 3.8.-Cİ maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və VM-si ilə müəyyən edilməyən, yaxud VM-si ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz.Yuxarıda göstərilənlərə münasibətdə həmçinin nəzərə alınmalıdır ki, VM-nin 3.11 .-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir.Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 14-cü maddəsinə görə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 2, 32, 38 və 70-ci maddələrinə əsasən iddianın təmin edilməsi, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin (hazırki Baş İdarəsinin) “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” 25.12.2018-ci il tarixli**********172603 saylı inzibati aktının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edirik. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə uyğun olaraq verilmiş məhkəmənin sərəncamına əsasən iddia ərizəsinə etirazında cavabdeh göstərmişdir ki, cavabdehin 13.11.2017-ci il tarixli **********125227 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarı ilə Cəmiyyətdə 01.10.2014-cü il tarixdən 01.10.2017-ci il tarixədək olan dövr əhatə olunmaqla Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və nəticəsi 23.11.2018-ci il tarixli **********147083 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Cavabdeh tərəfindən səyyar vergi yoxlaması aktı əsaslı və etibarlı hesab edilərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 25.12.2018-ci il tarixli **********172603 nömrəli qərarla vergi ödəyicisinə 75794017,5 manat məbləğində əlavə vergi hesablanmış və 37842019,33 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.Məlum olmuşdur ki, Cəmiyyət 2008-ci ildən Metanol zavodunun tikintisi ilə məşğul olmuş, bu məqsədlə "xxxx" ASC-dən kreditlər alınmış və kredit təminatı olaraq tikilməkdə olan Metanol zavodu girov təminatına götürülmüşdür. 2013-cü ildən etibarən Metanol zavodu istehsalata başlamış, 2014-cü ildə isə Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən zavodun Cəmiyyətə məxsusluğu haqqında mülkiyyət hüququ təsdiq edən sənəd verilmişdir. "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci ilin 15 iyul Fərmanından irəli gələn tələblərə uyğun olaraq Cəmiyyətin "xxxx" ASC-dən götürdüyü kreditlər 03.12.2015-ci il tarixli 95 saylı Akt əsasında "xxxx" QSC Bank olmayan Kredit Təşkilatına (bundan sonra - QSC) keçmişdir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2015-ci il tarixli 514 S saylı Sərəncamının 5-ci bəndi ilə QSC-yə Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 saylı Fərmanının icrası ilə əlaqədar olaraq Azərbaycan Beynəlxalq Bankı ASC-nin Metanolun istehsalı, saxlanılması, satışı və nəqli ilə bağlı verdiyi kreditlər üzrə vaxtı keçmiş borclarla əlaqədar alınan tələb hüquqlarını bu aktivlər üzrə girova yönəldərək aktivlərə mülkiyyət hüququnu əldə etməklə və həmin aktivlərin ARDNŞ ilə razılaşdırmaqla, beynəlxalq nüfuza malik qiymətləndirici tərəfindən müəyyən edilmiş qiymətlə satılmasına dair həmin Şirkətlə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müqavilə bağlanılması tapşırılmışdır. "xxxx" QSC Cəmiyyətə qarşı “borc tələbinin əmlaka yönəldilməsi, əmlakın iddiaçının mülkiyyətinə keçməsi və əmlak üzərində hüquqların qeydiyyatı” tələbi ilə 1 saylı Bakı inzibati-lqtisadi Məhkəməsinə müraciət etmişdir.1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 15 iyul 2016-cı il tarixli qətnaməsinə əsasən, Cəmiyyətin QSC-yə olan borcu Cəmiyyətə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi 22-ci km, 24 ünvanda yerləşən əmlak kompleksinə və Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi 25-ci km-də yerləşən qeyri-yaşayış binasına yönəldilmiş, həmin əmlaklar üzərində Cəmiyyətin mülkiyyət hüququ ləğv edilmiş, QSC-nin mülkiyyət hüququ tanınmışdır. Beləliklə də, məhkəmə qətnaməsinin könüllü icrası ilə əlaqədar olaraq 28 sentyabr 2016-cı il tarixdə Cəmiyyətlə QSC arasında təhvil-təslim Aktı imzalanmışdır.Səyyar vergi yoxlaması zamanı Azərbaycan Respublikası Prezidentinin 570 nömrəli Fərmanı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 514 S saylı Sərəncamının 5-ci bəndinin icrası ilə əlaqədar olaraq 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 15 iyul 2016-cı il tarixli Qətnaməsinə uyğun olaraq Cəmiyyətin borc qarşılığında mülkiyyət hüququnun ləğv olunaraq, həmin əmlak üzərində "xxxx" QSC-nin mülkiyyət hüququnun tanınması ƏDV- yə cəlb olunan əməliyyat kimi qəbul edilmiş, həmçinin yoxlama ilə 297786,28 manat əsassız əvəzləşmə verildiyi müəyyən edilimiş, vergi ödəyicisinə ümumilikdə 75794017,5 manat əlavə vergi hesablanmış və 37842019,33 manat maliyyə sanksiyası tətbiq edilmişdir.İddiaçı şikayətində Vergi Məcəlləsinin 13.2.14.1-ci, 159.2-ci və 164.1.2-ci maddələrinə istinad etməklə qeyd olunan əməliyyatın malların təqdim edilməsi sayılmadığını, eyni zamanda əməliyyatın maliyyə xidməti olduğunu və nəticədə MMC-yə məxsus aktivlərin (zavodun) məhkəmənin qərarına əsasən "xxxx" QSC-yə verilməsinin ƏDV-yə cəlb olunan əməliyyat olmadığını qeyd etmişdir. Vergi Məcəlləsinin 13.2.14.1-ci maddəsinə əsasən kreditlərin, maliyyə lizinqi əməliyyatlarının, kredit təminatlarının və pul-kredit əməliyyatlarında hər hansı girov və ya lombard təminatının təqdim edilməsi (yaxud verilməsi) və qaytarılması, o cümlədən krediti və ya təminatı təqdim etmiş şəxsin kreditləri və kredit təminatlarını idarə etməsi maliyyə xidməti hesab olunur.Vergi Məcəllənin 13.2.10-cu maddəsinə əsasən malların təqdim edilməsi mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, o cümlədən, lakin bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əmək haqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qovulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və va digər şəxsə keçməsi hesab edilir.Vergi Məcəlləsinin 13.2.14.1-ci maddəsində kredit təminatının təqdim edilməsi (verilməsi) və qaytarılması halının maliyyə xidməti olduğu göstərildiyindən cəmiyyətin girov predmeti kimi qoyduğu əmlak üzərində mülkiyyət hüququnun təqdim edilməsi maliyyə xidməti sayılmır. Göründüyü kimi girov əmlaklarına münasibətdə maliyyə xidməti həmin əmlakların verilməsi və qaytarılması ilə müşahidə edilir. Yəni hər iki hərəkət birlikdə icra edildikdə bu maliyyə xidmətinə daxil olur.Vergi Məcəllənin 159.1-ci maddəsinə görə malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir.Eyni zamanda iddiaçı qeyd edir ki, Cəmiyyətin banka kredit təminatı qismində girov (ipoteka) qoyulmuş əmlakının kredit əvəzinə QSC-yə verilməsi ölkə başçısının “Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanına və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.12.2015-ci il tarixli 514s nömrəli sərəncamına əsasən məhkəmənin qətnaməsi ilə həyata keçirilmişdir. Buna əsasən ölkə başçısının Fərmanına və Nazirlər Kabinetinin sərəncamlarına əsasən kreditlər üzrə borcun təminatı olan girov qoyulmuş əmlakın bank müəssisəsinə verilməsi təqdimetmə sayıla bilməz və məhkəmənin qərarı icra olunmalıdır.Qeyd olunanlarla bağlı bildiririk ki, bu əməliyyat Beynəlxalq Bankın sağlamlaşdırma tədbirləri çərçivəsində ölkə başçısının müvafiq Fərmanına və Nazirlər Kabinetinin sərəncamlarına əsasən həyata keçirilmiş olsa da, həmin hüquqi aktlarda Cəmiyyətin vergi öhdəliyi və əməliyyatın vergilənməsi mexanizmi barədə hər hansı məsələ öz əksini tapmır və bu məsələ Vergi Məcəlləsinin predmetidir.Həmçinin, Cəmiyyət iddia ərizəsində Vergi Məcəlləsinin 56.1-ci maddəsini əsas gətirməklə səyyar vergi yoxlaması zamanı 2015-ci ilin iyul və avqust ayları üçün ƏDV-nin hesablanmasını əsassız hesab etmişdir.Bununla bağlı bildiririk ki, vergi orqanının “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 25.12.2018-ci il tarixli **********172603 nömrəli qərarından da göründüyü kimi qeyd olunan dövrlər üzrə 293 352,65 manat əlavə vergi məbləği hesablanmış, lakin həmin əlavə hesablama ilə bağlı vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilməmişdir.Vergi məcəlləsinin 56.1-ci maddəsinə əsasən vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilmir və vergi öhdəlikləri yaranmır.Eyni zamanda, Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox lmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər.Cəmiyyətin iddia ərizəsində qeyd etdiyi digər məsələ isə İddiaçı MMC-nin ƏDV depozit hesabına əsas məbləğə uyğun ƏDV məbləğinin ödənilməməsi və bu səbəblə iddiaçının büdcə qarşısında öhdəliyinin yaranmamasıdır.Bir daha qeyd edirik ki, iddiaçıya verginin hesablanmasına əsas İddiaçı MMC-nin "xxxx" ASCdən "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının idarəetməsinə verilmiş problemli kreditlər üzrə yaranmış 494919738,04 manat borcu əvəzində, ona məxsus metanolun istehsalı, saxlanılması, satışı və nəqli ilə bağlı aktivlərin Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 15.07.2016-cı il tarixli 2-2(81 )-701/2016 saylı Qətnaməsinə əsasən “Aqrarkredit" QSC Bank olmayan Kredit Təşkilatının mülkiyyətinə verilməsi olmuşdur.Başqa sözlə desək, "xxxx" MMC-nin aktivləri vaxtilə onun tərəfindən götürülmüş və ödənilməmiş 494919738,04 manat pul məbləği əvəzində (kredit) "Aqrarkredit” QSC-nin mülkiyyətinə verilmişdir. Səyyar vergi yoxlaması zamanı isə həmin məbləğ ƏDV daxil olan məbləğ kimi qəbul edilmiş və vergi aşağıdakı kimi hesablanmışdır: 494919738,04:1,18=419423506,8 (ƏDV-siz məbləğ) x 18%= 75496231,22. Beləliklə, qeyd edilənlərdən göründüyü kimi vergi ödəyicisinə hesablanmış vergi məbləği məhz vaxtilə ona təqdim edilmiş pul vəsaitinin tərkibinə daxil olmuşdur.Həmçinin əlavə olaraq bildiririk ki, vergi məbləğinin vergi ödəyicisinin ƏDV depozit hesabına köçürülməməsi onu büdcə qarşısında yaranmış öhdəliyindən azad etmir.Vergi ödəyicisinin iddia ərizəsində qeyd etdiyi mülahizələrdən biri də, girov qoyulmuş əmlakın verilməsi ilə sonrakı dövrdə vergi orqanları tərəfindən kameral vergi yoxlamasının keçirilməsi, kameral vergi yoxlamasının nəticələrinin iddiaçının iddia ərizəsində bildirdiyi etirazlarından sonra ləğv edilməsi ilə bağlıdır.Bununla əlaqədar bildiririk ki, vergi ödəyicisində aparılmış kameral vergi yoxlamasının nəticələrinin ləğv edilməsinə səbəb 2016-cı ilin sentyabrında aparılmış əməliyyata görə 2017- ci ilin may ayı üçün “Əlavə dəyər vergisinin bəyannaməsi" üzrə kameral qaydada hesablama aparılması olmuşdur. İnzibati şikayətin təmin edilməsi haqqında qərarda birbaşa olaraq qeyd edilmişdir ki, şikayət üzrə materiallar araşdırılmaqla belə nəticəyə gəlinmişdir ki, inzibati şikayət təmin edilməli və eyni zamanda vergi ödəyicisinin vergi öhdəliyi yenidən əməliyyata uyqun bas yerdiyi tarixə hesablanması məqsədi ilə səyyar vergi yoxlaması keçirilməlidir. Cəmiyyət tərəfindən külli miqdarda əlavə dəyər vergisinin dövlət büdcəsinə yayındırılması faktı üzrə Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə 30 iyul 2019-cu il tarixli qərarla cinayət işi başlamışdır. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanları bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququna malikdirlər.Vergi Məcəlləsinin 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur.Vergi Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir.Vergi Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər.Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1.-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş,bunun səbəblərini bildirməmişdir.Оdur ki, məhkəmə işə iddiaçının iştirаkı оlmаdаn bахmışdır. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia ərizəsinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan: Hüquqi şəxslərin Dövlət reyestrindən 08.07.2019-cu il tarixli, **********1362200 nömrəli çıxarışa əsasən, "xxxx" MMC 11.10.2007-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. 1 saylı Bakı İnzibati –İqtisadi Məhkəməsinin 15 iyul 2016-ci il tarixli 2-2(81)-701/ 2016 nömrəli qətnaməsinə əsasən, iddiaçı “Aqrarkredit QSC Bank olmayan Kredit Təşkilatının cavabdeh "xxxx" MMC-yə qarşı iddia tələbi təmin edilməsi, "xxxx" MMC –nin "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatına olan problemli kreditlər üzrə yaranmış 494919738,04 manat borcunun "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan şossesinin 25-ci km-də yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlaklar üzərində "xxxx" MMC-nin mülkiyyət hüququnun ləğv edilməsi və "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının mülkiyyət hüququnun tanınması qət edilmişdir. 23.11.2018-ci il tarixli, **********147083 nömrəli Səyyar vergi yoxlaması aktına əsasən, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 13.11.2017ci il tarixli **********125227 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarı ilə "xxxx" MMC –də 01.10.2014-cü il tarixdən 01.10.2017-ci il tarixədək olan dövr əhatə olunmaqla Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və nəticəsi hazırkı aktla rəsmiləşdirilmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında ” 25.12.2018-ci il tarixli **********172603 nömrəli qərara əsasən, "xxxx" MMC üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında 23.11.2018-ci il tarixli, **********147083 nömrəli aktına və 25.12.18-ci il tarixli **********542600 nömrəli sənədə baxıb, Vergi Məcəlləsinin 23-cü və 49-cu maddələrini əsas tutaraq, vergi ödəyicisinə ƏDV üzrə 75794017,5 manat məbləğində əlavə vergi hesablanması və 378422019,33 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi qərar alınmışdır. AR Vergilər Nazirliyinin 19.03.2019-cu il tarixli **********466400 nömrəli qərarına əsasən, "xxxx" MMC-nin səyyar vergi yoxlamasının nəticələrinə dair 20.12.2018-ci il və 27.12.2018-ci il tarixli şikayətlərin təmin edilməməsi qərara alınmışdır. AR Vergilər Nazirliyinin Apellyasiya Şurasınnın 28.06.2019-cu il tarixli **********4076600 nömrəli qərarına əsasən, "xxxx" MMC-nin 19.04.2019-cu il tarixli şikayətin təmin edilməməsi, AR Vergilər Nazirliyinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 19.03.2019-cu il tarixli **********466400 tarixli nömrəli qərarının və Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında ” 25.12.2018-ci il tarixli **********172603 nömrəli qərarının qüvvədə saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının 12 nömrəli 13.09.2019-cu il tarixli qərarı ilə "xxxx" MMC-nin AR Vergilər Nazirliyinin Apellyasiya Şurasınnın 28.06.2019-cu il tarixli **********4076600 nömrəli qərarından verilmiş şikayəti üzrə başlanılmış icraatına xitam verilməsi, AR Vergilər Nazirliyinin Apellyasiya Şurasınnın 28.06.2019-cu il tarixli **********4076600 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə 30 iyul 2019-cu il tarixli Azərbaycan RespublikasıVergilər Nazirliyi yannında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq və Təhqiqat idarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı ədliyyə müşaviri Ceyhun Nəsrullayevin qərarına əsasən, "xxxx" MMC-də 75794008,24 manat məbləğində yəni külli miqdarda əlavə dəyər vergisinin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2 –ci maddəsi ilə cinayət işi başlanmasi və həmin işin icraata qəbul edilərək ibtidai araşdirma aparilmasi barədə qərar verilmişdir. Məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etdi ki, iddiaçı "xxxx" MMC-də vergi ödəyicisi kimi qeydiyyatda olduğu cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən səyyar vergi yoxlaması həyata keçirilmiş, yoxlamanın nəticəsi olaraq iddiaçı barədə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında ” 25.12.2018-ci il tarixli **********172603 nömrəli qərar qəbul edilmişdir. İddiaçı həmin qərarın əsassız olduğundan ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iddianı aşağıda göstərilənlərə görə əsassız hesab edir. Belə ki, Azərbaycan Respubllikası Konstitusiyasının 60-ci maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında” AR Qanununun 2.0.1.-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs;2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 64.1. –ci maddəsinə əsasən, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır.64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Həmin Qanunun 67.1.-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 1.1.-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Vergi Məcəllənin 2.3.-ci maddəsinə əsasən, vergi qanunvericiliyi aktları ilə digər sahə qanunvericilik aktları arasında bu Məcəllənin 2.7-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, vergitutma və vergi nəzarəti məsələləri üzrə ziddiyyət yarandıqda, vergi qanunvericiliyinin aktları tətbiq edilir. Həmin Məcəllənin 3.1. –ci maddəsinə əsasən vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. Həmin Məcəllənin 3.8.-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 3.11.-ci maddəsinə əsasən, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinn 13.2.14.-ci maddəsinə əsasən, maliyyə xidmətləri:13.2.14.1. kreditlərin, maliyyə lizinqi əməliyyatlarının, kredit təminatlarının və pul-kredit əməliyyatlarında hər hansı girov və ya lombard təminatının təqdim edilməsi (yaxud verilməsi) və qaytarılması, o cümlədən krediti və ya təminatı təqdim etmiş şəxsin kreditləri və kredit təminatlarını idarə etməsi hesab olunur. Həmin Məcəllənin 159.2.-ci maddəsinə əsasən, bu fəslin müddəalarına uyğun olaraq vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlər görülməsi və xidmətlərin göstərilməsi, onlar bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır. Bu Məcəllənin 168-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda xidmətlər göstərilməsi və ya işlər görülməsi vergi tutulan əməliyyatlara daxil edilmir. Həmin Məcəllənin 164.1. –ci maddəsinə əsasən, malların ixracından başqa, malların təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin aşağıdakı növlərindən, habelə idxalın aşağıdakı növlərindən ƏDV tutulmur: 164.1.2. maliyyə xidmətlərinin göstərilməsi; İddiaçı Vergi Məcəlləsinin 13.2.14.1-ci, 159.2-ci və 164.1.2.-ci maddələrinə istinad etməklə "xxxx" MMC –yə məxsus metanolun istehsalı, saxlanması, satışı və nəqli ilə bağlı aktivlərinin (zavodun) 1 saylı Bakı İnzibati –İqtisadi Məhkəməsinin 15.07.2016 –ci il tarixli qətanaməsinə əsasən "xxxx" ASC- dən "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının idarəetməsinə verilmiş problemli kreditlər üzrə yaranmış 494919736,04 manat borc əvəzinə "xxxx" QSC BOKT-nın mülkiyyətinə verilməsi malların təqdim edilməsi sayılmadığını, bu əməliyyatın maliyyə xidməti olduğunu və Cəmiyyətə məxsus zavodunun məhkəmənin qərarına əsasən "xxxx"QSC-yə verilməsinin ƏDV-cə cəlb edilməyən əməliyyat olduğunu iddia etmişdir. Halbuku Vergi Məcəllənin 13.2.10.-ci maddəsinə əsasən malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi hesab edilir. Məhkəmə hesab edir ki, vergi orqanı tərəfindən məhkəmə qətnaməsi əsasında iddiaçının əmlakların "xxxx" QSC BOKT-nın mülkiyyətinə borc əvəzi olaraq verilməsi, “maliyyə xidmətinin ” göstərilməsi kimi deyil, “malların təqdim edilməsi” kimi qiymətləndirilməsi qanun tələblərinə uyğundur. Belə ki, yuxarıda qeyd edilmiş Vergi Məcəllənin 13.2.14.1-ci maddəsində kredit təminatının təqdim edilməsi (verilməsi) və qaytarılması maliyyə xidməti olduğu göstərildiyindən iddiaçının girov kimi qoyduğu əmlak üzərində mülkiyyət hüququnun başqasına keçməsi maliyyə xidməti sayıla bilməz. Vergi Məcəllənn 13.2.14.-ci maddəsindən göründüyü kimi, maliyyə xidməti girov qoyulan əmlaka münasibətdə həmin əmlakın verilməsi və qaytarılması, yəni hər iki hal olduqda həyata keçirilmiş olur. İddiaçının digər dəlilinə görə 2015-ci ilin iyul və avqust ayları üçün ƏDV 292062,52 manat vergilərin vergi orqanı tərəfindən yenidən hesablanması və maliyyə sanksiyalarının tətbiq edilməsi qanunsuzdur.Belə ki, bunun üçün müəyyən edilmiş müddət 20.09.2018 –ci ildə başa çatmışdır. Vergi Məcəllənin 56-ci, 83-cü və 85.4-ci maddələrinə uyğun olaraq vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan 3 il keçdikdən sonra vergi, faiz və maliyyə sanksiyasının hesablanmasına yol verilmir. Məhkəmə iddiaçının bu dəlili ilə də razılışmır. Belə ki, Vergi Məcəllənin 56.1.-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Eyni zamanda Vergi Məcəllənin 36.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Qanunun bu normasına əsaslanaraq məhkəmə hesab edir ki, 2015-ci ilin iyul və avqust ayları üçün ƏDV-nin hesablanaması müddəti 2018-ci ilin dekabr ayında bitir. Bundan başqa iddiaçının mübahisələndirdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 25.12.2018-ci il tarixli **********172603 nömrəli qərarından görünür ki, qeyd edilən dövrlər üzrə 293352,65 manat əlavə vergi məbləği hesablansada həmin əlavə hesablama ilə bağlı iddiaçıya maliyyə sanksiyası tətbiq edilməmişdir. Beləliklə məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının mübahisələndirdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında“ 2512.2018-ci il tarixli, **********1711603 saylı qərar inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx"MMC –nin cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin (indiki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsi) “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında“ 25.12.2018-ci il tarixli, **********1711603 saylı Qərarının ləğv edilməsi barədə iddia tələbi əsassız olduğundan təmin edilə bilməz və rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 32-ci, 68-ci, 69-cu, 85-ci,110-cu maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı "xxxx" MMC-nin cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin (indiki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsi) “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında“ 25.12.2018-ci il tarixli, **********1711603 saylı Qərarının ləğv edilməsi barədə iddia tələbi rədd edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar