Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-136/2025 21.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, Üçüncü şəxs X1, onun nümayəndəsi (vəkili) X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs: X4) “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (hazırki Bakı İnzibati Məhkəməsi) müraciət edərək, Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 264 saylı sərəncamına əsasən fərdi ev tikmək üçün ayrılmış Bakı şəhəri, Suraxanı rayonu Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi 54 saylı binanın qarşsında yerləşən 300 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)1271/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarı ilə iddianın təmin edilməsi, Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 264 saylı sərəncamına əsasən fərdi ev tikmək üçün ayrılmış Bakı şəhəri, Suraxanı rayonu Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi 54 saylı binanın qarşsında yerləşən 300 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmşdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1529/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)1271/2016 saylı,xx.xx.2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2097/2016 saylı xx.xx.2016- cı il tarixli qərarı ilə cavabdehin kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1529/2016 saylı iş üzrə xx.xx.2016-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Daha sonra X4 ərizə ilə məhkəməyə müraciət edərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)1271/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraatın təzlənməsini xahiş etmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "iddiaçının torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair reyestrdən çıxarışın verilməsi" tələbinə barədə inziati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2-1 (82)-1271/2016 nömrəli qərardadı ilə X4 3-cü şəxs qismində cəlb edilməsi, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)1271/2016 saylı,xx.xx.2016-cı il tarixli qərarın ləğv edilməsi və işin mahiyyəti üzrə təzələnməsi qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1448/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1271/2022 saylı, xx.xx.2021-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4207/2023 saylı 06 fevral 2023-cü il tarixli qərardadı ilə iş üzrə icraat Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5500/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı qanuni qüvvəyə minənədək dayandırılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-586/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki iş üzrə icraat təzələnmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 2064 nömrəli sərəncamına əsasən Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi 54 saylı binanın qarşısındaki bağ sahəsi kimi istifadə etdiyi 300 kv.m torpaq sahəsi fərdi ev tikintisi üçün iddiaçıya ayrılmış, həmçinin aidiyyəti dövlət təşkilatlarından müvafiq razılıq alınmaqla torpaq sahəsinin sxemi tərtib edilmişdir. Həmin vaxtdan etibarən iddiaçı qeyd olunan torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirir. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs, onun nümayəndəsi (vəkili) iddia tələbinin rədd edilməsini xahiş etdilər. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Suraxanı RİH-in 2064 nömrəli 27 noyabr 1998-ci il tarixli sərəncamı ilə İddiaçı Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 54 saylı binanın qarşısındakı bağ sahəsi kimi istifadə olunan 300 kv.m torpaq sahəsinin fərdi ev tikintisi üçün ayrılmasına və ayrılmış sahədə 165-00-111C nömrəli birtipli layihə əsasında fərdi yaşaylış evinin tikintisinə icazə verilmiş, kürsülük 2 m müəyyən edilmişdir. Suraxanı RİH-in 12 fevral 1999-cu il tarixli 266 nömrəli sərəncamı ilə Suraxanı RİH-in 27 noyabr 1998-ci il tarixli 2064 nömrəli sərəncamı ləğv edilmiş və İddiaçı və Vasif Quliyevə həmin sahələrdən bağ sahəsi kimi istifadə edilməsinə icazə verilmişdir. Cavabdeh tərəfindən verilmiş imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, qeyd edilən torpaq sahəsi yaşayış binasının mühafizə zonasında yerləşir və təqdim edilmiş Suraxanı Rayon İHB-ni xx.xx.1998-ci il tarixli, 2064 saylı sərəncamının həqiqiliyi ilə bağlı Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına sorğu göndərilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5500/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Bakı şəhəri Suraxanı RİH-in 12 fevral 1999-cu il tarixli 266 saylı sərəncamı ləğv edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1357/2023 nömrəli iş üzrə 04 aprel 2023-cü il tarixli qərarı ilə cavabdehin və üçüncü şəxsin ayrılıqda verdiyi apelyasiya şikayətləri qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2-1(112)-5500/2022 saylı qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1589/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1357/2023 saylı iş üzrə 04 aprel 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair. 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Qanunvericiliyin müddəalarından göründüyü kimi torpaq münasibətlərinin tənzimlənməsinə tətbiq olunan mülki hüquqi normaların ümumi xarakter daşıdığı nəticəsinə gəlmək olar. Başqa sözlə, torpağa mülkiyyət münasibətlərinin və digər əşya hüquqlarının tənzimlənməsi zamanı mülki qanunvericiliyində olan əsas prinsip və normalardan istifadə etmək lazımdır. Bu istiqamətdə irəli çıxaraq nəzərə alınmalıdır ki, vətəndaşın torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının yaranması üçün onun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində və ya “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda sadalanmış sənədlərinin əhatə dairəsinə düşən hüquqmüəyyənedici sənədləri olmalı, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun olması təsdiq olunmalıdır. Məhkəmə bildirir ki, hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Məhkəmə, ilk növbədə, iddiaçının mövcud iddia tələbi ilə nail olmaq istədiyi əsas məqsədin Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi 54 saylı binanın qarşısında yerləşən 300 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması olduğunu qeyd edir. İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınmasını Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli Sərəncamı və bu qərara əsasən tərtib olunmuş ayrıc aktının mövcudluğu ilə əsaslandırmışdır. Doğrudur ki, sözügedən xx.xx.1998-ci il tarixli sərəncamla X3 fərdi yaşayış evinin tikintisi üçün qeyd olunan ünvanda 300 kv.m torpaq sahəsi ayrılmışdır. Lakin, iddiaçının bu iddianı irəli sürməsinin hüquqi əsaslılığı yalnız həmin sərəncamın qüvvədə qalması halında mümkün ola bilərdi. Halbuki, bu sərəncam Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli yeni sərəncamı ilə ləğv olunmuş və mübahisəli torpaq sahəsi bağ sahəsi kimi istifadə olunmaq üçün vətəndaşlar İddiaçı və Vasif Quliyevin istifadəsinə verilmişdir. Bu baxımdan, iddiaçı əvvəlki sərəncama istinad edərək daşınmaz əmlak üzərində mülkiyyət hüququnun tanınmasını tələb etsə də, həmin sərəncam artıq öz hüquqi qüvvəsini itirmişdir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, iddiaçı torpaq sahəsinin ona ayrılması barədə sərəncamın ləğvi barədə sərəncamı ayrıca inzibati icraat çərçivəsində mübahisələndirmişdir. Birinci instansiya məhkəməsi tərəfindən həmin sərəncam etibarsız hesab edilsə də, yuxarı instansiya məhkəməsi iddiaçının müddəti ötürdüyünü əsas gətirərək iddianı mümkün saymamışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi də bu mövqeni əsaslı hesab etmişdir. Beləliklə Məhkəmə “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsaslanaraq bildirir ki, inzibati akt yalnız qanunla müəyyən edilmiş qaydada geri çağırıldıqda, ləğv edildikdə, dəyişdirildikdə, qüvvədə olma müddəti başa çatdıqda və ya başqa səbəblərdən qüvvədən düşdükdə hüquqi nəticələr doğurmur. Qanunun bu normasından da göründüyü kimi, qüvvədə olan inzibati akt hüquqi nəticələr doğura bilər. İddiaçıya torpaq sahəsinin ayrılmasını təsbit edən xx.xx.1998-ci il tarixli sərəncamın ləğv edilməsi nəticəsində onun hüquqi qüvvəsi artıq mövcud deyil. Hazırda həmin sərəncamın ləğvinə əsas olan xx.xx.1999-cu il tarixli sərəncam qüvvədə olduğu üçün mübahisələndirilən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması birbaşa olaraq üçüncü şəxsin hüquqlarının pozulmasına gətirib çıxarır ki, bu da hüquqi baxımdan yolverilməzdir. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 612-ci , 69-cu , 75-ci və 125-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-136/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-136/2025
21.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver