Məhkəmə qərarları › İş №2-1(112)-1360/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1360/2020

20.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1360/2020 20.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X5 oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı “Əmrlərin sürətlərinin təqdim olunması ” tələbinə dair iş üzrə iddianın mümkünlük məsələsinə məhkəmənin inzibati binasında məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qulluğa qəbul olunması və tutduğu vəzifədən azad edilərək sərəncama çıxarılması, xidmət etdiyi müddətdə mükafatlandırılması və ya cəzalandırılması barədə əmrlərin surətlərini və digər rəsmi sənədlərin iddiaçıya təqdim olunması cavabdehin öhdəliyinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə İPM-in 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsini rəhbər tutaraq iddiaçıya “hüquqi yardım” məktubu göndərərək, iş üzrə 18 fevral 2020-ci il tarixədək cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə ünvanlanmış müraciətin və həmin müraciətə verilmiş cavab məktubunun (imtina məktubunun) təqdim edilməsi tələb olunmuşdur. Məhkəmə hazırlıq icraatının növbəti iclası 20 fevral 2020-ci il tarixə saat 11:00-a təyin edilmişdir. İddiaçı tərəfindən məhkəməyə Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə ünvanlanmış və Xidmət tərəfindən qəbul edilmiş yazılı müraciət və həmin müraciətə verilmiş cavab məktubu (imtina məktubunun) təqdim edilməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edərək, iddianın mümkün sayılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 oğlu iddianın mümkün sayılmamasını məhkəmədən xahiş edərək bildirmişdir ki, İddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə 3 dəfə müraciət-məktubları daxil olmuş, lakin hazırki iddia ərizəsində qeyd edilmiş tələb ilə bağlı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə müraciət daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb aşağdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk öncə Məhkəmə qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan hər hansı bir iddia hüquqi cəhətdən yoxlanılmalı və iddianın mümkünlüyü və əsaslılığı məsələləri aydınlaşdırılmalıdır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmaması araşdırılır. Qaldırılan iddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu isə məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, qərarındakı hüquqi mövqelərə görə 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddiaçı tərəfindən cavabdehə ünvalanan müraciətin göndərilməsinə dair 05 dekabr 2018-ci il tarixli poçt tərəfindən verilmiş mədaxil qəbzi iş materiallarına əlavə edilsə də, cavabdehə həmin tarixdə eyni SS kodla daxil olmuş müraciətin mətni iddia tələbi ilə eyni məzmunlu olmamışdır. Ümumiyyətlə, məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş iddiaçının müraciətlərinin mətni ilə indiki tələb üst-üstə düşmür. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq iddiaçıya vaxt verilməsinə baxmayaraq, işin ilkin məhkəmə araşdırılması zamanı iddiaçı cavabdeh inzibati orqan Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə “Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qulluğa qəbul olunması və tutduğu vəzifədən azad edilərək sərəncama çıxarılması, xidmət etdiyi müddətdə mükafatlandırılması və ya cəzalandırılması barədə əmrlərin surətlərini və digər rəsmi sənədlərin iddiaçıya təqdim olunması” barədə müraciət etdiyini təsdiqləyən sübutları məhkəməyə təqdim etməmiş, cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti isə belə bir müraciətin olmadığını bildirmişdir. Belə olan halda məhkəmənin gəldiyi nəticəyə görə tərəflər arasında hazırki tələblə bağlı inzibati mübahisə mövcud deyil. Odur ki, iddianın baxılması mümkün olmadığından, Məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 37, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı X5 oğlu cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı “Əmrlərin sürətlərini təqdim olunması ” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar